Məhkəmə qərarları › İş №1(006)-125/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-125/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-125/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:30 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəza çəkən, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən “Bənövşə” aptekin qarşısında saxlanılmış X2 məxsus “Mercedes-Benz C300 markalı **- MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib kənar şəxsin onu görmədiyinə tam əmin olduqdan sonra avtomobilin sol arxa oturacağının üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 01 ədəd 10 manat dəyərində "xxxx" ASC tərəfindən verilmiş plastik kart, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC tərəfindən verilmiş “Leobank” plastik kart, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 1400 manat dəyərində 750 əyarlı qızıl boyunbağı və 170 manat nağd pul olan 170 manat dəyərində “Derimod” markalı əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1760 (min yeddi yüz altmış) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə əvvəlcədən gizli olaraq taladığı Zərərçəkmiş şəxs1 məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə aid 4169 7388 4965 9952 nömrəli kartdan vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə saat 21:44-də Bakı şəhəri, Nəsimi rayonu, 5ci mikrorayon ərazisində yerləşən “Spar” marketdən alış-veriş etməklə həmin kartın hesabından 40 manat, həmin gün saat 21:44-də qeyd olunan marketdə alış-veriş etməklə 50 manat, həmin gün saat 21:45-də qeyd olunan marketdən alış-veriş etməklə 26 manat 75 qəpik, həmin gün saat 21:47-də qeyd olunan marketdən alış-veriş etməklə 7 manat 18 qəpik və həmin gün saat 21:50-də həmin ərazidə yerləşən köşkdən alış-veriş etməklə 4 manat 40 qəpik məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 128 manat 33 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 90 ünvanının qarşısında saxlanılmış “X7” MMC-yə məxsus Zərərçəkmiş şəxs2 idarə etdiyi "xxxx" markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib kənar şəxsin onu görmədiyinə tam əmin olduqdan sonra avtomobilin sağ qabaq oturacağının üzərindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 2000 manat dəyərində “İphone 14 PRO 128” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2020 (iki min iyirmi) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 09 avqust 2023-cü il tarixdə saat 20:30 radələrində kirayə sürməyə avtomobil axtarmaq üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində gəzişmişdir. Bu zaman “Bənövşə” aptekin yaxınlığında “Mercedes C300” markalı **-MM-*** nömrəli avtomobilin dayandığını və içərisinin boş olduğunu görmüşdür. Həmin avtomobilin qapısı aralı olmuş və avtomobilin içərisində salonun işığı yanmışdır. Bu zaman, o, avtomobilin arxa qapısını açmış və bir ədəd qadın əl çantası olduğunu görmüşdür. O dərhal həmin əl çantasını götürüb oradan uzaqlaşdıqdan bir müddət sonra çantanın içərisinə baxmış və həmin çantada bank kartlarının olduğunu görmüşdür. Onun həmin vaxt fikri gəlir əldə edə biləcəyi əşyanı götürmək olduğundan bank kartlarını götürmüş, çantanı isə hal-hazırda xatırlamadığı məişət tullantıları olan zibil qutusuna atmışdır. Bundan sonra, o, həmin "xxxx" ASC-yə məxsus kartla ünvan 5 ünvanında yerləşən “Spar” mağazasında post terminal vasitəsilə ödəniş etmişdir. Oradan çıxdıqdan sonra isə kartları qırıb zibil qutusuna atmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 90 ünvanında gəzərkən "xxxx" markalı 77-JE- 619 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və avtomobilin şüşəsinin açıq olduğunu görmüşdür. Həmin vaxt avtomobilin sol hissəsi yol tərəfdə sağ hissəsi isə səki tərəfdə olmuş, səki tərəf isə ağaclıq olmuşdur. O, ətrafda kiminsə onu görmədiyindən tam əmin olduqdan sonra avtomobilə sağ tərəfdən yaxınlaşıb qabaq sağ oturacaqda olan “İphone” markalı mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Həmin telefonu 450 manata 3-cü mikrorayon dairəsində yerləşən telefon mağazasına satmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır, maddi imkanı olmadığı üçün dəymiş zərəri ödəyə bilmir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Bağır oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı “X7” MMC-də sürücü vəzifəsində çalışmış və şirkətə məxsus "xxxx" markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mütəmadi olaraq MMC-yə məxsus məhsulları marketlərə paylamışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yenədə məhsulları paylamaq üçün Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 90 ünvanına gəlmişdir. Orada olan zaman avtomobili saxlayıb özünə məxsus “İphone 14 PRO” markalı mobil telefonu avtomobilin sağ oturacağında qoyaraq avtomobildən düşüb dükana getmişdir. Qayıtdıqda özünə məxsus mobil telefonun qoyduğu yerdə olmadığını aşkar etmişdir. O, əvvəlcə telefonunun xatırlamadığı yerdə düşdüyünü və ya hardasa unutduğunu düşünmüşdür, lakin uzun müddət axtardıqdan sonra mobil telefonunun qoyduğu yerdə olmadığını müəyyən etmişdir. Bu zaman, o, həmin mobil telefonun naməlum şəxs tərəfindən naməlum şəraitdə oğurlanmasını artıq bilmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə müraciət etmiş və Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat qrupu hadisə yerinə gəlmişdir. Sonradan onun avtomobilindən telefon oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes C300” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu ərazisində yerləşən “Bənövşə” Aptekin qarşısında saxlamış, avtomobildən düşüb aptekə daxil olmuş və çıxıb avtomobilə qayıtdıqdan sonra avtomobilin arxa sol oturacağında içərisində 01 ədəd 1400 manat dəyərində 750 əyarlı qızıl boyunbağı, sənədlər və bank kartları, 170 manat nağd pul olan əl çantasının naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan bir müddət sonra "xxxx" ASC-yə məxsus bank kartından 5-ci mikrorayon ərazisində yerləşən “Spar” marketdən hissə-hissə ümumilikdə 130 manata yaxın alış-veriş edilməsi barədə bildiriş gəlmişdir. Bundan sonra onlar polisə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra aptekdə olan kamera görüntülərinə baxış keçirilmiş və baxış zamanı bir nəfər şəxsin Zərərçəkmiş şəxs1 avtomobili işlək vəziyyətdə saxlayıb aptekə daxil olduqdan sonra avtomobilin ətrafında dolanması, daha sonra anidən avtomobilin arxa qapısını açaraq oturacaqda olan çantanı götürməsini müşahidə etmişlər. Sonradan həmin oğurluğu törədən şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs1 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Şahid2 onun həyat yoldaşıdır. 2018-ci il tarixdə onlar rəsmi nikah bağlamışdır. xx.xx.2023cü il tarixdə saat 20:30 radələrində o, idarə etdiyi “Mercedes C300” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Bənövşə” adlı Aptekin qarşısında saxlamış, avtomobildən düşüb aptekə daxil olmuş və çıxıb avtomobilə qayıtdıqdan sonra avtomobilin arxa sol oturacağında içərisində 01 ədəd 1400 manat dəyərində 750 əyarlı qızıl boyunbağı, sənədlər, 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartı, 01 ədəd “Leobank”a məxsus bank kartı, 170 manat nağd pul olan “Derimod” markalı 170 manat dəyərində olan əl çantasının naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bir müddət sonra "xxxx" kartından 5-ci mikrorayon ərazisində yerləşən “Spar” marketdən hissə-hissə ümumilikdə 130 manata yaxın alış-veriş edilməsi barədə bildiriş mobil telefonuna gəlmişdir. Bundan sonra bununla bağlı polisə məlumat vermişdir (i/v 84-86). İş materiallarında olan 29 avqust 2023-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (i/v 1). İş materiallarına əlavə olunmuş 09 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon ərazisində yerləşən “Spar” marketdir (i/v 34-37). İş materiallarına əlavə olunmuş 25 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 90 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Transit" markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilidir (i/v 7-13). İş materiallarına əlavə edilmiş “CD diskin materiala əlavə edilməsi haqqında” 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeydə alınmış video görüntülərə əsasən xx.xx.2023-cü il tarixdə saat təxminən 11:30 radələrində Təqsirləndirilən şəxs Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə dayanmış "xxxx" markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan “İphone 14 Pr0 128” markalı mobil telefonu oğurlamışdır. Təqsirləndirilən şəxs video görüntülərdəki şəxsin özü olduğunu təsdiq etmişdir (i/v 25). İş materiallarına əlavə edilmiş “videogörüntülərə baxış keçirilməsi barədə” 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeydə alınmış video görüntülərə əsasən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllə ünvanında yerləşən “SPAR” adlı marketdən alış-veriş edir. Həmin görüntülər Təqsirləndirilən şəxs göstərilmiş və sonuncu xx.xx.2023-cü il tarixdə Yasamal rayonu ərazisində yerləşən “Bənövşə” aptekin qarşısında dayanmış “Mercedes C300” markalı, **- MM-*** dövlət nömrə nişanlı avtomobildən içərisində sənədlər və bank kartları olan əl çantasını oğurladığını, bir müddət sonra əl çantasının içərisində olan "xxxx" ASC-yə və "xxxx" ASC-yə aid “Leobank” kartlarından ünvan 7 ünvanında yerləşən “SPAR” marketdən, hissə-hissə olmaqla ümumilikdə 130 manat dəyərində alış-veriş etdiyini və video görüntülərdə əks olunan şəxsin özü olduğunu bildirmişdir (i/v 43). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 62-63). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 122-124). İş materiallarında olan “Başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi haqqında” 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 125-126). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə xx.xx.2010-cu il tarixdə Xəzər rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i/v 141- 143). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli 9/8085 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilməmiş 01 ədəd "İphone 14 PRO 128’' markalı mobil telefonun 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri olaraq 1850 manat, 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartının 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri olaraq 10 manat, 01 ədəd “Leobank”a məxsus plastik bank kartının 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri olaraq 10 manat, 01 ədəd “Derimod” markalı qadın əl çantasının 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri olaraq 40 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilməmiş 750 əyarlı qızıl boyunbağının çəkisi və vəziyyəti barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (i/v 145-147). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 1(006)-299/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəza ilə qismən toplanılmış və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 01 (bir) gün, hazırki iş üzrə tutulduğu 02 (iki) gün, cəmi 03 (üç) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 05 fevral 2024cü il tarixdən hesablanmalı, məhkəmə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövclət büdcəsinə ödənilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzaçəkməsi nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-125/2024 saylı, 09 yanvar 2024cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və 09 yanvar 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 01 (bir) gün və hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, cəmi 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrumetmə cəzasının çəkməsi nəzərə alınsın. Məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövclət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar