Məhkəmə qərarları › İş №1(006)-137/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-137/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-137/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətində 25 km/saat sürətlə hərəkətdə olarkən “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək avtomobilin ön sağ təkəri ilə həmin vaxt yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs sağ ayağının üzərindən keçib ehtiyatsızlıqdan sonuncuya sağ ayaqarxası didilmiş yarası, sağ iç topuğun sınığı, sağ İll daraq sümüyünün əsasının qapalı yerdəyişmiş sınığı ilə müşayət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu C.Səlimov küçəsi ilə 3-cü mikrorayon dairəsinə doğru hərəkət edirmiş. Təxminən saatda 20-25 km surətlə hərəkətdə olduğu zaman bir piyada xanım, yeraltı keçid ilə keçməyərək onun yoluna çıxmış və onun avtomobilinin təkəri həmin xanımın sağ ayağının üzərindən keçmişdir. Daha sonra o, avtomobildən enmiş və piyadanı yaxınlıqda yerləşən xəstəxanaya aparmışdır. Daha sonra zərər çəkmiş şəxsə dəymiş zərəri qismən ödədiyini, əməlindən səmimi peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 fevral 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən “Rahat” marketdən alış-veriş edərək oradan çıxmışdır. O, yolu əks tərəfə keçmək üçün asfalta yaxınlaşmışdır. Həmin vaxt avtomobillər onun yolu keçdiyini görmüş və ona yol vermişlər. Sonda isə “Opel” markalı avtomobil dayanmış və həmin avtomobilin sürücüsü ona yol vermək istəmiş, o isə avtomobilin hərəkət edəcəyini fikirləşib dayanmış, lakin sonra yol verdiyini görmüş və hərəkət etməyə başlamışdır. Belə ki, o, irəliyə sağ ayağı ilə bir addım atarkən avtomobilin sürücüsüdə avtomobili hərəkət etdirmiş və avtomobilin qabaq sağ təkəri onun sağ ayağının üzərindən keçmişdir. O, həmin vaxt qışqırmışdır. Hadisə baş verən vaxt sürücü avtomobildən düşərək ona köməklik etmişdir. Sürücü onu öz avtomobilinə əyləşdirmiş və onu KTM-ə aparmışdır. Orada ona ilkin tibbi müayinə göstərilərək ayağından əməliyyat etmişlər. Hazırda ona vurulmuş zərər qismən ödənilmişdir, lakin zərərin tam şəkildə ödənilməsini tələb edir, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmadığını cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v.87-88); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətində, “8 Noyabr” metrostansiyasının qarşısında texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən “X6” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət olunmaması səbəbindən yol-nəqliyyat hadisəsi törədilərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsi faktı təsdiqini tapmışdır (i.v.5-8); - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 xx.xx.2022-ci il tarixli, 317 №-li rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs adına X4 tərtib olunmuş 1227 saylı xəstəlik tarixində Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə X4 gətirilmiş və ona “sağ ayaqarxası didilmiş yarası, sağ iç topuğun sınığı, sağ İll daraq sümüyünün əsasının qapalı yerdəyişmiş sınığı” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmağa aiddirlər.

2. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər (i.v.17-19); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/1922 saylı ekspert rəyindən görünür ki:

1. “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki İmkanı olmuşdur.

2. Mövcud metodiki vəsaitin tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi eskpertin səlahiyyətinə aid deyildir. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir (i.v.32-35); - Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.11); - AC seriyalı 086497 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir və xx.xx.2029-cu il tarixədək etibarlıdır (i.v.13); -ƏN-V №982976 nömrəli xx.xx.2022-ci il taixli etibarnamənin surətindən görünür ki, X2 “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir (i.v.13); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayətin bilavasitə törədilməsi vasitəsi olduğundan maddi sübut qismində tanınmış və ilkin araşdırmadan sonra sahibinə təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs sürücülük hüququnun olması nəzərə alınmışdır (i.v.97-102); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-ci hissəsi, 215, 38 və 23-1-ci maddələri ilə əməyə mütləq cəlb olunmaqla 03 il azaqlıqdan şərti məhrum olunmuşdur (i.v.59-60). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X6» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs lunun əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri qismən ödəməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə yardım göstərməsini, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə müəyyən faiz məbləğində pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar