Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-129/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Xəzər KonsaltinqVəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Rusiya Federasiya, Barnaul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN xxxxxxx), subay, Azərbaycan Dövlət Pedoqoji Universitetin kimyəbioloqiya fakültəsinin, kimya müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Hacıkənd kəndində qeydiyyatda olan, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanında yerləşən evin qarşısında tələbə yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında “whatsapp" sosial şəbəkəsində yaradılmış tələbə yoldaşlarından ibarət qrupda bir-birilərilə kobud danışmaqları səbəbindən baş vermiş söz mübahisəsi zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun sifətinin sol nahiyəsindən bir dəfə sağ əli ilə yumruq zərbəsi vurması nəticəsində sonuncunu yerə yıxaraq, yerdə onun alın nahiyəsinə, sol qoluna, sol ayağına təpik zərbələri vurub, ona burun sümüyünün qapalı yerdəyişmiş sınığı, sol almacıq və sol əng sümüklərinin sınıqları, sol göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı gişasına qansızma ilə müşaiyət olunan qançır-şişkinliyi (hematoması), alın, sol əl və sol diz oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası X5, anası X8, qardaşı X4 ilə birlikdə yaşadığını, Azərbaycan Dövlət Pedoqoji Universitetin kimyə-bioloqiya fakültəsinin, kimya müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi olduğunu, tələbə yoldaşı Zərərçəkmiş şəxs ilə daha əvvəllər aralarında heç bir mübahisə, düşmənçilik və şəxsi ədavətin olmadığını, təhsil aldığı Universitetinin 1801B qrupunun tələbələrinin “whatsapp" sosial şəbəkəsində qrupunun olduğunu, həmin qrupda onların dərsə aid elanlar və dərs ilə əlaqədar məsələləri müzakirə etdiklərini, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində həmin qrupda onlayn dərs proqramının şifrəsini tapmaqla əlaqədar müzakirələr etdiyini, həmin proqramnan istifadədə müəyyən çətinliklərin yarandığı üçün həmin qrupda çox saylı suallarını yazaraq, tələbə yoldaşlarının ona köməklik etməsini istədiyini, müzakirələr zamanı qrup yoldaşı Zərərçəkmiş şəxs onun qrupda suallar yazdığı üçün öz narazıçılığını bildirdiyini, bütün bu məsələləri şəxsidə müzakirə etməklərini ona söylədiyini, sonuncunun hansı məqsədlə bu cür aqressiv formada irad bildirməsini bilmədiyini, həmin gün onun ad günü olduğu üçün qrupda tələbə yoldaşlarından kiminsə Zərərçəkmiş şəxs onun xətrinə dəyməməsini söylədiklərini, bundan sonra qrup nümayəndəsi Lalə Cəfərovanın onların lüzumsuz danışıqlar apardığı üçün onu və Zərərçəkmiş şəxs “whatsapp” qrupundan çıxardığından onların artıq heçnə yaza bilmədiklərini, daha sonra Əli ilə mobil telefon vasitəsi ilə danışaraq, niyə kobud formada qrup uşaqlarının arasında fikir söyləməsini ona sual etdiyini, bu səbəblə telefonda söz mübahisəsi etdiklərini, söz mübahisəsi zamanı Əli onun harada olmasını soruşduqda o, da evdə yəni 28 may metrostansiyasının yaxınlığında olduğunu, Əli isə gəlib orada onunla görüşmək istədiyini və onunda onunla razılaşdığını bildirmişdir. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının qarşısında görüşdüklərini, hər ikisinin danışdıqları yerə söhbət etməyə tək gəldiklərini, metronun qarşısında görüşdükdən sonra kənardan onların mübahisəsini görən olmasın deyə Zərərçəkmiş şəxs ona “burada adam çoxdur, gəl kənara adam olmayan yerə gedək və söhbətimizi edək” sözlərini söylədiyini, daha sonra onların piyada ünvan 1 ünvanında yerləşən evin qarşısına gəldiklərini, həmin yerin qaranlıq olduğunu, ətrafda heç kəsin olmadığını, həmin yerə çatdıqdan sonra Əli ilə “whatsapp” qrupunda baş vermiş anlaşılmazlığı müzakirə etdiklərini və aralarında mübahisənin yarandığını, Zərərçəkmiş şəxs ona qrupda kobud formada yazmasından narazı olduğunu, Zərərçəkmiş şəxs sinəsini qabağa verərək ona yaxınlaşmaq istərkən o, bir anlıqda sağ əli ilə bir dəfə Əlinin sifətinin sol nahiyəsindən möhkəm zərbə vurmuş, zərbənin təsirindən Əli müqavimətini itirərək yerə yıxılmış, sonra isə o, hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Əvvəllər Zərərçəkmiş şəxs ilə aralarında heç vaxt mübahisələrin və hadisə yerində onlardan başqa kənar şəxslərin olmadığını, aralarında baş vermiş mübahisənin və dava-dalaşın təxminən 5 dəqiqə davam etdiyini, məlum hadisə zamanı heç birinin əlində silah və ya silah qismində istifadə edilən əşyaların olmadığını, bir-birilərinin ünvanına nalayiq ifadələrdən istifadə etmədiklərini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs ona xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş vermə səbəbi tələbə yoldaşı Zərərçəkmiş şəxs onun tələbə yoldaşlarından “whatsapp" sosial şəbəkəsində köməklik istəməsi nəticəsində ona aqressiv formada irad bildirməsi, ona qarşı kobud formada qrup yoldaşlarının arasında fikir söyləməsi olmuşdur. O, Zərərçəkmiş şəxs üz nahiyəsindən birinci vurmasını isə onunla əsaslandırmışdır ki, sonuncu sinəsini qabağa verərək ona tərəf gələrkən Əlinin daha canlı və qussəli olduğu üçün özünü müdafiə etmək xarakteri daşıyır. Onlar həmin yerdə olarkən kimsə kənar şəxs orada olmamış, Əliyə yerə yıxıldıqdan sonra təpiklə zərbələr vurmamışdır. Həmçinin bildirmişdir ki, o, hadisəni xuliqanlıq və ya cəmiyyətə hörmətsizlik niyyəti ilə etməmiş, istintaq orqanı isə həmin xüsusatları nəzərə almadan ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə əsassız ittiham elan etmişdir. Göstərilən halları nəzərə alaraq onun əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışdığı üçün barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin zərərçəkən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində və mübahisənin zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmasına baxmayaraq, onun hərəkətlərinin xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirlib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, X6, anası X10, qardaşı X3, bacısı X1 ilə birlikdə yaşadığını, Azərbaycan Dövlət Pedoqoji Universitetin kimyə-bioloqiya fakültəsinin, kimya müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi olduğunu, tələbə yoldaşı Təqsirləndirilən şəxs ilə daha əvvəllər aralarında heç bir mübahisə, düşmənçilik və şəxsi ədavətin olmadığını, təhsil aldığı Universitetinin 1801B qrupunun tələbələrinin “whatsapp” sosial şəbəkəsində qruplarının olduğunu, həmin qrupda dərsə aid elanlar və dərs ilə əlaqədar məsələləri müzakirə etdiklərini, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində həmin qrupda tələbə yoldaşları onlayn dərs proqramının şifrəsini tapmaqla əlaqədar müzakirələr etdiklərini, müzakirələr zamanı qrup yoldaşı Təqsirləndirilən şəxs qrup nümayəndəsi Lalə Əhmədovaya çox saylı lüzumsuz suallar verdiyindən və hər dəfə buna görə mobil telefonuna bildiriş gəldiyindən qrupda Nurəddinə bütün bu suallarla əlaqədar Lalə Cəfərova ilə şəxsi çatda danışmaqlarını söyləyərək öz narazıçılığını bildirdiyini, Təqsirləndirilən şəxs tərəfindən isə ona hansı məqsədlə bu cür onunla aqressiv formada irad bildirməsini soruşduqda o, onunla görüşüb aydınlıq gətirəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Sonradan qrup nümayəndələri Lalə Cəfərova onların mübahisə etdikləri üçün hər ikisini qrupdan xaric etdiyini və onların artıq qrupda heçnə yaza bilmədiklərini, bundan sonra o, Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək niyə ona qarşı bu qədər aqressif olmasının səbəbini, telefonda bir-biriləri ilə qrupda baş verənləri müzakirə etdiklərini, müzakirə edən zaman Nurəddinin onunla niyə qrupda kobud danışmasını ona irad bildirdiyini, danışan zaman Nurəddinlə görüşüb müzakirə etməklərinə dair razılığa gəldiklərini, sonra isə xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində o, Nurəddinlə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının qarşısında görüşdüklərini, hər ikisinin söhbət etməyə tək gəldiklərini, metronun qarşısında görüşdükdən sonra onun Təqsirləndirilən şəxs “burada adam çoxdur, gəl kənara adam olmayan yerə gedək və söhbətimizi edək" sözlərini söylədiyini və onların piyada ünvan 1 ünvanında yerləşən evin qarşısına gəldiklərini, həmin vaxt onların gəldiyi yerin qaranlıq olduğunu və ətrafda heç kəsin olmadığını, həmin yerə çatdıqdan sonra Nurəddin tərəfindən heç bir əsaslı səbəb olmadan qəfildən sağ əli ilə bir dəfə onun sifətinin sol nahiyəsindən möhkəm zərbə vurduğunu, zərbənin təsirindən onun müqavimətini itirərək yerə yıxıldığını, həmin zaman Nurəddinin qaçaraq oradan uzaqlaşdığını və sonradan iki nəfər şəxsin ona yaxınlaşaraq ayağa qalxmağa və üstünü təmizləməyə kömək etdiklərini, həmin şəxslərin kim olduğunu bilmədiyini, daha öncə tanımadığını, hadisə yerində ona yaxınlaşan şəxslərin köməyi ilə üst-başını təmizlədikdən sonra onlara təşəkkür etdiyini və yoldan tanımadığı taksiyə minərək yaşadığı evə getdiyini, evə gəldikdən sonra kəskin ağrılarının olduğuna görə atası Yalçının onu xəstəxanaya apardığını, xəstəxanada ilkin müayinədən sonra ona burun əməliyyatı ediləcəyini söylədiklərini, növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə burnundan əməliyyat olunduğunu, və hadisə ilə bağlı atası Yalçının DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, dava-dalaş təxminən 5 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs onun yalnız üz nahiyəsindən bir dəfə vurmuş, zərbənin gücündən o, yerə yıxıldıqdan sonra isə Təqsirləndirilən şəxs oradan qaçaraq uzaqlaşmışdır. Hadisə zamanı orada əlavə şəxslər olmamış yalnız o, yerə yıxıldıqdan sonra iki nəfər şəxs ona yardım etmək üçün yaxınlaşmışdır. Hazırda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir tələb, şikayət və mülki iddiasının olmamasını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, müxtəlif yerlərdə tikintilərdə fəhlə kimi işlədiyini, xx.xx.2020-ci il tarixdə saat 23:50 radələrində oğlu Zərərçəkmiş şəxs yaşadıqları evə gələn zaman sifətinin qan içərisində, burnunun əyilmiş, almacıq sümüyünün isə içəri batmış vəziyyətdə olmasını gördüyünü, oğlu Əlidən nə baş verdiyini soruşan zaman onun qrup yoldaşı Təqsirləndirilən şəxs ilə tələbə yoldaşlarından ibarət "whatsapp” sosial şəbəkəsində olan qrupda bir-biri ilə kobud danışmaqları səbəbindən aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs ilə Bakı şəhərin, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında olan qaranlıq və adamların olmadığı yerdə savaşarkən xəsarət yetirməsini söylədiyini, oğlu Əlinin sifətinin qan içərisində olduğundan, burnunun əyildiyindən və ağrı hiss etdiyindən həmin vaxt sonuncunu xəstəxanaya apardığını, ilkin müayinə zamanı oğlu Əlinin burnunun əməliyyat olunmalı olduğunu söylədiklərini, buna görə də xx.xx.2020-ci il tarixdə səhər saatlarında oğlunun burnundan əməliyyat olunduğunu, onun səhhətində bu cür problemin olmasını görüb hadisənin təsirindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat verdiyini, növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə ərizə verdiyini və Əlinin iştirakı ilə hadisə yerinə baxış keçirdiklərini bildirdi. Cinayət işinin 96-98-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə barədə haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 17-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 762 saylı rəyindən görünür ki, R.M.Quliyevin bədənində aşkar olunmuş xəsarətlər burun sümüyünün qapalı yerdəyişmiş sınığı, sol almacıq və sol əng sümüklərinn sınıqları, sol göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı gişasına qansızma ilə müşaiyət olunan qançır-şişkinliyi (hematoması), alın, sol əl və sol diz oynağı nahiyəsinin sıyrıqlarıdır və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az aqır zərər vurmaya aiddirlər. Cinayət işinin 52-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayandır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir mülki iddiası və şikayəti yoxdur, ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında olan xuliqanlıq niyyətini göstərməklə kifayətlənmiş, lakin təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq niyyəti ilə törətməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ehtimallar əsasında ittiham elan etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda Təqsirləndirilən şəxs əməlini tövsif edərkən hadisənin xx.xx.2020-ci il tarixdə saat 22 radələrində həmin qrupda onlayn dərs proqramının şifrəsini tapmaqla əlaqədar müzakirələr olduğunu, həmin proqramdan istifadədə müəyyən çətinliklərin yarandığı üçün Təqsirləndirilən şəxs həmin qrupda çox saylı suallarını yazaraq, tələbə yoldaşlarının ona köməklik etməsini istədiyini, müzakirələr zamanı onun qrupda suallar yazdığı üçün Zərərçəkmiş şəxs ona öz narazıçılığını bildirdiyini, bütün bu məsələləri şəxsidə müzakirə etməklərini ona söylədiyini, Zərərçəkmiş şəxs hansı məqsədlə bu cür aqressiv formada ona irad bildirməsini soruşduqda Zərərçəkmiş şəxs onun harada olmasını öyrənərək həmin yerə öz təşəbbüsü ilə getməsini və aralarında mübahisə yaranmasını nəzərə almamışdır. Bununla da tərəflər arasında yaranmış mübahisə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə sonuncunun təhriki ilə onların arasında olan şəxsi münasibətlər zəminində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyəti kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikasının CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təhriki nəticəsində baş verməsini, onun hərəkətləri sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzarə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 127.1-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normaya əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.8, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-129/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-129/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver