Məhkəmə qərarları › İş №1(006)-134/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-134/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-134/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Astara rayonu, Şiyəkəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olan, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30-da yaşadıqları ünvan 1 ünvanında aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs qəsdən sol əl barmaqlarından tutaraq geriyə doğru qatlayıb əlindəki mobil telefonla baş nahiyyəsinə və sillə ilə üz nahiyyəsinə vuraraq ona sol əlin İV barmağının orta falanqanın əsasının qopmuş sınığı ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan 2017-ci il təvəllüdlü Amir və 2020-ci il təvəllüdlü Amin adlı iki övladı vardır. O ailəsi ilə birlikdə 2022-ci ildən ünvan 1 ünvanında kirayədə yaşamışdır. Hadisə ərəfəsində Zərərçəkmiş şəxs ilə aralarında bir neçə dəfə ailə məişət zəminində mübahisələr olmuşdur. O, meyvə-tərəvəz mağazasında fəhlə işlədiyi üçün günortalar evə gəlmiş və saat 17:00-da işə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında evə gəlmiş, dincəlmək üçün bir müddət yatmış, saat 17:10 radələrində Zərərçəkmiş şəxs onu oyadaraq qalxmasını bildirmişdir. Yatağından qalxıb mənzilin sanitar-qovşağına, yəni hamama keçərkən, Səbinənin evin dəhlizində enerji yığmaq üçün cərəyana qoşduğu mobil telefonuna bir neçə ardıcıl mesaj gəldiyini görmüş və Səbinənin telefonuna gələn mesajlara nəzər saldıqda bibisi gəlini Aytacla yazışdığını və mesajlarda yenə onun haqqında, ailələrinin daxili məsələləri haqqında müzakirələr etdiyini aşkar edərək mesajları rahatlıqla oxumaq üçün telefonu götürüb hamama keçmiş və hamamın qapısını arxadan bağlamışdır. Bir-iki dəqiqə sonra Səbinə telefonunu qoyduğu yerdə görmədiyi üçün telefonun onda olduğunu başa düşmüş və hamamın qapısını döyərək telefonu ona verməsini tələb etmişdir. O isə onun bibisi gəlini ilə olan yazışmalarını oxumaqda davam etmişdir. Səbinə hamamın qapısının arxasından “hamamdan pol ağacını ver, mənzilin döşəməsini siləcəm, rəfiqəm gəlməlidir” dedikdə hamamdakı vedrəyə su doldurub və pol ağacını əlinə götürüb Səbinəyə vermək üçün hamamın qapısını açıb vedrəni Səbinəyə tərəf uzatdıqda, Şəbinə içi su ilə dolu vedrəyə təpik vurmuş və vedrədəki su dağılmışdır. Səbinə hamama daxil olaraq telefonu onun əlindən almağa çalışmış, o isə sonuncu telefonu ala bilməsin deyə sol əlində telefonu tutub sağ əliylə Səbinəni özündən kənarlaşdırmağa çalışmışdır. Səbinənin sol əlindən sağ əliylə tutub onu geriyə itələmiş, onun əlindən daha möhkəm tutmaq üçün barmaqlarını onun sol əlinin barmaqları arasına salmış, Səbinəni hamamdan uzaqlaşdırmaq və telefonu ala bilməsi üçün onun əlini geriyə doğru qatlamışdır. Daha sonra Səbinəni itələmiş və sonuncu yerə yıxıldıqda telefonunu sonuncunun başına iki-üç dəfə vuraraq “bu nə mesajlardı yazışırsan” deyərək iradını bildirmişdir. Daha sonra, o, qonaq otağına keçmiş və telefondakı smsləri oxuyarkən telefonun ekranındakı boşluğa görə ekranın qaraldığını görüb telefonu Səbinəyə qaytarmışdır. Bundan sonra çıxıb işə getmiş və axşam saatlarında işdən evə qayıdanda Səbinə və övladlarının yaşadıqları mənzildən getdiyinə şahid olmuşdur. Bundan sonra həyat yoldaşı müvafiq polis şöbəsinə müraciət edərək onun barəsində şikayətçi olmuşdur. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2017-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan 2017-ci il təvəllüdlü Amir və 2020-ci il təvəllüdlü Amin adlı iki övladı vardır. 2022-ci ildən etibarən ailəsi ilə birlikdə ünvan 1 ünvanında kirayədə yaşamışlar. Ailə qurduqdan sonra Təqsirləndirilən şəxslə aralarında bir neçə dəfə ailə-məişət mübahisələri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində evdə olduqları zaman Vüqar onun telefonunda sonuncunun münasibəti normal olmayan bibisi gəlini ilə yazışmasını, ailə daxili söhbətləri bibisi gəlini ilə yazışaraq müzakirə etdiyini görüb telefonu götürüb hamam otağına keçmişdir. O, Vüqardan telefonunu ona verməsini tələb edib hamama daxil olmuş, lakin sonuncu telefonu vermədiyi üçün aralarında mübahisə baş vermişdir. Həmin mübahisə zamanı Vüqar hamamda onun sol əlinin barmaqlarından tutaraq barmaqlarını arxaya doğru qatlamış və telefonu ondan almağa cəhd edərkən sonuncu onu itələmiş, buna görə ayağı sürüşərək yerə yıxılmışdır. Daha sonra Vüqar əlindəki telefonla onun başına bir neçə dəfə vurmuşdur. Daha sonra, o, telefonunu Vüqardan almaq üçün sonuncunun arxasınca qonaq otağına keçmiş və telefonu almağa çalışsa da, Vüqar əlindəki telefonla onun başına bir neçə dəfə vurmuşdur. Bundan sonra Vüqarın əlindən telefonu almağa nail olmuşdur. Bundan sonra Vüqar hamam otağına girmiş, daha sonra isə getmişdir. O, Vüqar işdə olduğu zaman əşyalarını və övladlarını götürüb evdən getmişdir. Daha sonra isə polis şöbəsinə baş vermiş hadisə barədə şikayət etmişdir. Halhazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən və sonuncuya qarşı şikayət və tələbi olmadığından iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X1” X2 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1539 saylı expert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət-sol əlin İV barmağının orta falanqanın əsasının qopmuş sınığı ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Həmçinin rəyin nəticə hissəsinin 2-ci bəndində qeyd edilmişdir ki, aşkar edilmiş xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə törənə bilərdi. (i/v 36-38). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 34). Məhkəməyə təqdim edilmiş 09 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar