Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-136/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,742 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 avqust 2024-cü il tarixdə saat 11:25-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən Nəsimi rayon polis idarəsinin 20-ci Polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,742 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 19 avqust 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdə yatarkən polis əməkdaşları onun olduğu mənzilə daxil olaraq polis bölməsinə aparmışlar. Hadisə vaxtı evdə anası və uşaqları olmuşdur. Daha sonra polis şöbəsində olarkən polis əməkdaşları ondan narkotik vasitədən istifadə etməsi barədə izahat verməsini tələb etmişlər. O isə qeyd olunan izahatı verməkdən ilkin olaraq imtina etdikdə polis əməkdaşları onu döymüşlər. Həmçinin əgər narkotik vasitələrdən istifadə etməsi barədə izahat verməzsə, onun 5 kq narkotik vasitə ilə “yüklənəcəyini” deyərək hədələmişlər. Bundan sonra edilmiş təzyiqlərdən qoxaraq, o, narkotik vasitələrdən istifadə etməsinə dair izahat vermişdir. Polis əməkdaşlarının təzyiqlərindən çəkindiyi üçün videoçəkiliş zamanı ittiham üzrə qeyd edilən formada izahat vermişdir. İfadəsinin sonunda məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Nəsimi rayonu ərazisində “Çingiz” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə, yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş etimad doğuran, məlum və qərəzsiz məlumatın yoxlanılması məqsədi ilə 19 avqust 2024-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PŞ-də əməliyyat qrupu yaradılmışdır. O və qrupun digər iştirakçısı Nəsimi RPİ-nin 20-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 avqust 2024-cü il tarixdə saat 11:25 raddələrində ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlayaraq Nəsimi RPİ-nin 20-ci PŞ-nin inzibati binasına gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə sonuncu əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümün nə olduğunu soruşduqda, sonuncu bükümün “patı” adlanan psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra həmin psixotrop maddəyə bənzər kütlə ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümü harada və kimdən aldığı soruşulduqda o həmin bükümü 19 avqust 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən istifadə etmək məqsədi ilə 20 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 20-ci PB-nə gətirilərkən və PB-də üstündə axtarış aparılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material əsasında Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin baş təhqiqatçısı Zaur Quliyev tərəfindən CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (i/v 1). İş materiallarına əlavə olunmuş 19 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin baş təhqiqatçısı Zaur Quliyev tərəfindən CM-nin 234.1-ci maddəsi ilə 19 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 22). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin baş təhqiqatçısı Zaur Quliyev tərəfindən tərtib edilmiş və həmin idarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, KTQ-nin inspektor-kriminalisti X4, müdafiəçi X5, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 19 avqust 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin baş təhqiqatçısı Zaur Quliyev tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Təqsirləndirilən şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni “Papanin” adlanan ərazidən adını bilmədiyi şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını bilidirmişdir (i/v 31-32). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 19 avqust 2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024-cü il tarixli, 6/4235 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,742 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i/v 46-48). İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 21 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 73-74). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 75-76). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmündən görünür ki, əvvələr bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Nəsimi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 21 gün vaxtından əvvəl azad edilmişdir (i/v 89-91, 103-111). İş materiallarına əlavə edilmiş “Maddi sübut hesab edilməsi haqqında” 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,742 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,692 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (i/v 79). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 5738 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 92-93). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X11 sağlamlığa zərər vurmanın rəyininə dair xx.xx.2024-cü il tarixli, 1130 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (i/v 95-96). İş materiallarında olan “axtarış elan edilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan, “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan, “cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” 29 oktyabr 2024cü il tarixli qərardan və “axtarışda olan şəxsin tutulması barədə” 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, 21 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmış, 29 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edildiyindən iş üzrə icraat təzələnmişdir (i/v 120, 123, 127, 128-129). İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir (i/v 138-139). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və DVD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i/v 147-155). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan edilməsi, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-70089/2025 saylı, məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək axtarışa elan olmuş, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə iclasları zamanı istintaqı aparılarkən özünü təqsirli bilməməsi barədə ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, 19 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və həmin maddəni “Papanin” adlanan ərazidən adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və 29 oktyabr 2024-cü il tarixdən 31 oktyabr 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 avqust 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, ondan 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ilkin çəkisi 0,742 qram olan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,692 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-620/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına xx.xx.2025-ci il tarixədək 32 iş saatı üçün 192 manat və xx.xx.2025-ci il tarixdən 18 iş saatı üçün 198 manat olmaqla ümumilkdə 390 (üç yüz doxsan) manat məbləğində pul köçürüməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və 29 oktyabr 2024-cü il tarixdən 31 oktyabr 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 19 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ilkin çəkisi 0,742 qram olan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,692 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına xx.xx.2025-ci il tarixədək 32 iş saatı üçün 192 manat və xx.xx.2025-ci il tarixdən 18 iş saatı üçün 198 manat olmaqla, ümumilkdə 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-136/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-136/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver