Məhkəmə qərarları › İş №1(006)-121/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-121/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-121/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1988-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmək məqsədilə 14 avqust 2020-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi ilə H.Aslanov küçələrinin kəsişmələrində görüşüb 145 manat pulu verməklə, 14 avqust 2020-ci il tarixdə həmin şəxsin istiqamətləndirməsi əsasında ünvan 3 ünvanında yerləşən “Vüqar” marketin divarının iç hissəsindən qırmızı rəngli qutunun içərisində 2 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla kirayəşin yaşadığı ünvan 4 ünvana daşımış, 15 avqust 2020-ci il tarixdə yaşadığı ünvan 4 ünvanda həmin psixotrop maddədən tanışları X4, X13, X14 və şəxsiyyəti istintaqa məlum olmayan Süsən adlı qadınla birlikdə qəbul etdikdən sonra psixotrop maddə metamfetaminin 0,742 qramını şəxsiyyəti istintaqa məlum olmayan Şəmsiyə adlı qadına 50 manat nağd pul müqabilində satması üçün 16 avqust 2020-ci il tarixdə saat 03:30 radələrində kirayəşin yaşadığı evdən çıxararaq piyada Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsinə qədər üzərində saxlamaqla daşımış və həmin gün saat 03:40-da qeyd olunan ünvanların kəsişməsində özünü şübhəli apardığından Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PB-nə gətirilmiş və üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli qısa şortun sağ qabaq cibindən 1 ədəd şəffaf polietilen bükümdə həmin psixotrop maddə metamfetamin və həmin gün öz razılığı ilə kirayəşin yaşadığı ünvan 6 ünvana videoçəkiliş ilə baxış keçirilən zaman mənzilin yataq otağına qoyulmuş dolabın üzərindən 1 ədəd qırmızı rəngli qutunun içərisində şəffaf polietilen bükümdə təmiz çəkisi 1,130 qram psixotrop maddə metamfetamin və 1 ədəd üzərində eyni tərkibli psixotrop maddə metamfetamin izləri olan “MAX:200g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrə meyilli şəxsdir. 2018-ci ildən narkotik vasitə şüşə kimi adlanan metamfetamin psixotrop maddəsindən istifadə edir. O, Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi 85, mənzil 5-də bacısı Dilarə, sevgilisi Vüsal Kazımlı ilə birlikdə yaşamışdır. Həmçinin onunla birlikdə yaşayan bacısı Dilarə, sevgilisi Vüsal Kazımlı da narkotik vasitələr və psixotrop maddəllərdən istifadə etmişlər. 14.08.2020-ci il tarixdə ona və Şəms adlı tanışına metafetamin lazım olduğu üçün o, yəni istifadə etmələri üçün Sumqayıt şəhərində Elnur adlı tanışı ilə danışıb ona iki qram metamfetamin lazım olduğunu bildirmiş, Elnur görüş yeri təyin etmiş, o, “tarqovuda” şərab evinin qarşısında Elnurla görüşmüş, sonuncu ondan iki qram metamfetaminə görə 145 manat pul istəmiş, o, Elnura həmin yerdə 145 manat pul vermiş, Elnur ondan pulu alıb “Milliön” terminalı vasitəsi ilə həmin pulu harasa ödəmişdir. Şəms adlı tanışı həmin metamfetamini almaq üçün bir gün əvvəl onun kartına 50 manat pul vurmuşdur. Yəni, Elnura verdiyi 145 manat puldan 50 manatı Şəms adlı tanışının olmuşdur. Sonra Elnur ona bildirmişdir ki, “axşam yerini deyəcək gedib götürsün.” Həmin gün, yəni 14.08.2020-ci il tarixdə gecə saatlarında Elnur ona ***-***-**-** mobil telefonundan onun 050-456-5049 mobil telefon nömrəsinə sms yazıb Sumqayıt şəhərində yerləşən Corat bağlarından gedib malı götürməsini demiş, o, da həmin yerə tanımadığı taksi sürücüsü ilə getmiş, hazırda Elnur xatırlamadığı marketin istiqamətini verib marketin divarının dibində balaca qutunun içində olduğunu bildirmişdir. O, həmin yerə gedib oradan iki büküm metamfetamin olduğunu görüb götürərək cibinə qoyub qutunu isə tullamış və həmin taksi ilə yaşadığı evə gəlmişdir. Evə gələndə həmin bükümləri açanda görmüşdür ki, həqiqətən həmin bükümlərdə metamfetamin vardır. Həmin bükümləri yatdığı otağın dolabın üzərinə qoymuşdur. 15.08.2020-ci il tarixdə, saat 18 radələrində əvvəlcə Rəşad, sonra isə Süsən, onun sevgilisi Anar gəlmişlər. Onlar gələndən sonra o, aldığı metamfetaminin bir hissəsini stola gətirmiş, hamısı həmin metamfetamindən istifadə etmişlər. 16.08.2020-ci il tarixdə gecə saat təxminən 04:00 radələrində evin qapısının döyüldüyünü və Şəmsiyənin onların evinin qapısında olduğunu görüb qapını açmış və sonuncu ondan metamfetamini istəmişdir. O, da ona əvvəlcədən ödədiyi 50 manat müqabilində bir bükümdə bir qram metamfetmini vermək istəyən zaman Şəmsiyə bildirmişdir ki, o sevgilisi ilə birlikdə gəlmişdir. Çölə çıxaraq onun yanında metamfetamini ona verməyini və sevgilisinin inanaraq 50 manata aldığını demişdir. O, onunla razılaşıb əlində zibil ilə birlikdə evdən metamfetamini götürüb əynində olan boz rəngli şortikinin sağ yan cibinə qoymuşdur. Sonra isə Şəmslə birlikdə çölə çıxıb yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövrüyəsində şübhəli olduğunu bildirərək onu 22-ci PŞ-nə dəvət etmişlər. Onu polis əməkdaşları saxlayan zaman Şəms heç bir reaksiya verməmişdir. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə 22-ci PŞ-nə gəlmişdir. PŞ-də üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, baxışdan öncə ona üzərində olan əşyaların təqdim edilməsi xahiş edilmişdir. Bu zaman əynində olan boz rəngli qısa şortikinin sağ cibindən bir ədəd sellofon bükümdə metamfetamini təqdim etmiş, bundan sonra üzərinə baxış keçirilmiş, lakin üzərindən heç bir qanuna zidd əşya aşkar edilməmiş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş metamfetamin qablaşdırılmış, 190 saylı möhürlə möhürlənərək üzəri tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, PŞ-də izahat verərkən onun evdə əlavə olaraq da metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə onun razılığı əsasında evə baxış keçirilmiş, baxış zamanı onun yataq otağında dolabın üzərində olan ona məxsus qırmızı qutu ilə birlikdə içərisində olan metamfetamin və həmin qutunun yanında olan balaca tərəzi aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Yaşadığı evə baxış zamanı digər hər hansı qanunsuz əşya aşkar edilməmiş və götürülməmişdir. İfadəsinin sonunda narkotik vasitənin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək, məhkəmədən onun əməlinin Cinayət Məcəlləsinin 234-cü maddəsinin birinci hissəsinə töfsif edilməsini və həmin maddə ilə ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 16.08.2020-ci il tarixdə 03:40 radələrində Nəsimi RPİ-nin Post Patrul Xidmət Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli bilinən bir nəfər qadın Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. PB-də araşdırma zamanı həmin qadının Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Nəsimi RPİ-nin PPXB-nün əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilmişdir. Budan sonra, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli qısa şortikinin sağ qabaq cibindən bir sellofan büküm çxarıb psixotrop maddə olduğunu deyərək təqdim etmişdir. Həmin bükülüyə baxdıqda müəyyən edilmişdir ki, bükülüdə ağ kristal rəngdə psixotrop maddəyə bənzər “metamfetamin” deyilən maddə vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddəni 145 manata internet vasitəsi ilə 2 büküm almış, iki bükümdən birini kirayədə yaşadığı ünvan 7 ünvanında saxlamış, evdə qalan psixotrop maddəni təqdim edə biləcəyini və həmin ünvanda narkotik vasitə və psixotrop maddələrdən istifadə edən dostları da olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə sual edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir başqa əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs geyindiyi tünd boz rəngli şortikin cibləri yoxlanılmış və başqa qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə ekspertiza tədqiqatına təqdim edilməsi üçün zərfə qoyulması başlanılmışdır. İlk öncə iştirakçılara zərfin içərisinin boş olması göstərilmişdir. Bundan sonra aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri 190 saylı möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, çəkilmiş videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və baxışla bağlı protokol tərtib edilmişdir. Şəxsi axtarış zamanı heç bir şikayət və vəsatət daxil olmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs ərizəsi əsasında onun əməliyyat qrupu ilə birlikdə yaşadığı ünvan 7 ünvana gedilmişdir. Ünvana daxil olduqda içəridə X5, X10, X13, X14 olduğu müəyyən edilmişdir. Bundan sonra Nəsimi RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən həmin 4 nəfər şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilindiyindən Nəsimi RPİ-nin 22-ci PB-nə dəvət edilmişdirlər. Həmin şəxslər PB-nə aparıldıqdan soma Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş əşya və ya maddənin olub olmaması barədə sorğu edildikdə, Təqsirləndirilən şəxs yataq otağında dolabın üzərində psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ilə birlikdə yataq otağına gedilmiş və yataq otağında dolabın üzərində qırmızı rəngli kiçik əşya qabını açaraq içərisində şəffaf rəngli sellofana bükülmüş ağ kristal rəngli “metamfetaminə” bənzər maddələr aşkar edilmişdir. Bundan sonra, həmin maddənin yanında bir ədəd kiçik qramları ölçmək üçün nəzərdə tutulmuş tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra, həmin maddə qabı ilə birlikdə və tərəzi zərfə qoyularaq qablaşdırılmış və 190 saylı möhürlə möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı maddə və ya əşya aşka edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin PPXB-də polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 16.08.2020ci il tarixdə saat 03:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov 85 ünvanında Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində xidmətdə olarkən xidmət yoldaşı Şahid3 ilə birlikdə piyada xidmət aparan zamanı bir nəfər daha əvəllər tanımadıqları qadının onları görən zaman özünü şübhəli aparmağa və daha sonra qaçmağa başladığını görmüşdürlər. Buna görə həmin şəxsi tutaraq kim olmasını və hansı səbəblə qaçmasını soruşmuşdur. Həmin vaxt qadın özündə olmadığından onun narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmasından şübhələnmişlər və buna görə də onu Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə dəvət etmişdirlər. Daha sonra anket məlumatlarının Təqsirləndirilən şəxs olmasını bildikləri şəxs etiraz etmədən onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə gəlmişdir. Polis şöbəsindən həmin şəxsin Təqsirləndirilən şəxs olması onlara məlum olmuş və onun gətirilməsi barədə raport tərtib etmişdirlər. Raportun icrası Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin təhqiqatçısı polis baş leytenantı Tariyel Mahmudova həvalə edilmişdir. Bundan sonra, onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli qısa şortikinin sağ qabaq cibindən bir sellofan büküm çxarıb psixotrop maddə olduğunu deyərək təqdim etmişdir. Həmin bükülüyə baxdıqda müəyyən edilmişdir ki, bükülüdə ağ kristal rəngdə psixotrop maddəyə bənzər “metamfetamin” deyilən maddə vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddəni 145 manata internet vasitəsi ilə 2 büküm almış, iki bükümdən biri kirayədə yaşadığı ünvan 7 ünvanında saxlamış, evdə qalan psixotrop maddəni təqdim edə biləcəyini və həmin ünvanda narkotik vasitə və psixotrop maddələrdən istifadə edən dostları da olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə sual edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir başqa əşya olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs geyindiyi tünd boz rəngli şortikin cibləri yoxlanılmış və başqa qanunla qadağan olmuş əşya aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə ekspertiza tədqiqatına təqdim edilməsi üçün zərfə qoyulması başlanılmışdır. İlk öncə iştirakçılara zərfin içərisinin boş olması göstərilmişdir. Bundan sonra, aşkar edilmiş maddə zəifə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri 190 saylı möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, çəkilmiş videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və baxışla bağlı protokol tərtib edilmişdir. Şəxsi axtarış zamanı heç bir şikayət və vəsatət daxil olmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs ərizəsi əsasında onun əməliyyat qrupu ilə birlikdə yaşadığı ünvan 7 ünvana gedilmişdir. Ünvana daxil olduqda içəridə X4, X10, X13, X14 olduğu müəyyən edilmişdir. Bundan sonra, onun və digər xidmət yoldaşının iştirakı ilə həmin 4 nəfər şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilindiyindən Nəsimi RPİ-nin 22-ci PB-nə dəvət edilmişdirlər. Həmin şəxslər onlar tərəfindən PB-nə aparılmış və bu barədə raport yazılaraq, Bölmə rəhbərliyinə məlumat vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş 16.08.2020-ci il tarixli ‘'şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlamaqda daşıması, istifadə etməsi və narkotik vasitəni saxlaması barədə şübhəli bilindiyindən Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 16.08.2020-ci il tarixdə saat 03:40 radələrində olduğu Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi ilə H.Aslanov küçələrinin kəsişməsində saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli qısa şortinin sağ qabaq cibindən bir ədəd bükümdə, təmiz çəkisi 0,742 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, bundan sonra həmin tarixdə yaşadığı ünvan 10 ünvanına video müşahidə ilə keçirilmiş baxış zamanı evin yataq otağında dolabın üzərində qırmızı rəngli qutuda şəffaf polietilen bükümdə təmiz çəkisi 1,130 qram psixotrop maddə metamfetamin və 01 ədəd üzərində psixotrop maddələr olan metamfetamin izləri olan “MAX:200g” markalı elektron tərəzi aşkar edilərək götürülmüş, “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” zamanı videoçəkilişdən istifadə edilərək “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini” özündə əks etdirən görüntülər “CD” diskə köçürülərək iş materiallarına əlavə edilmişdir (i/v 44-50). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2020-ci il tarixli, 6/1572 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, üzərində: “Təqsirləndirilən şəxs" yazısı olan zərfdəki, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,742 qram və qırmızı rəngli qutuda şəffaf polietilen bükümdə təmiz çəkisi 1,130 qram, ümumi təmiz çəkisi 1,872 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və təribindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd “MAX:200g” markalı elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Tərəzinin üzərindəki metamfetamin iz şəkilində olduğu üçün, bükümlərdə olan metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (i/v 64-69). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 05 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi çəkisi 1,872 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində psixotrop maddələr metamfetamin izləri olan “MAX:200g” markalı elektron tərəzi maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 1,772 qram metamfetamin və “MAX:200g” markalı elektron tərəzi saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i/v 165-175). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 03 sentyabr 2020-ci il tarixli, 2434 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 106-107). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 avqust 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 101). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 23-24). İş materiallarına əlavə olunmuş “vəsatətin müdafiə edilməsindən imtina haqqında” 17 avqust 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (i/v 95-96). İş materiallarına əlavə olunmuş “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 97-98). İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.11.2016-cı il təvəllüdlü X11 adlı bir azyaşlı uşağı vardır (i/v 150). Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-121/2021 saylı, 27.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasından Nəsimi rayon məhkəməsinə ünvanlanmış 28.09.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən tutularaq 24.09.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-121/2021 saylı, 06.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2020-ci il tarixdən 17 avqust 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan, ilkin çəkisi 1,872 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,772 qram olan psixotrop maddə metamfetamin və bir ədəd “MAX:200g” markalı elektron tərəzi məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, 16 avqust 2020-ci il tarixli “müdafiəçi dəvət etmək haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-378/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qərara əsasən 03 dekabr 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat və məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadiə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2020-ci il tarixdən 17 avqust 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan, ilkin çəkisi 1,872 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,772 qram olan psixotrop maddə metamfetamin və bir ədəd “MAX:200g” markalı elektron tərəzi məhv məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat və X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar