Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-128/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs2 Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçin oğlunun Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Neftkəməri küçəsində qeydiyyatda olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq 16.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa X2 məlum olan tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 sentyabr 2021-ci il tarixdə, saat 03:38-də Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 1 ünvanda yerləşən “Platforma bar” kafesinin qarşısına gəlib orada aralarında əvvəlcədən apardıqları rolların bölgüsünə əsasən Mehrac Bəkirov başqa şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə kənarda dayanıb müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə üzərində olan, istintaqa məlum olmayan buraçla kafenin giriş qapısının kilidini sındırıb açdıqdan sonra oraya qanunsuz daxil olub ümumi zaldan içərisində 432 manat 30 qəpik pul olan bir ədəd 25 manat dəyərində kassa yeşiyini oğurlayaraq zərər çəkmiş şəxsə 457 manat 30 qəpik məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 sentyabr 2021-ci il tarixdə, saat 04:45-də Zərərçəkmiş şəxs2 işlətdiyi ünvan 2 ünvanda yerləşən “Kampinist” kafesinin pəncərəsinin şüşəsini özündə olan, istintaqa məlum olmayan buraçla açdıqdan sonra oraya qanunsuz daxil olub mətbəxdən 1 ədədinin qiyməti 150 manat olmaqla, ümumilikdə 300 manat dəyərində 2 ədəd elektrik samovarını və masanın üzərindən 87 manat nağd pulu götürərək zərər çəkmiş şəxsə 387 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq cinayəti törətdiyi üçün 3 il azadlıqdan məhrum edilmiş, 2021-ci ilin fevral ayında azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra iş axtarmağa başlamış, bir müddət avtoyuma məntəqəsində işləmiş, salfetka satmış, lakin maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə tanışı X4 ilə razılaşıb 21.09.2021-ci il tarixdə, saat 02:00 radələrində yaşadığı evdən çıxıb əvvəlcə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Platforma bar” kafesinin qarşısına gəlmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra plastik giriş qapısının arasına buraç salıb qıraraq obyektə daxil olmuşdur. Həmin vaxt X4 obyektin yaxınlığında dayanaraq adam gəldiyi təqdirdə ona məlumat verməli idi. Obyektən kassa yeşiyini götürərək oradan çıxmış və Mehracla birlikdə yaxınlıqda olan qaranlıq küçələrin birində onu açdıqdan sonra içərisində olan pulu götürərək aralarında bölmüş, yeşiyi isə həmin yerdə qoyub getmişlər. Bundan sonra onlar bilrikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisinə gəlmiş, bir qədər gəzişdikdən sonra ətrafda olan obyektlərin bağlanmağını gözləmişlər. Təxminən saat 05 radələrində “Kampinist” kafesinin bağlı olduğunu və içəridə heç kimin olmadığını görüb oğurluq etmək qərarına gəlmişlər. Bu zaman X1 pəncərəsinin siyirtməli şüşəsini açaraq içəri daxil olmuş, o isə bayırda gözləyib ətrafı müşahidə aparmışdır. Mehrac oradan 87 manat pul və iki ədəd samovar götürmüşdür. Samovarları onun yaşadığı evin damında gizlətmiş, pulu isə aralarında bölmüşlər. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yerləşən “Kampinist” kafesini icarə müqaviləsi əsasında işlədir. Dostu Şahid1 isə həmin kafeni işlətməyə ona kömək edir. 21.09.2021-ci il tarixdə, saat 09:30 radələrində dostu ona zəng edib demişdir ki, kafeyə daxil olarkən onun alüminiumdan olan pəncərəsinin açıq olduğunu və mətbəxdən masanın üzərində olan 87 manat pulun oğurlandığını aşkar etdiyini demişdir. O da hadisəni dəqiqləşdirmək üçün kafedə quraşdırılmış video müşahidə kamerasına baxmağı söyləmişdir. Bir qədər sonra İlqar ona təkrar zəng edib videogörüntüyə baxdığını və görüntüyə əsasən 21.09.2021-ci il tarixdə, saat 04:20 radələrində naməlum şəxs və ya şəxslərin kafenin pəncərəsini açaraq içəriyə daxil olub mətbəxdən ona məxsus, hər birinin dəyəri 150 manat olan, 2011-ci ilin aprel ayında alınmış sarı rəngli iki ədəd markası məlum olmayan, metal materialdan hazırlanmış 2 litr su tutumlu elektrik samovarının da oğurladığını bildirmişdir. Ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə dindirilməsi üçün dəvət edilməsinə baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs1 həmin ifadəsinə əsasən o, 21 sentyabr 2021-ci il tarixdə, səhər saat 09 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanda yerləşən “Platforma bar” kafesinə gəldiyi zaman obyektin plastik giriş qapısının sındırılmasını aşkar etmiş və içəri daxil olduğu zaman naməlum şəxs tərəfindən kassa aparatının oğurlanmasını aşkar etmişdir. Həmin kassa aparatının işlənmiş vəziyyətdə dəyəri 80 manat, içərisində isə 432 manat 30 qəpik pul vəsaiti omuşdur (cild İ, i.v.136-138). İş materiallarında olan: ünvan 2 ünvanda yerləşən “Kampinist” kafesində baş vermiş oğurluq hadisəsini 1 ədəd diskdə əks etdirən iki görüntüyə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən olunur ki, birinci görüntüdə bir nəfər şəxs kafenin bayıra baxan pəncərəsindən 21.09.2021-ci il tarixdə, saat 04:45-də içəri daxil olur, masanın üzərində və digər yerlərdə əlində olan fənərlə axtarış aparır; ikinci görüntüdə isə küçə əks olunub və bu görüntüdə saat 04:52:35-də bir nəfər şəxs kafenin pəncərəsinə yaxınlaşır (təqsirləndirilən şəxs bu şəxsin özü olduğunu bildirir), saat 04:53:25-də pəncərədən digər şəxs çıxır və iki ədəd samovarı götürür (cild İ, i.v.10); “Diskə baxış keçirilməsi haqqında” 23.09.2021-ci il tarixli protokola görə bir ədəd diskdə olan görüntüdə 21.09.2021-ci il tarixdə, saat 03:38-də “Platforma bar” kafesinin plastikdən olan qapısı bir nəfər şəxs tərəfindən buraç ilə açıldıqdan sonra içəri olaraq qapını içəridən örtməsi, fənər ilə ətrafa baxaraq nə isə axtarması və saat 03:40-da əlində kassa aparatı ilə kafedən çıxması əks olunur (cild İ, i.v.48); “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 23.09.2021-ci il tarixli protokola əsasən polis əməkdaşı tərəfindən təqdim edilmiş bir ədəd kassa aparatının dəmir materialdandır, dörd künc formalıdır, eni 40,5 sm, uzunluğu 41,3 sm, hündürlüyü 10 sm-dir (cild İ, i.v.126-127); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 26.11.2021-ci il tarixli, 9/7983 saylı rəyinə görə ekspertiza təyini haqqında qərarda göstərilən 2 ədəd metal materialdan olan 2 litrlik elektrik samovarların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 60,00 (2x30m) manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cild İ, i.v.46- 48); 16.11.2021-ci il tarixli, 9/7585 saylı rəyinə görə ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli, 10sm x 41sm x 42sm ölçüdə, üzərində markalanma göstəriciləri olmayan kassa yeşiyinin istifadədə olması və hazırki vəziyyətdə, üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və s.) olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 25,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cild İ, i.v.80-81); “Sübutların qiymətləndirilməsi haqqında” 21.12.2021-ci il tarixli qərara əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş zərərin məbləği onun göstərdiyi məbləğə uyğun götürülmüş, 1 ədəd kassa yeşiyi maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış, şəxsiyyəti istintaqa məlum olmayan X4 barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild İ, i.v.232-239, 262-263); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.09.2021-ci il tarixli, 4(004)-564/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23.09.2021-ci il tarixdən hesablanmışdır (cild İ, i.v.67-71); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.11.2021-ci il tarixli arayışı və hökmdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.50-51, i.v.242-260). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin əməllərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadəsində 21 sentyabr 2021-ci il tarixdə, saat 04:43-də Zərərçəkmiş şəxs2 işlətdiyi ünvan 2 ünvanda yerləşən “Kampinist” kafesində olan oğurluğu da X4 ilə birlikdə törətdiyinin bildirməsi və hadisəni əks etdirən görüntülərdə də iki nəfər şəxsin düşməsi əks olunsa da, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Lakin, belə vəsatələr verilmədiyindən məhkəmə həmin Məcəllənin 318.1-ci maddəsinə müvafiq olaraq cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxmışdır. Bununla belə məhkəmə həmin normanın tələblərinə uyğun hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 kassa yeşiyi ilə bağlı vurulmuş zərərin həcmi azaldılmalıdır. Belə ki, ittiham aktında həmin yeşiyin dəyəri zərər çəkmiş şəxsin sözlərinə əsasən 80 manat götürülsə də, bu əşya tapılaraq ekspertizaya təqdim edilmiş və ekspert tərəfindən ona 25 manat qiymət qoyulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bu hissəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş zərərin həcmi azaldılaraq 457,30 manat müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirlən hal kimi nəzərə alır. Eyni zamanda təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən hazırki əməlləri törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da bir şəxs kimi ictimai təhlükəlilik dərəcəsinə malik olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan – 23 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq bir ədəd kassa yeşiyi sahibi Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 100,00 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçin oğluna 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd kassa yeşiyi Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılsın, ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçin oğluna 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-128/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-128/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver