Məhkəmə qərarları › İş №1(006)-131/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-131/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-131/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Fides» Vəkil bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, 07.01.2022-ci il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanında yerləşən “Daş bazarı” adlanan ərazidə olan “Lazer kəsim dəzgahlarının təmiri” emalatxanasında Zərərçəkmiş şəxs ilə tanışı Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəmində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs üz-sifət nahiyəsindən əli ilə zərbə endirərək ona - sol gicgah almacıq nahiyəsinin iri ölçülü qançırşişkinliyi, üst dodağın qansızmalı - şişkinlik halında əzilməsi və əzilmiş-cırılmış yarası, sol əlin İİİ barmağının həmin barmaqda hərəkət məhdudluğu ilə müşayət olunan şişkin fonda əzilmiş-cırılmış yarası ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən “Daş bazarı" adlanan ərazidə 2007-ci ildən lazer kəsim dəzgahlarının təmir işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs ona heç bir dəzgah verməmişdir. Vlada adlı qadın həmin emalatxanada usta işləyən Anar adlı şəxsdən lazer kəsim dəzgahı almışdır. O, Vladaya həmin dəzgahda işləmək üçün icarəyə yer də vermişdir. Vlada orada 2 ay işləsə də icarə haqqını ödəmədiyi üçün onu emalatxanadan çıxartmışdır. Vlada öz dəzgahını onun emalatxanasında saxlamış və yeni iş yeri tapdıqdan sonra dəzgahı aparacağını demişdir. Lakin 3-4 ay müddət keçsə də dəzgah emalatxanada qalmışdır. Daha sonra Anar adlı usta həmin dəzgahı “Daş” bazarında öz işlədiyi başqa emalatxanaya qoyub orada işlətmiş və bundan da Vladanın məlumatı olmuşdur. Lakin Anar vəfat etdikdən sonra onun bir nəçə şəxsə borclu olması ona bəlli olmuşdur. Anar vəfat etdikdən sonra Vladanın tanışı Zərərçəkmiş şəxs ona yaxınlaşaraq Anara verdiyi lazer kəsim dəzgahını ondan tələb etmişdir. O isə ona verilməyən dəzgahı ondan tələb etməsinin düzgün olmadığını izah etmişdir. Oqtay və Vlada onun barəsində bir neçə dəfə şikayət etsələr də, şikayətlərinin heç bir nəticəsi olmamışdır. Buna baxmayaraq onlar hər hansı bir yol ilə 5500 manat pulu ondan alacaqlarını bildirmişlər. 07.01.2022-ci il tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs işlədiyi ünvan 2 ünvanında yerləşən “Daş bazarı” adlanan ərazidəki emalatxanada olduğu zaman Zərərçəkmiş şəxs yenə də ona yaxınlaşaraq ondan pulu ödəməsini tələb etmiş, o isə ona dəzgah verilmədiyi üçün heç bir ödəniş etməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O da Zərərçəkmiş şəxs qarşılıqlı olaraq cavab verdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun üzərinə gəlməyə başladıqda onu döyəcəyindən ehtiyat edərək, özünü qorumaq məqsədilə onun üz nahiyəsinə yumruqla bir dəfə zərbə endirmişdir. Zərbənin təsirindən Zərərçəkmiş şəxs müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. Zərərçəkmiş şəxs ayağa qalxdıqdan sonra barmağından gələn qanı ona göstərmişdir. Aralarındakı mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Qeyd edilənlərin məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən təmir emalatxanasında işləyən Təqsirləndirilən şəxs təxminən 3 il əvvəl dəri materiallarında işləmək üçün lazerli dəzgah almışlar. Lakin həmin dəzgah yaxşı işləmədiyindən onu qaytararaq ödədikləri 5500 manat pulu geri tələb etmişlər. Lakin Təqsirləndirilən şəxs pulu geri qaytarmaqdan imtina etmişdir. O, 07.01.2022-ci il tarixdə, saat 15:30 radələrində həmin emalatxanaya gedib ondan yenə də pulu tələb edərkən Təqsirləndirilən şəxs onu təhqir edərək, ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs öz iradını bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs onun üz nahiyəsinə yumruqla bir neçə zərbə vurmuşdur. Zərbələrin təsirindən o, müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxt onun sol əlinin orta barmağı da zədələnmişdir. Aralarındakı mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Həmin vaxt orada onların ikisindən başqa heç kəs olmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçidir və təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 sağlamlığa zərər vurmanın təyininə dair 08.01.2022-ci il tarixli, 33 saylı rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol gicgah almacıq nahiyəsinin iri ölçülü qançır-şişkinliyi, üst dodağın qansızmalı-şişkinlik halında əzilməsi və əzilmiş-cırılmış yarası, sol əlin İİİ barmağının həmin barmaqda hərəkət məhdudluğu ilə müşayət olunan şişkin fonda əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən 1 günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 07.01.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (i/v 31-32). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 61). Elektron Məhkəmə İnformasiya Mərkəzinin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13.03.2006-cı il təvəllüdlü X6 və 15.10.2007-ci il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini inkar etməsi özünü müdafiə xarakteri daşıyır. Lakin onun bu əməli zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə, həmçinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı heç bir qətimkan tədbiri seçilmədiyini nəzərə alaraq hesab edir ki, hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri «Fides» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-131/2022 saylı, 31.01.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 01.02.2022-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, «Fides» Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, «Fides» Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar