Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-120/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Bakı şəhəri “As Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: E.X.İsmayılov xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, O.Ə.Məmmədovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, 12 fevral 2022-ci tarixdə onun O.Ə.Məmmədov ilə heç bir tanışlığı olmadığı halda, jurnalist etikasına sığmayan əxlaqdankənar leksik məzmunlu, nifrət saçan söz və ifadələrdən, jestlərdən istifadə etməklə “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir” sərhövhəli geniş informasiya yazmaqla barəsində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, şəxsini nüfuzdan salan, mənimsəmə və vəzifə səlahiyyətlərindən suiistifadə etmə kimi ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmış, özünün direktoru olduğu "xxxx" MMC-nin eyni adlı onlayn media subyektində - kütləvi nümayiş etdirdiyi internet informasiya saytında yaymaqla (həmin yazınn BAKU.WS saytında dərc olunmuş print/screen edilmiş təsviri) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələrində göstərilən cinayət əməlini törətmişldir. Belə ki, O.Ə.Məmmədov həmin gün onun fotoşəkli ilə birgə dərc etdiyi həmin qalmaqallı yazını respublikada qanunı-qanunsuz yayımlanan 40-dək digər saytlara da göndərmiş, həmin saytlar da “BAKU.WS"-ə istinad etməklə və etməməklə yazı fə fotonu olduğu kimi geniş miqyasda tirajlamışlar. Bu qarayaxma kompaniyasından sonra əlaqəli fəaliyyət göstərdiyi AR Gənclər və İdman Nazirliyinin, X3, bir sıra idman federasiyalarının və digər təşkilatların, hətta üzv olduqları beynəlxalq qurumların rəhbərliklərinin ona və rəhbərlik etdiyi Azərbaycan idman Jurnalistləri Assosiasiyasına münasibətləri mənfiyə doğru 180 dərəcədə dəyişilmiş sponsorlar ictimai birliklərinə yardımlarını dayandırmışlar. Çünki, həmin yazıda X4 Assosiasiyasının (AİPS) prezidenti Canni Merlonun da “mənim iştəklərimdən” xəbərdar olduğu, hamının dövlətin bu məsələyə müdaxiləsini gözləməsi qeyd olunmuşdur. Yazı qeyri rəsmi qaydada bütün qurumların rəhbərlərinə göndərilmişdir ki, bu da qarayaxma kompaniyasının qərəzli, məqsədli şəkildə təşkil olunmasını sübut edir. Böyük çətinliklə partnyorlarından bəzilərində və beynəlxalq təşkilatların rəhbərlərində bu qarayaxma kompaniyasının əsassız və böhtan olduğuna inam yarada bilsə də, qərəzli informasiyanın mənfi təsiri altında olanlar hələ də çoxdur. Göründüyü kimi O.Ə.Məmmədovun böhtan dolu bu yazısı onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna son dərəcə ciddi mənəvi zərbə vurmuşdur. Yuxarıdakılara əsasən O.Ə.Məmmədovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş E.X.İsmayılov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş O.Ə.Məmmədovun müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Bundan başqa, şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericiliklə üzərinə düşən vəzifələri icra etmədən şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə, həmçinin iş materiallarını natamam şəkildə hazırlamaqla məhkəməyə müraciət etmişdir. Şikayətin forma və məzmununun Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması həmin Məcəllənin 302.1.3-cü maddəsinin tələbi baxımından şikayətin icraata götürülməsindən imtina üçün əsasdır. Göstərilənlərə əsasən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayətçi ərizəsində O.Ə.Məmmədovun bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmasını, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etməsini və bununla bağlı sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, ərizədə böhtan və təhqir xarakterli məlumatların konkret olaraq hansı söz və ifadələrdən ibarət olmasını göstərməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi, hansı hərəkətləri ilə isə həmin Məcəllənin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Həmçinin ərizədə barəsində şikayət verilmiş şəxsin həmin Məcəllənin konkret olaraq hansı maddələrinin hansı bəndləri ilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmasını fərqləndirməmiş, həmçinin şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir” başlıqlı məqalənin müəllifinin məhz O.Ə.Məmmədov olmasına və sonuncu tərəfindən yayımlanmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsura yol verməklə, həmçinin iş materiallarını natamam şəkildə hazırlamaqla və digər sübutlar əlavə etmədən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü , 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-120/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-120/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver