Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-131/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X7 və X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 və X2 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 və X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmasına və onun 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi dalan 8, ev 2 şəxsi mülkiyyət hüququ üzrə bizə məxsusdur. Yaşayış evi uzun 1800-cü illərdə tikilmişdir. Qış parkının salınması vaxtında küçənin digər tərəfində aparılmış söküntüdə ağır texnikaların işləməsi nəticəsində evə çox ziyan dəymişdir. 2021ci ilin 7 iyulunda evin üstü düşdü. Yaxşı ki, evdə heç kim yox idi. Mən aidiyyatı təşkilatlarailkin olaraq Fövqəladə Hallar Nazirliyinə zəng vurdum. Amma kimsə gəlmədi ki, təbii fəlakət nəticəsində uçmayıb. Evin üstünün düzəltmək istədim yaxınlıqdan kimsə şikayət şikayət dalınca etdi və mən bu ilin-2023-cü ilin mart ayında işi dayandırdım. Aidiyyatı qurumlara sənədləri hazırlayıb verdim. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq. Bu yaxınlarda işi yenicə davam etdirmək istəyirdim ki, və daha doğrusu etdirirdim ki, bu Nəcəf Məmmədov həyətimizə qanunsuz və əsassız olaraq daxil oldu, bizi təhqir edərək onun havasını kəsmək kimi ağır ittiham irəli sürdü. Baxmayaraq bizim evlə onun evinin arasında xeyli məsafə var, ən azı 30-50 metr. Bizə belə ağır şər və böhtan atdı. Həm də nümayişkaranə. Bütün məhəllədə biabır edərək mənə uçmuş evimi tikib düzəlməkdə mane olacağını, imkan verməyəcəyini bildirib, iki dəfə həyətə hücum edib. Ustaların, qonşuların yanında, biabır edib. Böhtan və şər atıb. Bəli, mən onun havasını necə kəsə bilərəm, mən Allaham? Onun evinin pəncərəsi ilə mənim evimin arasındakı məsafədən 14 mərtəbəli bina da tikilsə onun havasını kəsmək qeyri-mümkündür. 15 mart 2023-cü ildən bu günə yağan yağışlar, xüsusilə 28, 29, 30 martda yağan yağışlar, aprel və may aylarında, iyun ayında yağan yağışlar ev əşyalarını yararsız hala qoydu. Bu boyda şər, böhtan olar? Qoy sübut etsin ki, mən onun havasını kəsməyə cəhd etmişəm, hava kəsilərsə insan ölər, mən ona havasını kəsməklə sui-qəsd etməmişəm, öldürməyə cəhd etməmişəm. Nəcəf Məmmədov 18 və 21-i dekabr 2023-cü il tarixlərində həyətimə bir neçə nəfərlə qanunsuz daxil olaraq bizi təhqir etmiş, onun havasını kəsməklə ağır ittiham etmişdir ki, bu da böhtan və şərdir. Qoy bunu nə üçün etdiyinin izahını versin. Həmçinin aidiyyatı qurumları mütəmadi olaraq zəng vuraraq şikayət etmişdir. Bütün məhəllədə onun havasını kəsməklə böhtan atmışdır. Halbuki, onun pəncərəsi ilə tikilən evin arasında ən azı 30 metr məsafə vardır. Onun etdiyi hərəkətlər nəticəsində mənim qanuni şəkildə gördüyüm iş dayandırılmış və sökülmüşdür, istədiyim odur ki, sübut etsin ki, mən onun pəncərəsini bağlayıram. Sübut etsin ki, mən onun görüb və görəcəyim iş nəticəsində havasını kəsirəm. Bir insanı söyüş və təhqir etmək bir tərəfə, sonu ölümlə nəticələnən havasını kəsmək kimi bir ittiham çox ağır ittihamdır. Biz bu şəri və böhtanı qəbul edə bilmərik. Üstəlik Polis İdarəsinə, İcra Hakimiyyətinə, Bakı Soveti İcra Hakimiyyətinə aramsız zənglər vuraraq mənim işimə mane olmuş və məni külli miqdarda zərərə düşməyimə səbəb olmuşdur. Onun hərəkəti və qanunsuz davranışı bizim məhəllədə, qonşular arasında, şikayət etdiyi qurumlar qarşısında şəxsiyyətimizə və nüfuzumuza xələl gətirən hərəkətlərdir. Biz qanuni iş gördüyümüz halda qanunu pozan bir şəxsin qanunsuz hərəkətləri nəticəsində pis duruma düşdük. Barəmizdə nümayiş etdirdiyi hərəkətlər və davranışı nüfuzumuza xələl gətirdi. Həmçinin onun hərəkətləri nəticəsində bizə 15.000 (on beş min) manat maddi zərər və 50.000 (əlli min) manat mənəvi zərər dəymişdir. Hesab edirəm ki, bu iş məhkəmədə araşdırılmalı, fakt öz təsdiqini tapmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməmsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına görə Xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqularının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası CPM-in 88 və CM-nin 147-ci maddələrini rəhbər tutaraq, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini və onun 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X7 və X6 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək, X1 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 bildirdi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər onun pəncərəsinin qarşısında qanunsuz olaraq tikinti işləri apardığından və onun evinə hava gəlmədiyi üçün şəhər icra hakimiyyətinə şikayət etmiş, onlar da qeyd olunan ünvana gələrək həmin tikilinin qanunsuz olduğundan sökülməsi barədə qərar vermişlər. O heç kimə böhtan atmamış və kütləvi informasiya vasitələrində xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər barəsində hər hansı böhtan xarakterli məlumatlar yaymamışdır. Sadəcə olaraq icra hakimiyyətinin nümayəndələri həmin əraziyə gələn zaman ondan xahiş etmişlər ki, o həmin ünvanı göstərsin. Bu məqsədlə də o icra qurumunun nümayəndələri ilə həmin ünvana getmişdir. Şikayət ərizəsində göstərildiyi kimi o heç kimi təhqir eməmiş, heç kimə hücum çəkməmiş və qeyri-qanuni hərəkət etməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirdi ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məzmunundan və tərəflərin izahatlarından belə aydın olur ki, onlar arasında yaranmış mübahisə daha çox mülki xarakter daşıyır, bu işlə bağlı cinayət işinin başlanılması və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və məhkəmə məsuliyyətinə verilməsi qanuni və əsdalətli sayıla bilməz. Qeyd etdiklərini və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İ bəndinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İİ bəndinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışna təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1- 293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yaymlanmaqla, kinoxronikal proqramlarla nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş X7 və X4 qarşı “onun havasını kəsirlər” kimi işlədilmiş böhtan xarakterli məlumatlar, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmamışdır. Böhtan xarakterli məlumatların yayılmasını özündə əks etdirən heç bir sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı xüsusi ittiham qaydasında verilmiş şikayət forma və məzmun baxımından da qanunvericliyin tələblərinə uyğun olmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmunundan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin AR Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq hökm çıxarılması xahiş olunmuş, lakin həmin Məcəllənin 147-ci maddəsinin müvafiq olaraq 1-ci və yaxud 2-ci hissəsi ilə məsuliyyətə cəlb olunması konkret olaraq deyil, ümumi olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Buradan da aydın olur ki, X7 və X6 tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə ünvanlanmış şikayət ərizəsi cinayət-prosesual qanunvericiliyində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında şikayət ərizəsinin tərtib olunmasına dair tələb olunan forma və məzmunun tələblərinə riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-131/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024cü il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair X7 və X2 xüsusi ittiham qaydasında verdikləri şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X3 göstərilmiş hüquqi xidmətə görə dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məblğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-131/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-131/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver