Məhkəmə qərarları › İş №1(006)-12/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-12/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-12/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin X2 qanuni nümayəndəsi: Müdafiəçilər: “Qanunçuluq” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs Nənəsi Qanuni nümayəndə1 Emin İskəndərovun iştirakları ilə qanuni nümayəndəsi: xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, ev 101-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 67-də qeydiyyatda olan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 22 fevral 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişməsində çərşənbə axşamı ilə əlaqədar qurulan tonqalın ətrafında olarkən, yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs yaxınlaşaraq hansı səbəbdən əvvəllər onun valideyininin ünvanına işlətdiyi nalayiq ifadələrin anasına xəbər verməsini irad tutarkən sonuncunun bunu təkzib etməsinə əhəmiyyət verməyərək yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik etmiş, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edərək yerə yıxdıqdan sonra birlikdə yumruq və təpiklə onun baş nahiyəsindən qəsdən zərbələr vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət edilən qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah-təpə və ənsə nahiyələrinin qançır-şişkinlikləri kimi dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, habelə sağlamlığa zərər vurmayan xəsarətlərə aid boyun nahiyəsinin sıyrığı xəsarətini yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişlər. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Nəsimi rayonu, “Kubinka” deyilən ərazidən tanıyır, özü də həmin ərazidə yaşayır. Seymurla həmişə mehriban münasibətdə olmuş, mütəmadi olaraq biri-biri ilə zarafatlaşmış, hətta o bəzən Seymurun marketə olan borclarını da ödəmişdir. Həmçinin, Seymurun məhəllə uşaqları sayılan Xaman, Kənan, Ramil, Sərxan və Yusiflə də normal münasibəti olmuşdur. Hadisədən təxminən 2-3 gün əvvəl Seymur onun yaşadığı mənzilə gəlmiş, bir yerdə söhbət etmiş, bu zaman hətta Seymur onun ailə üzvlərinin ünvanına zarafata salıb nalayiq ifadələr işlətsə də, o, ona heç nə etməmiş və Seymur çıxıb getmişdir. Lakin sonrakı bir-iki gün ərzində o, Seymuru axtararaq nə səbəbə görə onun ailə üzvlərinə qarşı nalayiq ifadə işlətməsinin səbəbini soruşmaq istəmişdir. 22 fevral 2022-ci il tarixdə, saat 20 radələrində o, Təqsirləndirilən şəxs1la birlikdə məhəllədə olarkən yaşadığı binadan 02 küçə aralıda, yəni Nəsimi rayonu, Mərdanov Qardaşları ilə İbrahim Əbilov küçələrinin kəsişməsində sakinlərin tonqal yandırdıqlarını bilib ora getmişlər. Orada təxminən 50 nəfərdən çox adam olmuşdur. Saat 21 radələrində kənardan Seymurun piyada gəldiyini görmüşlər. Seymur onlara yaxınlaşaraq salamlaşmış, bu zaman o da ondan nə səbəbə görə onun ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətməsini soruşmuşdur. Seymur da heç bir cavab verməmişdir. Bu səbəbdən də o, əli ilə Seymurun çiynindən itələyib çıxıb getməsini istəmiş, sonuncu da özünü saxlaya bilməyib yerə yıxılsa da, tez bir zamanda ayağa qalxmışdır. Xaman da dərhal onlara yaxınlaşıb dava-dalaş etməməyi söyləmiş və Seymur da çıxıb getmişdir. O və Xaman Seymurun ünvanına heç bir nalayiq ifadələr işlətməmiş, Seymura heç bir xəsarət yetirməmişlər. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs özünün də yaşadığı “Kubinka” deyilən ərazidən, ortaq tanışları Təqsirləndirilən şəxs2 görə tanımış və sonradan Seymurla çox yaxın dostluq münasibətlərində olmuşdur. 22 fevral 2022-ci il tarixdə, saat 20 radələrində o, Elçinlə birlikdə məhəllədə söhbət edən zaman yaşadığı evdən 02 küçə aralıda sakinlərin tonqal yandırdıqlarını bilib həmin yerə gəlmişlər. Orada təxminən 50 nəfərdən çox adam olmuşdur. 30-40 dəqiqə keçdikdən sonra Seymurun da tonqal istiqamətinə piyada gəldiyini görmüşlər. Seymur onlara yaxınlaşıb salamlaşmış, Elçin də Seymurla birlikdə tonqaldan təxminən 10-15 metr aralaşmışlar. Bu zaman o, Elçinlə Seymurun arasında münaqişə yarandığını, onların bir-birilərini itələdiyini və sözlə mübahisə etdiklərini görüb onlara yaxınlaşıb nə baş verdiyini soruşanda, Elçin ona Seymurun ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətdiyini demişdir. O da həm Seymuru, həm də Elçini itələyib dava etməmələrini bildirmişdir. Sonra Seymur oradan aralanıb yaşadığı ev istiqamətinə getmişdir. O və Elçin Seymura heç bir xəsarət yetirməmişlər. Seymurun hansı şəraitdə xəsarət almasını bilmir və görməmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ərazidən tanıyır. Aralarında bir neçə dəfə mübahisə olsa da, heç vaxt dava-dalaş etməmişlər. 22 fevral 2022-ci il tarixdə, saat 20 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən üzgüçülük hovuzuna getmişdir. Saat 21 radələrində oradan çıxıb yaşadığı evə getmək üçün “Kubinka” adlanan əraziyə gəlmiş, bir qədər piyada getdikdən sonra Mərdanov Qardaşları küçəsi ilə İbrahim Əbilov küçələrinin kəsişməsinə çatmışdır. Novruz bayramı ilə əlaqədar olaraq ətrafda yaşayan sakinlər həmin yerdə tonqal qalamış, tonqalıb ətrafına da 30 nəfərdən çox adam yığılmışdır. Orada o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görmüşdür. Küçəni keçən zaman Elçin ona yaxınlaşıb bildirmişdir ki, guya o, öz anasına deyib ki, Elçin onun ünvanına nalayiq ifadə işlədib. Elə həmin ərəfədə onlardan təxminən 3 metr aralıda dayanmış Xaman da Elçinin yanına gələrək aralarında olan söhbətə müdaxilə etməyə başlayıb Elçinin ondan soruşduqlarını soruşmuşdur. Bildirir ki, sosial şəbəkədə yazışan zaman Elçin həqiqətən də onun anasının ünvanına nalayiq ifadə işlətmiş, o da bunu anasına demişdir. Lakin onun anası bu barədə Elçinin anasına zəng vuraraq heç bir söz deməmişdir. O isə onlara cavabında elə bir halın olmadığını söyləmişdir. Bu zaman Elçin və Xaman onun və ailə üzvlərinin ünvanına kobud şəkildə uca səslə nalayiq ifadələr işlətməyə başlamış, ətrafda olan şəxslər də onlara baxmışlar. Onun onlardan yaşca balaca olmağı və onların iki nəfər olması onu qorxutsa da, o, onların ona qarşı işlətdiyi ifadələrlə bağlı cavab verərkən Elçin ona yaxınlaşaraq boynundan tutaraq başının sol gicgah nahiyyəsindən əli ilə bərk yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Həmin anda Xaman ona yaxınlaşıb başının arxasından bir dəfə təpiklə bərk vurmuşdur. O da yerdə yıxılmış vəziyyətdə olmuş, bu zaman tanımadığı 3-5 nəfər şəxs yaxınlaşıb Elçin və Xamanı ondan ayırmış və o, onların köməkliyi ilə ayağa qalxmışdır. Həmin vaxtı başında ağrıları yaranmışdır. Ətrafdakı şəxslərin köməkliyi ilə Elçin və Xaman ondan ayrılsa da, onlar kənardan yenə də onun və ailə üzvlərinin ünvanına kobud şəkildə uca səslə nalayiq ifadələr işlətməyə davam etmişlər. O isə üstünü təmizləyib evə getmiş, baş vermiş hadisə barədə anasına danışmışdır. Anası da onun döyülməsi barədə polisə müraciət etmiş, ağrıları kəsilmədiyi üçün o, X6 müayinə edilərək müalicə olunmuşdur. Hadisə vaxtı Elçin ona qapalı kəllə-beyin travması və boyun nahiyəsinin sıyrığı kimi, Xaman isə ənsə nahiyələrinin qapalı kəllə-beyin travması kimi bədən xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, 22 fevral 2022-ci il tarixdə, saat 20 radələrində oğlu Zərərçəkmiş şəxs Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən üzgüçülük hovuzuna getmişdir. Həmin günü Seymurun evə gec qayıtdığını görüb onun Novruz bayramı ilə əlaqədar tonqal şənliyində olduğunu düşünmüşdür. Seymur təxminən saat 22 radələrində ağlaya-ağlaya və paltarları çirkli halda evə gəlmiş, baş nahiyyəsində də şişkinlik olmuşdur. O ondan nə baş verdiyini soruşanda, Seymur üzgüçülükdən qayıdan zaman “Kubinka” adlanan yerdə tonqalın yanında tanışı Elçin və Xaman adlı şəxslərlə rastaşdığını, bu zaman onların ona xəsarət yetirdiklərini bildirmişdir. Özü həkim olduğundan həmin günü Seymura tibbi yardım göstərmiş, əri ölkə hüdudlarından kənarda olduğu üçün səhəri günü qardaşı Vüqarla mobil telefonla əlaqə saxlayıb baş vermiş hadisə barədə ona məlumat vermişdir. Əvvəlcə şikayət etmək istəməsə də, sonradan oğlu Seymurun qorxduğuna, həmçinin hadisənin təkrar baş verməsindən narahat olaraq polisə müraciət etmək qərarına gəlmiş və 25 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, o, 22 fevral 2022-ci il tarixdə, saat 21 radələrində işdən çıxaraq yaşadığı ünvan 1 ünvana gedirdi. Piyada hərəkət edən zaman Mərdanov Qardaşları ilə İbrahim Əbilov küçəsinin kəsişməsinə çatdıqda orada Novruz bayramı ilə əlaqədar olaraq tonqal yandırıldığını və tonqalın ətrafında təxminən 50 nəfərdən çox adamın olduğunu görmüşdür. Tonqal maraq oyatdığına görə onun ətrafında dayanmışdır. Təxminən 4-5 dəqiqə keçdikdən sonra dayandığı yerdən təxminən 10-12 metr aralıda səs-küy eşitmiş və iki nəfər şəxsin kiminsə ünvanına uca səslə nalayiq ifadələr işlətdiyini görmüşdür. O və tonqalın yanında olan 5-6 nəfər tanımadığı şəxs dərhal həmin səs-küy gələn istiqamətə getmişlər. Orada bir nəfər azyaşlı uşağın yerdə uzanıqlı şəkildə olduğunu və iki nəfər digər uşağın təpiklə ona zərbələr endirdiyini müşahidə etmişdir. O və digər şəxslər onları bir-birilərindən ayırmış və yerdə uzanmış şəxsi ayağa qaldırıb üstünü-başını təmizləmiş, daha sonra döyülən şəxs ərazidən uzaqlaşmışdır. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Nəsimi rayonu, “Kubinka” deyilən ərazidən tanıyır. Seymurla təxminən eyni yaşda olduqlarından aralarında səmimiyyət olmuş, həmişə mehriban olmuşlar. Novruz bayramının çərşənbəsi ilə əlaqədar olaraq 22 fevral 2022-ci il tarixdə, saat 20 radələrində məhəlləyə çıxmış, bu zaman qonşuların tonqal yandırdığını və ətrafına yığışdıqlarını görmüşdür. Tonqalın yanına Xaman, Elçin və digər uşaqlar da olmuşlar. Bir müddət sonra o, Seymurun küçədən keçdiyini görüb onu səsləmiş, Seymur da ona tərəf gələrək salamlaşıb Elçin və Xaman tərəfə getmişdir. Bundan sonra o, oranı tərk edib yaşadığı evə getmiş, təxminən 30-40 dəqiqədən sonra yenidən tonqalın yanına qayıdanda artıq orada heç kim olmamışdır. Səhərisi günü digər uşaqlardan eşitmişdir ki, Xaman və Elçin Seymurla dalaşmışlar. İş materiallarında olan: • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2022-ci il tarixli, 254 saylı rəyinə əsasən 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - başın sol gicgah-təpə və ənsə nahiyələrinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinlikləri və boyun nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən xx.xx.2022ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah-təpə və ənsə nahiyələrinin qançır-şişkinlikləri dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Boyun nahiyəsinin sıyrığı xəsarəti isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələri mümkündür (İ cild, i.v.46-48); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il iyul ayının 20-si və 21-i tarixli arayışlarına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dair əməliyyat-sorğu kartotekalarında heç bir məlumat yoxdur (İ cild, i.v.107-108). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara ittiham olunmuş əməlin törədilməsində özünü təqsirli bilməsələr də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz digər dəlillərlə onların 22 fevral 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişməsində çərşənbə axşamı ilə əlaqədar qurulan tonqalın ətrafında olarkən, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan zor tətbiq edərək yerə yıxdıqdan sonra birlikdə yumruq və təpiklə onun baş nahiyəsindən qəsdən zərbələr vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət edilən qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah-təpə və ənsə nahiyələrinin qançır-şişkinlikləri kimi dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, habelə sağlamlığa zərər vurmayan xəsarətlərə aid boyun nahiyəsinin sıyrığı xəsarətini yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmələri tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə cəzalandırılmalıdırlar. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin həmin Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir (11-ci bənd). Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmayan zaman törətdiyini Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə müvafiq olaraq onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda bu şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxslər onlara təyin edilmiş cəzanı iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli isə onların işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 isə artıq yetkinlik yaşıma çatdığından onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş “Qanunçuluq” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş “Qanunçuluq” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar