Məhkəmə qərarları › İş №1(006)-130/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-130/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-130/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1990-cı ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, M.Hüseynov küçəsi ev ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsi 14-cü sıra , A5 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını cibindən gizli çıxararaq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı Metropoliteni QSC-nin «28 May» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından platformada olan sərnişinlərin sıxlığından istifadə edərək minik edən sərnişin Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus dəyəri 480 manat olan bir ədəd «Samsung A32» markalı, **********06773 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 10 manat olan telefon kabrosunu, dəyəri 6 manat olan həmin telefona məxsus ekran qoruyucusunu və hər birinin dəyəri 6 manat olan iki ədəd GSM nömrələri çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 508 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, iş axtarmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 16:20 radələrində metronun “Memar Əcəmi” stansiyasına gəlmiş və oradan metronun “Həzi Aslanov” stansiyasına getmək istəmişdir. Belə ki, o, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında inşa edilən hündür mərtəbəli binalarda fəhlə işi axtarmaq qərarına gəlmişdir. Qatara mindikdən sonra metronun “28 May” stansiyasında qatardan düşmüş və iş axtarma fikrindən daşınaraq yaşadığı evə qayıtmaq istəmişdir. Metronun “28 May” stansiyasında platformada metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarı gözləmişdir. Həmin vaxt platformada çoxlu sərnişin olmuş və platformada sıxlıq yaranmışdır. Həmin vaxt platformada qarşısında dayanmış adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin cibində olan mobil telefon diqqətini çəkmiş və həmin telefonu oğurlamaq qərarına gəlmişdir. O, platformada Zərərçəkmiş şəxs yaxından təqib etmiş və qatarın stansiyada dayanmasından və sərnişinlərin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs arxadan itələməyə başlamışdır. Bundan sonra Sevanə Salayavanın qatara minməsindən istifadə edib onun əynində olan qış gödəkçəsinin sağ yan cibindən mobil telefonunu götürmüş, lakin özü zərərçəkmiş şəxsin mindiyi qatara minməmişdir. O, yenidən metronun “Həzi Aslanov” istiqamətində hərəkət edən qatara minmiş və metronun “Gənclik" stansiyasında qatardan düşüb metrostansiyanı tərk etmişdir. O, metronun “Gənclik” stansiyasından çıxdıqdan sonra oğurladığı telefonun “Samsung A32” markalı mobil telefon olduğunu görmüş və həmin telefonun üzərində olan 2 ədəd mobil nömrəni, ekran qoruyucusunu və bir ədəd aksessuarı çıxarıb metronun “Gənclik” stansiyası yaxınlığında tullamışdır. O, metronun “Gənclik” stansiyasının yaxınlığında olan avtobus dayanacağından “199” nömrəli avtobusa minərək 3-cü mikrorayon ərazisinə gəlmiş və oğurladığı telefonu orada yerləşən mağazaya öz şəxsiyyət vəsiqəsinin surəti əsasında 150 manata satmışdır. O, telefonu mağazaya satan zaman telefonun ailə üzvlərinə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Daha sonra əldə etdiyi pulu şəxsi ehtiyyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə o, təhsil aldığı universitetdən çıxaraq metronun “Sahil” stansiyasına gəlmişdir. Həmin stansiyada metronun “28 May” stansiyası istiqamətində hərəkət edən qatara minmiş və metronun “28 May” stansiyasında qatardan düşmüşdür. Daha sonra metronun “28 May” stansiyasında dayanıb metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarı gözləmişdir. Həmin vaxt ona məxsus olan “Samsung A32” markalı mobil telefonu əynində olan qış gödəkçəsinin sağ yan cibində olmuşdur. O, metronun “28 May” stansiyasının platformasında dayanıb qatar gözləyən zaman platformada çoxlu sayda sərnişin olmuş və sıxlıq yaranmışdır. Metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmış və o, həmin qatara minmişdir. Qatar hərəkətə başlayan zaman o, qış gödəkçəsinin sağ yan cibində olan mobil telefonunun oğurlandığını aşkar etmişdir. Daha sonra, o, baş vermiş oğurluq hadisəsi barədə müavfiq dövlət orqanlarına müraciət etmiş və oğurluğu törədən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 508 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəyən maddi ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli “Götürmə haqqında” protokoldan görünür ki, X1 Seymur Zakir oğlunun adına olan şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Həmin şəxsiyyət vəsiqəsi AZE seriyalı, ******** nömrəlidir. Həmin şəxsiyyət vəsiqəsinin surəti çap olunmuş vərəqələrdə “Oğurluq və girov deyil özümə məxsusdur satıram. “Samsung A32” İMEİ **********6773 tarix xx.xx.2022” yazısı vardır. İş üzrə əhəmiyyət kəsb etdiyindən Bakı Metropolitenində Polis Şöbəsinin İQ-nun baş müstəntiqi Hüseyn Məmmədov tərəfindən götürülmüşdür (i/v 55). İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində metronun «28 may» stansiyasının platformasında sərnişin Zərərçəkmiş şəxs yaxından təqib edərək qatarın giriş hissəsinə tərəf getmiş, Təqsirləndirilən şəxs platformada olan sərnişinlərin çoxluğundan istifadə edərək platformada dayanaraq qatara minən Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibinə əlini daxil edərək «Samsung A32» markalı **********06773 İMEİ kodlu mobil telefonu oğurlamışdır. Təqsirləndirilən şəxs diskə baxış zamanı bildirmişdir ki, Zərərçəkmiş şəxs «Samsung A32» markalı **********06773 İMEİ kodlu mobil telefonu oğurlayan şəxs onun özüdür (i/v 72). İş materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi barədə” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd DVD disk və diskə baxış protokolu maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 84-88). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 83). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-1077/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 39, 78-79). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(004)-101/2023 saylı qərarından görünür ki, 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir (i/v 91-96). Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan 11 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməlini törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsi 14-cü sıra, A5 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd bir ədəd DVD disk və diskə baxış protokolu cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-3217, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsi 14-cü sıra, A5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk və diskə baxış protokolu cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar