Məhkəmə qərarları › İş №1(006)-133/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-133/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-133/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Müdafiəçi «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçinun, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi təqdim edib, uzun müddətdir bu işlə məşğul olması və Bakı şəhərində fəaliyyət göstərən mərc oyunları şəbəkəsində tanışlarının olmasını bildirib inandırmaqla “Top.Az” mərc oyunlarına böyük məbləğdə pul vəsaiti yatırımı edəcəyi halda bir neçə müddətdən sonra yüksək gəlir əldə etməsinin mümkünlüyü barədə yalan vəd verib aldadaraq, 2023-cü ilin avqust ayında ünvan 2 ünvanda yerləşən binanın qarşısında 4500 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ilə tanışı Zərərçəkmiş şəxs1 özünü işgüzar şəxs kimi təqdim edib, uzun müddətdir bu işlə məşğul olması və Bakı şəhərində fəaliyyət göstərən mərc oyunları şəbəkəsində tanışlarının olmasını bildirib inandırmaqla “Top.Az” mərc oyunlarına böyük məbləğdə pul vəsaiti yatırımı edəcəyi halda bir neçə müddətdən sonra yüksək gəlir əldə etməsinin mümkünlüyü barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küşəsi 1061, 10 saylı binanın qarşısında 18 dekabr 2023-cü il tarixdə 5000 manat, 18 yanvar 2024-cü il tarixdə 10000 manat və əlavə olaraq həmin ünvanda 01 fevral 2024-cü il tarixdə 10000 manat olmaqla ümumilikdə 25.000 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, qumar oyunları oynayır. Adətən Bakı şəhərində fəaliyyət göstərən Top.az və Misli.az mərc oyunlarında futbol matçlarına pul qoyur. Heç bir yerdə işləmir. Bəzən qumarda udduğu günlər olur. Lakin daha çox uduzduğu üçün bir xeyli miqdarda borcları yaranmışdır. Həmin pulları qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanıyır. O, 2023-cü ilin ortalarından 2024-cü ilin fevral ayının əvvəllərinədək Mirmustafanın və Elvinin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən binada mühafizəçi işləmişdir. Həmin ərazidə də həm Mirmustafa, həm də Elvinlə tanış olmuşdur. O, qumar oynadığına görə maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də bir neçə nəfər şəxsdən borc almış və qaytara bilməmişdir. Fikirləşmişdir ki, iş qurmaq adı ilə kimdənsə pul alıb öz sıxıntılarını həll etsin. Bu məqsədlə 2023-cü ilin avqust ayında mühafizəçi işlədiyi binada yaşayan Zərərçəkmiş şəxs2la görüşəndə ona bildirmişdir ki, yaxşı bir iş var, həmin sahəyə pul qoysa qazanc əldə edə bilər. Elvin bu məsələnin nə olmasını soruşanda ona Bakı şəhərində Top.az mərc oyunları məntəqəsini işlədən tanışlarının olmasını, həmin şəxslərin işlədiyi sahəyə, yəni mərc oyunlarına yatırım edib əvəzində yaxşı gəlir əldə etməyin mümkünlüyünü demişdir. Hər ay və ya ayda iki dəfə həmin pulun faizindən qazanc olaraq ona ödəyəcəyini bildirmişdir. Bir neçə şəxslə belə qaydada işlədiyini deyib onu aldatmaq istəmişdir. Halbuki o, bunları yalan demişdir. O, heç kimlə işləməmişdir. Sadəcə Elvindən pulu ala bilmək üçün bu sözləri demişdir. Beləliklə, o, Elvindən 2023-cü ilin avqust ayında 4500 manat pul almışdır. Həmin pulu Ak.Həsən Əliyev küçəsində yerləşən Top.Az mərc oyunları məntəqəsində dövriyyə etdirəcəyini demişdir. Təxminən bir ay yarım ərzində Elvinə hissə-hissə 1000 manat qaytarmışdır. Yalandan demişdir ki, ondan aldığı pulu Top.Az mərc oyunları məntəqəsində dövriyyə etdirir və ona verdiyi pul da qazancdır. Halbuki o, heç bir yerdə pul dövriyyə etdirməmişdir. Elvindən aldığı pulu qumarda Top.Az mərcində uduzmuşdur. Sonra Elvin ondan pulunu tələb etməyə başlayanda ona müxtəlif bəhanələr gətirməyə başlamışdır və pulunu qaytara bilməmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 tanıyır, 2023-cü ilin ortalarından 2024-cü ilin fevral ayının əvvəllərinədək Mirmustafanın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən binada mühafizəçi işləmişdir. Orada da Mirmustafa ilə tanış olmuşdur. Qumar oynadığına görə maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də bir neçə dəfə Mirmustafadan borc pul almaq istəmiş, lakin fikirləşmişdir ki, birdən Mirmustafa ona həmin pulu verməz. Belə olduqda onu aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Həmin ərəfələrdə borcları çox olmuş, fikirləşmişdir ki, Mirmustafadan Top.az mərc oyunlarına qoymaq üçün pul alıb udacağı halda həm Mirmustafanın, həm də başqa borclu olduğu şəxslərin pullarını qaytarar. Bu məqsədlə Mirmustafaya demişdir ki, Bakı şəhərində Top.az mərc oyunları məntəqəsini işlədən tanışları var, həmin şəxslərin işlədiyi sahəyə, yəni mərc oyunlarına yatırım edib yaxşı pul qazanmaq olar. Mirmustafa ondan bunun necə baş verəcəyini soruşanda ona yalandan demişdir ki, əgər mərc oyunları sahəsinə maliyyə yatırımı etsələr, hər ay və ya ayda iki dəfə həmin pulun faizindən qazanc olaraq ona ödəyəcəkdir. Bir neçə şəxslə belə qaydada işlədiyini bildirmişdir. Halbuki o, bunları yalan demişdir. O, heç kimlə işləməmişdir. Sadəcə Mirmustafanı inandırmaq üçün bu sözləri ona demişdir. Beləliklə, ilk dəfə 2023-cü ilin dekabr ayında Mirmustafa ona Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsində yaşadığı evin həyətində 5000 manat pul vermişdir. O, həmin pulu ondan götürəndən sonra bir hissəsini Bakı şəhərində fəaliyyət göstərən Top.az mərc oyunlarına qoymuş və uduzmuşdur. Lakin o, Mirmustafaya bu barədə heç nə deməmişdir. O, təxminən bir aydan sonra Mustafaya qazanc olaraq hissə-hissə 1000 manat pul vermişdir. Yalandan bildirmişdir ki, Mirmustafanın ona verdiyi 5000 manatı Top.az mərc oyunlarına yatırım kimi qoymuş və ona verdiyi pul da Top.Az tərəfindən ona verilmiş qazancdır. Əslində isə o, Mirmustafadan aldığı 5000 manat pulun bir hissəsini oyunda uduzmuşdur. İkinci dəfə 18 yanvar 2024-cü il tarixdə Mirmustafadan yenə də Top.az mərc oyunlarına pul qoyub qazanc əldə etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsində 10000 manat pul almışdır. Həmin pulu da Top.az mərc oyunlarında uduzmuşdur. Lakin bunu Mirmustafaya deməmiş, onu inandırmaq üçün yenə də guya qazanc olduğunu deyib ona iki dəfə olmaqla 750 manat pul vermişdir. Bununla da o, Mirmustafadan ümumilikdə 15000 manat almışdır. Bundan sonra o, yenə do mərc oyunlarına pul qoymaq üçün Mirmustafanı aldadıb qazanc əldə edəcəyini bildirib Mirmustafadan əlavə olaraq 2024-cü ilin fevral ayında 10000 manat pul almışdır. Həmin pul vəsaitini də Top.az mərc oyunlarında uduzmuşdur. Sonuncu məbləği aldıqdan sonra Mirmustafa onu axtarmağa başlamış və onun pulunu qaytara bilmədiyi üçün telefonlara cavab verməmişdir. 2024-cü ilin aprel ayında onu Nəsimi RPİ-nin əməkdaşları axtarmışlar. O bilmişdir ki, Mirmustafa onun barəsində polis orqanlarına ərizə ilə müraciət etmişdir. O, Top.az mərc oyunlarında qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs1 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayınadək 25000 manat pul almışdır. Həmin pulun hamısını mərc oyunlarında uduzmuşdur. Onun pulunu qaytarmaq üçün bir neçə nəfərə müraciət elmiş, lakin nəticəsi olmamışdır. Borc tapa bilməmişdir. Bankdan da kredit götürə bilməmişdir. Çünki uzun müddətdir ki, banka 11-12 min manat borcu var, həmin məbləği də ödəyə bilmədəyinə görə də ona bankdan pul verilmir. O, Mirmustafadan ümumilikdə hissə-hissə aldığı 25000 manat pulu Top.Az mərc oyunlarında uduzmuşdur. Onun və tanışlarının Top.Az mərc oyunları obyekti yoxdur. O, yalandan bu sözü Mirmustafaya demişdir ki, inanıb ona pul versin. Mirmustafaya ondan aldığı pulları qumara qoyacağını deyəcəyi halda, Mirmustafa ona pul verməzdi. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətməsini, vurulmuş zərərdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1000 manat qaytarmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təxminən üç il əvvəl yaşadığı məhlədə mühafizəçi kimi işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2023-cü ilin avqust ayında Bəhruz ona Top.Az mərc oyunları işlədən tanışının olduğunu və oraya pul yatırımı etdikdə həmin puldan qazanc olaraq ona verəcəyini demişdir. Bir neçə şəxslə də eyni qaydada, yəni mərc oyunları şəbəkəsinə yatırım etməklə pul qazandıqlarını demişdir. O da buna görə ona inandığı üçün bu təkliflə razılaşıb və yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsindəki 1 ünvanında yerləşən binanın həyətində 4500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs beş həftə ərzində ona verdiyi 4500 manat pul vəsaitinin gəliri kimi 1000 manatı ona vermişdir. Bildirmişdir ki, Top.Az mərc oyunlarına yatırım edib onun pulunu orada dövriyyə etdirir və ona verdiyi 1000 manat pul da həmin qazancdır. Növbəti beş həftə keçdikdən sonra o, Bəhruza verdiyi 4500 manat pulu ondan istəmişdir. Təhsillə əlaqədar ölkədən gedəcəyinə görə Bəhruzdan bütün məbləği istədikdə, Təqsirləndirilən şəxs onun verdiyi 4500 manat pul vəsaitini verməkdən imtina etmiş, Top.Az mərc oyunlarında problemlərinin olduğunu, o, Bakıdan gedəndən sonra pulu onun kartına göndərəcəyini bildirmişdir. Həmin ərəfədə o, Bakı şəhərindən getmişdir. Onunla votsapda yazışıb və danışaraq pulunu istəmişdir. Bəhruz isə yenə də bəhanələr danışmışdır. Bundan sonra o, Avropada olarkən Bəhruza tez-tez yazıb pulunu istəyəndə o, ondan aldığı pulu Top.Az mərc oyunlarında uduzduğunu bildirmişdir. Hətta ona demişdir ki, Top.Az mərc oyunlarında dövriyyə etdirmək üçün onunla qonşuluqda yaşayan Mirmustafadan 25.000 manat pul alıb, həmin pulu da mərc oyunlarında uduzmuşdur. Bundan sonra o, 2024-cü ilin mart-aprel aylarında Mirmustafa ilə əlaqə saxlamış və ondan Bəhruz barədə soruşmuşdur. Mirmustafa ona bildirmişdir ki, Bəhruz ondan 25.000 manat pul alıb ki, top.az mərc oyunlarına yatırım edəcək və pulu orada dövriyyə etdirib Mirmustafaya gəlir verəcək. Lakin sonradan məlum olmuşdur ki, Bəhruz Mirmustafanı aldatmışdır. Eynilə ondan aldığı kimi Mirmustafadan da pul alaraq qumara qoyub uduzmuşdur. Ümumi bu hadisələrdən sonra o, Bəhruzun barəsində maraqlananda bilmişdir ki, Bəhruz qumar oyunlarında çoxlu pul uduzub, ondan aldığı 4500 manatı pulu da Top.Az mərc oyunlarına qoyub orada uduzmuşdur. Bəhruz ona pulları Ak.Həsən Əliyev küçəsindəki Orxan və Elmin adlı şəxslərin işlətdiyi Top.Az məntəqəsinə qoyub dövriyyə etdirəcəyini demişdir. Sonradan Mirmustafa bu barədə maraqlananda Bəhruzun dediklərinin yalan olduğunu bilmiş və ona da danışanda əmin olmuşdur ki, Bəhruz onu aldadıb. Buna görə də onun barəsində Nəsimi RPİ-nə ərizə ilə müraciət etmişdir. Bəhruz ona demişdir ki, o, əvvəllər qumar oynayıb, lakin sonradan tövbə edərək pis vərdişləri tərgidibdir. Onun pulunu qumara qoymasını bilsəydi, Bəhruza pul verməzdi. Bəhruz ondan hissə-hissə aldığı 4500 manat pulu tanışlarının işlədiyi Top.Az mərc oyunları məntəqəsində dövriyyə etdirəcəyini, onların hansısa bankda olan hesablarına qoyub ona və özünə qazanc verəcəyini demişdir. O, buna görə də Bəhruza inanmışdır. Daha sonra təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən 1000 manat ödənildiyi, hazırda tələbinin 3500 manat olduğunu və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən üç il əvvəl yaşadığı məhlədə mühafizəçi kimi işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bəhruz ona Top.Az mərc oyunları məntəqəsinin olduğunu və oraya yatırım etdikdə qoyduğu pulun 7 faizini qazanc əldə edəcəklərini və həmin 7 faizin 5 faizini gəlir kimi ona verəcəyini demişdir. O da Bəhruzun bu təklifi ilə razılaşmışdır. İlkin olaraq 18 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı binanın həyətində 5000 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin pulun qazancı kimi hər həftə ona bir ay ərzində 1000 manat pul vermişdir. O da həqiqətən də Bəhruzun bu işlə məşğul olduğuna inanaraq ona əlavə olaraq 2024-cü ilin yanvar ayının 18-də 10000 manat pul vermişdir. İlk dəfə olduğu kimi Bəhruz yenə də növbəti həftələrdə ona verdiyi ümumi 15000 manat puldan Top.Az mərc oyunlarında gəlir olduğunu bildirərək ona 750 manat pul vermişdir. Bəhruz çox inandırıcı danışmış, bir neçə şəxslə də eyni qaydada, yəni mərc oyunları şəbəkəsinə yatırım etməklə pul qazandıqlarını demişdir. O da buna görə Bəhruza inanmışdır. Bunda sonra üçüncü dəfə o, Bəhruzə onun təklifi ilə 01 fevral 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsindəki binanın həyətində 10000 manat vermişdir. Bundan sonra, yəni Bəhruza 10000 manat verdikdən həftələr keçdikcə Bəhruz onun telefonlarına cavab verməməyə başlamışdır. Onu tapıb verdiyi ümumilikdə 25 min manat pulunu istədikdə, Bəhruz cavab alaraq ona Top.az mərc oyunlarında problemlərinin olduğunu, tezliklə ona verdiyi pulun gəlirini tam verdiyi pul vəsaiti ilə birgə qaytaracağını demişdir. Lakin o, Bəhruzun onu aldatdığını bilmişdir. Onun barəsində maraqlananda bilmişdir ki, Bəhruz qumar oyunlarında çoxlu pul uduzub, ondan aldığı 25000 manat pulu da hissə-hissə Top.Az mərc oyunlarına qoyub orada uduzmuşdur, yəni onun nə özünün, nə də hansısa tanışının heç bir mərc oyunları məntəqəsi yoxdur. Buna görə də onun barəsində DİN-in 102 xidmətinə və Nəsimi RPİ-nin 20-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Bəhruzun ona danışdığı Top.Az mərc oyunları məntəqəsini axtarıb tapmışdır. Orada işləyən şəxslərdən Bəhruzun barəsində maraqlanıb soruşanda demişlər ki, onların da Bəhruzun kimlərdənsə pul alıb mərc oyunlarına qoymasından xəbərləri var. Hətta bildirmişlər ki, Bəhruz onların mərc oyunları məntəqəsində dəfələrlə qumar oynayıb uduzub və hələ də borcu qalıb. Bundan sonra o, tam əmin olmuşdur ki, Bəhruzun heç bir Top.Az məntəqəsi ilə bağlı iş birliyi yoxdur, sadəcə onun pulunu ələ keçirmək üçün bu cür yalan vədlər vermişdir. O, Bəhruzun qumar oynamasını bilməmişdir. Bəhruz ona demişdir ki, o, əvvəllər qumar oynayıb, lakin sonradan tövbə edərək bu cür pis vərdişləri tərgidibdir. Onun qumar oynamasını bilsəydi, ona heç vaxt pul verməzdi. Bəhruz ondan hissə-hissə aldığı 25000 manat pulu tanışlarının işlədiyi Top.Az mərc oyunları məntəqəsində dövriyyə etdirəcəyini, onların hansısa bankda olan hesablarına qoyub ona və özünə qazanc verəcəyini demişdir. Buna görə də ona inanmışdır. Hətta Bəhruzdan nəyə görə Top.Az məntəqəsini işlədən tanışlarının özlərinin banka pul qoymamaqlarının səbəbini soruşanda, Bəhruz cavabında topazda pul dövriyyəsinin çox olmasını və nağd pul olmadığı üçün bank hesabına qoya bilmədiklərini demişdir. Bəhruzun ondan aldığı pulu qumar oyunlarında uduzmasını Top.Az məntəqəsindən öyrənmişdir. Həm də lap axırda artıq onun barəsində polis orqanlarına müraciət edəcəyini dedikdə, Bəhruz ona özü etiraf etmişdir ki, ondan aldığı pulun hamısını qumarda uduzmuşdur. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb Zərərçəkmiş şəxs1 Top.Az mərc oyunları şəbəkəsinə pul vəsaiti yatırımı edəcəyi halda yüksək məbləğdə gəlir əldə edəcəyinə dair yalan vəd verərək 2023-cü ilin dekabr ayından, 2024-cü ilin fevral ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs ona məxsus 25000 manat pulu ələ keçirməsi barədə Nəsimi RPİ-nin 20-ci PŞ-nə ünvanladığı müraciəti və həmin müraciət əsasında toplanmış materiallar olmuşdur. 10 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli şəxs qismində tutularaq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir. 12 oktyabr 2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 12 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmiş və Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 25 noyabr 2024-cü ilədək həbs qətimkan tədbiri seçilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, mülki cavabdehin qanunsuz əməlləri nəticəsində mülki iddiaçıya 25000 (iyirmi beş min) manat zərər vurulmuşdur. Qeyd edilən fakt Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli ittiham aktı ilə təsdiq edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən Top.az məntəqəsini işlədir. Bakı şəhəri, Yasamal rayonunda yaşayır. Onun işlətdiyi məntəqədə mərc oyunları təşkil olunur. Təqsirləndirilən şəxs təxminən iki il olar ki, tanıyır. Bəhruz onun işlətdiyi Top.az məntəqəsinin yanındakı binada mühafizəçi işləmişdir. Bəhruz gəlib onun işlədiyi məntəqədə futbol oyunlarına pul qoyub qumar oynamışdır. Ora gəldiyi müddətdə Bəhruz mərc oyunlarına müxtəlif məbləğdə pul qoymuşdur. Bəhruz adətən qumar oyunlarında uduzmuşdur. Uduzmasına baxmayaraq Bəhruz mərc oyunlarında oynamağa davam etmişdir. 2024-cü ilin yay aylarında o, həmin ərazidə, yəni Bəhruzun mühafizəçi işlədiyi bina sakinlərindən eşitmişdir ki, Bəhruz bir neçə nəfər şəxsdən həm borc olaraq, həm də Top.Az oyunlarında dövriyyə etdirmək üçün pullar almışdır. Həmin şəxslərdən biri də Zərərçəkmiş şəxs1 olmuşdur. O, Mirmustafanı əvvəllər tanımamışdır. 2024-cü ilin yay aylarında onunla birlikdə Top.Az məntəqəsində işləyən X1 ona demişdir ki, Bəhruz yaxınlıqdakı binada yaşayan Mirmustafa adlı şəxsdən 20-25 min manat pul alıb və həmin məbləği onların işlədikləri Top.Az məntəqəsində dövriyyə etdirəcəyini və əvəzində ona qazanc verəcəyini demişdir. Elmin də Mirmustafaya bunun yalan olduğunu, Bəhruzun onların işlətdiyi mərc oyunları məntəqəsinə dövriyyə etdirmək üçün heç bir məbləğdə pul qoymadığını demişdir. O, özü də bildirir ki, ümumiyyətlə Top.az mərc oyunlarında belə bir hal, yəni qazanc əldə etmək məqsədi ilə dövriyyəyə pul qoymaq mövcud deyil. Bəhruz onların məntəqəsində yalnız mərc oyunlarında oynamış və pul qoymuşdur. Onların hər hansı iş birliyi olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Ak.Həsən Əliyev küçəsində yerləşən onun işlətdiyi Top.Az mərc oyunlarında dövriyyə etdirmək üçün 25.000 manat pul almasından məlumatı yoxdur. Bəhruz onun işlədiyi mərc oyunlarına dövriyyə etdirmək üçün pul qoymamışdır. Bəhruzla onun və yanında işləyən xalası oğlu Elminin heç bir sövdələşməsi, mərc oyunları ilə bağlı şərikliyi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş İsaev Elmin Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata götürülməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.73); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə əməl həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v.114); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i.v.122-126); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ümumilikdə 25000 manat pul verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi 1061,10 saylı yaşayış binasının həyətidir və orada fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.10-11); - “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən binanın qarşısında 4500 manat pul verdiyini göstərmişdir (i.v.78-79); - “Könüllü təqdim etmə və götürmə barədə” xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli protokollardan və əlavə edilmiş yazışmaların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlardan pul alınması və tezliklə qaytaracağı ilə bağlı mesajlar göndərmişdir (i.v.33-57, 65-77); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mobil telefonda qeydə alınmış “Whatsapp” yazışmalarına Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən o, həmin mesajların ona məxsus telefondan göndərilməsini təsdiq etmişdir (i.v.127); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mobil telefonda qeydə alınmış “Whatsapp” yazışmaları sübut növü kimi tanınmışdır (i.v.136-142); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.23-24); - Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il və xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı övladı var (i.v.102-103). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, peşman olmasını, əvvəllər məhkum edilməməsini, vurulmuş zərəri qismən ödəməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 25000 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs dəymiş zərərə görə 25000,00 (iyirmi beş min) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Dəymiş maddi zərərə görə 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar