Məhkəmə qərarları › İş №1(006)-137/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-137/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-137/2020 04.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayonlarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs X4, təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X19 iştirakları ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 saylı ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 tamah niyyəti ilə təkrarən, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixində saat 01:30 radələrində Zərərçəkmiş şəxs1 Nəsimi rayonu, H.B.Əliyev küçəsi 52 saylı ünvanın qarşısında saxladığı “Toyota Haylander” minik markalı 8**-MX-*** dövlət nömrə nişanlı avtomobilinin arxa sağ yan qapısının şüşəsini sındırıb həmin avtomobilin sürətlər ötürücü yerinin arxasında olan saxlanc yerindən ağ rəngli sellofan torbada 1000 manat dəyərində 750 əyarlı, uzunsov formalı, üzərində kəsikləri, qaşı olmayan, 25 qram çəkisində qadın qızıl üzük və sırğasını, 1000 manat dəyərində 750 əyarlı, tək qaş formalı, üzərində bir ədəd brilyant qaşı olan, 15 qramlıq qadın üzüyünü, avtomobilin arxa saxlanc yerindən bir ədəd 3 manat dəyərində ağ, qara, qırmızı rəngləri olan bazar çantasını, həmin çantada təxminən 100 manat dəyərində Rusiya istehsalı olan, markası istintaqa məlum olmayan şkolad və konfetləri, 3 manat dəyərində qara, ağ, qırmızı rənglərlə boyanmış bazar çantasını, həmin çantada olan 1 ədəd 100 manat dəyərində, qəhvəyi rəngli dəridən olan, papaqlı paltonu (dublyonka), 1 ədəd 1 manat dəyərində selofan torbada təxminən 200 qram çəkidə lobya paxlanı, 1 ədəd 2,40 (2 manat 40 qəpik) manat dəyərində yuyucu Persol tozunu, 1 ədəd 3 manat dəyərində şüşə butulkada olan bir ədəd qara bibər və bir ədəd dəniz duzunu, 3 ədəd 9 manat dəyərində şüşə qutuda üzərində “pripraviç” sözü yazılan bitki otlarını, 1 ədəd 6 manat dəyərində 574 qram çəkidə “orexovıy” markalı servolat kolbasanı, bir ədəd 1 kq çəkidə, 9,50 manat dəyərində selofan torbada donuz piyindən olan salanı, hər biri 1 manat təşkil edən 6 ədəd 6 manat dəyərində “Çim-Çim” sözü yazılan olan şorba üçün ədviyyatı, bir ədədin qiyməti 1,20 manat təşkil edən 4 ədəd 4,80 manat dəyərində üzərində “Rollton” sözü yazılan Bulyonu, 7 ədəd, bir ədədin qiyməti 0,80 qəpik təşkil edən 5,60 (beş manat altmış qəpik) manat dəyərində üzərində “Russkiy Appetit” sözü yazılmış 15 qramlıq ədviyyatı, bir ədədin qiyməti 0,80 qəpik təşkil edən 2 ədəd 1,60 manat dəyərində üzərində “Koriça molotava” sözü yazılan ədviyyatı, 1 ədədin qiyməti 1 manat təşkil edən 5 ədəd 5 manat dəyərində üzərində “Gallina Blanca” yazısı olan ədviyyatı, 1 ədəd 1,20 manat dəyərində üzərində “1000 Blyud” sözü yazılan ədviyyatı, 1 ədəd, 0,80 qəpik dəyərində üzərində “Smes pryanostey” yazısı olan ədviyyatı, 1 ədəd 0,90 qəpik dəyərində üzərində “krılışki çesnoçnıe” yazısı olan ədviyyatı, 1 ədəd 0,80 qəpik dəyərində üzərində “Priprava dlya jarki myasa” sözü yazılan ədviyyatı, 1 ədəd 0,30 manat dəyərində üzərində “Zefımıy plombiri” yazısı olan jelibomu, 1 ədəd qiymətsiz üzərində “kuka sirop” yazısı olan 100 ml siropu (50%-dən çox istifadədə olduğu üçün qiymətsiz) bir blok 50 manat dəyərində Malbora siqaretini gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2313,90 manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, X16, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixində, saat 14:50 radələrində X7 məxsus Nəsimi rayonu, Alı Mustafayev küçəsi 26 saylı ünvanın qarşısında saxladığı 3600 manat dəyərində “Nama 48-2” markalı dövlət nömrə nişanlı olmayan mopedini və həmin mopedin üzərində olan 750 manat dəyərində moped kaskasını gizli olaraq talayaraq zərər çəkmiş şəxs X7 ümumilikdə 4350 manat miqdarda ziyan vuraraq təkrar oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X16 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixində saat təxminən 01:30 radələrində Nəsimi rayonu, H.B.Əliyev küçəsi 52 saylı ünvanın yaxınlığında olarkən Rusiya Federasiyası nömrəsi ilə “Toyota Haylander” markalı 8**-MX-*** dövlət nömrə nişanlı avtomobildən həmin avtomobili idarə edən şəxsin düşərək yaxınlıqda olan 5 mərtəbəli binanın blokuna daxil olduğunu görmüş və həmin avtomobildən oğurluq etmək qərarına gələrək təxminən 10-15 dəqiqə gözlədikdən sonra ətrafda onu heç kimin görmədiyinə tam əmin olduqdan sonra həmin avtomobilin arxa sağ yan qapısının pəncərəsinə yaxınlaşmış, özündə olan mühərrik şamı ilə avtomobilin arxa sağ yan qapısının şüşəsini sındırmışdır. Həmin vaxt kənardan səs eşitdiyinə görə avtomobildən kənara çəkilmiş, lakin heç kəsin onu görmədiyinə əmin olduqdan sonra avtomobilə yenidən yaxınlaşmış, avtomobilin arxa sağ yan qapısının pəncərəsindən avtomobilə daxil olmuş və həmin avtomobilin qoltuqaltı yerinə, sonra isə saxlanc yerinə baxmışdır. Lakin avtomobildə pul və qızıl-zinət əşyaları olmadığından, həmin avtomobilin arxa oturacağının üzərindən və arxa saxlanc yerindən iki ədəd çantanı götürüb həmin yerdən uzaqlaşmışdır. Bundan sonra o, piyada yaxınlıqda olan binanın zirzəmisinə daxil olmuş, həmin iki ədəd çantanı orada gizlətmişdir. Daha sonra zirzəmidə çantalara baxdıqda onlardan birində şirniyyat ərzaqlarının olduğunu görmüşdür. Digər çantada isə bir ədəd dəri gödəkcə, kolbasalar, konfet və şokoladlar olmuşdur. Həmin iki ədəd çantanı zirzəmidə gizlətdikdən sonra səhərin açılmağın gözləmiş, daha sonra saat 10 radələrində həmin zirzəmiyə gəlmiş və zirzəmidən ancaq şirniyyat çantasını götürərək həmin çantanı Nəsimi rayonu, 3-cü mikrorayon bazarının qarşısına gətirmişdir. Həmin çantada olan şirniyyat əşyalarını tanımadığı şəxslərə ümumilikdə 80 manata satmış, çantanı isə xatırlamadığı ərazidə zibil qutusuna tullamışdır. Daha sonra digər paltar olan çantanı gizlətdiyi zirzəmiyə qayıtmış, həmin çantanı zirzəmidən götürmüş və “3-cü mikrorayon bazarı” adlanan ərazidə olan X9 həyətində olan zirzəmidə gizlətmiş, bundan sonra 80 manat pulu şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Nəsimi rayonu, Alı Mustafayev küçəsində olan 9 mərtəbəli yaşayış binasının qarşısında olan zaman bir nəfər şəxsin qara rəngli, 50 kubluq, nömrəsi olmayan moped saxladığını görmüş və həmin mopedi idarə edən şəxsin ünvanlara restoranlardan yemək çatdırdığını başa düşmüşdür. Həmin mopedi idarə edən şəxs mopeddən düşdükdən sonra açarları mopedin üzərində qoymuş və yaxınlıqda olan 9 mərtəbəli yaşayış binasının blokuna daxil olmuşdur. Bundan sonra o, həmin mopedi oğurlayıb satmaq qərarına gəlmiş və ətrafa nəzər yetirərək onu heç kimin görmədiyinə tam əmin olduqdan sonra mopedə yaxınlaşmış, həmin mopedi üzərində olan açarı ilə işə salıb həmin ərazidən uzaqlamışdır. O, mopedi idarə edərək Nərimanov rayonu, Çapayev (Təbriz) küçəsinə gələrək orada olan avtotəmir sexinə yaxınlaşmış, mopedi satmaq istədiyini desə də mopedi sata bilməmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixində saat təxminən 18-19 radələrində ona mülki geyimdə bir neçə nəfər yaxınlaşmış, özlərini təqdim edib 20-ci Polis Bölməsinin əməkdaşları olmasını bildirmiş, o da özünü təqdim etmiş və etdiyi əməlini etiraf edərək mopedi oğurladığını polislərə demişdir. Daha sonra onu 20-ci Polis Bölməsinə gətirmişlər və orada olan zaman o, həmin polis bölməsindən nəzarətdən yayınaraq Nəsimi rayonu, 3-cü mikrorayondakı “Yeganə” şadlıq evinin qarşısında olan parka getmiş, gecəni həmin parkda, sonra isə zirzəmilərdə keçirmiş, xx xxxxxx 2020-ci il tarixində səhər saatlarında o, Binəqədi rayonu, Xutor deyilən ərazidə olan zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək 19-cu Polis Şöbəsinin əməkdaşları olmasını bildirmişlər və avtomaşından oğurluq etdiyinə görə onun axtarıldığı məlum olmuşdur. O, etdiyi əməlini etiraf etdikdən sonra polislərlə birlikdə 19-cu Polis Şöbəsinə gəlmiş sonra isə X9 həyətində olan zirzəmidə saxladığı çantanı polis əməkdaşlarına təqdim etmişdir. Hal-hazırda törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam olaraq ödənildiyini nəzərə alaraq, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X10 əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, “WOLT” şirkətində kuryer işləmiş, onun işi müxtəlif restoranlardan sifarişi qəbul edib, ünvanlara yemək çatdırmaqdan ibarət olmuşdur. xx.xx.2020-ci il tarixində saat təxminən 14:30 radələrində mobil telefonuna “Pit Stop” restoranından sifariş gəlmiş, bundan sonra o, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində yerləşən “Pit Stop” restoranına getmiş, sifarişi qəbul edərək mobil telefonunda proqramda olan məlumatda müştərinin ünvanını bildikdən sonra Nəsimi rayonu, Alı Mustafayev küçəsi 24-26 ünvanda olan 9 mərtəbəli yaşayış binasının qarşısına getmiş və mopedini 9 mərtəbəli binanın pilləkənin qarşısında saxlamışdır. Daha sonra həmin binaya daxil olaraq müştəriyə sifarişi təhvil verib aşağı düşərkən liftin yanında mopedinin səsini eşitmiş, bundan sonra o, liftlə 1-ci mərtəbəyə düşüb qapıdan çıxdıqdan sonra mopedini saxlanıldığı yerdə aşkar etməmişdir. Daha sonra ondan 150-200 metr irəlidə mopedini kiminsə idarə edərək sürüb getdiyini görmüşdür. O, mopedin arxası ilə qaçsa da çata bilməmiş və sonradan ad və soyadını bildiyi Fazil İbiyev mopedlə birlikdə ərazidən uzaqlamışdır. Bundan sonra o, saat 15 radələrində DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verib mopedinin oğurlandığını demişdir. Onun 102 xidmətinə zəngindən sonra hadisə yerinə 20-ci Polis Bölməsinin əməkdaşları gəlmişlər. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları mopedin tapılaraq 20-ci Polis Bölməsinin qarşısında saxlanıldığını ona demişlər. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, vurulmuş ziyan ödənilmiş və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixində Nəsimi rayon məhkəməsinə teleqram ünvanlayaraq, X11 qarşı şikayət və tələbinin olmamasını, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 842 saylı rəyinə əsasən qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş “Nama 48-2” markalı moped və 1 ədəd qara rəngli, üzərində “İLM DOT” markalanma yazıları olan kaskanın istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 870,00 manat müəyyən olunmuşdur (cild 1, i/v 150-152). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 956 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş ağ, qara və qırmızı rəngli çantanın, qəhvəyi rəngli dəridən olan, papaqlı paltonun, sellofan torbada təxminən 200 qram çəkidə lobya paxlasınn, yuyucu “Persol” tozunun, qutuda içində şüşə butulkada olan bir ədəd qara bibər və bir ədəd dəniz duzunun, şüşə qutuda üzərində “Pripraviç” sözü yazılan bitki otlarının, 574 qram çəkidə servelat kolbasasının, sellofan torbada donuz piyindən olan salanın, “Çim-Çim” sözü yazılan olan şorba üçün ədviyyatın, üzərində “Rollton” sözü yazılan bulyonun, üzərində “Russkiy Appetit” sözü yazılmış 15 qramlıq ədviyyatın, üzərində “Koriça Molotaya” sözü yazılan ədviyyatın, üzərində “Gallina Blanca” yazısı olan ədviyyatın, üzərində “1000 Blyud” sözü yazılan ədviyyatın, üzərində “Smes pryanostey” yazısı olan ədviyyatın, üzərində “Knlışki çesnoçme” yazısı olan ədviyyatın, üzərində “Priprava dlya jarki myasa” sözü yazılan ədviyyatın, üzərində “Zefirmy plombiri” yazısı olan jelibomun, “Kuka sirop” yazısı olan 100 ml siropun 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 160,90 manat müəyyən edilmişdir (cild 1, i/v 172-175). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 954 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən “Nama 48-2” markalı mopedin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 585,0 manat müəyyən edilmişdir (cild 1, i/v 153-156). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X20 xx.xx.2020-ci il tarixli, 260 saylı rəyinə əsasən X8 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. X16 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, X16 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, i/v 145-147). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X20 xx.xx.2020-ci il tarixli, 441 saylı rəyinə əsasən X8 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. X16 08.1995-ci il tarixindən Kannabioidlərin (çətənə) qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Bakı şəhər Narkoloji Dispanserində qeydiyyatdadır (cild 2, i/v 148-149). İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC və X14 arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış N ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, “Nama 48-2” markalı moped “xxxxxxxxxxxxxxx” MMC tərəfindən alıcı X7 12 aylıq ödəniş şərti ilə satılmışdır (cild 1, i/v 194-196). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, təqsirləndirilən şəxs X16 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)-27/2020 saylı qərarı ilə onun barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 87, cild 2, 55-56). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan, X22 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmündən görünür ki, X16 Bakı şəhəri, Nizami rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə 01 il 06 ay əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, X22 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə 08 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin hökmdən verilmiş apellyasiya şikayəti üzrə Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə onun barəsində 09 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur (cild 1, i/v 60-62). İş materiallarında olan zərərçəkmiş şəxs X14 və müstəntiq Anar Miralayev tərəfindən imzalanmış qəbzdən görünür ki, 1 ədəd “Nama” markalı moped, 1 ədəd kaskası əvvəlki işlək vəziyyətdə zərərçəkmiş şəxs X14 tərəfindən müstəntiq Anar Miralayevdən təhvil alınmışdır (cild 1, i/v 74). İş materiallarında olan Zərərçəkmiş şəxs1 və müstəntiq Anar Miralayev tərəfindən imzalanmış qəbzdən görünür ki, 1 ədəd ağ, qara və qırmızı rəngli çantanı, həmin çantada olan 1 ədəd qəhvəyi rəngli dəridən olan paltonu, 1 ədəd sellofan torbada təxminən 200 qram çəkidə lobya saxlasını, 1 ədəd yuyucu “Persol” tozunu, 1 ədəd qutuda içində şüşə butulkada olan 1 ədəd qara bibər və bir ədəd dəniz duzunu, 3 ədəd şüşə qutuda üzərində “Pripraviç” sözü yazılan bitki otlarını, 1 ədəd “Servelat” kobasasını, 1 ədəd sellofan torbada donuz piyindən olan salanı, sellofan torbada dağıdılmış halda şirniyyatı, 6 ədəd “Çim-Çim” sözü yazıları olan şorba üçün ədviyyatı, 4 ədəd üzərində “Rollton” sözü yazılan bulyonu, 7 ədəd üzərində “Russkiy Appetit” sözü yazılmış 15 qramlıq ədviyyatı, 2 ədəd üzərində “Koriça Molotaya” sözü yazılan ədviyyatı, 5 ədəd üzərində “Gallina Blanca” yazısı olan ədviyyatı, 1 ədəd üzərində 1000 Blyud sözü yazılan ədviyyatı, 1 ədəd üzərində “Smes pryanostey” yazısı olan ədviyyatı, 1 ədəd üzərində “Krıliışki çesnoçnıe” yazısı olan ədviyyatı, 1 ədəd üzərində “Priprava dlya jarki myasa” sözü yazılan ədviyyatı, 1 ədəd üzərində “Zefirnıy plombir” yazısı olan jelibomu, 1 qutu “Kuka sirop” yazısı olan 100 ml siropu Zərərçəkmiş şəxs1 tərəfindən müstəntiq Anar Miralayevdən təhvil alınmışdır ( cild 1, i/v 113). İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz şəhər xidmətinin TŞ 3-206 nömrəli videomüşahidə qurğusunun 2-ci və 3-cü kameralarının xx.xx.2020-ci il tarixli, saat 14:55-dən saat 15:00-dək olan müddətdəki videogörüntülərindən çəkilmiş 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (cild 1, i/v 167). Məhkəmə iclasında X14 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndiriln şəxs X16 tərəfindən ona vurulmuş ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X6 zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxs X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X11 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 məhkəməyədək icraat dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu və həbsdə olduğu 06 (altı) ay 22 (iyirmi iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X16 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, X16 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, X6 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət təqsirləndirilən şəxs X6 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, X11 narkomaniyadan məcburi müalicə təyin olunmalı, X5 150 (yüz əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına və X15 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli “müdafiəçi dəvət edilməsi haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “Dövlət büdcəsi vəsaiti hesabına vəkil haqqının ödənilməsinə dair” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə X11 Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin təqsirləndirilən şəxs X6 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-137/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərara əsasən xx xxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X11 ibtidai istintaq dövründə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X15 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat, məhkəmə istintaqı dövründə göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X6 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X16 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X6 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X6 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. X6 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X11 narkomaniyadan məcburi müalicə təyin olunsun. X5 150 (yüz əlli) manatmiqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X15 vəkil işlədiyi 14 saylı Vəkil bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar