Məhkəmə qərarları › İş №1(006)-13/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-13/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-13/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və X3, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1949-cu il tarixdə Qazaxıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 20 noyabr 2012-ci il tarixli hökmü 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs3 Heydər Əliyev adına X10 yerləşən karqo şirkətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 28 may 2018-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında 800 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünü karqo şirkətində işləyən şəxs kimi təqdim edib işlədiyi şirkətdən ucuz qiymətə paltaryuyan maşın və televizor alacağına dair yalan vəd verib aldadaraq, bu adla 13 iyun 2018-ci il tarixdə sonuncunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 90 saylı evdə 2300 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu “Elmlər Akademiyası metrostansiyası”nın yaxınlığında inşa edilən "xxxx" yaşayış kompleksində yerləşən 70 kv/metr sahəsi olan 72000 manat dəyərində mənzilin kredit yolu ilə alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunmuş qəsdlə 24 iyun 2018-ci il tarixdə sonuncunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 90 saylı evdə 9700 manat, 28 iyun 2018-ci il tarixdə həmin ünvanda zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 1900 manat dəyərində 38 qram çəkidə qızıl boyunbağını, 1 ədəd 1450 manat dəyərində 29 qram çəkidə qızıl boyunbağını, 3000 manat dəyərində üzərində ağ qızılla işlənmiş damcı formasında brilyant sırğa, üzük və bilərzikdən ibarət dəsti, 3200 manat dəyərində sarı qızılla işlənmiş damcı formalı sırğa, üzük və bilərzikdən ibarət qızıl dəsti, 3200 manat dəyərində üzərində brilyant qaş, mərkəzində zümrüd qaş olan üzük və sırğadan ibarət dəsti, 1 ədəd üzərində brilyant qaşı olan 1000 manat dəyərində qızıl üzüyü, 1 ədəd 800 manat dəyərində üzərində brilyant qaşlar olan qızıl üzüyü, 1 ədəd 200 manat dəyərində 3,05 qram çəkidə ağ qızıldan hazırlanmış boyunbağını, 1 ədəd 250 manat dəyərində 4,015 qram çəkidə qızıl boyunbağını alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 24700 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı X5 ipoteka yolu ilə 72000 manat dəyərində mənzilin alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunmuş qəsdlə 2018-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən “Koroğlu” parkının qarşısında 2000 manat, 29 iyun 2018-ci il tarixdə həmin ünvanın qarşısında 3500 manat və 30 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 197E ünvanında yerləşən “Ağ Çiçəyim” gül salonunun qarşısında zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 2000 manat dəyərində 30 qram çəkidə 585 əyarlı qızıl boyunbağını və 1 ədəd 1000 manat dəyərində 20 qram çəkidə 585 əyarlı qızıl boyunbağını alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs X5 ümumilikdə 8500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs3 qonşuluq münasibətləri zəminində tanımış və Zibeydə ilə ümumi məhəllədə həyət evində yaşamışdır. Zərərçəkmiş şəxs3 qonşusu Yusifin evini ona 170 manat məbləğində pul müqabilində kirayəyə vermişdir. O, Zibeydəyə rəsmi işləmədiyini, lakin X7 Karqodan mal çıxartdığını və ayda 800 manat məbləğində gəliri olduğunu bildirmişdir. Zibeydə ondan onu işə düzəltməyini xahiş etmiş və o, Zərərçəkmiş şəxs3 X10 yerləşən karqo şirkətinə işə düzəldəciyini vəd verərək bunun müqabilində ondan 3000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs3 ona 3000 manat pulu olmadığını bildirmiş, o isə Zibeydəyə bəri başdan 1000 manat verərək işə girdikdən sonra yerdə qalan 2000 manat pulu hissə-hissə verə biləcəyini demişdir. O, Zibeydəni inandırmışdır ki, iş yerindən ona maaş kartı veriləcək və hər ay 800 manat əmək haqqı alacaq. Zərərçəkmiş şəxs3 800 manat pulu 28 may 2018-ci il tarixdə gündüz saat 12 radələrində yaşadıqları ünvan 4 ünvanın həyətində ona vermişdir. O, Zibeydədən pulu alanda sonuncuya iyul ayının 5-də işə çıxacağını bildirmişdir. Bundan sonra o, kirayə qaldığı ünvanı dəyişərək başqa yerə köçmüşdür. Bundan başqa o, Zərərçəkmiş şəxs1 Nəsimi rayonunda yaşadığı üçün qonşuluq münasibətləri zəminində tanımışdır və əlaqələri yaranmışdır. 13 iyun 2018-ci il tarixdə o, Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmiş və ona ucuz qiymətə X1 şirkətindən televizor və paltaryuyan maşın almaq adı ilə 2300 manat pulu Rozadan evlərində olan zaman almışdır. 24 iyun 2018-ci il tarixdə axşamüstü o, yenidən Zərərçəkmiş şəxs1 yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs1 ona həmin ünvanda ev alması və onu işə düzəltməsi üçün 9700 manat məbləğində pul vermiş, 28 iyun 2018-ci il tarixdə isə bir ədəd 38 qram 1900 manat dəyərində “rekert” tipli boyunbağı, bir ədəd 29 qram çəkidə 1450 manat dəyərində “rekert” tipli boyunbağı, bir dəst üzərində ağ qızılla işlənmiş damcı formasında 3000 manat dəyərində brillyant qarnitur sırğa, üzük, bilərzik, kolye dəsti, bir dəst sarı qızılla işlənmiş damcı formalı 3200 manat dəyərində qarnitur sırğa, üzük, bilərzik, kolye dəsti, bir dəst 3200 manat dəyərində brillyant qaşlarla ortasında zümrüd qaşla üzük sırğa dəsti, bir ədəd brillyant qaşlı 1000 manat dəyərində enli nişan üzüyü, bir ədəd 800 manat dəyərində nişan üzüyü brillyant qaşlarla, ağ qızıldan 3.015 qram boyunbağı- 200 manat dəyərində, 4.015 qram sarı qızıldan boyunbağı 250 manat dəyərində olmaqla, ümumilikdə 15.000 manat dəyərində qızılları ona vermişdir. O da öz növbəsində Rozaya söz vermişdir ki, Zərərçəkmiş şəxs1 "xxxx" kompleksində iki mənzili iyul ayının 5-nə qədər təşkil edəcək. Ancaq bundan sonra o, Zərərçəkmiş şəxs1 verdiyi vədləri yerinə yetirməmiş və telefonlarını söndürərək kirayədə yaşadığı ünvanı dəyişmişdir. Bundan başqa, o, X9 ilə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Edelveys” gül salonunun arxasındakı ev alqı-satqısı ofisində tanış olmuşdur. O, Khadijaya yaxınlaşmış, Tibb Universitetinin yaxınlığında bir tanışının evi olduğunu, həmin evi Khadija Goradalovaya kirayəyə verə biləcəyini qeyd etmişdir. Goradalova Khadija telefon nömrəsini ona vermiş, bundan sonra o, Khadijaya bir həftə sonra zəng vurmuş, Khadija Goradalova isə artıq özünə kirayə ev tapdığını, buna görə də ev lazım olmadığını bildirmişdir. Khadija Goradalova ona söz arası ipoteka ilə ev almaq istədiyini bildirmişdir. O, Khadijaya qaynının oğlunun bina evləri tikdiyini və ev almaqda sonuncuya kömək edə biləcəyini demişdir. Khadija Goradalova bir neçə dəfə onun Nəsimi rayonu ərazisində yerləşən Travmotologiya institutunun yaxınlığındakı ümumi həyətdə kirayə yaşadığı evə gəlmişdir. O demişdir ki, Khadijaya ipoteka ilə evi 72.000 manata almağa kömək edə bilər. O, ilkin ödəniş ödəyəcəyini, daha sonra hər ay 500 manat ödəyəcəyini Khadija Goradalovaya bildirmişdir. O, Khadijadan şəxsiyyət vəsiqəsinin surətini istəmiş və eyni zamanda 2000 manat da istəmişdir ki, guya ilkin ödəniş kimi evə görə kassaya köçürəcək. Khadija Goradalova 2018-ci ilin iyun ayında Nəsimi rayonu Bakıxanov küçəsində yerləşən “Koroğlu” parkında onunla görüşərək pulu ona vermişdir. Khadija Goradalova şəxsiyyət vəsiqəsinin surətinin arasına 2000 manat pul qoyaraq ona vermiş, o da həmin pulu alaraq “Elmlər Akademiyası” metrosuna getdiyini, orada ilkin ödəniş edəcəyini demişdir. Bundan sonra isə o, Khadija ilə həmin gün danışaraq pulu artıq kassaya ödədiyini demişdir və 2-ci dəfə ondan 3500 manat istəmişdir. Khadija Goradalova 3500 manat pulu 29 iyun 2018-ci il tarixdə yenə “Koroğlu” parkında ona vermişdir. Həmin ünvanda Təqsirləndirilən şəxs tək oturmuş, pulu saymadan Khadija Goradalovadan götürərək ona inandığını bildirmişdir. Bundan sonra o Khadijadan əlavə 2000 manat pul istəmişdir. Khadija Goradalova ona pulu olmadığını bildirmişsə də, o Khadijaya pulu mütləq verməli olduğunu demişdir. X2 qızıllarını verə biləcəyini demişdir. O qeyd etmişdir ki, X10 karqoda işləyir, qızılları ora qoyaraq pul götürə bilər. Bundan sonra Khadija 30 iyun 2018-ci il tarixdə ona Nəsimi rayonu ərazisində yerləşən “Ağ çiçəyim” gül mağazasının qarşısında 3000 manat dəyərində 50 qram özünə məxsus 585 qram problu iki ədəd boyunbağını vermişdir. Boyunbağının biri 30 qram çəkidə 2000 manat dəyərində “rekert” boyunbağı, ikincisi isə enli toxunuşlu gül naxışlı, çəkisi 20 qram olan 1000 manat dəyərində boyunbağı olmuşdur. O, heç qızıllara baxmadan qızılları çantasına qoymuş və Khadijaya söz vermişdir ki, iyulun 5-də artıq X9 evə köçəcək. Qızılları alandan sonra o, telefonu söndürmüş və Goradalova Khadijaya cavab verməmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını, həmçinin yaşlı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarla ümumi məhəllədə həyət evində yaşamışdır. Onlar 2018-ci ilin may ayında qonşuluq münasibətləri zamanı tanış olmuşlar. O, qonşusu Yusifin evini Təqsirləndirilən şəxs 170 manat məbləğində pul müqabilində kirayəyə vermişdir. Bahar adlı qadın özünü ətrafdakılara dinli, imanlı biri kimi göstərmişdir. Təqsirləndirilən şəxs ona rəsmi işləmədiyini, lakin X7 karqodan mal çıxartdığını və ayda 800 manat məbləğində gəliri olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünə sürücü tutduğunu qeyd etmiş, o da Baharın hündür, markasını bilmədiyi avtomobillə gəlibgetdiyini gördüyündən sözlərinə inanmışdır. O, Təqsirləndirilən şəxs onu işə düzəltməyini xahiş etmiş və Bahar onu Hava Limanında yerləşən karqo şirkətinə işə düzəldəciyini vəd verərək bunun müqabilində ondan 3000 manat pul istəmişdir. O, Bahara 3000 manat pulunun olmadığını bildirmişdir. Cavab olaraq Bahar ona bəri başdan 1000 manat verməyini, işə girdikdən sonra isə maaşından hissə-hissə 2000 manat pulu verə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs onu iş yerindən ona maaş kartı veriləcəyinə və hər ay 800 manat əmək haqqı alacağına inandırmışdır. O da buna sevinərək həvəslənib 800 manat pulu 28 may 2018-ci il tarixdə gündüz saat 12 radələrində yaşadıqları ünvan 4 ünvanın həyətində Təqsirləndirilən şəxs vermişdir. Bahar pulu alan zaman ona iyul ayının 5-də işə çıxacağını bildirmişdir. O, həmin tarixədək gözləmiş, lakin təxminən 1 ay sonra Baharın qəfildən çıxıb getdiyini bilmişdir. O, Baharın istifadəsində olan ***-***-**-** GSM nömrəsinə dəfələrlə zəng etsə də, sonuncunun telefonu bağlı olmuşdur. Bundan sonra, Roza adlı qadın onun yaşadığı həyətə gəlmiş və Baharı soruşmuşdur. O isə Baharın qaçıb getdiyini və ondan da 800 manat pul aldığını bildirmişdir. Bu zaman Roza adlı xanımın halı pisləşmiş və o, Rozadan nə olduğunu, niyə belə narahat olduğunu soruşduqda, Roza adlı qadın Baharın onu da aldadaraq 27.000 pul və digər zinət əşyalarını apardığını, indi isə telefonlara cavab vermədiyini bildirmişdir. Ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, tanışı Khadija Goradalova 2018-ci ilin iyun ayının təxminən 3-də ona Bahar adlı bir qadınla tanış olduğunu və həmin qadının Khadija Goradalovaya yeni tikili binadan ev almaq vədini verdiyini demişdir. Khadija Goradalova bildirmişdir ki, Təqsirləndirilən şəxs “Elmlər Akademiyası” metrosunun yaxınlığında "xxxx" MTK-nın tikdiyi 70 kvadrat metri 72.000 manata verir. O da öz növbəsində Khadija Goradalova kimi kirayə yaşadığı üçün ucuz ev almaq təklifini özünə sərfəli bir fürsət bilmiş və evi ilkin ödəniş edib alaraq qalan pulu hissə-hissə ödəməklə öz evinin olması arzusuna düşmüşdür. Khadija Goradalova onu Bahar adlı qadınla tanış etmiş və o, Baharı öz evində iftar süfrəsinə dəvət etmişdir. Həmin ünvanda olan zaman Khadija ilə Bahar öz aralarında Khadijaya ev almaq barədə söhbət etmişlər. Yemək yeyəndən sonra Bahar onunla da söhbət etmiş və ona 5-ci mərtəbədən 70 kv/metr ev təşkil edə biləcəyini, qızının qayınının bina tikintisinin sahibi olduğunu demişdir. Bahar adlı şəxs onu evin 72.000 manat dəyərində olduğuna və iyul ayının 5-də həmin evə köçəcəyini inandırmış və ilkin ödəniş kimi 12.000 manat verməli olduğunu, çox ödəniş etdiyi təqdirdə ona iki ev düzəltmək imkanı olacağını bildirmişdir. O düşünmüşdür ki, həmin evlərdən birini kirayəyə verər, digər evdə isə özü yaşayaraq kirayə pulu verməz və kirayədən gələn gəlirlə hər ay evin pulunu verər. Bundan sonra o, Khadija Goradalova ilə Baharın eyni həyətdə kirayə yaşadığı ünvan 5 ünvanına getmişdir. O, həyətin ümumi həyət olduğunu görüb Bahar adlı şəxsdən niyə belə şəraitsiz bir yerdə ümumi istifadədə olan həyətdə yaşadığını soruşmuş və cavab olaraq Bahar adlı qadın özünə həyət evi tikdirdiyini, bina evində yaşaya bilmədiyini, burada da müvəqqəti olaraq yaşadığını demişdir. Bahar adlı şəxs onu qohumlarının tikintidə işlədiyinə və bu səbəbdən də oradan ev almağın rahat olacağına arxayın etmişdir. Həmin ərəfədə onun qızı Xədicə nişanlanmışdır. O, adət ənənələrə uyğun olaraq oğlanın ailəsinin yeni evinə hədiyyə olaraq paltaryuyan və televizor almaq istəmişdir. Bu zaman Bahar adlı qadın ona karqodan ucuz qiymətə 900 manata paltaryuyan maşın, 1400 manata televizor gətirəcəyi barədə söz vermişdir. 13 iyun 2018-ci il tarixdə Bahar adlı qadın onun yaşadığı ünvana gəlmiş və o, 2300 manat pulu Bahar adlı qadına yaşadığı ünvanda vermişdir. 24 iyun 2018-ci il tarixdə Bahar adlı qadın axşam saatlarında yenidən onun yaşadığı ünvana gəlmişdir. O, Bahara öz evində yəni, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 90 ünvanında 9.700 manat məbləğində pulu vermişdir. Bahar adlı qadın onu inandırmışdır ki, nə qədər çox pul versə bir o qədər faizindən çıxılır və ona nəticədə iki ədəd iki otaqlı mənzil vermək imkanı yaranır. 28 iyun 2018-ci il tarixdə o, bir ədəd 38 qram 1900 manat dəyərində “Rekert” tipli boyunbağı, bir ədəd 29 qram çəkidə 1450 manat dəyərində “Rekert” tipli boyunbağı, bir dəst üzərində ağ qızılla işlənmiş damcı formasında 3000 manat dəyərində brillyant qarnitur sırğa, üzük, bilərzik, kolye dəsti, bir dəst sarı qızılla işlənmiş damcı formalı 3200 manat dəyərində qarnitur sırğa, üzük, bilərzik, kolye dəsti, bir dəst 3200 manat dəyərində brillyant qaşlarla ortasında zümrüd qaşla üzük sırğa dəsti, bir ədəd brillyant qaşlı 1000 manat dəyərində enli nişan üzüyü, bir ədəd 800 manat dəyərində nişan üzüyü brillyant qaşlarla, ağ qızıldan 3.015 qram boyunbağı - 200 manat dəyərində, 4.015 qram sarı qızılnan boyunbağı 250 manat dəyərində - ümumilikdə 15.000 manat dəyərində qızıl zinət əşyalarını Bahara vermişdir. Bahar ona söz vermişdir ki, ona həmin "xxxx" kompleksində iki mənzili iyul ayının 5-nə qədər təmin edəcəkdir. Ancaq bundan sonra Təqsirləndirilən şəxs nə paltaryuyan maşın, nə televizoru gətirmiş, telefonlarını bağlayıb kirayədə yaşadığı ünvanı dəyişmiş, həmin vaxtdan da o Baharı tapa bilməmiş və aldadıldığını başa düşmüşdür. Daha sonra ona dəymiş ziyanın bugünədək ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, 2017-ci ilin qış aylarında o, özünə kirayə ev tapmaq üçün Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Edelveys” gül salonunun arxasındakı ev alqı-satqısı ofisinə getmişdir. Burada Bahar adlı yaşlı bir qadınla tanış olmuşdur. Bahar adlı qadın özü ona yaxınlaşmış, Tibb Universitetinin yaxınlığında bir tanışının evi olduğunu və həmin evi ona kirayəyə verə biləcəyini demişdir. O da əlaqəsi nömrəsini Bahara vermişdir. Təxminən bir həftə sonra Bahar ona məxsus əlaqə nömrəsinə zəng vurmuş, o isə artıq özünə kirayəyə ev tapdığını, bu səbəbdən də, ev lazım olmadığını bildirmişdir. Bundan sonra Bahar adlı qadın ona teztez zəng vurmağa başlamışdır. O, söhbət əsnasında Bahar adlı qadına söz arası kirayələrdən canının qurtarması üçün ipoteka ilə ev almaq istədiyini bildirmişdir. Bahar adlı qadın qaynının oğlunun bina evlərinin tikintisi ilə məşğul olduğunu və ev almaqda ona köməklik edə biləcəyini demişdir. O, bir neçə dəfə Bahar adlı qadının kirayədə yaşadığı Nəsimi rayonu ərazisində yerləşən Travmotologiya institutunun yaxınlığındakı ümumi həyətdəki evə getmişdir. Bahar ona ipoteka ilə evi 72.000 manata almaqda köməklik edə biləcəyini demişdir. Bahar ona ilkin ödəniş ödəməli olduğunu və sonraki hər ay 500 manat ödəyərək evə sahib olacağını bildirmişdir. Bahar adlı qadın ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş və eyni zamanda 2000 manat istəyərək ilkin ödəniş kimi guya evə görə kassaya köçürəcəyini bildirmişdir. O, 2018-ci ilin iyun ayında tarixini dəqiq xatırlamadığı vaxtda Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən “Koroğlu” parkında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Bahar həmin yerə qara rəngli “Touareg” markalı avtomobillə gəlmişdir. O, maşında arxada oturmuş, şəxsiyyət vəsiqəsinin surətinin arasına 2000 manat pul qoyaraq maşında oturan Bahara vermişdir. Bahar pulu ondan alaraq “Elmlər Akademiyası” metrosu yaxınığına getdiyini və orada ilkin ödəniş edəcəyini bildirmişdir. Bundan sonra isə Bahar onunla həmin gün danışıb pulu kassaya ödədiyini demiş və ondan 3500 manat pul istəmişdir. O, qohumlarından topladığı 3500 manat pulu 29 iyun 2018-ci il tarixdə yenidən “Koroğlu” parkında Bahara vermişdir. Təqsirləndirilən şəxs pulu saymadan götürərək ona inandığını qeyd etmişdir. Bundan sonra Bahar ondan əlavə 2000 manat pul istəmişdir. O isə Bahara pulunun olmadığını bildirmişdir. Bahar ona pulu mütləq verməli olduğunu demiş və o da məcbur olaraq Bahara özünə məxsus qızıllarını verə biləcəyini demişdir. Bahar ona X10 Karqoda işlədiyini və qızılları ora qoyaraq pul götürə biləcəyini demişdir. Bundan sonra o, 30 iyun 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində yerləşən “Ağ çiçəyim” gül mağazasının qarşısında 3000 manat dəyərində 50 qram özünə məxsus 585 qram problu iki ədəd boyunbağını vermişdir. Boyunbağının biri 30 qram 2000 manat dəyərində “rekert” boyunbağı, ikincisi isə enli toxunuşlu gül naxışlı, çəkisi 20 qram 1000 manat dəyərində boyunbağı olmuşdur. Bahar heç qızıllara baxmadan onları çantasına qoymuş və ona iyul ayının 5-də evə köçəcəyi barədə söz vermişdir. Qızılları alandan sonra Bahar telefonu bağlamış və onun zənglərinə cavab verməmişdir. O, bu barədə Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman sonuncu da Bahar adlı qadına zəng etsə də, zənglərinə cavab verilmədiyini bildirmişdir. Daha sonra ona dəymiş ziyanın bugünədək ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. Təqsirləndirilən şəxs onun anası Zərərçəkmiş şəxs1 qonşuluqlarında yaşayan Khadija Goradalova vasitəsi ilə tanımışdır. Khadija onun anasına Bahar adlı şəxslə tanış olduğunu və həmin qadının X8 Akademiyası metrostansiyasının yaxınlığında 70 kv/metr evin 72000 manata alınmasında köməklik edəcəyi barədə söz verdiyini bildirmişdir ki. Onun anası Zərərçəkmiş şəxs1 da ev almaq məqsədilə Bahar adlı qadınla tanış olmuşdur. Anası Bahar adlı qadınla tanış olmaq üçün sonuncunun evinə getdiyi zaman Bahar onun anası Zərərçəkmiş şəxs1 bildirmişdir ki, X10 karqo şirkətlərinin birində işləyir və Zərərçəkmiş şəxs1 3000 manata karqo şirkətinə işə düzəldə bilər. Bahar adlı qadın həmin işdə anasının 1200 manat əmək haqqı alacağını bildirmişdir. 2018-ci il tarixdə onun anası Zərərçəkmiş şəxs1 Bahar və Khadija Goradalovanı yaşadıqları Nəsimi rayonu, Azadlıq prospekti 90 ünvanına iftar süfrəsinə dəvət etmişdir. Bahar Mehdiyeva anası ilə bir qədər söhbət etmiş və söhbət əsnasında kirayədə yaşadıqlarını öyrənib qızının qayınının ev tikintisi ilə məşğul olduğunu və onlara 72000 manata 5-ci mərtəbədən 70 kv/metr ev təşkil edə biləcəyini, həmin evə 2018-ci ilin iyul ayında köçə biləcəklərini bildirmişdir. Bahar adlı qadın onun anası Zərərçəkmiş şəxs1 ilkin ödəniş kimi 12000 manat pul istəmiş, həmçinin söhbət zamanı bildirmişdir ki, əgər çox ödəniş etsələr, onlara iki ev düzəldə bilər, birini kirayə verərlər, ikinci evdə də yaşayarlar və kirayə verdikləri evdən aldıqları pulu qaldıqları evin aylıq ödənişinə verərlər. Anası əgər ödənişi etmək üçün pulları çatmasa vəziyyət necə olacağını soruşduqda Bahar pul olmasa qızıl verə biləcəklərini demişdir. Həmçinin həmin gün anası Bahara onun nişanlandığını, oğlan evinə bir ədəd televizor və bir ədəd paltaryuyan maşın alıb aparmaq istədiyini bildirmişdir. Bahar adlı qadın da anasına karqodan ona ucuz qiymətə həmin malların qiymətini öyrənəndən sonra həmin əşyaları təşkil edə biləcəyini demişdir. xx.xx.2018-ci il tarixdə Bahar adlı qadın onların yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 90 ünvanına gələrək 2300 manat pulu onun yanında anası Zərərçəkmiş şəxs1 almışdır. Bahar adlı qadın anasına söz vermişdir ki, xx.xx.2018-ci il tarixdə həmin əşyaları avtomobil ilə özü Bərdəyə onun nişanlısının yaşadığı ünvana göndərəcəkdir. Lakin qeyd edilən vaxtda Bahar adlı qadın həmin əşyaları Bərdəyə göndərməmişdir. Hər dəfə Bahar onları müxtəlif bəhanələrlə aldatmışdır. Həmçinin xx.xx.2020-ci il tarixdə Bahar adlı qadın onların yaşadıqları evə yenidən gələrək onlara alacağı evin və anasını düzəldəcəyi işin pulundan istəmişdir. Anası onun yanında Bahar adlı qadına 9700 manat pul vermiş və razılaşmışdır ki, onun nişanından sonra qalan pulu da qızıl formasında verəcəkdir. xx.xx.2018-ci il tarixdə onun nişan mərasimi olmuşdur. Həmin nişandan sonra xx.xx.2018-ci il tarixdə onların yaşadıqları evdə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 90 ünvanında anası bir ədəd 38 qram 1900 manat dəyərində “Rekert” tipli boyunbağı, bir ədəd 29 qram çəkidə 1450 manat dəyərində “Rekert” tipli boyunbağı, bir dəst üzərində ağ qızılla işlənmiş damcı formasında 3000 manat dəyərində brillyant qarnitur sırğa, üzük, bilərzik, kolye dəsti, bir dəst sarı qızılla işlənmiş damcı formalı 3200 manat dəyərində qarnitur sırğa, üzük, bilərzik, kolye dəsti, bir dəst 3200 manat dəyərində brillyant qaşlarla ortasında zümrüd qaşla üzük sırğa dəsti, bir ədəd brillyant qaşlı 1000 manat dəyərində enli nişan üzüyü, bir ədəd 800 manat dəyərində nişan üzüyü brillyant qaşlarla, ağ qızıldan 3.015 qram boyunbağı - 200 manat dəyərində, 4.015 qram sarı qızıldan boyunbağı 250 manat dəyərində - ümumilikdə 15.000 manat dəyərində qızıl zinət əşyalarını Bahara onun yanında vermişdir. Ümumilikdə onun anası Zərərçəkmiş şəxs1 Bahar adlı qadına 27000 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.79-80); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun axtarışı elan edilmişdir; - Məhkəməyə 06 may 2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir; - “Üzləşdirmə haqqında” xx.xx.2021-ci saylı protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha onun dələduzluq etdiyini təsdiq etmişdir (İİ cild, i.v.71-72); - “Üzləşdirmə haqqında” xx.xx.2021-ci saylı protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları B.Y Avanesovanın üzünə qarşı deyərək bir daha onun dələduzluq etdiyini təsdiq etmişdir (İİ cild, i.v.76-78); - “Üzləşdirmə haqqında” xx.xx.2021-ci saylı protokoldan görünür ki, zərər çəkmiş şəxs X9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı K.A.Goradalova ifadəsində qeyd etdiyi xüsusatları B.Y Avanesovanın üzünə qarşı deyərək bir daha onun dələduzluq etdiyini təsdiq etmişdir (İİ cild, i.v.73-75); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 20 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən verilmiş apelyasiya şikayətinin baxılmasına xitam verilmiş və xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v.159-161); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidin ifadələrinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə, məhkəmədə o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 800 manat məbləğində pulunu 28 may 2018-ci il tarixdə, Zərərçəkmiş şəxs1 isə 2300 manat məbləğində pulunu 13 iyun 2018-ci il tarixdə ələ keçirərək dələduzluq etmiş və həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluğa, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, 178.2-ci maddəsi isə eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, təkrar törədilməsinə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət müəyyən edir. Qeyd olunan Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsində müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanması təsbit edilib. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 dələduzluq nəticəsində vurulmuş zərərin məbləği və dəymiş zərərin məbləğinin 2300 manat olduğu epizod üzrə Zərərçəkmiş şəxs1 dələduzluq nəticəsində vurulmuş zərərin məbləği beş min manatdan artıq olmadığından (cinayətlərin təsnifatına görə həmin əməllər böyük ictimai təhlükə törətməyən cinayətə aiddir), Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət təqibinə xitam verilməlidir. Digər əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmədiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, peşman olmasını və yaşlı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 06 may 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 06 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 münasibətdə törədilmiş dələduzluq əməlinə görə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2300 manat maddi ziyan vurmaqla törədilmiş dələduzluq əməlinə görə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar