Məhkəmə qərarları › İş №1(006)-13/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-13/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-13/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yarı tikilidə müvəqqəti yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdə Nəsimi RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 21:05-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ köməkçi cibindən 01 bükümdə təmiz çəkisi 0,508 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21:05 radələrində ünvan 2 ünvanın qarşısında olduğu zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis olmalarını bildirdikdən sonra onu polis idarəsinə dəvət etmiş, orada olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuş, bu zaman həmin prosses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınmışdır. O həmin suala cavab olaraq üzərində psixotrop maddə hesab olunan “metamfetamin” olmasını bildirmişdir. Daha sonra o, masaya yaxınlaşaraq əynində olan qara rəngli cins şalvarın sağ köməkçi cibindəki şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümü açdıqda isə onun içində ağ rəngli kristallik maddə olan bükümü təhqiqata təqdim etmişdir. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndərilmişdir. Bu videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra həmin videogörüntüyə baxılmış və sonra protokol tərtib olunaraq və imzalanmışdır. Daha sonra özünü təqsirli bilərək, hazırda məhkumluğunun olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİnin CAŞ-na daxil olmuş əməliyyat məlumatı tərəfindən raportla Nəsimi RPİ-nin rəhbərliyinə məruzə edilmiş və əməliyyat axtarış tədbirləri keçirilməsi üçün Nəsimi RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş və tədbirlər planı hazırlamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi 37 ünvanın qarşısında dayanaraq daxil olmuş məlumatda bildirilən “Oqtay” adlı şəxsin gəlməsini gözləmiş, təxminən 5 dəqiqə sonra “Oqtay” adlı şəxsin gəldiyini görüb ona yaxınlaşaraq əvvəlcə ondan anket məlumatları barədə soruşmuş, sonuncu onlara Təqsirləndirilən şəxs olmasını bildirdirmiş, daha sonra onu Nəsimi RPİ-yə dəvət etmişlər. İdarənin inzibati binasında olarkən Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Mirdamət Qədirli tərəfindən müdafiəçi təyin edildikdən sonra, mütəxəssisin iştirakı ilə video kamera vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı M.Qədirli Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsi təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan köməkçi cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin başqa bir əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması soruşulduqda o, həmin bükümün içərisində psixotrop maddə olan “metamfetamindir” olduğunu və onu xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində üzdən tanıdığı “Ramil” adlı şəxsdən 8 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf rəngli sellofan büküm zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan köməkçi cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin 24-25-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 88-91-ci vərəqələrində olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi M.M.Ağalarovun xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 154-155-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin 158-159-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və sonuncunun olduğu yer müəyyən edilənə və məhkəməyə gətirələnə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 174-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Metropoliteninin Mühafizəsi üzrə PŞ tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə təhvil verilmişdir. Cinayət işinin 177-178-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 182-183-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 193-195-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması, tutma protokolunun surəti məhkəməyə göndərilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsinə dair məhkəməyə məlumat verilməsi qərara alınmış, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 3-13-51-3/2-532/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİnin 21-ci PB-nə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16- 17/38/2-2057 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 53-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2753 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 186» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,508 qram olan ağ kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamindir. Qeyd: ekspertiza tədqiqatı zamanı melamfetamin təmiz çəkisi 0,508 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,458 qram qalıq qalmışdır. Cinayət işinin 53A vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 125-129-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,458 qram çəkidə psixotrop maddə melamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 3299 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 115-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1)Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə həmin Məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş; 2) Suraxanı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 170.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; 3) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş; 4) Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində narkoloji məcburi müalicə təyin edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin TŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan köməkçi cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin bükümü Yasamal rayon ərazisində üzdən tanıdığı “Ramil” adlı şəxsdən öz istifadəsi üçün 8 manata aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zidd əşya aşkar edilmir. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 07 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2023-cü il tarixində "xxxx" MMCreabilitasiya mərkəzində reabilitasiya keçmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən melamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və hazırda məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, əvvəllərdə eyni tərkibli cinayətə görə məhkum olunmasını, lakin islah olunmamasını, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına üzrsüz səbəbdən gəlməməsini, barəsində xx.xx.2022-ci il tarixdə məcburi gətirmə qərarı, daha sonra xx.xx.2022-ci il tarixdə axtarış qərarı çıxarılararaq iş üzrə icraatın dayandırılmasını, bundan sonra cinayət işinin icraatı təzələnməsini və yenidən məhkəmə iclasına üzrsüz səbəbdən gəlməməsini və xx.xx.2023-cü il tarixdə axtarış elan edilərək barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməsini və iş üzrə icraat dayandırılmasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və axtarışda olan şəxs kimi tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni ümumilikdə 03 (üç) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx.xx.2022-ci il tarixli, 3299 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,458 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 12 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək, axtarışda olan şəxs kimi tutulduğu 16 yanvar 2023-cü il tarixdən 17 yanvar 2023-cü il tarixədək, ümumilikdə 03 (üç) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,458 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar