Məhkəmə qərarları › İş №1(006)-118/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-118/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-118/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 159 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:40 radələrində yaşadığı ünvan 1 ünvanda arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun üz nahiyəsindən şillə ilə iki dəfə qəsdən vuraraq, ona üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş cırılmış yarasından və həmin zərbədən müvazinətini itirib yerə yıxılaraq aldığı sağ diz oynağının qançırırdan ibarət xəsarət alması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş və bununla da o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların həmin nikahdan 2 oğlan övladı var. Onlar ailə həyatı qurduqları ilk başlarda normal və xoşbəxt ailə həyatları olmuşdur. Lakin son zamanlar sonuncunun arvadı Zərərçəkmiş şəxs ilə münasibətlərində soyuqluq baş vermiş və bununla bağlı mütəmadi olaraq mübahisələr etmişlər. Həmin mübahisələr baş verən zaman bəzi hallarda sonuncu əsəbləşərək arvadı Zitaya qarşı fiziki zor tətbiq edirmiş. Lakin sonra peşman olaraq ondan üzrxahlıq edib barışmışdır. Təxminən 2022-ci ilin yay aylarında sonuncu həyat yoldaşıla şiddətli mübahisə etmiş və həmin mübahisə zamanı ona qarşı fiziki zor tətbiq etmişdir. Bundan sonra həyat yoldaşı atası ilə birlikdə atasının evinə Qobustan rayonu, Ərəbşalbaş kəndinə getmişdir. Təxminən 3 ay sonuncunun həyat yoldaşı atasının evində qaldıqdan sonra o həmin evə gedərək üzrxahlıq edib bir daha ona qarşı fiziki zor tətbiq etmiyəcəyinə söz verərək həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışaraq övladları ilə birlikdə birgə yaşadığları ünvan 1 ünvana gəlmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında sonuncu yaşadığı ünvanın yaxınlığında olan kafelərdən birində əyləşərək 3 bakal spirtli içki olan pivə içdikdən sonra saat 16:40 radələrində yaşadığı ünvana gəlmişdir. Sonuncu ünvana gələn zaman həyat yoldaşı Zərərçəkmiş şəxs evin qonaq otağında əyləşmiş, həmin zaman o, xəstə olduğu üçün ondan yemək yeyib yemədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs sonuncunun sualına cavab olaraq yemək yeməsini bildirsədə o, arvadının halsız olmasını görüb, yalan söylədiyini düşünmüş, əsəbləşərək sonuncunun üz nahiyəsindən bir dəfə şillə ilə zərbə endirmişdir. Həmin zərbənin təsirindən arvadı müvazinətini itirərərək yerə yıxılmışdır. Bundan sonra arvadı Zərərçəkmiş şəxs evdən qaçıb həyətdə olan hamam otağına daxil olaraq qapını bağlamışdır. Sonuncu isə həmin an onun ardınca gedərək qapını açmasını xahiş etmiş, lakin arvadı Zərərçəkmiş şəxs qapını açmaqdan imtina etmişdir. Bu zaman o, əsəbləşərək qapını sındırıb hamam otağına daxil olaraq əsəbi halda yenidən arvadı Zərərçəkmiş şəxs üz nahiyəsindən şillə ilə zərbə endirmiş və həmin zərbənin təsirindən arvadı müvazinətini itirərək yerə yıxılmışdır. Onun arvadı yerə yıxılan zaman başı yerə dəymişdir. Daha sonra arvadı Zita əsəbləşərək hamam otağından çıxıb evə getmişdir. Hadisə baş verən zaman onların yanında başqa heç kim olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmamış və baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etməsini vurğulamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ailəsini yenidən bir araya gətirməyə və həyat yoldaşı ilə barışmağa çalışır, lakin arvadının valideynləri buna imkan vermir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman və gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını və arvadıyla barışmağa cəhd etməsini nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını, Təqsirləndirilən şəxs şikayətçi olmasını nəzərə almasını məhkəmədən xahiş etmişdir. Sonuncunun məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 2 oğlan övladı var. Onlar ailə həyatı qurduqları ilk başlarda normal və xoşbəxt ailə həyatı olmuşdur. Lakin son zamanlar sonuncunun həyat yoldaşı Təqsirləndirilən şəxs pis vərdişlərə yiyələnərək mütamadi olaraq spirtli içkilər içir və onların birlikdə yaşadıqları ünvana gələrək mübahisələr yaradır. Bu mübahisələr zamanı həyat yoldaşı əsaslı səbəblər olmadan sonuncunu döyür və övladlarını təhqir edir. Lakin o, Təqsirləndirilən şəxs onun həyat yoldaşı olması, övladlarının atası olması səbəbi ilə bu zamana kimi onun barəsində heç bir dövlət orqanına şikayət etməmişdir. Təxminən 2022-ci ilin yay aylarında həyat yoldaşının onu döyməsindən bezərək atası Laçınla əlaqə saxlayıb baş verənləri atasına danışdıqdan sonra atası onun yaşadığı ünvana gələrək özü ilə Qobustan rayonu, Ərəbşalbaş kəndinə aparmışdır. Sonuncu 03 ay orada qaldıqdan sonra həyat yoldaşı onun yanına gələrək içməyəcəyinə onu və övladlarını bir daha incitməyəcəyinə söz verərək başışaraq yenidən birlikdə yaşadıqları ünvan 1 ünvana gətirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16- 40 radələrində sonuncu evdə olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs evə içkili halda gəlmişdir. Sonuncunun həyat yoldaşı evə daxil olaraq ondan necə olmasını soruşmuşdur. Həyat yoldaşının ondan necə olmasını soruşmasına səbəb sonuncunun xəstələnməsi olmuşdur. Sonuncu onun sualına cavab olaraq yemək yediyini dedikdə həyat yoldaşı ona inanmayaraq evin qonaq otağında mübahisə etməyə başlamışdır. Həmin mübahisə zamanı sonuncunun əri Təqsirləndirilən şəxs ona əsəbələşərək üz nahiyəsindən şillə zərbəsi ilə vurmuşdur. Bu zaman sonuncu şillənin təsirindən müvazinətini itirərək yerə yıxılmışdır. Daha sonra o, yerdən qalxaraq evdən qaçıb həyətdə olan hamam otağına gedərək ora daxil olub qapını bağlamışdır. Həmin an sonuncunun əri Təqsirləndirilən şəxs onun arxasınca gələrək hamam otağının qapısını sındıraraq içəri daxil olmuşdur. Hamam otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs onun üz nahiyəsindən şillə zərbəsi ilə endirmiş və o, yenidən müvazinətini itirərək yerə yıxılmışdır. Həmin zərbənin gücündən sonuncunun üst dodağının sağ tərəfi qanamağa başlamışdır. Həmçinin sonuncu yerə yıxılan zaman başı hamam otağında yerə dəymişdir. Bundan sonra sonuncu bir qədər zaman keçdikdən sonra özünə gələrək mobil telefon tapıb atasına və DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Hadisə baş verən zaman onların yanında başqa heç kim olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmamış və baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etməsini vurğulamışdır. Sadələşdirilmiş icraat materialının 22-24-cü vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 98 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası və sağ diz oynağının qançırı, bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərar təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. Sadələşdirilmiş icraat materialının 21-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman və gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını və arvadıyla barışmağa cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzasının çəkilməsinə cəlb olunduğu icra vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəza ilə bağlı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək, ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili F.M.Hacıyevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzasının çəkilməsinə cəlb olunduğu icra vaxtından hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 33 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar