Məhkəmə qərarları › İş №1(006)-121/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-121/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-121/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2001-ci ildə Xızı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, ünvan 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan tanışları “Murad” və “Qafar” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 avqust 2024-cü il tarixdə, saat 04 radələrində tanışı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən “Cavidan” marketin arxa giriş qapısını özündə olan açarla açdıqdan sonra oraya qanunsuz daxil olub marketin saxlanc yeri hesab edilən kassasından Zərərçəkmiş şəxs məxsus 800 manat pulu və marketin içərisində quraşdırılmış "xxxx" QSC-yə məxsus saxlanc yeri hesab edilən “Emanat” ödəmə terminalını özlərində olan istintaqla müəyyən edilməyən dəmir alətlə sındıraraq terminalın kassasından 6280 manat pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs 800 manat, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə isə 6280 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 15 avqust 2024-cü il tarixdə dostu Qafar adlı şəxslə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin vaxt Qafar adlı şəxs ona maddi sıxıntılarının olduğunu demiş və pul ədə etmək üçün ona yol göstərməsini xahiş etmişdir. O, işlədiyi ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” adlı marketin kassasında az pul saxlandığı üçün həmin marketin daxilində quraşdırılmış “E-manat” ödəmə terminalını yarmağı təklif etmişdir. Qafar onun təklifi barədə digər ortaq dostları Murad adlı şəxslə danışdıqdan sonra qərar verəcəyini bildirmişdir. 16 avqust 2024-cü il tarixdə Qafar, Murad və o, Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşmüşlər. Qafar və Murad onun təklifi ilə razı olduqlarını və bu işi birlikdə görməyə hazır olduqlarını demişlər. Qafar və Muradın qətiyyətli qərarı onda qorxu yaratmış və həbs olunmaq risqlərinin yüksək olduğunu bildirsə də, həmin şəxslər ona təsəlli vermişlər. 24 avqust 2024-cü il tarixdə Qafar və Murad adlı şəxslər marketə gəlmişlər. Bu barədə yenidən danışmışlar və 24 avqust 2024-cü il tarixdən 25 avqust 2024-cü il tarixə keçən gecə ərzində bu işi birlikdə reallaşdırmaq barədə ortaq razılığa gəlmişlər. 25 avqust 2024cü il tarixdə, saat 01 radələrində o, kameranı söndürüb dükanı bağlayaraq evə getmişdir. Həmin gün saat 03 radələrində Qafar və Muradla Bakı şəhəri, Nəsimi rayonu, “Kardeşlər” restoranına yaxın ərazidə görüşmüşlər. Onlara marketə hansı formada daxil olacaqlarını izah etmişdir. Bundan sonra işlədiyi ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” adlı marketin arxa hissəsinə gəlmişlər. Binanın dəhlizinə daxil olduqdan sonra marketin qapısını açarla açmış və birlikdə içəri daxil olmuşlar. Sonra Muradın özü ilə gətirdiyi dəmir parçası ilə birlikdə “E-manat" ödəmə terminalını sındırmağa başlamışlar. Bu ərəfədə Murad marketin kassasına yaxınlaşaraq 800 (səkkiz yüz) manat nağd pulu götürmüş və yenidən “E-manat” ödəmə terminalını sındırmaq üçün ona və Qafara kömək etmişdir. Təxminən 40 dəqiqə ərzində terminalı sındırıb içərisindəki kassanı götürmüşlər. Saat 04 radələrində gəldikləri qaydada marketi tərk edərək Bakı şəhəri, Nəsimi rayonu, “Kardeşlər” restoranına yaxın əraziyə getmişlər və kassanı sındıraraq içərisində müxtəlif pul əskinaslarından ibarət 6280 (altı min iki yüz səksən) manat pulu çıxarmışlar. O, ümumilikdə əldə etdikləri 7080 (yeddi min səksən) manat puldan 1884 (min səkkiz yüz səksən dörd) manatını götürmüşdür. Yerdə qalan 5196 (beş min yüz doxsan altı) manat pulu isə Qafar və Murad oz aralarında bölmüşlər. Həmin vaxt Qafar münasibətdə olduğu və şəxsiyyəti ona məlum olmayan qadına pul verməli olduğunu bildirdiyi üçün ona daha çox pay ayırmışlar. Bundan sonra ayrılmışlar və o, evə gedərək yatmışdır. 25 avqust 2024-cü il tarixdə, saat 06:40-da marketə gəlmişdir. Saat 07:20-də Cavidan zəng edərək kameraların hansı səbəblə işləmədiyini soruşmuşdur. O, Cavidana marketdən oğurluq edildiyini bildirmişdir. Cavidan ondan nə vaxt marketə gəldiyini soruşduqda o, 06:40-dan etibarən dükanda olduğunu bildirmişdir. 40 dəqiqə ərzində oğurluq barədə hansı səbəblə ona məlumat vermədiyini soruşduqda Cavidana oğurluq olduğunu gördükdə həyəcanlandığını və bu səbəblə ona məlumat verməyi unutduğunu bildirmişdir. Daha sonra Cavidana “E-manat” aparatının yarıldığını və kassanın üst hissəsində olan pulların aparıldığını bildirmişdir. Cavidan ona görüntülü zəng etmiş və qapıları göstərməsini xahiş etmişdir. O dükanın ön giriş qapısını, arxa giriş qapısını və arxa pəncərəni göstərmişdir. Cavidan ona “bu iş sənlikdir” deyib. O isə hadisədən xəbərinin olmadığını bildirmişdir. Daha sonra Cavidanın qardaşı Şahid4 dükana gəlmiş və baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən baş vermiş oğurluq hadisəsini etiraf etmiş və ətraflı məlumat vermişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, tərəfindən dəymiş ziyanın ödənildiyini, "Vətən müharibəsi" iştirakçısı olduğunu bildirərək məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, "xxxx" QSC-nin əməkdaşıdır. 25 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs "Mpay” QSC-yə məlumat verərək icarə əsasında işlətdiyi ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketdən həmin gün yəni, 25 avqust 2024-cü il tarixdə, saat 07 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edildiyini həmçinin, "xxxx" QSC-yə məxsus “Emanat” ödəmə terminalının yarıldığını bildirmişdir. Bundan sonra əməkdaşları həmin marketə gedərək terminalı mərkəzi ofisə gətirmişlər. Terminala baxış zamanı 6280 manat (altı min iki yüz səksən) manat pulun oğurlandığını müəyyən etmişlər. Həmçinin, terminalın 230 manat dəyərində korpusunun üz hissəsinin, 110 manat dəyərində qapı kilidinin və 414 manat dəyərində kassetin sındırılması nəticəsində terminala ümumilikdə 754 (yeddi yüz əlli dörd) manat ziyan vurulduğunu müəyyən etmişlər. Lakin, hazırda dəymiş ziyanla bağlı 2344 manat pul ödənildiyindən cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona verilən cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi “Baku Cafe” restoranında təmizləyici işləyən şəxs kimi tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. ünvan 3 ünvanında fəaliyyət göstərən “`Cavidan” marketi 2022-ci il tarixdən icarə əsasında işlədir. 25 avqust 2024-cü il tarixdə, saat 07 radələrində dükanın müşahidə kamerasını izləmək üçün telefonundakı proqrama daxil olmuş və kameraların işlək vəziyyətdə olmadığını görmüşdür. Bundan sonra market satıcısını müvəqqəti əvəz edən Təqsirləndirilən şəxs zəng edərək bu barədə soruşduqda sonuncu ona dükandan oğurluq edildiyini bildirmişdir. O, Emindən nə vaxt marketə gəldiyini soruşduqda sonuncu 06:40-dan etibarən marketdə olduğunu demişdir. Lakin o, saatına baxdıqda 07:20 olduğunu görmüş və Emindən 40 dəqiqə ərzində oğurluq barədə hansı səbəblə ona məlumat verməməsini soruşduqda sonuncu oğurluq olduğunu gördükdə həyəcanlandığını və bu səbəblə ona məlumat verməyi unutduğunu bildirmişdir. Daha sonra marketdən nə oğurlandığını soruşduqda Emin “E-manat” aparatının yarıldığını və kassanın üst hissəsində olan pulların aparıldığını bildirmişdir. Eminlə görüntülü danışmağa başlamış və qapıları göstərməsini xahiş etmişdir. Emin ilk öncə marketin ön giriş qapısını göstərmiş və qapıya hər hansı bir müdaxilə edilmədiyini görmüşdür. Daha sonra marketin arxa giriş qapısını göstərmiş, lakin arxa qapıda hər hansı bir iz olmadığını müşahidə etmişdir. Daha sonra arxa pəncərəyə baxmış və hər hansı bi müdaxilə olmadığını görmüşdür. Arxa qapı içəridən bağlandığı və qapıda hər hansı bir iz olmadığı üçün marketə oradan daxil olunduğunu anlamış və Emindən şübhələnmişdir. O həmin vaxt Eminə ondan şübhələnməsi barədə bildirərək bir neçə dəfə soruşsa da, sonuncu hadisədən xəbəri olmadığını bildirmişdir. Həmin vaxt rayonda olduğu üçün qardaşına zəng edərək marketə getməsini və baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verməsini xahiş etmişdir. Daha sonra ona baş vermiş oğurluq hadisəsinin Təqsirləndirilən şəxs, “Murad” və “Qafar” adlı dostları tərəfindən törədildiyi barədə məlumat verilmişdir. Həmin vaxt marketin kassasından 800 manat nağd pul oğurlansa da, sonradan həmin pul ona qaytarılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Hadisə vaxtı Təqsirləndirilən şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketdə satıcı kimi işləmişdir. 26 avqust 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən ona Eminin dostları ilə birlikdə işlədiyi marketin kassasından pul və marketin daxilində quraşdırılmış aparatdan nağd pul oğurladığı üçün şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. 27 avqust 2024-cü il tarixdə polis əməkdaşları Eminlə birlikdə yaşadıqları ünvan 4 ünvanına gəlmişlər və Emin mənzilin sanitar qovşağının tavan hissəsində saxladığı 1884 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə yoldaşı Şahid2 ona məlumat vermişdir. Oğlunun tanışları ”Murad” və “Qafar" adlı şəxsləri şəxsən tanımamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən şahidlər Şahid2, Şahid3 və Şahid4 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahidlər Şahid2, Şahid3 və Şahid4 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun oğludur. Emin ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketdə satıcı kimi işləmişdir. 26 avuqst 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən məlumat verilmişdir ki, Emin dostları “Murad” və “Qafar”la birlikdə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketin kassasından 800 manat və marketin daxilində quraşdırılmış “E-manat” aparatından 6280 manat nağd pul oğurladığı üçün şübhəli şəxs qismində tutulmuşdur. 27 avqust 2024-cü il tarixdə polis əməkdaşları Eminlə birlikdə yaşadıqları ünvan 5 ünvanına gəlmişlər. Eminin oğurladığı pulu evdə saxladığını dediyini bildirmişlər. Mənzilə baxış keçirilməsinin zəruri olduğunu izah etmişlər. O, etirazının olmadığını bildirmiş və müvafiq ərizə yazmışdır. Emin mənzilin sanitar qovşağının tavan hissəsində saxladığı 1884 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Şahid2 ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tanışları “Murad” və “Qafar”la birlikdə ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketin daxilində quraşdırılmış “E-manat” ödəmə terminalından 6280 manat və kassadan 800 manat nağd pulu oğurlamaları barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tanışları “Murad” və “Qafar”la birlikdə ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketin daxilində quraşdırılmış “E-manat” ödəmə terminalından 6280 manat və kassadan 800 manat nağd pulu oğurladıqdan sonra öz payına düşən 1884 manat nağd pulu yaşadıqları ünvan 4 ünvanının sanitar qovşağının tavan hissəsində saxlaması barədə məlumatı olmamışdır. Oğlunun tanışları “Murad” və “Qafar”ı tanımır, həmin şəxslərin anket məlumatlarını, ünvanlarını və olduqları yeri bilmir. “Murad”ı ümumiyyətlə görməmiş, “Qafar”ı isə iki dəfə yaşadıqları mənzilə Eminin arxası ilə gələn vaxt görmüşdür. (i/v 147-149). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketdə 2023-cü ilin dekabr ayından etibarən satıcı kimi fəaliyyət göstərir. 2024-cü ilin avqust ayının əvvəlində tibbi müayinədən keçmək üçün Mingəçevir hərbi komissarlığı tərəfindən çağırılmışdır. Cavidandan bunun üçün həmçinin, bəzi işlərini qaydasına salmaq üçün icazə alaraq Mingəçevir şəhərinə getmişdir. Həmin vaxt Cavidan onu müvəqqəti əvəz etmək üçün tanışı Təqsirləndirilən şəxs dükana gətirmişdir. 25 avqust 2024-cü il tarixdə ona məlum olub ki, Təqsirləndirilən şəxs dostları Qafar və Murad adlı şəxslərlə birlikdə həmin marketdən oğurluq ediblər. Şahid3 ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketdə satıcı kimi işə götürülüb və müvafiq əmək müqaviləsi bağlanıbdır. Təqsirləndirilən şəxsla münasibətləri olmayıb, onun ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketdən oğurluq edəcəyi barədə əvvəlcədən məlumatı olmamışdır. (i/v 129-130). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketi 2022-ci il tarixdən qardaşı Zərərçəkmiş şəxs icarə əsasında işlədir. 25 avqust 2024-cü il tarixdə, saat 07 radələrində qardaşı ona zəng edərək təcili dükana getməsini xahiş etmişdir. Səbəbini soruşduqda dükandan oğurluq edildiyini həmçinin, dükanın daxilində quraşdırılmış “E-manat” ödəmə terminalının yarıldığını demiş və ondan Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat verməsini istəmişdir. O, tələsik yaşadığı evdən çıxaraq dükana getmişdir. Orada satıcı kimi müvəqqəti fəaliyyət göstərən Təqsirləndirilən şəxs olduğunu və dükanın dağınıq vəziyyətdə olduğunu görmüşdür. Baş vermiş oğurluq hadisəsi barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Şahid4 ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, qardaşı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketdən kassanın üst hissəsinə qoyulmuş 800 manat nağd pul oğurlanmışdır. Qardaşı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketdə 25 avqust 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı ona Təqsirləndirilən şəxs şübhələndiyini demişdir. (i/v 151-153). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 avqust 2024cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 3 ünvanında fəaliyyət göstərən “Cavidan” marketdir (i/v 6-15). İş materiallarına əlavə olunmuş “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 4(006)-468/2024 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (i/v 58, 123-127). İş materiallarında olan "xxxx" QSC-nin biznes sistemlərinə dəstək departamentinin direktoru R.Trequlov, maliyyə direktoru İ.Əyyubov, baş mühasibi İ.Əzimov, satış meneceri E.Əliyev və baş texnik E.Musayev tərəfindən təsdiq edilmiş ödəmə terminalında olan pul vəsaitnin miqdarı barədə aktdan görünür ki, 25 avqust 2024-cü il tarixdə gecə saatlarında Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi “Urfan” marketdə olan 6237 saylı terminal naməlum şəxslər tərəfindən yararsız hala salınaraq sındırılmış və içərisində olan 6280 manat pul vəsaiti oğurlanmışdır. (i/v 68). İş materiallarında olan "xxxx" QSC-nin biznes sistemlərinə dəstək departamentinin direktoru R.Trequlov, maliyyə direktoru İ.Əyyubov, baş mühasibi İ.Əzimov, satış meneceri E.Əliyev və baş texnik E.Musayev tərəfindən təsdiq edilmiş ödəmə terminalına dəymiş zərərin qiymətləndirilməsi üzrə qüsur barədə aktdan görünür ki, 25 avqust 2024-cü il tarixdə gecə saatlarında Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi “Urfan” marketdə olan 6237 saylı terminal naməlum şəxslər tərəfindən yararsız hala salınaraq sındırılmış və ödəmə terminalına 754 zərər dəymişdir. (i/v 69). İş materiallarında olan 28 avqust 2024-cü il tarixli “Baxış və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi 15 ədəd 100 manat, 06 ədəd 50 manat, 02 ədəd 10 manat, 02 ədəd 5 manat və 34 ədəd 1 manatlıq pul əskinasları, ümumilikdə 1884 manat pul müstəntiq Elvin Allahquliyev tərəfindən götürülmüşdür (i/v 113-117). İş materiallarında olan 04 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Nəsimi RPİnin müstəntiqi Elvin Allahquliyev tərəfindən 800 manat pul X1 təhvil verilmişdir. (i/v 154). İş materiallarında olan 08 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Nəsimi RPİnin müstəntiqi Elvin Allahquliyev tərəfindən 1084 manat pul "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. (i/v 155). İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 111100 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir (i/v 140). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v 156-157). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi 15 ədəd 100 manat, 06 ədəd 50 manat, 02 ədəd 10 manat, 02 ədəd 5 manat və 34 ədəd 1 manatlıq pul əskinasları maddi sübut kimi tanınmış və 800 manatın Zərərçəkmiş şəxs və 1084 manatın "xxxx" QSC-yə qaytarılması nəzərə alınmışdır. (i/v 158-167). İş materiallarına əlavə edilmiş 13 mart 2025-ci il tarixli ərizədən görünür ki, X3 ona dəymiş ziyan tam olaraq ödənildiyindən zərərçəkmiş şəxslə barışmışdır və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 24 fevral 2025-ci il tarixli ərizədən görünür ki, "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə dəymiş ziyanın 2344 manat hissəsi Təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən sonuncunun üzərinə düşən ziyanı ödəməsi ilə bağlı QSCnin hər hansı bir tələbi və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin verdikləri ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, dəymiş ziyanın ödənilməsini, həmçinin “Vətən müharibəsi” iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 06 (altı) ay 21 (iyirmi bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi 15 ədəd 100 manat, 06 ədəd 50 manat, 01 ədəd 20 manat, 02 ədəd 10 manat, 02 ədəd 5 manat və 34 ədəd 1 manatlıq pul əskinaslarının Zərərçəkmiş şəxs və 1084 manat pulun "xxxx" QSC-yə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-601/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qərara əsasən 04 dekabr 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 (altı) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 12 (on iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi 15 ədəd 100 manat, 06 ədəd 50 manat, 01 ədəd 20 manat, 02 ədəd 10 manat, 02 ədəd 5 manat və 34 ədəd 1 manatlıq pul əskinaslarının Zərərçəkmiş şəxs və 1084 manat pulun "xxxx" QSC-yə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar