Məhkəmə qərarları › İş №1(006)-126/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-126/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-126/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında saat 12:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 06.11.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidən, şəxsiyyəti istintaqa məlum olmayan “Ləto” adlı şəxsdən 10 manat nağd pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə, təmiz çəkisi 0,500 qram olan narkotik vasitəheroini əldə edib özündə saxlayaraq üzərində daşımış, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 13:50 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Polis İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rənli cins şalvarın sol yan cibindən bir bükümdə, təmiz çəkisi 0,500 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etdiyi üçün onda asıllıq yaranmışdır. Bu səbəbdən də, 06.11.2021-ci ildə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən “Ləto” adlı şəxsdən 10 manat müqabilində “kakos” almış və həmin tarixdə saat 13:50 radələrində ünvan 2 ünvanında olduğu zaman, mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onu Nəsimi RPİ-yə dəvət etmiş, xidməti otaqlardan birində onun üzərində video görüntü ilə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd içərisi boş olan istifadə olunmuş kiçik ölçülü, gümüşü rəngli falqa, şalvarının sol yan cibindən bir ədəd gümüşü falqaya bükülmüş bükümü, həmin cibindən bir ədəd siqaret formasında və ölçüsündə mis metal materialından olan, bir hissəsinə siqaret kağızı bükülmüş kiçik turbuçka və həmçinin həmin cibdən bir ədəd üzərində “Digital Scale” sözləri yazılan işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmişdir. Bundan sonra onun üzərindən götürülən narkotik maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. İfadəsinin sonunda törətdiyi əməldən səmimi peşiman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, narkotik vasitələrdən istifadə etməklə yalnız özünə ziyan vurduğunu bildirərək, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 06.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanılması üçün Nəsimi RPİ-nin rəisinə raportla məruzə edilmiş, həmin polis idarəsinin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Qabil oğlunun iştirakı ilə 06.11.2021-ci il tarixdə saat 13:50 radələrində ünvan 2 ünvanının qarşısında keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs müəyyən olunaraq Nəsimi RPİ-nə dəvət edilmişdir. İdarədə xidməti otaqda videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edildikdə, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd içərisi boş olan, istifadə olunmuş kiçik ölçülü, gümüşü rəngli falqanı, şalvarının sol yan cibindən bir ədəd gümüşü falqaya bükülmüş bükümü, həmin cibindən bir ədəd siqaret formasında və ölçüsündə, mis metal materialından olan, bir hissəsinə siqaret kağızı bükülmüş kiçik turbuçka və həmçinin həmin cibdən bir ədəd üzərində “Digital Scale” sözləri yazılan işlək vəziyyətdə olan elektron tərəzini çıxardaraq təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 06.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidən “Ləto” adlı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün aldığını, bir ədəd gümüşü falqaya bükülmüş, içərisində tünd-qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “kakos” olduğunu, üzərindən aşkar edilən gümüşü rəngli boş falqanı narkotik qəbul edərkən, bir ədəd üzərində “Digital Scale” sözləri yazılan işlək vəziyyətdə olan elektron tərəzi ilə isə narkotik vasitə alarkən dəqiq miqdarını bilmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdıraraq ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Qabil oğlu da digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyev tərəfindən tərtib edilmiş və İdarənin NBM-in əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, mütəxəssis qismində dəvət edilmiş X4 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 06 noyabr 2021-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd-göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd içərisi boş olan istifadə olunmuş kiçik ölçülü gümüşü rəngli falqanı, sol yan cibindən bir ədəd gümüşü rəngli falqaya (metal kağız tipli material) bükülmüş, içərisində tünd-qəhvəyi rəngli toz şəkilli maddəni, həmin cibdən bir ədəd siqaret formasında və ölçüsündə mis materialdan olan, bir hissəsinə siqaret kağızı bükülmüş kiçik borunu (turbuçka) və həmin cibdən bir ədəd üzərində “Digital Scale” sözləri yazılan işlək vəziyyətdə olan elektron tərəzini cibindən çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində olan tünd-qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə məxsus olan maddənin “kakos” kimi tanınan narkotik vasitə olan “heroin” olduğunu, üzərində aşkar edilən gümüşü rəngli, boş falqanı narkotik vasitə qəbul edərkən, bir ədəd siqaret formalı mis maetal materialından olan, bir hissəsinə siqaret kağızı bükülmüş kiçik boru (turbuçka) ilə narkotik maddələri falqadan qəbul edərkən, bir ədəd üzərində “Digital Scale” sözləri yazılan, işlək vəziyyətdə olan elektron tərəzi ilə narkotik vasitəni alarkən dəqiq miqdarını bilmək üçün istifadə etdiyini, həmin narkotik vasitəni 06.11.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə “Ləto” kimi tanıdığı şəxsdən 10 manat müqabilində nağd qaydada aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdikləri zərfə qoyularaq qablaşdırılmış, həmin zərf iştirakçılar tərəfindən imzalanmış və RPİ-nin 186 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilərək protokol tərtib edilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 48-54). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 06.11.2021-ci il tarixli, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 noyabr 2021-ci il tarixli, 6/4934 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə təmiz çəkisi 0,500 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i/v 61-64). İş materiallarına əlavə edilmiş “Əşyanın maddi sübut kimi tanınması və təhvil verilməsi haqqında” 11 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,500 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonrakı qalıq hissəsi 0,450 qram heroin saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 126). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 22 dekabr 2021-ci il tarixli, 5233 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetatiminin birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 111-112). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 131-132). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə, saat 14:40-da şübhəli şəxs qismində tutulmuşdur (i/v 24-25). Təqsirləndirilən şəxs 08.11.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində “Həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 4(006)-486/2021 saylı, 08 yanvar 2021-ci il tarixli qərarı ilə Əİiyev Cahid Ceyhun oğlunun barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 06 noyabr 2021-ci il tarixdə saat 14:40-dan hesablanmışdır (i/v 95-98). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş, özünü müdafiə məqsədilə hər hansı dəlil gətirməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin, cinayət tərkibinin olması, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, onun əməlinin ittihamda CM-in 234.1-ci maddəsi əsasında istinad edilən cinayətin əlamətlərinə uyğun olması sübut edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 noyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,500 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,450 qram olan narkotik vasitə-heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-126/2022 saylı, 24 yanvar 2021-ci il tarixli qərara əsasən, 03 fevral 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əİiyev Cahid Ceyhun oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 06 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,500 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,450 qram olan narkotik vasitə heroin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar