Məhkəmə qərarları › İş №1(006)-124/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-124/2022

04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-124/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Müdafiəçi: Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: X1 Təqsirləndirilən şəxsin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti qanuni nümayəndəsi: Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Qanuni nümayəndə1 oğlunun Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2006-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, təhsilsiz, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 120-da qeydiyyatda olan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan xx.xx.2010-cu il təvəllüdlü qardaşı Şahid2, şəxsiyyəti istintaqa məlum olmayan “Hüseyn” adlı şəxs və istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12 may 2021-ci il tarixdə, saat 04 radələrində ünvan 1 ünvanda yerləşən “Zeytun” aptekin qarşısına gəlib orada yerdən götürdüyü daş parçası ilə aptekin şüşə materialdan olan giriş qapısının nəfəsliyini sındırdıqdan sonra aralarında apardıqları rolların bölgüsünə əsasən o, “Hüseyn” adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Şahid2 isə onun, “Hüseyn” adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin köməkliyi ilə giriş qapısının sınmış nəfəsliyindən içəri qanunsuz daxil olub aptekin içərisindəki kassadan X2 məxsus 700 manat 50 qəpik məbləğində pulu götürüb hadisə yerindən uzaqlaşıb zərər çəkmiş şəxs X2 maddi ziyan vuraraq oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12 may 2021-ci il tarixdə, saat 04 radələrində qardaşı Ramazan, tanışı Hüseyn və əvvəllər tanımadığı şəxs ilə 3-cü mikrorayon bazarı qarşısında piyada hərəkət edən zamanı maddi vəziyyətləri yaxşı olmadığı üçün oğurluq edərək pul əldə etmək istəmişlər. Bu minvalla onlar orada olan aptekdən oğurluq etmək fikrinə düşmüşlər. Onlar dördü də aptekin əsas giriş qapısına yaxınlaşıb onu yoxlamış, qapının şüşədən və bağlı vəziyyətdə olduğunu, həmçinin bu qapının sol yuxarı hissəsində şüşədən nəfəslik olduğunu görmüşlər. İlkin olaraq dostu Hüseyn yerdən daş parçası götürüb nəfəsliyə bir neçə dəfə zərbə endirmiş, lakin nəfəsliyin qırılmadığını gördükdə o daş parçasını Hüseynin əlindən alaraq özü bir neçə dəfə zərbə endirmişdir. Nəfəslik qırıldıqdan sonra o, Hüseyn və əvvəllər tanımadıqları şəxs qardaşı Ramazanı əlləri ilə qaldıraraq nəfəslikdən içəri keçməyə köməklik etmişlər. Qardaşı içəridən pul və qəpik oğurlayaraq nəfəslikdən bayıra çıxmış və oğurladığı əşyaların hamısını tanışı Hüseynə vermişdir. Hüseyn də ümumi puldan Ramazan və ona hər birinə 25 manat pul vermiş və digər şəxslə çıxıb getmişdir. O da qardaşı ilə birlikdə evə gəlmişdir. Əldə etdikləri ümumilikdə 50 manat pulu qardaşı ilə birlikdə şəxsi xərclərinə xərcləmişlər. Hazırda barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində də oğurluqla bağlı cinayət işinə baxılır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X4 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən “Zeytun” apteki işlədir. Aptekin iş saatı səhər saat 09:00-dan axşam 23:00-dəkdir. 12 may 2021-ci il tarixdə, saat 08 radələrində aptekin qonşuluğunda olan tanışı ona zəng edərək obyektin qapısının qırıldığını bildirmişdir. O da dərhal apteka gəlmiş və aptekin şüşə qapısının üzərində olan nəfəsliyin sındırıldığını görmüşdür. Qapını açıb içəri daxil olduqda yerdə böyük bir daş parçasını aşkar etmişdir. Sonra vitrinin arxasına keçmiş, orada pul saxladığı şkafa baxdıqda onun qapısının sındırıldığı və içərisindən 700 manat 50 qəpik pulun oğurlandığı müəyyən etmişdir. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan:  “Videogörüntüyə baxış keçirilməsi haqqında” 26.07.2021-ci il tarixli protokola əsasən naməlum şəxslər ünvan 1 ünvanda yerləşən “Zeytun” aptekin qarşısı ilə hərəkət edərək oranı müşahidə edirlər, aptekin qarşısı ilə hərəkət edərək ətrafda onları görə biləcək hər hansı bir şəxsin olub-olmadığına əmin olduqdan sonra hər üçü aptekin şüşədən olan əsas giriş qapısına yaxınlaşırlar. Naməlum şəxs yerdən daş parçası götürərək əsas giriş qapısının şüşədən olan nəfəsliyinə zərbə endirib onu sındırır. Sonra onlar digər naməlum şəxsin nəfəslikdən içəri daxil olmasına köməklik göstərirlər. Digərləri isə çöldə gözləyirlər. Naməlum şəxs içəri daxil olub kassadan pulu oğurlayır. Sonra isə içəridəki süyürmələri axtarır və giriş hissədən sol tərəfdə yerləşən süyürmədən qəpikləri oğurlayır. Oğurladıqdan sonra əsas giriş qapısının şüşədən olan nəfəsliyinə yaxınlaşır və çöldə olan şəxslər onun çıxmağına kömək edirlər. Daha sonra oradan uzaqlaşaraq gedirlər (İ cild, i.v.34, disk);  “Sübutların qiymətləndirilməsi haqqında” 31.12.2021-ci il tarixli qərarla iş üzrə hadisə yerindən götürülmüş 01 ədəd daş parçası maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş haddinə çatmadığına görə Şahid2 barəsində cinayət təqibinə xitam verilmişdir (İ cild, i.v.140- 146);  “Cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 31.12.2021-ci il tarixli qərarla “Hüseyn” adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmışdır (İ cild, i.v.149-150);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22.10.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.118). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin həmin Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir (11-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü, habelə 85-86-cı maddələrinin normalarını rəhbər tutur, eyni zamanda “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il və 30 iyun 2008-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan daş parçası məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 120-ni hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Yevlax rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan daş parçası məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar