Məhkəmə qərarları › İş №1(006)-128/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-128/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-128/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 0,635 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:15-də Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 998 saylı ünvanın qarşısında psixotrop maddələrin əldə edilməsində və saxlanılmasında şübhəli bilindiyindən saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə meamfetamin bir ədəd sellofan bükümdə əynində olan ağ rəngli kətan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə təxminən axşam saatlarında bədənində yaranan çəkilməz ağrılara görə o, narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan əraziyə getmişdir. Orada olan zaman adını bilmədiyi və özünü birinci dəfə gördüyü şəxs ona yaxınlaşaraq orada nə etdiyini soruşanda o, iş axtarmaq məqsədi ilə həmin yerə gəldiyini demiş, həmin şəxs özündə psixotrop maddə metamfetamin olduğunu və onu satdığını bildirmişdir. O, da ondan həmin psixotrop maddə metamfetamini neçəyə satdığını soruşanda 15 manata satdığını bildirmişdir. Bu zaman o, həmin şəxsə onda olan psixotrop maddəni almaq istədiyini bildirmiş və onunla birlikdə həmin küçədə yerləşən yaşayış binalarının tininə keçmiş və orada həmin şəxs 1 ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitəni ona vermişdir. O, da narkotik vasitəni alıb əynində olan ağ rəngli kətan materialdan olan şalvarın sağ yan cibinə qoymuş və həmin yerdən uzaqlaşmışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 17:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 998 saylı ünvanın qarşısında dayanan zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib ona polis olmalarını bildirdikdən sonra onu bölməyə dəvət elmişlər. PB-də olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuş və bu zaman həmin proses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınmışdır. O, da həmin suala cavab olaraq üzərində psixotrop maddə “metamfetamin” olmasını bildirmişdir. Daha sonra o, masaya yaxınlaşaraq şalvarınən sağ yan cibinə qoyduğu siqaretin şəffaf sellofanına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümü açdıqda isə onun içində ağ rəngli kristala bənzər spesifik iyə malik olan psixotrop maddə metamfetamini təhqiqata təqdim etmişdir. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertizaya göndərilmişdir. Buda videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra həmin videogörüntüyə onlar baxmışlar və sonra protokol tərtib olunmuş və o, da həmin protokolu imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, məhkumluğunun olmamasını, xx xxxx 2021-ci il tarixdə H.Əliyev Fondu tərəfindən ağır əməliyyat olunması üçün şərait yaradıldığından nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülərlə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində «Arzu» adlı şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib istifadə edir. Bununla bağlı o, dərhal həmin məlumat haqqında raport əsasında rəisə məruzə etmiş və göstərilən məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı saat 17:15 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 998 saylı ünvanın qarşısından keçdiyini müəyyən edərək dərhal həmin binanın qarşısında yaxınlaşıb onu saxlamış və şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, Nəsimi rayonu M.A.Əliyev küçəsi, ev 200, mənzil 14-də yaşayan Təqsirləndirilən şəxsdur. Həmin şəxsə özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatlarının olduğunu və onlarla Nəsimi RPİ- nin 20-ci PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılışmış vəonlarla birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilməsi ilə əlaqədar dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis kapitanı Orxan Hacıyevə həvalə olunmuşdur. Bununla da əlaqədar, təhqiqatçı O.Hacıyev öz növbəsində şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü 14 saylı Hüquq Bürosunun vəkili X2 bölməyə dəvət etdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsi ilə bağlı xidməti otağa dəvət olunmuşdur. Xidməti otaqda ilkin olaraq şəxsi axtarış və götürmədə iştirak edən şəxslərə, yəni hər birinə təhqiqatın bütün hərəkətlərində iştirak etmək və şəxsi axtarış ilə əlaqədar ərizə ilə müraciət etmək, protokola öz qeydlərini etmək hüquqlarının olduğu izah edilmişdir. Beləliklə, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış başlanılmış və şübhəli şəxs Təqsirləndirilən şəxs öncə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təkif edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları polisə təqdim etməyə başlamış, belə ki, sonuncu masaya yaxınlaşaraq əlini əynində olan ağ rəngli kətan materialdan olan şalvarının sağ yan cibinə salaraq siqaretin şəffaf sellofanına bükülmüş, 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxsin üstünə tohqiqatçı O.Hacıyev tərəfindən şəxsi axtarış keçirilərək paltarının cibləri, kəmərinin içərisi, ayaqqabıları çıxardılaraq içərisi axtarılmış, lakin üzərində hər hansı başqa bir qanunsuz maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda o, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni xx.xx.2020-ci il tarixdə axşam saatlarında Kubinka deyilən ərazidə tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin aşkar olunan 01 ədəd bükümdə olan maddə içərisi boş olan konvertin içərisinə qoyulub qapağı bağlanmış və DİN-in 188 saylı möhürü ilə möhürlənmişdir. Təhqiqatçı O.Hacıyev tərəfindən həmiçnin bu barədə müvafiq protokol tərtib olunmuş və o, da baxışda iştirak etmiş bütün şəxslərlə birlikdə həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPl-nin 20-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli kətan materialdan olan şalvarının sağ yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş, 1 ədəd bükümdə spesifik iyə malik olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 26-27-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 110-113-cü vərəqələrində olan Nəsimi rayon X5 şöbəsinin müstəntiqi, Anar Nağıyevin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 23-24-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 57-60-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1892 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində AR DİN “Zərflər üçün № 188» möhür əksi, «Şübhəli şəxs...Təqsirləndirilən şəxs» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,635 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin 1-ci cild 58-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 148-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3264 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan metamfetamindən sui-istifadə edilməsi nəticəsində NARKOMANİYA xəstəliyi aşkar olurur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 122-ci vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə olan 1 bükümdə təmiz çəkisi 0,635 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin növbətçi hissəsinə maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 117-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29.177.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2016-cı il tarixdə AR MMnin xx xxx 2016-cı il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx xxxxxxxx 2020-ci il tarixdə saat 18-50 radələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncunun əynində olan ağ rəngli kətan materialdan olan şalvarının sağ yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş, 1 ədəd bükümdə spesifik iyə malik olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, xx xxxx 2021-ci il tarixdə ağır bel əməliyyatı olunmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun özünü təqsirli bilməsini, ağır xəstəlikdək əziyyət çəkməsini, həmçinin məhkumluğunun və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx xxxxxxxx 2020-ci il tarixli tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3246 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, 0,635 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili M.Q.Həsənova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, 0,635 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 istintaq orqanında iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar