Məhkəmə qərarları › İş №1(006)-137/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-137/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-137/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)- 22/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə əvvəllər daxili işlər orqanlarında işləmiş və işdə verdiyi nöqsanlara görə orqandan xaric edilmiş tanışı Zərərçəkmiş şəxs daxili işlər orqanlarına bərpa etdirmək adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə 06.11.2018-ci ilin tarixdə saat 19 radələrində Bakı şəhəri Nəsimi rayonu, Puşkin küçəsində yerləşən Səməd Vurğun parkının qarşısında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dollar pulunu, 09.11.2018-ci il tarixdə saat 19 radələrində həmin ünvanda həmin dövrün məzənnəsi ilə 1.700 manat təşkil edən 1000 ABŞ dollar pulunu, ümumilikdə 18.700 manat dəyərində 11.000 ABŞ dollar pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayının sonlarında əvvəllər televiziyada işlədiyi Məshəti Şərif jurnalist sosial şəbəkə vasitəsi ilə ona SMS yazaraq qardaşı Zərərçəkmiş şəxs DlO-dan azad edilməsi barədə məlumat vermiş və onun yenidən DİO-ya bərpa olunmasına köməklik etməyini ondan xahiş etmişdir. Bundan sonra Elvin özü onun mobil telefonuna zəng vuraraq DİO-ya yenidən bərpa olunması barədə ondan köməklik etməyini xahiş etmiş və görüşməklərini büdirmişdir. Səhərisi günü o, Elvinlə Neftçilər metrostansiyasının yaxınlığında yerləşən çay evində görüşərək işi ilə bağlı söhbət etmişlər. Həmin söhbət əsnasında o, Elvindən DİO-dan hansı səbəbdən azad olunması barədə soruşmuş və öz əlaqələri vasitəsi ilə ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra hüquq mühafizə orqanlarında əlaqələri olan şəxslərlə görüşmüş və Elvinin işini 10 min manata düzəldəcəklərinə söz vermişdirlər. O, da Elvinlə telefon əlaqəsinə çıxaraq işinin 10 min manata düzələcəyini bildirmişdir. 2018-ci ilin noyabr ayının 6-da Səməd Vurğun bağının qarşısında Elvinlə görüşmüşdür. Elvin həmin görüşə onun tanımadığı bir şəxslə gəlmişdir. Həmin şəxs maşından düşərək parkda gəzişmişdir. O, isə Elvinlə bir yerdə onun «Prado» markalı avtomobilində 10 min manatı sayaraq ondan götürmüş və pulu müəyyən şəxslərə verdikdən sonra Elvinlə görüşəcəyinə söz vermişdir. Səhərisi günü, yəni noyabr ayının 6-da o, Elvinə zəng vuraraq pulu lazımi adamlara çatdırdığını bildirmiş və əlavə olaraq əvvəldən də danışdıqları kimi 1000 manat pulu da ona çatdırmağını bildirmişdir. Elvin ondan 1 gün vaxt istəmişdir ki, 1000 manat pulu düzəltsin. 09 noyabr 2018-ci il tarixdə o, yenidən X5 bağının qarşısında tək görüşmüş və orada Elvin özünə məxsus Prado markalı avtomobilin içərisində ona 1000 manat pulu vermişdir. O, pulu Elvindən alıb cibinə qoymuş və işinin bir neçə günə düzələcəyinə söz vermişdir. Təxminən noyabr ayının 20-də o, Elvinə onun işini alındıra bilmədiyini bildirmişdir. Elvin də ona verdiyi 11000 manat pulu ondan geri istəmişdir. O, da Elvinə onun işi ilə bağlı 11000 manat pulu DİO-da köməklik edəcəyini şəxslərə verdiyini və pulu tezliklə alıb qaytaracağına söz vermişdir. Zərərçəkmiş şəxs onu DİO-da yenidən işə bərpası ilə bağlı ondan aldığı 11000 manat pulu heç bir şəxsə verməmiş, özü işsiz olduğu üçün Elvindən aldığı 11000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. O, 11.000 manatdan puldan Elvinə təxminən 2300 manat pul qaytarmışdır. O, əlavə olaraq, Elvinlə söhbət əsnasında Vüsal Hüseynovla tələbə yoldaşı olduğunu Miqrasiyaya yox, DİO-ya işə bərpası ilə əlaqədar Vüsal Hüseynovdan maraqlanacağını bildirmişəm, lakin X2 işi ilə bağlı heç bir danışığı olmadığını, Zərərçəkmiş şəxs aldığım 11.000 manat pulu öz şəxsi ehtiyaclarına xərclədiyini, Zərərçəkmiş şəxs 2300 manat pul qaytardığını, Zərərçəkmiş şəxs yalan ifadə verdiyini, Zərərçəkmiş şəxs 11.000 manat pul aldığını, Elvin Yalan ifadə verdiyini, Elvindən 10.000 manatı alarkən onlann yanında Elvinin bir tanışı olduğunu, həmin adam da o, Elvinlə söhbət edərkən və pulu alarkən avtomobildən düşdüyünü, həmin şəxs bizim pul alış verişimizi görmədiyini, nəzərdə tutulan cinayət əməlindən başqa cinayət törətmədiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, o Zərərçəkmiş şəxs 11000 dollar deyil, 11000 manat almışdır. Daha sonra özünü qismən təqsirli bilərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2001-ci il tarixdə DİO-da xidmət göstərmişdir. O, xidmətdə verdiyi nöksanlara görə təxminən 26.09.2018-ci il tarixdə xaric edilmişdir. Hal-hazırda tutuduğu vəzifədə isə 08.01.2020-ci il tarixdən xidmət gösətərir. O, DİO-dan işdən çıxarıldığı üçün özünə iş axdarmışdır. Belə ki, Təqsirləndirilən şəxs bacısı Məhsəti Şərif vasilasilə tanımış və əvvəllər onların arasında mehriban münasibətlər olmuşdur. Hal-hazırda Türkiyə dövlətində jurnalist kimi fəaliyyət göstərən bacısı Məhsəti Azərlə birlikdə, fəaliyyəti dayandırılmış ANS kanalında işləmişdirlər. Belə ki, 2018-ci ilin oktyabr ayının sonlarında bacısı ilə aralarında olan danışıq zamanı ona bildirmişdir ki, Azərlə danışmış və Azər onu Dövlət Miqrasiya Xidmətinə inspektor vəzifəsinə işçi kimi qəbul olunmağına köməklik edə bilər. O, da bundan sonra bacısının sözləri əsasında Azərlə Nefçilər metrostansiyasının yaxınlığında kafedə görüşmüş və görüş zamanı Azər bacısının ona dediklərini təsdiq edərək, həqiqətən də onu qeyd etdiyi quruma işə düzəltmək gücündə olduğunu demişdir. O, isə lap yaxşı deyərək, ondan həmin işə görə hansı məbləğdə pul lazım olacağını soruşmuşdur. Azər isə onun sualına cavab olaraq bildirmişdir ki, qeyd edilən işin alınması üçün 10 000 ABŞ dolları pul lazımdır, bundan savayı isə 1000 ABŞ dolları dəyərində hədiyyə verməlidir. O, da bundan sonra, bu məsələni düşünmək üçün ondan vaxt istəmişdir. Bir neçə gün keçdikdən sonra, 2018-ci ilin noyabr ayının əvvəllərində o, Azərə zəng edərək onun təklifi ilə razılaşdığını bildirib qısa zaman ərzində pulu verəcəyini demişdir. 05.11.2018-ci il tarixdə Azər ona zəng edərək bildirmişdir ki, pul növbəti gün onda olmalıdır, çünki söz dediyi adam Azəri gözləyir və bundan əlavə olaraq onu Miqrasiya xidmətinə deyil DİO-na bərpa etdirə biləcəyini bildirmişdir. O, Azərlə onu DİO-ya bərpa etməsi ilə də razılaşmışdır. 06.11.2018-ci il tarixdə saat təxminən 19 radələrində o, Nəsimi rayonu ərazisində yerləşən, S.Vurğun parkının qarşısında idarə etdiyi avtomobillə dayanmışdır. Onun yanında Vüqar Həsənli adlı dostu da olmuşdur. Danışdıqları kimi Azər də ondan pulu həmin yerdə götürməli olduğundan, qeyd edilən əraziyə gəlmişdir. Ona məxsus olan qara rəngli “Toyota Prado” markalı **-KR-*** avtomobilin daxilində aralarında olan söhət zamanı Azər ona bildirmişdir ki, onu gözləyirlər pulu ver. O da Azərə 10 000 ABŞ dolları pul təqdim etmişdir. O, Azərə pulu verməmişdən qabaq Vüqar avtomobildən düşərək avtomobilin yaxınlığında dayanmışdır. Azər həmin pulu götürüb getmiş və demişdir ki, onu gözləyirlər təcili pulu çatdırmalıdır. Sonra isə Azər ona bildirmişdir ki, 15.11.2018-ci il tarixdə onun əmri veriləcəkdir. Bundan sonra 07.11.2018-ci il tarixdə Azər ona yeniidən zəng vuraraq 1000 ABŞ dollar puluda çatdırmaq lazım olduğunu və işi düzəldən üçün hədiyə alınacağını bildirmişdir. O da borc taparaq 09.11.2018-ci il tarixdə saat təxminən 19 radələrində yenə S.Vurğun parkının qarşısında görüşərək avtomobilində Azərə 1000 ABŞ dolları pulu əlavə vermişdir. Bu zaman onun yanında heç kim yox idi. Bundan sonra Azər onu aldadaraq nəinki işini həll etmədi, hətta ondan aldığı pulu da geri qaytarmadı. Azərdən o, pulu isdədikdə isə Azər ona pulun böyük adama verildiyini və pulun qaytırılması mükün olmadığını bildirmişdir. 2018-ci ilin dekabr ayında isə Azər ona bildirmişdir ki, 1000 ABŞ dollarını o, özünə götürmüşdür. 10.000 ABŞ dollarını isə yuxarya vermişdir. Azər ona həmin 1000 ABŞ dolları 3 gün ərzində qaytaracağını bildirmişdir. Lakin həmin puluda ona qaytarmamışdır. Bunda sonra o, polisə bu barədə müraciət etmişdir. Azər ona ümumilikdə 11.000 ABŞ dollarından 1200 manat pulu qaytarmışdır. Həmin pulu Azər hissə-hissə 1080 manat pulu “Milliön“vasitəsi ilə ödəmiş, 120 manat pulu isə əlbəəl ödəmişdir. Yerdə qalan 10.000 ABŞ dolarını və 500 manat pulu hələdə ödəməmişdir. O, əlavə olaraq, Azərin yalan ifadə verdiyini Azərə 11.000 ABŞ dolan pul verdiyini, 10.000 ABŞ dollarını və 1000 ABŞ dollarını Azərə verərkən yanında heç kim olmadığını, 10.000 ABŞ dollarını Azərə verməyə tanışı Vüqarla birlikdə getsədə pulu verəndə Vüqar avtomobildən düşdüyünü, Vüqar onun Azərə nə qədər pul verməyini və hansı növ pul verməyini görmədiyini, izahat verərkən 10.000 ABŞ dollar pulu Aynurə Zeynalovanın yanında verməsini səhv qeyd etdiyini, o, pulu öz avtomobilində Azərə şəxsən tək verdiyini, Azər gəldikdən sonra Vüqar avtomobildən düşdüyünü və avtomobilin yaxnlığında dayandığını, o, isə pulu həmin vaxt Azərə verdiyini, Azər ondan 11.000 ABŞ dolları pulu onu əvvəlcə DMX-ya düzəltmək adı ilə istədiyini, lakin onlar görüşməmişdən qabaq ona zəng edərək həmin xidmətə düzəltmək alınmadığını, DİO-ya bərpa etmək mümkün olduğunu bildirdiyini o da, Azərlə razılaşdığını, Azərin yalan ifadə verirdiyini, Azər ona 1200 manat maddi ziyan ödədiyini, yerdə qalan pulu isə artıq 2 ildir ki, ödəmədiyini, Vüqar Həsənlinin anket məlumatlarını tam bilmədiyini mobil telefon nömrəsi ***-***-**-** GSM nömərsi olduğunu, bacısı X3 Respublikasında jurnalist işlədiyindən və pandemiya olduğundan bir müddətdir ki, Azərbaycana gəlmədiyini, bu səbəbdən istintaqa ifadə verməsi mümkünsüz olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan 11000 manat deyil 11000 dollar almışdır. Cinayət işinin 59-cu vərəqəsində olan 28 sentyabr 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 124-125-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 sentyabr 2020-ci tarixdən hesablanmaqla 14 dekabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 176-177-ci vərəqələrində Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti 20 gün yəni 03 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 130-132-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 09 noyabr 2020ci tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarı ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilərək cəzası 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) günə endirilmiş, Xəzər Rayon Məhkəməsinin Qərarı ilə 20 sentyabr 2016-cı il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, 11 may 2017-ci il tarixdə cəzasının vaxtı başa çatmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)-22/2021 saylı hökmündən görünür ki, A.A.Təqsirləndirilən şəxsbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli Qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)-22/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min“manatadək miqdarda cərimə və ya“ bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü qismən təqsirli bilməsini, ailəli olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)-22/2021 saylı hökmü ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli Qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)-22/2021 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)-22/2021 saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, sonuncuya qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-ci maddəsinə və Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)-22/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı“azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxsin azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 28 sentyabr 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 178 (bir yüz yetmiş səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)-22/2021 saylı hökmü ilə sonuncuya təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 178 (bir yüz yetmiş səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar