Məhkəmə qərarları › İş №1(006)-119/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-119/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-119/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,174 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 oktyabr 2023-cü il tarixdə saat 00:10da ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 yerləşən 21-ci Polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,174 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuşdur, sonuncu dəfə isə 2022-ci ilin oktyabr ayında cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Uzun müddətdir ki, “kokos” adlandırılan narkotik vasitə olan heroindən istifadə edir, lakin, sonuncu dəfə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra bir müddət istifadə etməmişdir. Tutulmamışdan təxminən 2-3 ay əvvəl yenidən narkotik vasitədən istifadə etməyə başlamışdır. 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Yasamal bazarı adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manat müqabilində, 1 (bir) büküm narkotik vasitə olan kakos, yəni ki, heroin almışdır. Bundan sonra oradan çıxaraq piyada ünvan 4 ünvanın qarşısında hərəkətdə olan zaman iki nəfər özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmişlər. Daha sonra isə üzərində narkotik vasitə olmasına dair məlumatlarının olmasını bildirərək və üzərində narkotik vasitə və ya qanunsuz əşya olub-olmamasını soruşdular. Həmin vaxt o, özünü itirmiş və artıq hər şeyin gec olduğunu görərək polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra ona Nəsimi RPl-nin 21-ci PB-yə getməyi təklif etdilər və o, həmin şəxslərlə birlikdə həmin bölməyə getmişdir. Nəsimi RPl-nin 21-ci PB-nə çatdıqda əvvəlcə ondan ad soyad soruşdurlar, daha sonra isə onu xidməti otaqların birinə apardılar, bundan sonra isə hüquqlarının müdafiəsi üçün, öz xahişi ilə dövlət hesabına vəkillə təmin olunmuşdur. Polis bölməsində olduğu zaman üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılacağı bildirildi. Sonradan polis bölməsinə gəlmiş mütəxəssisin və iştirakçıların iştirakları ilə üzərinə baxış keçirilən zaman üzərində hər hansı bir əşya olub-olmaması, olduğu halda təqdim etməyi təklif olunduqda, bir qədər əvvəl Yasamal bazarı adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata aldığını və üzərində gəzdirdiyini, 1 (bir) ədəd bükümü əynində olan şalvarının cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində heç nəyin olmadığını bildirmiş və əynində olan paltarlarına baxış keçirilmişdir, lakin heç nə aşkar edilməmişdir. Baxış zamanı təqdim etdiyi büküm açılaraq baxılmış və nə olması sual olunduqda, həmin maddənin kakos adlandırılan narkotik vasitə heroin olduğunu, haradan və nə məqsədlə əldə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroini ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürüləcəyi bildirilmişdir. Aşkar edilmiş narkotik vasitə heroin boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərildikdən sonra içərisinə qoyularaq, qablaşdırılmış və möhürlənmiş, eləcə də, zərfln üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildikdən sonra isə protokol tərtib edilmiş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə həmin dövrdə 21-ci Polis bölməsində əməliyyat müvəkkili işləyən Şahid1 Məftun adlı şəxsin mütəmadi olaraq narkotik vasitələr əldə etməsi və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə Məftun adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə həmin qrupa o, və Nəsimi RPl-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid1 da daxil edilmişdir. “Məftun" adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri-mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ƏAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə PB-nin rəisi tərəfindən razılıq verildikdən sonra Məftun adlı şəxsin ünvan 2 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü, cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23:45-də Şahid1 və o, ünvan 2 ünvanın qarşısında olmuşdur. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra xx.xx.2023-ci il tarixdə saat 00:10 radələrində əməliyyat məlumatında göstərilən “Məftun" adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüş və həmin şəxsə yaxınlaşaraq adını soruşdular. Həmin şəxs adının Məftun olduğunu bildirdi, bundan sonra onlar özlərini təqdim etmiş və üstündə narkotik vasitə saxlaması, qəbul etməsi barədə məlumat daxil olduğundan birlikdə PB-nə getmələrini bildirmişlər. Həmin şəxs etiraz etmədi və birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs polis bölməsinə gətirildikdən sonra PB-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən üstünə baxış keçirilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə etmişik və həmin raportun icrası 21-ci PB-nin baş təhqiqatçısı polis mayoru Nicat Sadıqova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Nicat Sadıqovun xidməti iş otağına aparmış, orada baş təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs vəkillərdən Bakı şəhəri 14 saylı Vəkil Bürosundan hər hansı vəkilin hüquqlarını müdafiə etməsini bildirdiyi üçün baş təhqiqatçı Nicat Sadıqov vəkil X4 PB-nə dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və Məftun əynində olan şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində olan maddə barədə sual verilən zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin heroin olmasını bildirmişdir. Həmin bükümü haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi barədə sual verildikdə isə uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, xx.xx.2023- cü il tarixdə “Yasamal bazarı" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hərkəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışdırlar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 25-26-cı vərəqlərində olan “Şübhəli şəxsin tutulması haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə, saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 48-50-ci vərəqlərində olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi boz rəngli cins şalvarının yan ciblərinə, şalvarının ətəyinə baxıldı, hər hansı bir əşya aşkar edilmədi. Bundan sonra əynində olan qara rəngli gödəkçəsinin və və qolları qara rəngdə olan boz rəngli köynəyinin boynuna, qollarına və ciblərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs ayaqlarında olan qara rəngli ayaqqabılarının və corablarının içərisinə baxıldı, lakin heç bir əşya aşkar olunmadı. Sonra isə şübhəli Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümün içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olundu. O, 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu bildirdi, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2023-cü il tarixində “Yasamal bazan” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Cinayət işinin 58-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5484 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Azərbaycan Respublikası DİN Zərflər üçün № 189” dairəvi möhür əksi olan, “Şübhəli Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.174 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 97-101-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-505/2023 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 18 oktyabr 2023-cü il tarixdən, saat 00:10-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 119-120-ci vərəqlərində olan “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd zərfin içərisindəki 0,174 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq hissə 0,134 qram olan narkotik vasitə heroinin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 124-126-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 24 gününü çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 128-134-cü vərəqlərində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-185/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 135-136-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 7454 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan melamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 01 ədəd bükümü çıxarıb könüllü təhvil verməsi və şifahi sorğu-sual zamanı bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,174 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X3 təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-185/2022 saylı hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 18 oktyabr 2023-cü il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,134 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar