Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-12/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Zərər çəkmiş şəxsin Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nümayəndəsi: vəkili Nümayəndə Müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 49/51, mənzil 07-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 fevral 2021-ci il tarixdə, saat 14:30 radələrində ünvan 1 ünvanda yerləşən 36 nömrəli mənzilə giriş qapısının kilidini açar seçmə üsulu ilə açıb qanunsuz daxil olaraq axtarış aparan zaman mənzilin sahibi Zərərçəkmiş şəxs “102” xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə gəlmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığından, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək yataq otağındakı dolabdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 2.000 manat pulu oğurlamağa cəhd etmişdir. Həmçinin, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,097 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımış, 23 fevral 2021-ci il tarixdə, saat 14:45 radələrində ünvan 1 ünvanda yerləşən 36 nömrəli mənzildə saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilib saat 21:20-də üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd siqaretin qızılı rəngli falqasına bükülmüş halda həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hissəsini qəbul etməyərək özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, maddi imkanı yaxşı olmadığından 23 fevral 2021-ci il tarixdə oğurluq etmək məqsədi ilə ünvan 1 ünvanda yerləşən 36 nömrəli mənzilin qapısını seçmə açarlar vasitəsilə açaraq mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra əvvəlcə bir qədər hərəkətsiz qalmış, başqa şəxslərin gəlmədiyinə, onun oraya daxil olduğunu kiminsə görmədiyinə əmin olmaq üçün gözlükdən çölə baxmışdır. İçəri tərəfdən qapının qarşısında təxminən 05 dəqiqə gözlədikdən sonra yataq otağına keçmiş və oğurluq etmək üçün qiymətli əşyalar axtarmağa başlamışdır. Təxminən saat 14:45-də qəfildən polis əməkdaşları mənzilə daxil olmuş və ondan mənzildə olma səbəbini soruşmuşlar. O da çıxılmaz vəziyyətdə olduğunu anlayıb oğurluq etmək üçün mənzilə daxil olduğunu bildirmişdir. Polis əməkdaşları mənzilə baxış keçirdikdən sonra onlarla birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə getmişdir. Sonra onu başqa iki ünvana aparıb orada olan oğurluqları da boynuna almağı təkid etmişlər. Lakin o, bundan imtina etdiyi üçün polis əməkdaşları onu şöbəyə aparıb əynindəki gödəkçəsini çıxardaraq döyməyə başlamış və yenidən gödəkçəni əyninə geyindirmişlər. Axşam saat 21 radələrində onun üzərində axtarış aparılmış və guya üzərindən narkotik tapılmışdır. Döyüldüyü zaman aldığı zərbələrdən özünü pis hiss etdiyi üçün şöbəyə təcili tibbi yardım çağırılmışdır. Ancaq döyülməsi barədə o, nə tibbi işçilərinə, nə də ki, sonradan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən məhkəməyə, habelə müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına məlumat verməmiş, tibb işçilərinə isə şəkərinin qalxdığını söyləmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, ünvan 4 ünvanda yerləşən 36 saylı mənzil Zərərçəkmiş şəxs məxsusdur, həmin mənzildə özü tək yaşayır. Zərərçəkmiş şəxs 23 fevral 2021-ci il tarixdə, saat 08:20-də mənzildən çıxıb qapını bağlayaraq işə getmişdir. Həmin günü saat 14:30 radələrində qonşusu onun mobil telefonuna zəng edərək yaşadığı mənzilə yad adamın daxil olduğunu müşahidə etdiyini bildirmiş, buna görə də o dərhal işdən çıxıb evinə yollanmış, eyni zamanda “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Yaşadığı mənzilə çatdıqda polis əməkdaşlarının sonradan Təqsirləndirilən şəxs kimi məlum olan şəxsi saxlayıb apardıqlarını görmüş və o da onların ardınca 19-cu polis şöbəsinə getmişdir. Mənzildə əşyalar dağınıq vəziyyətdə olsa da, hadisə zamanı hər hansı əşya oğurlanmamışdır. Belə ki, Zərərçəkmiş şəxs mənzildə nağd pul və qiymətli əşyaların saxlandığı yerə baxdıqda, onların yerində olduğunu müəyyən etmişdir. Mənzildəki yataq otağının dolabında Zərərçəkmiş şəxs məxsus 2.000 manat puldan başqa digər qiymətli əşya olmamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 23 fevral 2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 17, mənzil 36-a naməlum şəxsin girməsi barədə məlumat daxil olmuşdur. Dərhal əməliyyat qrupu təşkil olunmuş və o, iş yoldaşları Şahid3 və Şahid4 təhqiqatçı ilə birlikdə hadisə yerinə getmişlər. Onlar mənzilin qapısının açıq olduğunu görüb içəri daxil olmuşlar. Bu zaman bir nəfər şəxsin yataq otağında şkafı axtardığı görüb onu yaxalamışlar. Həmin şəxs də mənzilə oğurluq etmək üçün gəldiyini bildirmişdir. Onun şəxsiyyəti müəyyən edilərkən Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təhqiqatçı hadisə yeri ilə bağlı protokol tərtib etmiş, daha sonra onlar bu şəxsi şöbəyə aparıb təhvil verib digər əməliyyat tədbirləri ilə bağlı başqa yerə getmişlər. Bir neçə müddət sonra şöbəyə qayıdanda Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə keçirilmiş axtarışda iştirak etmiş, sonuncu gödəkçəsinin cibindən müxtəlif açarlar, o cümlədən avtomobil açarı, telefon, avtobusda gediş kartı, habelə bir büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq edilməmiş, ona üzərinə narkotiki götürmək barədə təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan: - 19-cu polis şöbəsinin təhqiqatçısı Z.Əliyev tərəfindən tərtib edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokol və çəkilmiş foroşəkillərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 17, mənzil 36-nın giriş qapısı dəmir materialdandır, otaqlarda olan şkafların içərisində yerləşdirilmiş paltarlar və əşyalar dağınıq vəziyyətdədir. Baxış saat 14:50-də başladı, saat 15:25-də başa çatdı (İ cild, i.v.7- 12); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokol və videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman ondan üzərində, paltarında və paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynində olan tünd göy rəngli gödəkcənin yan ciblərindən bir ədəd avtomobil açarını, 03 ədəd kilid açarlarını, bir ədəd “Bakı kart” kartını, bir ədəd “Nokia” markalı mobil telefonu, sol qoltuq iç cibindən isə siqaret kağızında olan bükümü masanın üzərinə qoyur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 ədəd kilid açarları mənzilə daxil olmaq üçün istifadə etdiyi açarlardır, avtomobil açarı isə özünün idarə etdiyi “Mitsubishi” markalı nəqliyyat vasitəsinə aiddir. Bükümün içərisində isə olan maddə narkotikdir, onu öz istifadəsi üçün alıb. Axtarış saat 21:20-də başladı, saat 22:00da başa çatdı (İ cild, i.v.43-49, disk); - Şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirilməsi protokollarında Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, uzun müddətdir narkotik vasitə olan heroin aludəçisidir, onu “Kubinka”, “Papanin” adlı ərazilərdən tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 21 fevral 2021-ci il tarixdə “Papanin”dən əvvəllər tanımadığı şəxsdən 20 manat pul ödəməklə bir ədəd bükümdə heroin almışdır. Onun bir hissəsini istifadə etsə də, qalanını əynindəki göy rəngli gödəkçənin döş cibində saxlayırdı. Maddi imkanı yaxşı olmadığından 23 fevral 2021-ci il tarixdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də həmin gün təxminən saat 14:30-da ünvan 5 ünvanında yerləşən 36 nömrəli mənzilin qarşısına getmiş, içəridə kiminsə olub-olmadığını müəyyənləşdirmək üçün giriş qapısını döyüb bir qədər gözləmişdir. Qapını heç kəs açmadığından mənzilin boş olduğunu başa düşmüş və özündə olan açarlardan istifadə etməklə mənzilin qapısının kilidini açıb içəri daxil olmuşdur.................... Təxminən saat 14:45-də qəfildən polis əməkdaşları mənzilə daxil olmuş və mənzildə nə iş gördüyünü soruşmuşlar. O da çıxılmaz vəziyyətdə olduğunu anlayıb oğurluq etmək məqsədi ilə mənzilə daxil olduğunu bildirmişdir. Polis əməkdaşları mənzilə baxış keçirdikdən sonra birlikdə 19-cu polis şöbəsinə getmişlər. Polis şöbəsində video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan öncə polis əməkdaşı üzərində hər hansı qanunsuz əşya olub olmadığını soruşmuş və təklif etmişdir ki, əgər belə maddələr varsa təqdim etsin. O da əynindəki göy rəngli gödəkçənin sol döş cibində saxladığı, siqaretin qızılı rəngli falqasına bükülmüş 1 ədəd bükümdə olan heroini, qeyd olunan mənzili açmaq üçün istifadə etdiyi 3 ədəd açarı, özünə məxsus «Nokia» markalı mobil telefonu, 1 ədəd «Bakubus» kartını və 1 ədəd «Pajero» markalı avtomobilin pultunu çıxarıb təqdim etmiş, qızılı rəngli falqaya bükülmüş bükümdə heroin olduğunu, həmin heroini öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Polis bölməsinə gətirilən zaman ona qarşı heç bir zorakılıq halları olmamışdır (İ cild, i.v.68-71, 91-94); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx.xx.2021-ci il tarixli, 6/798 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №187” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,097 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 1,047 qram, aparılmış tədqiqatın dəyəri 109,90 manat təşkil edir (İ cild, i.v.56-60); - xx.xx.2021-ci il tarixli, 3/477 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş silindrik mexanizm təyinatı üzrə istifadəyə yararlıdır və onun səthində, açar yuvasının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə silindrik mexanizmin ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Təqdim edilmiş “1” rəqəmi ilə işarələnən açar qıfılı açıb-bağlayır. Lakin “2” və “3” rəqəmləri ilə işarələnən açarlar qıfılın açar yuvasına sərbəst daxil olmur və qıfılı açıb-bağlamır. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir (İ cild, i.v.135-137); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X1 haqqında xx.xx.2021-ci il tarixli, 1134 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.140-141); - Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, qalıq qalan 1,047 qram narkotik vasitə heroin və 03 ədəd açar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmiş, 01 ədəd qıfıl isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır (İ cild, i.v.170-182); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)-93/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, əvvəllər də oğurluğa və narkotikə görə məhkumluğu olub. O, heç bir yerdə işləmədiyindən oğurluq etmək qərarına gəlmiş, 2020-ci il dekabr ayının ortalarında girdiyi mənzilə açarseçmə üsulu ilə daxil olmağa cəhd etmiş, lakin baş tutmamışdır. Yenidən xx.xx.2021-ci il tarixdə həmin mənzilə oğurluğa gəlmiş, qapını döyüb heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra açarseçmə üsulu ilə qapını açıb içəri girmiş, lakin bir müddət sonra polis əməkdaşları tərəfindən mənzilin içərisində saxlanılmışdır. Mənzildən heç nə oğurlaya bilməmiş, üzərindən tapılan narkotik vasitəni isə öz istifadəsi üçün almışdır (İ cild, i.v.111-114); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışı və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad olunmuşdur (İ cild, i.v.130-132, 147-169); - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(101)-23/2021 saylı qərarı ilə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilməklə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünün Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2-ci maddəsi ilə məhkum olunmuş şəxslərlə eyni hüquqi nəticələr yaratması təsdiq edilmişdir (İİ cild, i.v.79-81); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-339/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində yətin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizası ilə əlaqədar verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2452 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, i.v.104-106, 119-121); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-12/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, bu hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv olunaraq cinayət işi məhkəmə hazırlıq iclası mərhələsinə göndərilmişdir (İİ cild, i.v.210-219, 241-245); - “Bakı şəhəri Təcili və X3 Stansiyası” X9 xx.xx.2022-ci il tarixli, 190 saylı məktubu ilə vəkil Müdafiəçi2 ünvanlanmış cavabda qeyd olunur ki, çağırış vərəqələri üzrə saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Təcili və X3 Stansiyasına çağırış daxil olması barədə məlumat verilə bilinmir (İİİ cild); - Məhkəmə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə göndərilmiş sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli, 083-14714-1222 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə oğurluq faktı ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., H.Seyidzadə küçəsi, ev 17, mənzil 36-da saxlanılaraq şöbəyə gətirilmiş, şöbənin inzibati binasına daxil olduqda şəkərli diabet xəstəsi olduğunu və özünü həddindən artıq pis hiss etdiyini bildirərək ona təcili tibbi yardım çağırılmasını xahiş etmişdir. O, növbətçi hissənin istirahət otağında əyləşdirilmiş və dərhal təcili yardıma zəng edilmişdir. Təcili yardım briqadasının çağırışları çox olduğundan təxminən 01 saatdan artıq müddətdə polis şöbəsinə gəlmiş, ona lazım olan tibbi müdaxilə edilmiş, təqribən 40-45 dəqiqə ərzində Təqsirləndirilən şəxs səhhəti ilə bağlı həkim müşahidəsində saxlanılmış və sonuncu özünə gələrək tam adekvat olduqda şöbənin inzibati binasını tərk etmişdir. Bütün bu müddət ərzində Təqsirləndirilən şəxs onu şöbəyə gətirmiş polis əməkdaşlarının və şöbədə mövcud olan videomüşahidə kameralarının nəzarəti altında olmuşdur. Göstərilən tibbi müdaxilərdən sonra Təqsirləndirilən şəxs üzərində cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun vəkil təqdim edilməklə şəxsi axtarış keçirilmişdir. Toplanılmış materiallar araşdırılmasının davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir (İİİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməllərdə özünü yalnız oğurluq cinayətində təqsirli bilsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz dəlillərlə ona qarşı irəli sürülmüş ittihamın digər hissəsi də tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hallar onun özünümüdafiə kimi qiymətləndirilir. Habelə, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraat zamanı qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, həmçinin onun barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir, əksinə olaraq üzərindən tapılan narkotik vasitəni öz istifadəsi üçün aldığını söyləyir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraat zamanı qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmçinin, o da müəyyən edilir ki, Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 36 nömrəli mənzilə oğurluq etmək istəyərkən saat 14:45-də orada polis əməkdaşları tərəfindən saxlanılıb bir müddət sonra 19-cu polis şöbəsinə gətirilən zaman diabet xəstəsi olduğu və özünü həddindən artıq pis hiss etdiyi üçün ona təcili tibbi yardım çağırılması səbəbindən həmin ərəfədə onun üzərində şəxsi axtarışın keçirilməsi mümkün olmamış, yalnız bir müddətdən sonra ona tibbi yardım göstərildikdən və o, özünü yaxşı hiss etdikdən sonra onun üzərində saat 21:20-də həmin istintaq hərəkəti keçirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərini də nəzərə alır. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 23 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,047 qram narkotik vasitə olan heroin və 03 ədəd açar məhv edilməli, 01 ədəd qıfıl zərər çəkmiş şəxsin istifadəsində saxlanılmalı, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 173,90 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 173 (yüz yetmiş üç) manat 90 (doxsan) qəpik pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,047 qram narkotik vasitə olan heroin və 03 ədəd açar məhv edilsin, 01 ədəd qıfıl zərər çəkmiş şəxsin istifadəsində saxlanıslın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-12/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-12/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver