Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-119/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Rusiya Federasiyasının Sverdlovsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 11, mənzil 84-də qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində ictimai yer hesab edilən ünvan 1 ünvanın qarşısında idarə etdiyi “Ravon Nexia” markalı avtomobildə olarkən əvvəllər tanımadığı, taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ona yaxınlaşaraq avtomobilini həmin yerdən bir qədər aralıda saxlamasını bildirməsini cüzi səbəb kimi bəhanə gətirib, sonuncunun ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, idarə etdiyi avtomobilin yük yerindən istintaqa məlum olmayan silah qismində istifadə etdiyi beysbol taxtasını götürüb onunla Zərərçəkmiş şəxs zor tətbiq edərək bir dəfə qəsdən sonuncunun bədən nahiyəsindən zərbə vurub ona sağ bazu oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi və sağ mil-bilək oynağı nahiyəsinin qançırı kimi sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəşisi bildirdi ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müraciəti ilə bağlı toplanılmış materiallar əsasında Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin tətqiqatçısı Qurbanəli Bəşirlinin imzası ilə təsdiq olunan iki qərar mövcuddur. Bunlardan birincisi cinayət işinin materiallarının 19-20-ci səhifələrində yer alan 19 oktyabr 2021-ci il tarixli qərar, digəri isə cinayət işinin materillarında daxil edilməyən, poçtla Təqsirləndirilən şəxs ünvanına göndərilən 19 oktyabr 2021-ci il tarixli, 085-12166B-3221 saylı məktuba qoşma kimi əlavə olunun 17 oktyabr 2020-ci il tarixli qərardır. 19.10.2021-ci il tarixli qərar prokurorluq tərəfindən sonralar ləğv edilərək cinayət işi başlanılsa da, 17.10.2021-ci il tarixli qərar qüvvədədir, ləğv olunmamışdır. 17 oktyabr 2021-ci il tarixli qərarın mövcudluğu öz təsdiqini 27.10.2021-ci il tarixli “Təhqiqat materiallarının istintaq aidiyyatı üzrə göndərilməsi barədə” Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin tətqiqatçısı Qurbanəli Bəşirlinin imzası ilə təsdiq olunan qərarın 1-ci səhifəsinin 6-cı abzasında tapır. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 19 oktyabr 2021ci il tarixli qərarda prokurorluq tərəfindən ləğv olunmasına əsas yaratmaq üçün Təqsirləndirilən şəxs əlehinə qərəzli olaraq dəyişiklik edilmişdir. Belə ki, 17 oktyabr 2021-ci il tarixli qərardan fərqli olaraq, prokurorluq tərəfindən ləğv olunan 19 oktyabr 2021-ci il tarixli qərarın 2-ci səhifəsinin 1-ci abzasına “Təxminən 1 dəqiqədən sonra həmin sürücü yenidən hadisə yerinə gəlmiş, idarə etdiyi avtomobilin yük yerindən 1 ədəd taxta dəyanək götürərək onun üzərinə hücum edərək onun sağ bilək və sağ çiyin nahiyyəsinə vurmuşdur” cümləsi əlavə edilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə xəsatər yetirmədiyi, 17 oktyabr 2021-ci il tarixli qərarın mövcudluğunu təsdiq etdiyinə və ittihama zidd olduğu üçün qərəzli olaraq eyni hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 21-ci polis bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və bu protokol əsasında Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 17.10.2021-ci il tarixli, 3(006)-3139/2021 saylı qərarı cinayət işinin materillarına əlavə olunmamış və hüquqi qiymət verilməmişdir. Sözügedən protokolda aparılmış ilkin araşdırma zamanı hadisənin baş verdiyi ünvanda yerləşən marketdə quraşdırılmış müşahidə kamerasından, hadisəyə dair videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş sürücüyə hücum edərək onu vurmağa cəhd etdiyi qeyd olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi qərarda isə “maşında olan beysbol taxtası ilə hücum etsə də, onu vurmamışdır” ifadəsi yer almaqdadır. Bundan əlavə, Təqsirləndirilən şəxs öz vəsaiti hesabına vəkillə təmin olunmasına dair ibtidai istintaqı aparan müstəntiq Tağı Tağıyevə ərizə ilə müraciət etsə də, bu sənəd cinayət işinin materiallarına əlavə olunmamış, Təqsirləndirilən şəxs etiraz etdiyi halda, ona dövlət hesabına vəkil təyin edilmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs dövlət tərəfindən vəkillə təmin olunmasına dair ərizəsi mövcud deyildir. Təqsirləndirilən şəxs həmin vəkilə etiraz etdiyi üçün ona müdafiəçinin təqdim edilməsi haqqında protokola imza atmamışdır. Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 22-23 dekabr 2021-ci il tarixlərində saxlanıldığı zaman ona telefon əlaqəsinə icazə verilməmiş, bu səbəbdən də öz vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq imkanından məhrum olunmuşdur. Habelə onun hüquqi savadı olmadığından və hüququları real olaraq izah edilmədiyindən o, barəsində qətimkan tətbiri seçilməsinə dair vəsatətə 23.12.2021-ci il tarixdə məhkəmə baxılan zaman həbs edilmədiyi görüb artıq istintaqın başa çatdığını düşünmüş və ona görə vəkillə müqavilə bağlamamışdır. Təqsirləndirilən şəxs öz vəsaiti hesabına müdafiəçi ilə təmin olunmasına şərait yaradılmadığına, təmin olunmuş müdafiəçiyə etibar etmədiyinə görə müstəntiq tərəfindən onun adından hazırlanmış ifadələrə və sair sənədlərə imza atmaqdan imtina etmişdir. Göstərilənləri nəzərə alaraq cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs müdafiəçi tərəfindən verilmiş vəsatətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatətə etiraz edərək onun rədd olunmasını, ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsini, qanunvericiliyin tələblərinin pozulmamasını vurğulayaraq təqsirləndirilən şəxsin məhkəməyə verilməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Zərər çəkmiş şəxs də dövlət ittihamçısı ilə razı olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmaqla aparılmış ibtidai istintaq hərəkətləri kobud qanun pozuntuları kimi qiymətləndirilməli və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından vəsatət aşağıdakı əsaslara görə təmin edilməlidir. Cinayət işinin İ cildinin 84-cü səhifəsində olan protokola görə X1 olaraq bildirir ki, ona dövlət hesabına müdafiəçi təyin edilsin, çünki o, öz vəsaiti hesabına müdafiəçi dəvət edə bilmir. Bu protokol yalnız müstəntiq Tağı Tağıyev tərəfindən imzalanır. “Şübhəli şəxsə müdafiəçi tutmaq hüququnun izah olunması haqqında” (cild İ, i.v.90) və “Şübhəi şəxsə müdafiəçinin təqdim edilməsi haqqında” (cild İ, i.v.97) protokollardan görünür ki, X3 həmin sənədləri və bundan sonrakı digər protokolları imzalamaqdan imtina edir. Bu hallar da ona dəlalət edir ki, X3 həqiqətən də ona dövlət hesabına müdafiəçi təyin olunmasına etiraz etmiş, belə müdafiəçinin dəvət olunmasına şəxsən ərizə verməmişdir. Həmçinin, cinayət işinin materiallarında olan: 19.10.2021-ci il tarixli qərara əsasən Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin tətqiqatçısı Qurbanəli Bəşirli tərəfindən X2 müraciəti əsasında toplanılmış material üzrə Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd olunmuşdur (cild İ, i.v.19-20); “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və materialın istintaq aidiyyəti üzrə göndərilməsinə dair” Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisinin Nəsimi rayon prokuroruna ünvanlanmış vəsatətində Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin tətqiqatçısı Qurbanəli Bəşirli tərəfindən qəbul edilmiş 17.10.2021-ci il tarixli qərardan bəhs edilərək onun ləğv edilməsi xahiş olunur (cild İ, i.v.24-25); “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” Nəsimi rayon prokurorunun müavini tərəfindən qəbul edilmiş 26.10.2021ci il tarixli qərarla qeyd olunan vəsatət təmin edilmiş, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin tətqiqatçısı Qurbanəli Bəşirli tərəfindən qəbul edilmiş qərar ləğv olunmuşdur. Prokurorun qərarının 1-ci səhifəsində Qurbanəli Bəşirli tərəfindən qəbul edilmiş 17.10.2021-ci il tarixli qərar göstərilsə də, 2-ci səhifədə həmin qərarın tarixi qələmlə düzəldilmiş 19 oktyabr kimi göstərilmişdir (cild İ, i.v.30-31). Eyni zamanda müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin 19.10.2021-ci il tarixli, 085-12166 B-3221 saylı məktubunda tətqiqatçı Qurbanəli Bəşirli tərəfindən X2 ünvanına cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarın surətinin göndrildiyi qeyd olunmuş və məktuba 17.10.2021-ci il tarixli qərar əlavə olunmuşdur. Göründüyü kimi, hazırki iş üzrə Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin tətqiqatçısı Qurbanəli Bəşirli tərəfindən 2021-ci il 17 və 19 oktyabr tarixlərdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd olunmasına dair iki qərar var və bu qərarlardan konkret olaraq hansının real olaraq mövcud olub-olmamasını ayırd etmək mümkün olmur. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Qeyd olunan Məcəllənin 19.4-cü maddəsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq hüquqlarını təmin etməlidir. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır, çünki Konvensiya nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədi daşıyır. Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına [...] bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər”. Həmin Məhkəmə digər qərarında vurğulamışdır ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. 6-cı maddənin 3-cü bəndinin “c” yarımbəndinə əsasən, müvafiq yerli orqanlar yalnız o zaman müdaxilə etməlidirlər ki, müdafiəçinin təqsirləndirilən şəxsi səmərəli təmsil edə bilməməsi açıq-aydın nəzərə çarpsın və ya hər hansı başqa yolla onların nəzərinə lazımınca çatdırılmış olsun” (“Kamasinski Avstriyaya qarşı iş”). Bundan əlavə Avropa Məhkəməsi göstərmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir” (“Krosant Almaniyaya qarşı” iş). Sadalanan normaları nəzərə alaraq məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Dolayısı ilə, müdafiə hüququ ictimai maraqları özündə əks etdirməklə dövlətin bu sahədə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsini zəruri edir. Ona görə də, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Bu vəzifə birbaşa Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissəsindən irəli gəlir. Həmin maddələrə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, habelə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nəzərə alınmalıdır ki, hüquqi yardım almaq və müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin ona elan edilmiş ittihamdan özünü müdafiə edə bilməsi üçün tutulduğu, şübhəli şəxs qismində dindirildiyi, ona ittiham elan edildiyi və ya həbsə alındığı andan müdafiəçiyə malik olmaqla onun yardımından istifadə etmək, müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlara dair məlumatlanmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar bir-biri ilə əlaqəli şəkildə hüquqi yardım almaq və müdafiə hüququnu əmələ gətirirlər və onlardan hər hansı birinin pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə əsasən müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntularına aid etmiş və belə pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını nəzərdə tutur. Həmin Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Bu Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarında olan 25.05.2021-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İ, i.v.161-162). Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həmin qətimkan tədbirinin dəyişdirilməsinə və ya ləğvinə zərurət yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarının baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-119/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-119/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver