Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-136/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və müxtəlif ünvanlarda kirayədə yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 13:30-da ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 12 ünvanının qarşısında olan körpünün alt hissəsində tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla yanaşı, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, yəni ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edib zor tətbiq edərək əl-ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla yanaşı üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs sol qol nahiyəsindən qəsdən bir dəfə vurub, ona sol bazu nahiyəsinin, bazu arteriyasının əzələ şaxəsinin zədələnməsi ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ əlin arxa səthinin, sağ əlin İV barmağının və sol diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmədiyi üçün fəhləlik edərək həm özünün, həm də himayəsində olan uşağının gündəlik tələbatlarını qarşılayır. Bunun üçün o, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 12 ünvanında yerləşən 3-cü mikrorayon dairəsi adlanan ərazidəki körpünün aşağı hissəsində özünə məxsus qaynaq aparatı ilə dayanır və ora sifariş üçün gələn şəxslərə yaxınlaşaraq onlara göstərə biləcəyi xidmətləri təklif edir. Növbəti dəfə xx.xx.2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində yuxarıda qeyd etdiyi körpünün aşağı hissəsində dayanan zaman markası və nömrəsi yadında qalmayan metal rəngdə olan xarici dövlət istehsalı avtomobildə həmin əraziyə yaxınlaşan əvvəllər tanımadığı şəxs ona usta lazım olduğunu və mənzilində qapının yerinin söküləcəyini bildirmişdir. Həmin işi görə biləcəyini dedikdə, həmin şəxs onunla birlikdə gedib yerində işə baxmasını və ondan sonra görəcəyi işin müqabilində müvafiq qiyməti deməsini bildirmişdir. Həmin şəxslə razılaşdıqdan sonra onunla həmin ərazidə fəhlə işləyən Zərərçəkmiş şəxs səbəbsiz yerə onlara yaxınlaşaraq nə üçün onun işinə müdaxilə etdiyini soruşmuş və ünvanına nalayiq ifadələr işlətmişdir. O, ilk öncə Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisəyə fikir verməmiş, lakin sonuncu onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra aralarındakı mübahisə daha da irəliləmiş və Zərərçəkmiş şəxs ilk öncə təhqirlərinə davam edərək onun üzərinə gəldiyindən o da bir neçə addım sonuncuya doğru addımlamışdır. Bu zaman gözləmədiyi anda Zərərçəkmiş şəxs onun yaxasından tutaraq vurmaq istəmişdir. Sonuncunun fiziki imkanları geniş olduğu üçün o, əvvəlcədən üzərində gəzdirdiyi iş prosesində naqilləri kəsmək üçün istifadə etdiyi aləti əynində olan cins şalvarının arxa cibindən çıxararaq özünü müdafiə etmək və edilən təhqirlərin təsirində olduğu üçün Zərərçəkmiş şəxs sol qolunun dirsəyə yaxın hissəsindən onu qorxutmaq məqsədilə bir dəfə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs onu vurmaq üçün arxası ilə qaçdıqda həmin ərazidən qaçaraq “Şamaxinka" adlanan ərazi istiqamətinə getmiş və 114 nömrəli marşrut avtobusuna minərək hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı istifadə etdiyi aləti isə metorunun “Memar Əcəmi" stansiyasının yaxınlığındakı X12 küçəsində yerləşən parka tullamışdır. O, alət ilə başqa şəxslərə xəsarət yetirməmiş və həmin hadisəni yalnız zərərçəkmiş şəxsin fiziki imkanlarına güvənərək ona doğru gəlməsinə, ona qarşı nalayiq ifadələr işlətməsinə və həmin ifadələrin təsirindən qəzəblənməsinə görə etdiyini bildirmişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və ona dəymiş ziyanı ödədiyini, himayəsində bir azyaşlı övladının olmasını və onu təkbaşına böyütməsini bildirərək məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmasına baxmayaraq, xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsüf olunmasını düzgün hesab etmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, hər ikisi Şamaxı rayonundandırlar və qohumdurlar. Hadisə baş verən gün o, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 12 ünvanında yerləşən 3-cü mikrorayon dairəsi adlanan ərazidə yerləşən körpünün aşağı hissəsində özünə məxsus dəzgahla birlikdə dayanıb sifariş qəbul etmək üçün müştəriləri gözləmişdir. Həmin vaxt onunla birlikdə qeyd olunan ərazidə fəhlə işləyən Təqsirləndirilən şəxs ona məxsus alətlərin qarşısında dayanıb müştəri ilə söhbət edən zaman sonuncuya həmin alətlərdən istifadə edib müştəri qəbul etməsinə mane olmasını irad olaraq bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və o, istəmədən Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. İlk öncə sonuncu onun ifadələrinə fikir verməmiş, lakin o, Təqsirləndirilən şəxs üzərinə gedərək nalayiq ifadələrinə davam etmişdir. Bu zaman Təqsirləndirilən şəxs da ona doğru addımlamış, o, sonuncunu qorxutmaq məqsədilə onun yaxasından tutmuş və hər ikisi əsəbi olduğundan sonuncu əynində olan cins şalvarının arxa cibindən çıxartdığı alətlə onun sol qolunun dirsək nahiyəsinə zərbə endirmişdir. Qolunu yana çəkmək istədikdə Təqsirləndirilən şəxs sağ əlində tutduğu alət onun sol qolunun dirsək nahiyəsindən dəymiş və xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs arxası ilə qaçsa da, sonuncu “Şamaxinka” adlanan ərazi istiqamətində qaçıb ərazidən uzaqlaşmışdır. Daha sonra yaxınlıqda yerləşən Milli Onkologiya Mərkəzinə getmiş və orada ona tibbi yardım göstərilmişdir. Sonradan o, şikayətçi olmasa da, Təqsirləndirilən şəxs barəsində cinayət işi açılmışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı onun heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur və həmin hadisənin birbaşa olaraq onun təşəbbüsü ilə başlanmasını etiraf edir. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi iş fəaliyyəti əlaqədar olaraq əvvəllər tanımışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 12 ünvanında yerləşən 3-cü mikrorayon dairəsi adlanan ərazidə yerləşən körpünün aşağı hissəsində dayanıb təmir ilə əlaqədar sifariş verən şəxsləri digərləri ilə birlikdə adəti üzrə gözləmişlər. Həmin vaxt bir nəfər şəxs avtomaşınla onlara yaxınlaşıb sifariş vermək istəyən zaman orada onlarla birlikdə fəhlə işləyən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə etməyə başlamışlar. Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək Təqsirləndirilən şəxs üzərinə doğru getmiş və bundan sonra Təqsirləndirilən şəxs da qarşılıqlı olaraq zərərçəkmiş şəxsə doğru irəliləmiş və anidən Zərərçəkmiş şəxs əl ataraq Təqsirləndirilən şəxs çiynindən yapışmışdır. Bundan sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin fiziki imkanlarından çəkinmiş və o, birbaşa şahidi olmasa da, Zərərçəkmiş şəxs hərəkətlərindən xəsarət almasını anlamışdır. Daha sonra isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arxasınca düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 xx.xx.2020-ci il tarixli, 615 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sol bazu nahiyəsinin, bazu arteriyasının əzələ şaxəsinin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən, sağ əlin arxa səthinin, sağ əlin İV barmağının və sol diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sol bazunun deşilmiş-kəsilmiş yarası bıçağın tiyəsinin deşici-kəsici təsirindən, digər xəsarətlər isə insan bədəninin hissələrinin (əl,ayaq və s.) təsirdən əmələ gələ bilərdi (i/v 25-27). İş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Emin Abbasov tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli “Videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1-ci faylda əks olunan çəkiliş 04 dəqiqə, 21 saniyə müddətində olmuşdur. Həmin görüntü Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 12 ünvanında yerləşən körpünün aşağı hissəsini müşahidə etmişdir. Videogörüntüdə zərərçəkmş Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs əvvəlcə sözlü mübahisə etmiş, daha sonra mübahisə münaqişəyə çevrilmiş və görüntünün 03:30-cu saniyəsində Təqsirləndirilən şəxs sağ əlini belinə ataraq çıxardığı bıçaqla Zərərçəkmiş şəxs sol qolundan vurduqdan sonra kənarda yığışan şəxslərin müdaxiləsindən sonra kənara çəkilməsi müşahidə edilmişdir. 2-ci faylda əks olunan görüntü 04 dəqiqə müddətində olmuşdur və həmin görüntü də Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 12 ünvanında yerləşən körpünün aşağı hissəsini müşahidə etmiş, görüntüdə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs münaqişə etmələri və kənarda olan şəxslərin onları ayırmaları müşahidə edilmişdir. 3-cü faylda əks olunan görüntülər 02 dəqiqə müddətində olmuşdur və həmin görüntü də Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 12 ünvanında yerləşən körpünün aşağı hissəsini müşahidə etmişdir. Görüntüdə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs münaqişə etmələri və kənarda olan şəxslərin onları ayırmaları müşahidə edilmişdir. Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntülərə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs mübahisə etməsi, zərərçəkmiş şəxsin sonuncunun üzərinə doğru getməsi və aralarında olan münaqişə zamanı Təqsirləndirilən şəxs görüntülərdən tam olaraq aydın olmayan alətlə zərəçəkmiş şəxsə xəsarət yetirməsi müşahidə edilmişdir. İş materiallarında olan 2(074)-94/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnamədən və AA1503165 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında xx xxx 2014-cü il tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx xxx 2014-cü il tarixdə 108 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur və Təqsirləndirilən şəxs himayəsində azyaşlı xx xxxx 2014-cü il təvəllüdlü X4 vardır (118-119). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisənin görüntülərini əks etdirən 01 DVD disk maddi sübut kimi tanınmışdır (i/v 124-130). İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 90-92). Zərərçəkmiş şəxs məhkəmədə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda Təqsirləndirilən şəxs əməlini tövsüf edərkən hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmasını nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin fərdi fəaliyyətlə məşğul olmasına mane olmasa da, Zərərçəkmiş şəxs heç bir ciddi əsas olmadan Təqsirləndirilən şəxs müştəri ilə olan razılaşmasına ciddi şəkildə mane olaraq, onu ətrafda olan şəxslərin qarşısında təhqir edərək alçaltmağa çalışmış, əlavə olaraq təhqirə davam etməklə onun üzərinə doğru gedib öz fiziki imkanlarından istifadə edərək zərurət olmadan əl atıb çiyin hissəsindən yapışaraq mübahisənin daha təhlükəli xarakter almasına şərait yaratmışdır. Hətta münaqişə sonlandıqdan sonra zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ardınca qaçmasıda nəzərə alınmalıdır. Belə olan halda tərəflər arasında yaranmış mübahisə və ya dalaşma gedişində sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü nəticəsində yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığından Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığını, onun hərəkətlərinin sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzarə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsüf olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinin tələbinə görə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığına və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamaq maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-394/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 43.3, 40.2, 384.1 və Azərbaycan Respublikası CM-nin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına isə 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-136/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-136/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver