Məhkəmə qərarları › İş №1(006)-127/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-127/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-127/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Abdurəhmanlı Pinar Zakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının ortalarında Xətai rayonu, İ.İsmayılov küçəsində yaşadığı evin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Arif” adlı şəxsdən 30 manata satış məqsədi İmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkisi 0,047 qram, 0,160 qram olmaqla, ümumi təmiz çəkisi 0,207 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və 22.10.2020-ci il tarixdə, saat 23.30 radələrində Nəsimi rayonu, 28 May və K.Səfərəliyeva küçələrinin kəsişməsində Nəsimi RPİ PPXB-nin əməkdaşları tərəfindən saxlanılan zaman hərəkət və davranışı ilə şübhə doğurduğu üçün Nəsimi RPİ 22-ci PŞ-yə gətirilərək orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bağlamada olan iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,207 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10 ildən artıqdır ki psixotrop maddələrdən istifadə edir. 22.10.2020-ci il tarixdə, saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Happy İnn” hotelində olarkən saat 22 radələrində su alrfıaq üçün “*8555” taksi şirkətindən taksi sifariş etmişdir. Sifarişi qaldığı oteldən Nizami küçəsinə vermişdir. Bir neçə dəqiqədən sonra sifariş etdiyi şirkətdən “Toyota Prius” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü sifarişi verdiyi hotelin qarşısına gəlmişdir. Həmin avtomaşına minərək üzü Nizami küçəsi istiqamətində hərəkət edərkən Nəsimi rayonu, 28 May və K.Səfərəliyev küçələrinin kəsişməsində respublika ərazisində elan edilmiş hərbi vəziyyət rejimi ilə əlaqədar yaradılmış stasionar polis postundan xidmət aparan polis əməkdaşları onları saxlamışlar. Həmin vaxt polis əməkdaşları ondan sənədlərini təqdim etməyi tələb etmiş və sonra hərələtlərindən şübhələnib ondan narkotik vasitə və ya psixotrop maddə qəbul edib-etməməsini soruşmuşlar. O, əvvəllər psixotrop maddə istifadə etdiyini söylədikdə polis əməkdaşları onu saxlayaraq ərazi aidiyyəti üzrə Nəsimi RPİ 22-ci PŞ-yə gətirmişlər. 23.10.2020-ci il, saat 01-radələrində PŞ-nin inzibati binasında onu xidməti iş otağına dəvət etmişlər və orada üzərinə axtarış keçiriləcəyi barədə ona məlumat verilmişlər. Bundan sonra baxışda iştirak etmək üçün 2 nəfər Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşı və video çəkiliş aparan bir nəfər mütəxəsisin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Ondan üstündə, paltarında və ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Əynindəki qara rəngli cins şalvarının qabaq sol yan cibindən 45 manat pul və şəxsiyyət vəsiqəsi, sağ yan cibindən isə siqaret sellofanına bükülmüş qırmızımtıl rəngdə olan bir ədəd həb və içərisində kristal maddə olan 2 büküm metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmiş, üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə geyindiyi qara rəngli cins şalvarının ciblərinə, daha sonra isə əynindəki qara rəngli köynəyə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra ayaqqabılarını çıxarmağı tələb olunmuş və ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirmiş və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra “01” ədəd sellofana bükülmüş 3 bükümdə olan bir ədəd həb və 2 bükümdə psixotrop maddə olan metamfetamin polis əməkdaşlarının da iştirakı ilə qablaşdırılaraq qablaşdıraraq möhürləmiş, bu barədə protokol tərtib olunmuş, o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir.Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini hadisədən 3-4 gün öncə yaşadığı Xətai rayonu, İ.İsmayılov küçəsində tanımadığı və heç bir şəxsi məlumatını bilmədiyi “Arif” adlı şəxsdən almışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 22.10.2020-ci il tarixdə, saat 23:30 radələrində PPXB-nin digər polis nəfəri X6 ilə birlikdə respublika ərazisində elan edilmiş hərbi vəziyyət rejimi ilə əlaqədar Nəsimi rayonu, K.Səfərəliyeva və 28 May küçələrinin kəsişməsində yaradılmış stasionar polis postunda xidmət apararkən postdan keçmək istəyən “Toyota Prius” markalı, 99 567 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünə saxla işarəsi vermişlər. Tanımadıqları sürücü idarə etdiyi avtomaşını saxladıqdan sonra avtomaşının salonunu və baqaj hissəsini yoxladıqdan sonra sürücü və sərnişin qismində avtomaşının arxa oturacağında əyləşmiş umadıqları şəxslərin müvafiq icazələrinin olub-olmamasını yoxlamaq istədikdə sürücünün sənədlərinin qaydasında olduğunu müəyyən etmişlər. Sərnişinin sənədlərini yoxlamaq istədikdə o “Covid-19” virusunun daşıyıcısı olduğunu bildirib ona yaxınlaşmamaqlarmı istəmişdir. Adının sonradan Əlif olduğunu öyrəndikləri şəxsin icazəsinin olmaması aşkarlanmış və onunla söhbət zamanı “Covid-19” virusuna yoluxmamasını müəyyən etmişlər, lakin eyni zamanda onunla söhbət zamanı psixotrop maddənin təsiri altında olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs psixotrop maddə istifadə etdiyini və həmin maddədən üzərində də olduğunu bildirdiyindən onu Nəsimi RPİ 22-ci PŞ-yə dəvət etmişlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olundu və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 1 ildir ki, darə etdiyi “Toyota Prius” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomaşınla “*8555” taksi şirkətində sürücü kimi işləyir. 22.10.2020-ci il tarixdə, saat 22.17-də işlədiyi şirkətdən mobil tətbiq vasitəsi ilə sifariş göndərilmiş və sifarişi qəbul etmişdir. Sifarişdə “Mərkəzi Neftçilər” Xəstəxanasının arxasında yerləşən “Flappy İnn” otelindən Səbail rayonu, Nizami küçəsində yerləşən “Xəqani” ticarət mərkəzinə gedib geri qayıtmaq bildirilmişdir. Saat 23:15 radələrində müştərinin arxası ilə gedib onu “Mərkəzi Neftçilər” Xəstəxanasının arxasında yerləşən “Happy inn” otelindən götürüb üzü Nizami küçəsi istiqamətində getdikdə Nəsimi rayonu, K.Səfərəliyeva və 28 May küçələrinin kəsişməsində yerləşən respublika ərazisində təşkil edilmiş “Komendant saatı” ilə əlaqədar yaradılmış stasionar postda xidmət aparan polis əməkdaşları onları saxlamışlar. Həmin vaxt polis əməkdaşları sənədlərini yoxladıqdan sonra maşınında sərnişin qismində əyləşmiş adının sonradan Əlif olduğunu bildiyi şəxsin icazəsinin olmaması aşkarlanmış və özünü şübhəli apardığından polis əməkdaşları onu sorğu-sual etməyə başlamışlar. Daha sonra Əlif polis əməkdaşlarına bildirmişdir ki, “Covid-19” diaqnozu ilə müalicə alır və ona yaxınlaşmasınlar. Polis əməkdaşları Əliflə söhbət vaxtı sonuncunun psixotrop maddə istifadə etdiyini və həmin maddədən üzərində də olduğunu bildiklərindən sonra onları Nəsimi RPİ 22-ci PŞ-yə dəvət etmişlər. Lakin hadisədən öncə Əlifi tanımamış, onun arxası ilə gələn sifariş əsasında getmiş və üzərində psixotrop maddə olmasından xəbərsiz olmuşdur. Cinayət işinin 20-21-ci vərəqələrində olan 23 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 98-99-cu vərəqələrində olan 24 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə qərarı çıxarılmışdır. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli məhkəmə iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli məhkəmə iclasının qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli məhkəmə iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs təkrarən məhkəmə iclasına gəlməməsi səbəbindən barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi RPİ-nin 03 iyun 2021-ci il tarixli, 082-20440 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 02 iyun 2021-ci il tarixdə saat 14-00-da Nəsimi RPİ-nin 22-ci PŞ-nə təslim olmuş və Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli Qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli məhkəmə iclasının qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 60-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli, 6/2256 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «AR DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan , “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindı 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,047 qram, 0,160 qram təmiz çəkisi 0,207 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,207qram olmuş, tədqiqata 0,06 qram sərf edilmiş, 0,147 qram qalıq qalmışdır. Cinayət işinin 61-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 113-120-ci vərəqələrində olan 24 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,147 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 29 oktyabr 2020-ci il tarixli, 3037 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur lakin məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 104-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 noyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayandır. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 23 oktyabr 2020-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu Əynindəki qara rəngli cins şalvarının qabaq sol yan cibindən 45 manat pul və şəxsiyyət vəsiqəsi, sağ yan cibindən isə siqaret sellofanına bükülmüş qırmızımtıl rəngdə olan bir ədəd həb və içərisində kristal maddə olan 2 büküm metamfetamini polis əməkdaşlarına təqdim edir. Sorğu zamanı metamfetamini hadisədən 3-4 gün öncə yaşadığı Xətai rayonu, İ.İsmayılov küçəsində tanımadığı və heç bir şəxsi məlumatını bilmədiyi “Arif” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin 10 ilə yaxındır ki, müxtəlif narkotik vasitələrdən istifadə etməsini və miqdarını (iki büküm), dəfələrlə məhkəmə iclaslarından yayındığı üçün barəsində məcburi gətirmə, axtarış və həbsli axtarış barədə qərarların çıxarılmasını, mənfi xarakterizə olunan şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli və sonuncunun şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2020-ci il tarixdən 24 oktyabr 2020-ci il tarixədək, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 02 iyun 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 29 oktyabr 2020-ci il tarixli, 3037 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,147 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Q.H.Cavadova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2020-ci il tarixdən 24 oktyabr 2020-ci il tarixədək, yəni 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin saxlancında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,147 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 istintaq orqanında iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar