Məhkəmə qərarları › İş №1(006)-131/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-131/2021

03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-131/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, azərbaycanlı, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərində zor göstərməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, 18.03.2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanda yerləşən “Hollywood Cinema” istirahət obyektinin qarşısında Zərərçəkmiş şəxs ilə görüşüb onun tanışı Şahid4 Əlisahib qızının ünvanına sosial şəbəkədə nalayiq ifadələr işlətdiyinə görə aralarında yaranmış münaqişə nəticəsində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi üçün Zərərçəkmiş şəxs oradan qaçmış, 18.03.2020-ci il tarixdə saat 15 radələrində yenidən Zərərçəkmiş şəxsla əlaqə saxlayıb görüşə çağıraraq sonuncuya gödəkçəsinin cibində saxladığı cib bıçağı nümayiş edib zor göstərməklə özgənin 300 manat pulunu hədə-qorxu gələrək tələb etmiş, Zərərçəkmiş şəxs pulu olmadığı üçün ona məxsus “Samsung J10” markalı mobil telefonu pul əvəzi satmasını tələb edib onu özü ilə ünvan 3 ünvanda yerləşən “Bakcell” telefon alqı-satqısı mağazasına aparmış, orada zərərçəkmiş şəxsin iştirakı ilə qeyd edilən telefonu özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 105 manata sataraq pulu ələ keçirmiş, yerdə qalan 195 manat puldan 95 manat pulu verməkdən Zərərçəkmiş şəxs azad edərək, digər 100 manat pulu ayın sonuna ona gətirib verməsini hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, Şahid4 Əlisahib qızını 3 ildir ki, tanıyır. Şahid4 onun sevdiyi qızdır və ailəsinin də bundan xəbəri vardır. 17 mart 2020-ci il tarixdə axşam saatlarında Şahid4 ona sosial şəbəkə vasitəsilə yazaraq iş yoldaşı Zərərçəkmiş şəxs ona vvatsp-da yazaraq sevgisini etiraf etməsini, o isə bunun mümkünsüz olmasını, onunla yalnız iş yoldaşı və dost kimi münasibət qura biləcəyini bildirmişdir. Feyruz isə cavabında Xanımı nalayiq ifadələrlə SMS yazaraq təhqir etmişdir. O da, Xanım tərəfindən göndərilən mesajlara nəzər salan zaman həmin şəxsin onun istədiyi qıza nalayiq küçə söyüşləri söydüyünü görmüşdür. O, Xanımdan Feyruzun mobil nömrəsini alıb Feyruza “salam” yazmışdır. Feyruz da cavabında ona zəng etmiş, Feyruza Xanımın sevgilisi olduğunu və nə səbəbə Xanıma təhqir dolu sözlər yazmasını soruşmuş, Feyruz isə ona aqressiv cavab vermiş və “yaxşı edirəm" ifadəsini işlətmişdir. Bundan sonra o, Feyruzu görüşə çağırmış və sonuncu ilə Nəsimi rayonu ərazisində yerləşən “Hollyvvud Cinema” adlı obyektin yerləşdiyi yerə tərəf getmişlər, qaranlıq dalan yerdə o, Feyruzdan yenidən nəyə görə Xanımla söyüşlə danışdığını soruşanda “o qız yaxşı qız deyil” demişdir. Feyruz onun üzərinə gələn zaman şalvarının arxa sol bel nahiyəsində bıçağa bənzər predmet olduğunu görmüş, ehtiyatlandığı üçün Feyruza badalaq gələrək onu başının üzərindən ataraq idman fənni tətbiq etmişdir. Nəticədə Feyruz yerə yıxılmış, o, ondan aralanıb kənara keçmiş, həmin vaxt Feyruz ayağa qalxmış, o, Xanıma öz telefonundan üzr istəməsi barədə sms yazmasını bildirmişdir. Feyruz da Xanıma “üzrlü say, bilmirdim ki, istədiyin oğlan var” sözlərini yazmışdır. Həmin vaxtı yoldan keçən dostu Tural onları görüb onlara yaxınlaşmış, nə məsələ baş verdiyini soruşmuş, bu vaxt Feyruz ona kobud cavab verməyə başlamışdır. Tural isə ona Feyruzun problemli adam olduğunu və onunla mübahisəni sonlandırmasını xahiş etmişdir. Bundan sonra Feyruz ayağa durub səfirlik istiqamətində qaçmışdır. O, isə Turalla orada qalmış, sonra da evə getmişdir. Səhər açılandan sonra saat 13 radələrində o, yenidən Feyruza zəng etmək qərarına gəlmiş, Feyruzun gecə içkili olduğunu hiss edib onunla ayıq başına danışmaq qərarına gəlmişdir. Feyruza zəng vurmuş, onunla görüşməyi təklif etmişdir. Onlar görüşmüşlər o, Feyruzdan gecə baş verənlər barədə danışmış ondan üzr istəmişdir. Feyruz onu hardasa oturub yeyib içməyə dəvət etmiş, o da Feyruzun təklifini qəbul etmiş, Lakin, həmin vaxt Feyruz ona maaş kartı işlədiyi yerdə, yəni “Port Baku”da qalıb və ona görə də ora getmək lazım olduğunu bildirmişdir. O, da Feyruzla birlikdə taksiyə minib sonuncunun iş yerinə, yəni “Port Baku”ya getmişdir. Feyruz “Port Baku”ya daxil olmuş, təxminən 15-20 dəqiqə sonra binadan çıxaraq geri qayıtmış, maaşının hələ köçürülmədiyini bildirmişdir. O, da ona həmin vaxt təklif etmişdir ki, hərə öz evinə getsin. Bu vaxt Feyruz ona demişdir ki, lazım olmayan telefonu var, satmaq istəyir. Feyruz ondan hansı istiqamətə getdiyini soruşmuş, o, “28 may” metrosu istiqamətində getdiyini bildirmiş, sonra telefonu satmaq üçün onunla birlikdə gəlmişdir. Onlar “Port Baku” deyilən yerdən piyada olaraq 28 may metrosuna gəlmişlər. Feyruz mobil telefonu ilə anasının istifadəsində olan telefona zəng edərək problemi olduğunu və anasından pul istədiyini bildirmişdir. Onlar yolda olarkən Feyruz ondan xahiş etmişdir ki, üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə ona telefonu satmaqda kömək etsin. O, da onunla razılaşaraq birlikdə ilk əvvəl 28 may metrosu yaxınlığında yerləşən mağazaya daxil olmuş, onun şəxsiyyət vəsiqəsi ilə telefonunu 105 manata satmışlar, sonra da məşqə gecikdiyi üçün oranı tərk etmişdir. O, Feyruzdan 300 manat pul tələb etmədiyini, onu bıçaqla vuracağı ilə hədələmədiyini, Feyruzu məcbur edib telefonunu satdırmadığını və Feyruzdan 100 manat almadığını bildirərək, barəsində bəraət hökmünün verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayının 17-dən 18-nə keçən gecə Port Baku-da “Glo” elektron siqaret satılan sahədə işləyən Şahid4 ilə “whatsapp" sosial şəbəkəsində danışmış, o, həmin qızla hadisədən təxminən 2 ay əvvəl tanış olmuşdur. Aralarında yaxın dostluq münasibətləri olmuşdur. Həmin gün o, işdən sonra evdə olarkən Xanımla sosial şəbəkədə yazışarkən onunla ciddi münasibət qurmaq istəyini bildirmiş, lakin Xanımın ona kəskin formada etiraz etdiyini görmüş, hissləri ilə oynadığını görüb kobud formada nalayiq söyüş yazmışdır. Həmin gün gecə Abbasov X4 anasının rəfiqəsinin oğlu kimi özünü təqdim etmişdir. “Port Baku-da” işləyib-işləməməsini soruşduqdan sonra “gəlib səni iş yerində altdan-üstdən deşərəm, sabah iş yerinə gələcəm” sözlərini yazmışdır. O, da buna cavab olaraq Təqsirləndirilən şəxs iş yerinə gəlib ona problem yaratmaması üçün Təqsirləndirilən şəxs təklif etmişdir ki, iş vaxtından kənar görüşə bilərlər. O, da həmin vaxt dərhal görüşməyi təklif etmiş və o, məcbur olub həmin təklifi qəbul etmişdir. Lakin, onun avtomaşını olmadığına görə görüşü bir qədər təxirə salmağı istəmişdir. Bu zaman həmin şəxs ona “Bolt” proqramı vasitəsilə taksi sifariş etdiyini bildirmiş və o artıq məcbur olub Təqsirləndirilən şəxsla “Dostluq” kinoteatrı yaxınlığında görüşməyi qərarlaşdırmışlar. Bu zamanı Təqsirləndirilən şəxs ona söyüşlə danışıb “bıçaqsız və tək” gəlməyini bildirmişdir. O, da Muradın onun dediyi kimi görüşə tək getmişdir. Murad və onun yanında tanımadığı bir oğlan onunla görüşmüş Murad ona “gəl kənar bir yerə keçək” sözlərini deyib onu qırağa çəkmişdir. Yanında olan şəxs Muradla birlikdə gəlmişdir. Bu vaxt Murad onu küçənin işıqlanmayan bir yerinə aparmış o, Murada Şahid4 ilə aralarında baş vermiş hadisəni izah etmiş, Şahid4 söydüyü üçün peşman olduğunu və ondan üzr istədiyini izah edən zaman Murad onu bir dəfə yumruqla sifətinin sol göz nahiyəsindən vurmuş, o, zərbədən diz çökmüş, həmin vaxt Murad ona idman fənni işlədib onu yerə yıxmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olan zaman Murad onun qarın nahiyəsinə bir neçə dəfə təpiklə vurmuşdur. Həmin vaxt da Murad onun başında olan papağı çıxarıb kənara yerə tullamış, onu küçə söyüşü ilə söymüşdür. Bundan sonra o, ayağa durub getmək istəyən zaman Murad “burda başqa temalar da var ee” deyib ona maşına oturmağı işarə etmişdir. O, da onun dediyi kimi etmiş, maşının arxa oturacağında əyləşmişdir. Murad maşının qabaq sərnişin oturacağında, yanında onunla birlikdə olan şəxs isə sürücü oturacağında əyləşmişdir. Maşının qapıları kilidlənmiş o, qapını içəridən aça bilməyəcəyini başa düşmüşdür. Murad yanındaki şəxsə onunla Xanım arasında olan yazışmanı göstərmiş, Muradın yanındaki şəxs həmin yazışmalara nəzər salaraq “bu məsələ belə qalmamalıdır, məsələ daha ciddidir” demişdir. O, Murada və onun yanında olan şəxsə demişdir ki, “qapını açın çıxaq bayırda söhbət edək”. Bu vaxt Muradın yanında olan şəxs maşından düşüb onun tərəfdən olan maşının arxa sol qapısını açaraq onun oturaqlı vəziyyətdə olduğundan istifadə edib onu bir neçə dəfə yumruqla sol gözünün alt hissəsindən vurmuşdur. O, da həmin şəxsi sakitləşdirərək maşından düşmüş və oradan qaçaraq uzaqlaşmış, taksi sifariş edərək evinə getmişdir. Həmin gün gecə yatmadığına görə və üzündə dava-dalaşdan əmələ gəlmiş qançır olduğundan işə getməmək qərarına gəlmişdir. Həmin günü günorta vaxtlarında təxminən saat 14 radələrində Murad ona zəng etmiş və təcili pul lazım olduğunu bildirmiş və onunla görüşməyi təklif etmiş, o, da razılaşaraq “Dostluq” kinoteatrının qarşısında görüşmüşlər. Murad ona izah etmişdir ki, guya o, gecə onunla mübahisə etdiyi üçün polis tərəfindən cərimələnib və bu səbəbdən də ondan 300 manat pul istəmiş, sonra da cibindən bıçağı çıxardıb göstərmiş və onun üçün pis olacağını bildirib 300 manat tələb edərək “300 manat pulu sən verməlisən” demişdir. O, da Muradın hərəkətlərindən qorxaraq Murada iş yerinə getməyi təklif etmiş, müdirindən pul alacağını bildirmişdir. Murad da onunla razılaşaraq tanımadığı taksi ilə Muradla “Port Baku”-ya getmişlər. Orada müdiri Şahid1 yaxınlaşaraq futbolda xəsarət aldığı üçün işə gələ bilməcəyini bildirib 300 manat borc pul istəmişdir. O isə ona pulunun olmadığını bildirmiş, o, da iş yerini tərk edib Muradla birlikdə oradan uzaqlaşmıdır. Muradla birlikdə “28 may” metrosu istiqamətinə getmişlər. Bu vaxt Murad pul mütləq tapılmalı olduğunu və ona ailə üzvlərinə zəng edib bir bəhanə ilə pul istəməsini bildirmiş, o, da Muradın dediyinə görə anasına zəng vurmuş, Muradın dediyi kimi yalandan anasına dostunun yol-nəqliyyat hadisəsi törətdiyi üçün borca 300 manat pul lazım olduğunu bildirmişdir. Anası isə ona inanmadığı üçün ona düzünü söyləməsini uca səslə bildirəndə Murad onun bu cür reaksiyasını eşidib telefonu söndürməyi tələb etmişdir. O, da bu cür etmişdir. Bundan sonra Murad ona demişdir ki, o, anasına yenidən zəng edib bölməyə düşdüyünü və pul istəməsini bildirmişdir. O, da anasına zəng vurub bölməyə düşdüyü üçün ondan 300 manat pul tələb etdiklərini bildirmişdir. Anası buna qəzəblənib hazırda rayonda olduğu üçün Bakıya gəlib məsələni həll edəcəyini bildirən zaman o, telefonu söndürmüşdür. Bu vaxt Murad əlində olan mobil telefona baxıb “pul tapılmalıdır...ver bu telefonu satım”. O, isə telefonun kreditdə olduğunu ona bildirmiş, bu fikirdən yayınmağı xahiş etmişdir. Muradın təkidi ilə “28 MALL” ticarət mərkəzi tərəfdə yerləşən telefon alqı-satqı mağazalarının birinə daxil olmuşlar. Murad onun mobil telefonunu mağazada işləyən satıcıya göstərib satmaq istədiyini bildirmişdir. Satıcı telefona görə 120-150 manat pul təklif etmişdir. O, həmin vaxt Murada telefonu satmaqdan vaz keçməyi, başqa bir üsulla pul tapmağı təklif etmişdir. Muradla dükandan çıxmışlar, dükandan kənarda Murad ona bildirmişdir ki, “pul tapımasa sənə pis olacaq”. O, da onun sözlərinə görə üzərində də bıçaq olduğunu nəzərə alıb ona bir söz deməmişdir. Muradla yenidən həmin dükana daxil olmuşlar o, yenə də onu telefonu satmaqdan yayındırmaq istəmiş, lakin məcbur olub Muradla razılaşaraq telefonu Murada vermiş, Murad mobil telefonu özünə məxsus olan yeni növ şəxsiyyət vəsiqəsi ilə satmışdır. Mağazada olan satıcı telefonu alıb 100 manat vermişdir. Murad 100 manat pulu götürüb cibinə qoymuşdur. Dükandan çıxdıqdan sonra Murad “100 manatı sənə keçirəm, lakin digər 100 manatı ayın axırı gətirərsən” demişdir. Sonra da oradan uzaqlaşıb getmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsi tanımır, zərərçəkmiş şəxs onun doğma oğludur.18 mart 2020-ci il tarixdə Xaçmaz rayonu, Nabran qəsəbəsində olan zaman saat 15 radələrində Feyruz zəng edərək həyəcanlı formada ondan pul istəmiş, pulu nəyə görə istədiyini soruşduqda dostunun maşınını vurduğunu bildirmiş, lakin onun yalan danışdığını, ona and verdiyini soruşanda Feyruz dərhal telefonu söndürmüşdür. Onu həmin vaxtı işdə olmalı olduğu üçün nəyə görə işə getmədiyini soruşmuş, belə ki, kənardan gələn səslərdən hiss olmuşdur ki, Feyruz haradasa küçədə maşın yolunun kənarında dayanıb onunla danışır. Bu vaxt o, yenə də telefonu söndürmüşdür. O, Bakı şəhərinə gəlmiş, Feyruzla söhbət zamanı bilmişdir ki, Murad adlı şəxs onu bıçaqla vuracağı ilə hədə-qorxu gələrək 300 manat pul tələb etmişdir. Murad Feyruzu məcbur edib mobil telefonunu satdırmışdır. Telefonu satdıqdan sonra Murad Feyruzdan 100 manat almışdır. Məhkəmə baxışı gedişində Təqsirləndirilən şəxs valideynləri tərəfindən onun oğluna dəymiş ziyan ödənilmiş və onlar barışmışlar. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid4 Əli qızı ifadəsində bildirdi ki, o, Bakı şəhəri Port Bazar Ticarət Mərkəzində satıcı işləyir. Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki, tanıyır, Muradla yaxın münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs isə işlədiyi Port Bazarda mühafizəçi işləmiş və həmin vaxtdan da onu tanımışdır. Feyruzla iş yoldaşı kimi münasibətləri olmuş və sosial şəbəkədə ara-bir işlə bağlı yazışmışdır. Feyruz ona qarşı daha çox diqqət yetirdiyini, harada olması barədə, işdən evə tez-ya gec qayıtmağı barədə və sair bu kimi mesajlar yazaraq onunla maraqlanmış, o, isə ona heç bir qarşılıq göstərmədən onun bu cür suallarına mədəni formada adi qaydada cavab vermişdir. 18 mart 2020-ci il tarixdə isə gecə saat 01 radələrində o, evdə olarkən Feyruz ona sosial şəbəkədə yazaraq ona sevgisini etiraf etmiş, münasibətinin ciddi olması barədə mesajlar yazmağa başlamış, o, isə ona iş yoldaşı və sadəcə tanışı kimi münasibətdə qalmağı məsləhət görmüşdür. Konkret olaraq ona heç bir ümid də verməmişdir. Buna görə də, Feyruz buna kobud reaksiya verib onunla kəskin formada danışmağa başlamış, ona nalayiq formada ifadələr işlətmiş, hətta onun ünvanına gələcəyini bildirmişdir. O, Feyruzun hərəkətləri barədə tanışı Murada zəng edib və sosial şəbəkədə yazaraq həmin məsələni izah etmiş və bu barədə Feyruzla söhbət edərək onun bu cür hərəkətlərinin qarşısını almasını Muraddan xahiş etmişdir. Həmin gün saat 03 radələrində Feyruzdan ona “üzrlü say, bilmirdim ki, sevgilin var” sözləri yazaraq mesaj göndərilmişdir. Bundan sonra isə ona Murad zəng edərək Feyruzla söhbət etdiyini, onu heç nədən qorxmamağı, Feyruzun əslində ünvanına gəlmədiyini, onu qorxutmaq üçün bu cür yazdığını bildirmişdir. İş materiallarında olan “təqdim etmə, götürmə və baxış keçirilməsi” haqqında 05 may 2020-ci il tarixli protokoldan görünür ki, istintaqa təqdim edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış vərəqin üzərində qələm istifadə etməklə əl ilə icra edilmiş “A10...18.03.2020...İMEİ **********97783.. Tel...İmza...” sözləri yazılmışdır (i/v 61-62). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 25.03.2020-ci il tarixli, 286 saylı rəyindən görünür ki, F.Ç Məmmədovun bədən səthində aşkar olunmuş xəsarət-sol gözaltı nahiyənin qançırı, sol yanağın selikli qişasına qansızma küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 18.03.2020-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər, Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə (asfalt örtüyü, beton və s.) dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır (i/v 13-14). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 13 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 94). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15.05.2020-ci il tarixli 4(006)-269/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i/v 132-134). İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 25.10.2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 182-183). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.11.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 64). Məhkəməyə notarial qaydada təqdim olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onu bağışlamışdır və qəbul olunacaq qərarı məhkəmənin səlahiyyətinə verir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 may 2020-ci il tarixdən 15 may 2020ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-389/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərara əsasən 15 dekabr 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqan məhrum edilmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 may 2020-ci il tarixdən 15 may 2020-ci il tarixədək tutulduğu 02 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar