Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-129/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, işləməyən, subay, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 40-da qeydiyyatda olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı ilə həmin hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş 02 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,321 qram narkotik vasitə olan heroini 20 manata əldə edib özündə saxlayaraq daşımış və həmin günü saat 13:50-də ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli iç kağızına bükülmüş bir ədəd bükümdə bu narkotik vasitə aşkar edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində yaşadığı evdən çıxıb mağazaya gedərkən Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları onu saxlayaraq bölməyə gətirmiş, orada döyülərək isgəncəyə məruz qalmış, o da ağrılara dözməyib guya üzərindən heroin aşkar olunmasına dair sənədlərə qol çəkmişdir. Lakin işgəncəyə məruz qalması ilə bağlı heç bir orqana şikayət etməmiş, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə döyülməsi barədə məlumatı istintaq təcridxanasına vermişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 şahid qismində ifadəsində göstərdi ki, bölmənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid1la birlikdə 08.11.2021-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən saat 13:50 radələrində Nəsimi rayonu, M.Əlizadə küçəsi, 40 saylı binanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış, özlərini təqdim edərək ondan üzərində hər-hansı qanunsuz əşyanın olub-olmamasını soruşmuşlar. Həmin şəxs də narkotik aludəşisi olduğunu söylədiyinə görə onlar onu bölməyə dəvət etmiş və orada onun Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bölmədə F.Cəfərovun üzərində axtarış aparılan zamanı sonuncu tünd göy rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli iç kağızına bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 08.11.2021-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən sonuncu əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibində olan bükümü təqdim edərək onun içində “kokos” olduğunu və onu həmin günü “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirir (İ cild, i.v.44-50, disk); “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs ifadələrində göstərir ki, ağrıları olduğu üçün narkotik vasitə olan heroindən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri mütamadi olaraq “Papanin” adlanan ərazidən tanımadığı şəxslərdən almışdır. 08.11.2021-ci il tarixdə, səhər saat 10 radələrində “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün almışdır. 08.11.2021-ci il tarixdə saat 13:50-də yaşadığı ünvan 3 ünvanın qarşısında dayanan zaman mülki formada olan iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və onu 20-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ........o, könüllü olaraq üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra o masaya yaxınlaşaraq əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindəki siqaretin gümüşü rəngli iç kağızına bükülmüş bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümü açdıqda isə onun içində tünd qəhvəyi rəngli maddə olan bükümü, yəni heroini iştirakçılara təqdim etmişdir....Saxlanılarkən polis əməkdaşları ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərməmişdir (İ cild, i.v.61-62, 80-81); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 09.11.2021-ci il tarixli, 6/4955 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs:....Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,321 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,271 qram, aparılmış tədqiqatın dəyəri 81,82 manat təşkil edir (İ cild, i.v.55-57); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında 22.12.2021-ci il tarixli, 5248 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.123-124); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 4(006)- 491/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Qərarda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, qeyri-insani rəftara məruz qalmadığı, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini söyləməsi qeyd olunmuşdur (İ cild, i.v.91-95); 15.12.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,271 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.109-110); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23.11.2021-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı ilə həmin hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş 02 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 23.09.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır (İ cild, i.v.103, 106-108); Bakı İstintaq Təcridxanasının 01.03.2022-ci il tarixli, 17/38-1405 saylı məktubu və ona əlavə edilmiş tibbi kitabçanın surətinə əsasən Təqsirləndirilən şəxs 11.11.2021-ci il tarixdə təcridxanaya daxil olmuş, ilkin tibbi müayinədən keçirilən zaman bədəninin dəri səthində yeni xəsarət aşkar olunmamış, hər iki yuxarı ətrafda postinyeksion trofiki yara müşahidə edilmiş, Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər-hansı müraciətə rast gəlinmir, eyni zamanda onun barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir, əksinə olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, qeyri-insani rəftara məruz qalmadığını, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini söyləyir. Həmçinin, 11.11.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olduğu zaman ilkin tibbi müayinədən keçirilərkən onun bədənində hər-hansı yeni xəsarətin aşkar olunmaması müəyyən edilir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da bir şəxs ictimai təhlükəlilik dərəcəsinə malik olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməli, cəzasının əvvəli həbsə alındığı andan – 08 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,271 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 81,82 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,271 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-129/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-129/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver