Məhkəmə qərarları › İş №1(006)-134/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-134/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-134/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikası Quqark rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, 2-ci qrup əlil, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "Papanin” adlı ərazidə şəxsiyyəti istintaqa məlum olmayan tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığı, şəxsi istehlak miqdarında, bir ədəd bükümdə, təmiz çəkisi 0,230 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən 13 noyabr 2021-ci il tarixdə saat 20:00-da Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 2 ünvanının qarşısında saxlanılaraq 20-ci polis bölməsinə gətirilmiş, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13.11.2021-ci il tarixdə saat 20:00 radələrində piyada hərəkətdə olarkən, 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Nəsimi RPİ 20-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində sonradan dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkoıik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı maddə və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroini 12.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlı ərazidən tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manat nağd pul verməklə almışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş 1 bükümdə olan narkotik vasitə heroin zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ittiham aktında və şahidlərin ifadəsində göstərildiyi kimi onu Nəsimi rayonu, S.Rəhimov küçəsində deyil, Cəlil Məmmədquluzadə küçəsində saxlamışlar. Daha sonra özünü təqsirli bilməsini, ailəli olamaqla himayəsində yetkinlik yaşına çatmayan iki övladlarının və İİ dərəcəli əlil olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, polis bölməsinə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat məlumatında bildirilmiş Pərvin adlı şəxsin ifşa olunması məqsədilə təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısından əməliyyat məlumatında qeyd olunan zahiri və fərqləndirici əlamətlərə uyğun Pərvin adlı şəxsi saxlamaqla 20-ci PB-nə dəvət etmişlər. Polis bölməsində olarkən həmin şəxsin əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Mövlud oğlu müəyyənləşdirilmişdir. Pİ-nin 20-ci PB-nin təhqiqatçı Zaur Hacızadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüqüqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngii kağız bükümünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonuncudan təqdim etdiyi maddənin nə olması və onu haradan əldə etməsini soruşduqda, bildirmişdir ki, həmin heroini 12 noyabr 2021-ci il tarixdə "Papanin" deyilən ərazidən tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə müvafiq qaydada qablaşdırılmış, təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Əlavə olaraq məhkəmə iclasında şahid İ.Z.Nəbizadə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bildirdiyi sözügedən xüsusatın həqiqətə uyğun deyil və sonuncu saxlanılan zaman narkotik maddələrin təsiri altında olduğundan psixoloji cəhətdən tam özündə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş İ.Z.Nəbizadənin ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngii kağız büküm aşkar edilmişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan 13 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təhqiqat orqanı tərəfindən tutulmuşdur. Cinayət işinin 112-113-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 noyabr 2021-ci il tarixdən 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 213-214-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 223-224-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 65-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2021-ci il tarixli, 6/5038 saylı ekspert rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs Mövlud oğlunun üzərindən...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,230 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,230 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,180 qram qalıq qalmışdır. Cinayət işinin 66-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir. Cinayət işinin 168-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsin 27.12.2021-ci il tarixli 3095 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs anlaqlı olmaqla etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmuşdur. Bu səbəbdən, o, Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 179-186-cı vərəqələrində olan 22 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,180 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 29 dekabr 2021-ci il tarixli, 5545 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs N.M.Babayevdə opioidlərin kannobionidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 noyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14.03.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 21.3-cü maddələri ilə təqsirli bilinərək ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmiş, 2) Nəsimi Rayon Məhkəməsinin 22.04.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 3) Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01.12.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmiş, 20 aprel 2010-cu ul tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə məcburi müalicə ləğv olunmuş, 4) Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.04.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qəti olaraq 4 il 07 ay 06 gün ilə saxlanılmışdır, 5) Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.07.2011-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-in 66.5, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmiş, 10 noyabr 2011-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə 07.07.2011-ci il tarixli hökmü dəyişdirilərək qəti olaraq 04 il 04 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və 21.11.2015-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, 6) Nəsimi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3 və 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.01.2019-cu il tarixli qərarı ilə həmin Məcəllənin 177.2.4-cü maddəsi həmin Məcəllənin 185.1-ci maddəsinə töfsiv edilmiş, həmin Məcəllənin 177.2.2-ci maddəsi hökmdən xaric olunmuş və 66.2, 69.3-cü maddəsi ilə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və 18.06.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Cinayət işinin 125-131-ci vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli 1(006)-335/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin 59-cu vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 13 noyabr 2021-ci il tarixdə saat 21:30-dan başlayaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı Zaur Hacızadə özünü təqdim edir, bundan sonra Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkilləri İsmayıl Nəbizadə və Şahid2, mütəxəssis qismində dəvət edilmiş X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Daha sonra, iştirakçılar, o cümlədən P.M.Babayev təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış və onun üzərindən hər hansısa başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisi açılaraq, onun içərisində olan maddənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu və heroini 12.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,“Papanin” adlı ərazidən tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manat nağd pul verməklə aldığını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini ailəli olamaqla himayəsində yetkinlik yaşına çatmayan iki övladlarının və İİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.07.2011-ci il tarixli hökmü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmiş, 10 noyabr 2011-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə 07.07.2011-ci il tarixli hökm dəyişdirilərək qəti olaraq 04 il 04 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və 21.11.2015-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, bundan sonra sonuncu Nəsimi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3 və 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.01.2019-cu il tarixli qərarı ilə həmin Məcəllənin 177.2.4-cü maddəsi həmin Məcəllənin 185.1-ci maddəsinə töfsiv edilmiş, həmin Məcəllənin 177.2.2-ci maddəsi hökmdən xaric olunmuş və o, 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, 18.06.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs 10.11.2011-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 21.11.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra məhkumluğun ödənilməsi üçün tələb olunan 6 illik müddət keçmədən, yenidən qəsdən cinayət törətdiyinə görə Nəsimi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 18.06.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq 2 illik müddət keçmədən yenidən 13.11.2021-ci il tarixdə qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini,şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 13 noyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 29 dekabr 2021-ci il tarixli 5545 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi zərurəti yoxdur, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,180 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlivə iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat 82 (səksən iki) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,180 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin X7 hesabına (hesab. AZ59UBAZ**********0090AZ001) (bank kodu – 512145, VÖEN **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar