Məhkəmə qərarları › İş №1(006)-12/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-12/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-12/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qedyiyyatda olan, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 iyun 2022-ci il tarixdə saat 11:38-də idarə etdiyi “Toyota Prius” markalı **- FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsindən keçən avtomobil yolu ilə 20-30 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək avtomobil yolunun əks hərəkət zolağına aid olan hissəsini qət etmiş və avtomobil yolunun ikinci hissəsini keçməyə başlayan piyada Zərərçəkmiş şəxs vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun ikitərəfli subdural hematoma (yumşaq qişalar altına qansızma), motor afaziya (nitqin pozulması), soltərəfli hemiparez (sol yuxarı və aşağı ətraflarda əzələ gücünün zəifləməsi) və soltərəfli hemihipesteziya (sol yuxarı və aşağı ətraflarda hissiyyatın zəifləməsi) ilə ifadə olunmuş qapalı kəllə-beyin travması və baş beyinin əzilməsi, bel nahiyəsinin əzələ-bağ sisteminin gərilməsi, hər iki göz yuvası ətrafı yumşaq toxumaların hematoması, sağ gözün ağlı qişasına qansızma, sağ əlin İ barmağının həmin barmaqda hərəkət məhdudluğu ilə müşayət olunan qançır-şişkinliyi və sol gicgah nahiyəsinin sıyrığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 14 iyun 2022-ci il tarixdə saat 11-12 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi ilə 3-cü mikrorayon dairəsindən üzü “Memar Əcəmi” dairəsi istiqamətində hərəkətdə olarkən işıqforun qarşısında “qırmızı” işıqda dayanmış, daha sonra “yaşıl” işıq yanarkən avtomobillə hərəkətə başlamışdır. Həmin vaxt təxminən 80 metr irəlilədikdən sonra qəfildən yolun sol tərəfindən sağ tərəfinə keçid olmayan hissədən keçmək istəyən sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs görərək avtomobili döndərib “bardur” istiqamətinə avtomobili yönləndirsə də, zərərçəkmiş şəxs də avtomobilini istiqamətləndirdiyi tərəfə qaçmış, o da avtomobilin sol hissəsi ilə sonuncunu vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxılmış, o da avtomobilini saxlayaraq sonuncuya yardım etmək üçün yaxınlaşmış və dərhal təcili tibbi yardıma zəng edərək hadisə yerinə çağırmışdır. Daha sonra hadisə yerinə gəlmiş həkimlər Zərərçəkmiş şəxs “Semaşko” xəstəxanasına aparmış, o da qeyd olunan xəstəxanaya gedərək zərərçəkmiş şəxsin səhhəti ilə maraqlanmışdır. Sonradan zərərçəkmiş şəxsə sığorta tərəfindən pul verilmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün bütün imkanlarından istifadə etdiyini, hadisənin onun qəsdi ilə əhatə olunmayan şəraitdə törədilməsini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 14 iyun 2022-ci il tarixdə saat 11-12 radələrində avtobusa minib “Kontakt Home” adlı mağazaya getmək üçün Bakı şəhəri, Nəsimi rayonu, S.Pişəvəri küçəsində avtobusdan düşmüş və “Azercell” adlı mağazanın qarşısında avtomobil yolunu keçməyə başlamışdır. Həmin vaxt yolun üzərində qoşa xəttə yaxınlaşıb gözləyən zaman onu avtomobil vurmuşdur. Onu avtomobilin vurması qəfildən olduğuna görə huşunu itrdiyindən hadisəni xatırlamasa da, sonradan “Semaşko” xəstəxanasında ayılmış və sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ona yaxınlşaraq “bağışla dayı, səni mən vurmuşam” demişdir. O iki həftə “Semaşko” xəstəxanasında qaldıqdan sonra evə buraxılmış, lakin evdə olarkən vəziyyəti ağırlaşdığından yenidən xəstəxanaya aparılmışdır. Xəstəxanada müayinə olunarkən beynində qansızma olduğu aşkar olunmuş və əməliyyat olunmuşdur. Onun xəstəxanalarda olduğu müddətlərdə Təqsirləndirilən şəxs bir dəfə onun yanına gəlmiş, sonralar isə ancaq telefonla əlaqə yaratmışdır. Ona ümumilikdə təxminən 5000 manat ziyan dəymiş, lakin Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində qanununa müvafiq cəzanın təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs isə onun həyat yoldaşıdır. 14 iyun 2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ona zəng edərək yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldğını bildirmiş və “Semaşko” xəstəxanasına getməsini istəmişdir. Bundan sonra, o dərhal qeyd olunan xəstəxanaya getmiş və orada Zərərçəkmiş şəxs vəziyyətinin yaxşı olmadığını öyrənmişdir. Həyat yoldaşı uzun müddət ayaq üstə hərəkət edə bilməmiş və reanimasiyada olduğundan ondan yalnız həkimlər vasitəsilə xəbər ala bilmişdir. Daha sonra Zərərçəkmiş şəxs xəstəxanadan evə buraxılmış, lakin evdə olarkən səhhəti pisləşdiyindən yenidən başqa xəstəxanaya aparılmış və orada əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs xəstəxanalarda olduğu müddətlərdə Təqsirləndirilən şəxs hər hansı maddi köməklik göstərməmiş, hətta bu barədə oğlu təqsirləndirilən şəxsə irad bildirsə də, sonuncu oğlu ilə kobud formada danışmışdır. Zərərçəkmiş şəxs bütün xəstəxana xərclərini oğlu ödəmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, 14 iyun 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhər, Nəsimi rayonu, C.Pişəvari küçəsindən keçən avtomobil yolunda Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius" markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada Zərərçəkmiş şəxs vurmuşdur (i/v 4-11). İş materiallarında olan “Video görüntülərə baxış keçirilməsi haqqında” 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində quraşdırılmış Təhlükəsizlik şəhər xidmətinin 3-024 nömrəli kameranın video-görüntüsünə baxış zamanı müəyyən oldunmuşdur ki, Nəsimi rayonu, X7 küçəsindən keçən avtomobil yolu iki tərəflidir, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius" markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin küçədə olan işıqforun qırmızı işığı yandığından dayanmış, işiqforun yaşıl işığı yandıqdan sonra avtomobillər hərəkətə başlamışdır. Hərəkətdə olan “Toyota Prius” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil eyni zolaqda olan avtomobillərə nisbətən hərəkətə sürətli başlayaraq sağdan sola yerdəyişmə edərək qarşısındakı dayanıqlı vəziyyətdə olan avtobusu ötüb keçərkən yolun hərəkətdə olan hissəsində piyada Zərərçəkmiş şəxs vurması müşahidə olunmuşdur (i/v 27). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X3» X5 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 808 saylı rəyindən görünür ki, 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, bel nahiyəsinin əzələ-bağ sisteminin gərilməsi, hər iki göz yuvası ətrafı yumşaq toxumaların hematoması, sağ gözün ağlı qişasına qansızma, sağ əlin İ barmağının həmin barmaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol gicgah nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 14 iyun 2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının piyada qismində olan Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bilməsi mümkündür (i/v 30-31). İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 iyul 2022ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış 1 saylı HK-577 nömrə ilə qeyd alınmış material üzrəcinayət işi başlanması rədd edilmişdir (i/v 32-33). İş materiallarında olan Nəsimi rayon prokurorunun müavini Fərid Dadaşov tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 iyul 2022-ci il tarixli qərar ləğv edilmişdir (i/v 59). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X3» X5 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 808 saylı rəyə əlavəsindən görünür ki, 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – ikitərəfli subdural hematoma (yumşaq qişalar altına qansızma), motor afaziya (nitqin pozulması), soltərəfli hemiparez (sol yuxarı və aşağı ətraflarda əzələ gücünün zəifləməsi) və soltərəfli hemihipesteziya (sol yuxarı və aşağı ətraflarda hissiyyatın zəifləməsi) ilə ifadə olunmuş qapalı kəllə-beyin travması və baş beyinin əzilməsi, bel nahiyəsinin əzələ-bağ sisteminin gərilməsi, hər iki göz yuvası ətrafı yumşaq toxumaların hematoması, sağ gözün ağlı qişasına qansızma, sağ əlin İ barmağının həmin barmaqda hərəkət məhdudluğu ilə müşayət olunan qançır-şişkinliyi və sol gicgah nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 14 iyun 2022-ci il tarixdə hərəkətdə olan avtomaşının piyada qismində olan Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (i/v 64-67). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3204 saylı rəyindən görünür ki, “Toyota Prius" markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 75-77). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və Abşeron Rayon Məhkəməsinin 1(012)-334/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-334/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i/v 90-91). İş materiallarında olan 22 may 2023-cü il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **- FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır (i/v 137-142). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2/13727 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i/v 12). İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 02 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 119). İş materiallarında olan DİN Baş X9i İdarəsinin rəis müavini-Qeydiyyat-İmtahan İdarəsinin rəisi Kamran Əliyev tərəfindən Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış 17 may 2023-cü il tarixli, 3-13-16/2-74149/2023 saylı məktubun surətindən görünür ki, Baş X9i İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 209349 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2022-ci il tarixdə Nəsimi DYPŞ-si tərəfindən xx.xx.2023-cü il tarixədək müddətinə məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir (i/v 136). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə tapşırılmış və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun axtarışı elan edilməsi, onun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-215/2024 saylı, 02 mart 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 21 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə tərəfindən 17 aprel 2024-cü il tarixli, 21-1/3-7292-2 saylı məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-334/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan məhkəmə hökmü idarəsinin icraatına 24 noyabr 2023-cü il tarixdə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs idarədə qeydiyyatdan keçməmiş və ona təyin edilmiş cəzanın heç bir hissəsini çəkməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-334/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs cəzası icra olunmamışdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-334/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) il hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 01 (bir) gün müddət olmaqla, cəmi 01 (bir) ay 03 (üç) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 07 may 2024-cü il tarixdən hesablanmalı, ona təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunmalı və həm onun azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün qəti olaraq müəyyən edilmiş müddətə şamil olunmalı, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və o, Bakı İstintaq Təcridxanasına təqdim edilməli, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası öz səlahiyyətləri daxilində Bakı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə həvalə edilməli, ondan 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, Abşeron Rayon Məhkəməsinin 4(012)-215/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-283/2023 saylı qərara əsasən 12 iyun 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 19 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 84 (səksən dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 504 (beş yüz dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-334/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 01 (bir) gün müddət olmaqla, cəmi 01 (bir) ay 03 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun və həm onun azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün qəti olaraq müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və o, Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə həvalə edilsin. Abşeron Rayon Məhkəməsinin 4(012)-215/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 504 (beş yüz dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar