Məhkəmə qərarları › İş №1(006)-133/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-133/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-133/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində saat 20:00 radələrində ünvan 1 ünvanında evin daxilində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs əli və ayağı ilə qəsdən vuraraq alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, alın nahiyəsinin səthi əzilmiş-cırılmış yarası, sağ gicgah nahiyəsinin qançır-şişkinliyi, sol gicgah nahiyəsinin, sağ baldırın sıyrıqları, burun nahiyəsinin, hər iki bazu oynaqlarının, sol əlin İV barmağının, sağ sağrı nahiyəsinin, sol diz oynağı nahiyəsinin qançırlarından ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında yerləşən həyət evinin ikinci mərtəbəsində, qardaşı Zərərçəkmiş şəxs isə ailə üzvləri ilə birlikdə, qeyd olunan evin birinci mərtəbəsində yaşayır. Qardaşı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onunla daimi olaraq mübahisə etmişdir. Onun iki azyaşlı uşaqları evdə gəzdikləri zaman, Zərərçəkmiş şəxs onların səsindən evdə otura bilmədiyini deyərək, ona iradını bildirmişdir. xx.xx.2020-ci il tarixində saat 20:00 radələrində o yaşadığı ünvanda olan zaman qardaşı ona yenə də öz narazılığını bildirərək, işdən gəldiyi zaman evdə səsdən otura bilmədiyini demişdir. O həmin vaxt qardaşı Zərərçəkmiş şəxs evdə azyaşlı uşaqları olduğunu və uşaqlar evdə qaçdıqları zaman ona səs getdiyini bildirdiyi zaman onların arasında sözlü mübahisə yaranmışdır. Lakin həmin vaxt qardaşı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun və onun ailə üzvlərinin ünvanlarına nalayiq ifadələr işlətdiyindən o, əsəblərinə hakim ola bilməyərək qardaşı Zərərçəkmiş şəxs sifətindən 5 dəfə əli ilə, ayağı ilə də onun ayağından 2 dəfə zərbələr endirmişdir. Həmin hadisə ünvan 2 ünvanında baş vermiş və qardaşı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun və onun ailə üzvlərinin ünvanlarına nalayiq ifadələr işlətdiyindən, əsəblərini saxlaya bilməyərək qardaşı Zərərçəkmiş şəxs zərbələr endirmişdir. Aralarında olan mübahisə təxminən 3-5 dəqiqə arasında davam etmiş, lakin həmin hadisənin heç bir canlı şahidi olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında yerləşən həyət evinin birinci mərtəbəsində, qardaşı Təqsirləndirilən şəxs isə ailə üzvləri ilə birlikdə, qeyd olunan evin ikinci mərtəbəsində yaşayır. O, işdən gəlib evdə dincəlmək istədiyi zaman, ikinci mərtəbədə qardaşının yaşadığı mənzildən müxtəlif səslər gələrək onun istirahətini pozaraq narahatçılıq yaratmışdır. O bu barədə qardaşı Təqsirləndirilən şəxs dedikdə qardaşı onunla hər zaman sözlü mübahisə etmişdir. xx.xx.2020-ci il tarixində saat 20.00 radələrində o həmişə olduğu kimi işdən gəlib evdə dincəlmək istədiyi zaman, evlərinin ikinci mərtəbəsində qardaşının ailə üzvləri ilə birlikdə yaşadığı mənzildən müxtəlif səslər gəldiyini eşitmişdir. O, həmin vaxt qardaşı Ramin Abbasova evində rahat şəkildə dincələ bilmədiyini dedikdə, qardaşı Ramin Abbasov onunla yenidən sözlü mübahisə edərək, əli ilə onun sifətindən 5 dəfə, ayağı ilə də onun ayağından 2 dəfə zərbələr endirmişdir. O, həmin vaxt əlini qarşıya qoyaraq özünü müdafiə etmək istədiyindən, sol əlindən də xəsarət almışdır. Qardaşı ilə aralarında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmiş və həmin hadisəni digər şəxslər görməmişdir. İfadəsinin sonunda qardaşı Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə üzrə icraata xitam verilməsini xahiş edərək, bununla bağlı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2020-ci il tarixli 971 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, alın nahiyəsinin səthi əzilmiş-cırılmış yarası, sağ gicgah nahiyəsinin qançır-şişkinliyi, sol gicgah nahiyəsinin, sağ baldırın sıyrıqları, burun nahiyəsinin, hər iki bazu oynaqlarının, sol əlin İV barmağının, sağ sağrı nahiyəsinin, sol diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq, baş və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (i/v 24-25). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 18). Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs doğma qardaşı Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğlunun ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğlu müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-393/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğluna göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar