Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-132/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: erdiktumVəkil Bürosunun vəkili V X3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 97, mənzil 28-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 167, “AAAF Park” Yaşayış kompleksi, bina 02, mənzil 25-də yaşayan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə bu cəzanın çəkilməmiş 10 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu Məcəllənin 76.6.3-cü maddəsinə uyğun olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv olunaraq Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından azad edilmiş, məhkumluqları ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, yerdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,470 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 oktyabr 2022-ci il tarixdə, saat 17:15-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 14 oktyabr 2022-ci il tarixdə, saat 14-15 radələrində "xxxx" ASC-nin “Memar Əcəmi” filialının yanında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Orada onun üzərində axtarış aparılsa da, onda heç bir narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxtı da orada xeyli sayda insanlar olmuşdur. Daha sonra polis əməkdaşları onun qoluna qandal taxaraq “Chevrolet Cruze” markalı avtomobillə onu 19-cu polis şöbəsinə aparmışlar. Tutulan vaxt ondan hansısa qızın döyübdöymədiyi soruşulmuş, o da nə məqsədlə belə sualın verildiyini dəqiqləşdirəndə, ona bildirilmişdir ki, guya kirayədə qaldığı ünvanda qonşuluqda yaşayan bir qadın ondan “102” xidmətinə şikayət edərək onun narkotik vasitə istifadəçisi olduğunu söyləyib. Yolda olarkən polis əməkdaşları onun cibinə narkotik qoymuş, hətta şöbədə üzərində şəxsi axtarış aparılarkən videoçəkiliş alınmadıqca iki dəfə təkrar çəkiliş aparılmışdır. O, polis əməkdaşlarına etiraz edə bilməmiş, çünki onu döyməklə, narkotikin çəkisini çoxalda biləcəkləri ilə hədələmişlər. O da əvvəllər məhkum olunduğu üçün bundan qorxmuş və sonra heç yerə şikayət etməyərək istintaq zamanı təqdim olunan bütün sənədlərə, o cümlədən etirafedici ifadələrinə qol çəkmişdir. Onu da qeyd edir ki, saxlanıldığı yer "xxxx" ASC-nin “Memar Əcəmi” filialının qarşısı olduğundan, baş verənlər bankın kamera görüntülərinə düşmüşdür. Məhkəmədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 şahid qismində ifadəsində göstərdi ki, ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Bu məlumatın yoxlanılması məqsədi ilə iş yoldaşı Şahid2 ilə birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:15 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmişdir. Orada həmin şəxsin şəxsiyyəti tam dəqiqləşdirilərkən onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, orada onun üzərində çəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən kağıza bükülmüş bir ədəd sellofan bükümü, “iPhone” markalı mobil telefonu, sol yan cibindən isə 03 manat pulu, bir ədəd siqaret qutusunu və bir ədəd alışqanı çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan kütlənin içrisində narkotik olduğunu, onu xx.xx.2022-ci il tarixdə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir zor tətbiq olunmamış, cibinə heç nə qoyulmamış, hansısa şikayət əsasında tutulmalıdı da deyilməmişdir. O, saxlanılan vaxtı oraya heç kim toplaşmamış, onların qanuni işinə müdaxilə edilməmişdir. Məhkəmə istintaqında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Əhmədova (Xıdırova) İlhamə Miraslan qızı ifadəsində göstərdi ki, özü Yasamal rayonunun ərazisində yaşayır, lakin 14 oktyabr 2022-ci il tarixdə metronun “Memar Əcəmi” stansiyası tərəfdə yaşayan rəfiqəsi Könülgildə qalaraq sonuncunun uşaqlarına baxırdı. Həmin günü evdə olarkən günorta vaxtı o, Könül və uşaqları səs-küyə bayıra çıxıb həyətdə oturmuşlar. Daha sonra Könülün oğlu Kərim demişdir ki, “baxın oğlanı tutdular”. Onlar da həmin yerə diqqət yetirəndə görmüşdür ki, polis əməkdaşları bir nəfər şəxsin cibinə nəsə qoyuraraq “bununla tutulmalısan” demişlər. Adı sonradan ona Əli kimi məlum şəxs isə onlara ondan istifadə etmədiyini deyəndə, polis əməkdaşları “lap yaxşı, məhkəmədə işlərini həll edərsən, bizdən səni tutmağı xahiş etdilər” ifadələrini işlətmişlər. Sonradan adını bildiyi Seymur adlı polis əməkdaşı Əliyə demişdir ki, “sənə yaxşılıq edirəm, bunu qəbul et”. Bundan sonra o, polis əməkdaşlarına yaxınlaşmış, nə səbəbə görə belə etdiklərini və həmin şəxsdən nə istədiklərini soruşduqda, polis əməkdaşları ona kənara çəkilməsini və həmin şəxsin tutulmalı olduğunu bildirmişlər. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunur, o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, 01 ədəd içərisində 055 ***-**-** saylı mobil nömrə olan “iPhone” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd alışqanı, 01 ədəd siqaret qutusunu və 03 manat pulu çıxararaq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin heroin olduğunu, onu şəxsi istifadəsi üçün üzərində saxladığını, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığından yerdən tapdığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını, saxlanılarkən və polis şöbəsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini bildirir (İ cild, i.v.32-35, disk); • “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 16 oktyabr 2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, arabir narkotik vasitələri yalnız çəkmək üsulu ilə istifadə edir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında metronun “Memar Əcəmi” stansiyası yaxınlığında olarkən yerdən narkotik vasitə aşkar etdib və onu cibinə qoydu. Lakin saat 17:15 radələrində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 34 saylı ünvanın qarşısında olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etdilər. Orada ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olubolmadığı soruşuldu. O da üzərində narkotik vasitə heroin olduğunu bildirdi. Daha sonra masaya yaxınlaşaraq əyində olan göy rəngli şalvarın sağ yan cibindəki kağıza bükülmüş 01 ədəd bükümü, 01 ədəd “iPhone” markalı mobil telefonunu, sol yan cibindən isə 03 manat pulu, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı çıxararaq masanın üzərinə qoydu. Həmçinin, polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunazidd hərəkətə yol verilmədiyini bildirir (İ cild, i.v.65-67); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5957 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Təqsirləndirilən şəxs-imza, -imza:V.Həsənquliyevimza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,470 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,420 qram, aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir (İ cild, i.v.42-45); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi X7 Ambulator X2 haqqında xx.xx.2022-ci il tarixli, 7129 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.117-118); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2022-ci il tarixdə imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.22, 70-72); • “Sübutların qiymətləndirilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,420 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (İ cild, i.v.132-136); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışa və məhkəmə aktlarına görə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə bu cəzanın çəkilməmiş 10 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu Məcəllənin 76.6.3-cü maddəsinə uyğun olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv olunaraq ona Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından azad edilmişdir (İ cild, i.v.85-86, 97-116); • Məhkəmə tərəfindən "xxxx" ASC-yə göndərilmiş sorğuya cavab olaraq xx.xx.2023cü il tarixli, 1391 saylı məktubda göstərilmişdir ki, "xxxx" ASC-nin “Memar Əcəmi” filialının bayır tərəfində filialın inzibati binasının ətrafını müşahidə edən kameralara yoxdur (İİ cild); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2023-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə dindirilmiş ittiham tərəfinin şahidlərinin ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və işdə olan digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Əhmədova (Xıdırova) İlhamə Miraslan qızının ifadəsini mötəbər sübut kimi qəbul etmir. Çünki, bu şəxsin ifadəsində göstərilən halları təsdiq edə biləcək digər təkzibedilməz dəlillər, habelə təqsirləndirilən şəxsin saxlanılması zamanı onun həqiqətən də həmin yerdə olmasına dair sübutlar məhkəməyə təqdim olunmamış, əlavə şahidlər gətirilməmişdir. Həmçinin, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs qəsdən az ağır cinayətlər törətdiyinə görə əvvəllər ona təyin edilmiş iki dəfə azadlıqdan məhrum etmə cəzaları ilə bağlı hökmlərin məcmusu üzrə məhkumluqları ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətlərin təhlükəli residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır (18.2.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun şəxsiyyətini nəzərə almaqla, eyni zamanda onun məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsini, sabit kriminal meylliliyini və bununla da nəticə etibarilə yüksək ictimai təhlükəli şəxs olaraq qalması nəticəsinə gələrək hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbs olunduğu andan – 22 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,420 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 92 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,420 qram narkotik vasitə heroin məhv edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-132/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-132/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver