Məhkəmə qərarları › İş №1(006)-129/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-129/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-129/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: "Xəzər Konsaltinq" Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, “X2” QSC-də quyuların əsaslı təmiri üzrə qazmaçı işləyən, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Şamil Əzizbəyov küçəsi, ev 203, mənzil 10-da qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 5,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 16:30-da ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü cinayət əməlində təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər bir müddət marixuana istifadə etmiş və sonuncu dəfə onu təxminən 01 qram çəkidə sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsdən 25 manata əldə etmişdir. 13 avqust 2024-cü il tarixdə, saat 16:30 radələrində yaşadığı ünvan tərəfdə saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. Lakin polis əməkdaşları onda olan bükümü daha böyük bükümlə əvəz edərək çəkiliş zamanı ona deyilən sözlərin təkrarlanmasını istəmiş, əks halda ailə üzvlərinə narkotik istifadəçisi olması barədə məlumat verəcəyini söyləmişlər. Ona təzyiq göstərildiyinə və təhdid edildiyinə görə məcbur qalaraq deyilənləri qəbul etmişdir. Narkotik asılığından qurtulmaq üçün reabilitasiya mərkəzində müalicə kursu keçmiş və bununla bağlı sağlamlıq arayışı da mövcuddur. Ona ən yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 13 avqust 2024-cü il tarixdə iş yoldaşı X4 ilə birlikdə Nəsimi rayonu ərazisində Fərid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. Bu məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Ak.Şamil Əzizbəyov küçəsi, ev 203, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. 13 avqust 2024cü il tarixdə, saat 16:30-da Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, 203 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncuya məsələ haqqında məlumat verib onu polis idarəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, sol yan cibindən 10 manat pul, mobil telefon və “Bakı” kartı, 01 ədəd qara qutunu və bank kartını çıxarıb masanın üzərinə qoymuş, bükümün içərisində marixuana olduğunu, onu xx.xx.2024-cü il tarixdə sosial şəbəkə vasitəsilə 70 manat pul göndərdikdən sonra “Koala” parkda ona deyilən yerdən götürdüyünü bildirmişdir. Bu şəxsə qarşı heç bir psixi və ya sair zorakı hərəkət olunmamış, heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanda bükümü, sol yan cibindən 10 manat pul əskinasını, “Bakı” kartını, bir ədəd mobil telefonu, bir ədəd üzərində “OCB” yazısı olan içərisində qara rəngli qutunu, bir ədəd bank kartını çıxararaq masanın üzərinə qoyur. O bükümün içərisində marixuana olduğunu, onu xx.xx.2024-cü il tarixdə internet vasitəsilə 70 manata “Koala” parkda ona deyilən yerdən götürdüyünü bildirir. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.32-35); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1353 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 5,72 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 5,7 qram, aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir (İ cild, i.v.51-53); • “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs əks olunmuş ifadəsinə əsasən o, özünü təqsirli bilərək qeyd etmişdir ki, uzun müddətdir narkotik vasitə marixuana qəbul etdiyi üçün 12 avqust 2024-cü il tarixdə internet vasitəsi ilə tanımadığı və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən öz istifadəsi üçün marixuana istəmişdir. Həmin şəxs bunun üçün onun hesabına 70 manat pul köçürməyi bildirmiş, o da “M10” vasitəsi ilə 70 manat pul göndərmiş və daha sonra ona deyilən yerdən, yəni “Koala” parkdan həmin narkotiki götürmüşdür. 13 avqust 2024-cü il tarixdə, saat 16:30 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və ona narkotik vasitə qəbul etməkdə, saxlamaqda və özünü narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirmişlər. O da səmimi olaraq üzərində narkotik vasitə olduğunu demiş və onu İdarəyə dəvət etmişlər. Orada onun üzərinə videoçəkilişlə axtarış aparılmış, bu zaman o, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan bükümü və s. çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmişdir (İ cild, i.v 73-76); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 5574 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.103-104); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.22, 80-83); • “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,7 qram çəkidə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdır (İ cild, i.v 90); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.93); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü uşağı var (cild İİ). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadəsi, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər-hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasının yüngülləşdirən halın olmasını, üzərindən aşkar olunan narkotik vasitənin növünün və miqdarını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini və onun sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 5,7 qram qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 72 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Şamil Əzizbəyov küçəsi, ev 203, mənzil 10-u hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 5,7 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar