Məhkəmə qərarları › İş №1(006)-137/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-137/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-137/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 14:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 1(006)-354/2024 saylı hökmü ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xaçmaz rayonu, X3 küçəsi ev 9 ünvanında qeydiyyatda olan, ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 09 fevral 2024-cü il tarixdə saat 09 radələrində ünvan 3 ünvanın qarşısında keçmiş arvadı X1 idarə etdiyi “Chevrolet Malibu” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən Güşvər Feziyevanın avtomobildən düşərək uzaqlaşmasından istifadə edib özgənin əmlakını gizli olaraq talama məqsədilə sonuncunun görmədiyi şəraitdə avtomobilin salonundan həmin günün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxs Güşvər Feziyevaya maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 avqust 2024-cü il tarixdə saat 10 radələrində keçmiş arvadı X1 yaşadığı ünvan 4 ünvanının qapısının açıq olmasından istifadə edib mənzilə qanunsuz daxil olaraq stolun üzərindən sonuncuya məxsus, içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 2700 manat dəyərində «İphone 13» markalı mobil telefonu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb zərərçəkmiş şəxs Güşvər Feziyevaya ümumilikdə 2710 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 avqust 2024-cü il tarixdə saat 05 radələrində ünvan 5 ünvanın qarşısında idarə etdiyi “Opel Astra” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncunun idarə etdiyi avtomobilə əyləşərək “Bulvar" ərazisinə getməli olduğunu bildirib gediş haqqını çıxması üçün Zərərçəkmiş şəxs2 20 manat pul təqdim etmiş və sonuncunun pul xırdalaması məqsədilə avtomobildən düşərək uzaqlaşmasından istifadə edərək avtomobilin salonundan Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 1000 manat məbləğində nağd pul olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1010 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Novxanı qəsəbəsində dostunun evindən çıxdıqdan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 zəng edərək sonuncunun idarə etdiyi avtomobillə onu olduğu yerdən götürməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 özünə məxsus avtomobillə gələrək onu həmin yerdən götürmüş və birlikdə saat 09:20 radələrində ünvan 6 ünvanın qarşısına gəlmişlər. Zərərçəkmiş şəxs1 avtomobili saxladıqdan sonra ondan əvvəl avtomobildən enmiş və o, həmin avtomobildən bir az gec düşərkən 200 ABŞ dolları pulu sürət qutusunun yanından götürmüşdür. Güşvər avtomobilə qayıdıb baxarkən pulu görməmiş və ona pulu götürməsini soruşduqda, o etiraf etməmişdir. Bundan sonra Güşvərin yaşadığı mənzilə getmişlər. Daha sonra Güşvərdən ayrılıb gedərkən sonuncu onun arxasınca gələrək küçədə ondan 200 ABŞ dolları pulu istəmiş, o isə pulun onda olmadığını bildirdikdə Güşvər onun cibindən pul kisəsini götürmüşdür. Güşvərdən içərisində özünə məxsus sənədlər və kartlar olan pul kisəsini geri almaq istəyərkən onlar bir-birinə müqavimət göstərmişlər və həmin vaxt Güşvər geri çəkilərkən yerə yıxılmışdır. Pul kisəsini geri almaq istəyən vaxt orada olan tanımadığı şəxslər onu Güşvərdən aralamış və o hadisə yerindən uzaqlaşmışdır. Daha sonra Güşvər polisə şikayət etmiş və polisdə araşdırma aparılarkən sonuncunun pulunu tam geri qaytardığı üçün Güşvər ondan şikayətçi olmaması barədə ərizə yazmışdır. Qeyd edilən oğurluqdan başqa 15 avqust 2024-cü ildə saat 10:00 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 12, mənzil 49-a getmiş və mənzilin qapısının açıq olmasından istifadə edərək həmin mənzilə daxil olmuşdur. Güşvərin yaşadığı mənzildə hər kəsin yatmasını bildiyinə görə mənzildə stolun üzərində olan bir ədəd «İphone 13» markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşmışdır. Daha sonra həmin telefonu 300 manata tanımadığı şəxsə satmış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə, o 19 avqust 2024-cü il tarixdə gecə saat 04:00 radələrində Bakı şəhəri, “Fəvvarələr” meydanında olan vaxt spirtli içki qəbul etmiş və sonra həmin gecə saat təxminən 05:00 radələrində “Ağ şəhər”də yerləşən bulvarda tanışı Aygünlə görüşmək məqsədi ilə onun yanına taksi ilə getmək üçün S.Vurğun küçəsinə gəlmişdir. Orada taksi kimi fəaliyyət göstərən “Opel Astra” markalı avtomobilə yaxınlaşmış və həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 onu “Ağ şəhərin” bulvarına aparmağı xahiş etmişdir. Zərərçəkmiş şəxs2 həmin əraziyə onu aparmaq üçün 5 manat pul istədikdən sonra razılaşdığına görə avtomobilin qabaq sağ oturacağında əyləşmiş və sürücüyə 20 manat pul vermişdir. Zərərçəkmiş şəxs2 ona qaytarmağa xırda pulu olmadığı üçün avtomobilindən düşərək yaxınlıqda dayanmış taksi sürücülərinin yanına pul xırdalamağa getmişdir. O isə həmin vaxt avtomobildə tək qaldığından avtomobilin salonunda olan bir ədəd kartı görmüş və həmin kartı götürüb cibinə qoymuşdur. Zərərçəkmiş şəxs2 pulu xırdalayaraq avtomobilə gəlib əyləşmiş və ona 15 manat pul qaytarmışdır. Daha sonra Fuad onu aparıb “Ağ şəhər”də bulvarda düşürmüşdür. O tanışı ilə görüşmüş, daha sonra başqa bir taksi ilə “Əcəmi” metrostansiyasına getmişdir. Oradan “Xəzər” marketə girmiş və marketdə taksidən oğurladığı kartda 80 manat pul olduğunu bilmişdir. Qeyd olunan marketdə içməli su aldıqdan sonra marketdən çıxıb paltar satılan yerə getmiş və orada özünə həmin oğurladığı kartdakı pulla köynək və şalvar almışdır. Kartda olan 80 manat pulu xərclədikdən sonra pul olmadığınına görə həmin kartı sındıraraq xatırlamadığı yerdə zibil qabına tullamışdır. Lakin kartı oğurladığı avtomobildən kartdan başqa zərərçəkmiş şəxsin qeyd etdiyi 1000 manat pul və ya pul qabı götürməmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı özünə məxsus “Opel Astra” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 19 avqust 2024-cü il tarixdə saat 05:00 radələrində həmin avtomobillə ünvan 7 ünvanın qarşısında dayanıb müştəri gözlədiyi vaxt bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq onu “Ağ şəhər”də yerləşən bulvara aparmasını xahiş etmişdir. O da həmin yerə 5 manata aparacağını bildirmiş və sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs onunla razılaşaraq avtomobilinə qabaq sağ oturacağda əyləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona 20 manat pul çıxarıb vermiş və sonuncuya qaytarmağa xırda pulu olmadığı üçün avtomobildən düşərək pulu xırdalamaq üçün yaxınlıqda olan taksi sürücülərinin yanına getmişdir. Həmin şəxs isə avtomobildə tək qalmışdır. Pulu xırdaladıqdan sonra qayıdıb avtomobilinə əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 15 manat pul qaytararaq sonuncunu aparıb “Ağ şəhər”də bulvarda düşürüb uzaqlaşmışdır. Oradan uzaqlaşan zaman təxminən 200 metr irəlilədikdən sonra tanımadığı iki qız və bir oğlanı avtomobillə götürüb həmin şəxsləri də müvafiq ünvana aparmışdır. Bundan sonra xəstəxanada işləyən anasının yanına, oradan isə evə getmişdir. Həmin gün saat təxminən 8 radələrində avtomobildən düşüb evə getmək istədikdə avtomobildən pul qabını götürmək istəmiş, lakin pul qabının yerində olmadığını müəyyən etmişdir. Həmin vaxt onun telefonuna mesaj gəlmiş və telefona baxan zaman ona məxsus “Leo bank”dan ona verilmiş kartdan 80 manat pulun çıxarıldığını görmüşdür. Avtomobilndən oğurlanan pul qabında 1000 manat pul, şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə və "xxxx" ASC-yə aid kartlar olmuşdur. O dərhal DİN-nin 102 xidmətinə zəng etmiş, daha sonra gedib Nəsimi RPİ-nın 19-cu Polis Şöbəsinə ərizə vermişdir. Ərizə verdikdən sonra kartdan “Xəzər” marketdə pulun çıxarıldığı göstərildiyi üçün həmin marektə getmiş və orada Ceyhun adlı şəxsin onun kartından pulu çıxarmasını bildirmişlər. Sonra onun avtomobilinə saat 05:00 radələrində müştəri kimi oturmuş Təqsirləndirilən şəxs avtomobilindən ona məxsus içərsində 1000 manat pul, kartlar olan pul qabını oğurlamasını bilmişdir. Ona məxsus «Leo» bank kartında ümumilikdə 80 manat məbləğində pul olmuş və həmin pulu Təqsirləndirilən şəxs kartı oğurladıqdan sonra xərcləmişdir. Ona məxsus oğurlanan 1000 manat pul 100 manatlıq əskinazlardan ibarət olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 12, mənzil 49-da anası, nənəsi və övladı ilə birlikdə yaşayır. 15 avqust 2024-cü il tarixdə saat 13:00 radələrində yaşadığı ünvanda yuxudan ayılan zaman mənzildə stolun üzərinə qoyduğu özünə məxsus «İphone 13» markalı mobil telefonu görməmiş və axtarsa da tapmadığına görə DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Bundan sonra onu 19-cu PŞnə dəvət etmişlər və orada telefonun oğurlanması ilə əlaqədar ərizə yazmışdır. Polis şöbəsinin əməkdaşları bu barədə araşdırma aparan zaman qeyd etdiyi mobil telefonunu onlar yatdıqları zaman xx.xx.2024-cü ildə səhər saatlarda keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs gəlib mənzilin qapısının açıq olmasından istifadə edərək stolun üzərindən ona məxsus «İphone 13» markalı mobil telefonu oğurlamasını müəyyən etmişlər. Onun anasında «panikatak» xəstəliyi olduğu üçün onlar mənzilin qapısını günün bütün saatlarında açıq saxlayırlar və mənzilin qapısının açıq olmasından Ceyhunun məlumatı olmuşdur. Ona görə Ceyhun səhər saatlarında onlar yatan zaman mənzilə gizlicə daxil olmuş və mobil telefonu oğurlamışdır. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona zəng etmiş və onu Novxanı qəsəbəsindən avtomobili ilə götürməsini xahiş etmişdir. O da özünə məxsus “Chevrolet Malibu” markalı, **-LN-*** dövlət nömrə nişanlı avtomobillə gedərək Ceyhunu götürərək ünvan 6 ünvanın qarşısına gəlmişlər. Bundan sonra avtomobildən enmiş və Ceyhun ondan az sonra avtomobildən düşmüşdür. O avtomobilə qayıdaraq 200 ABŞ dolları pulu götürmək istədikdə pulun yerində olmamasını görüb Ceyhundan 200 ABŞ dollarını götürübgötürməməsini soruşmuşdur. Ceyhun pulu götürmədiyini bildirmişdir. Bundan sonra Ceyhunla evə getmiş və mənzildə Ceyhun özünü şübhəli apardığı üçün həmin 200 ABŞ dolları pulu Ceyhunun götürdüyünə əmin olmuşdur. Ona görə də, Ceyhun ondan ayrılıb gedərkən sonuncunun arxasınca gedib küçədə onun cibindən pul kisəsini götürmüş və Ceyhun pul kisəsini geri almaq istəyərkən bir-birilərinə müqavimət göstərmişlər. Həmin vaxt o geri çəkilərkən yerə yıxılmış və Ceyhun ondan yenə pul kisəsini geri almaq istədikdə orada olan tanımadığı şəxslər Ceyhunu ondan aralamışlar. Daha sonra hadisə barədə 19cu Polis Şöbəsinə müraciət etmiş və ərizədə Ceyhunun 200 ABŞ dolları pulu oğurlamasını bildirmişdir. Sonra həmin faktlarla əlaqədar polisdə araşdırma aparılarkən Ceyhun onun pulunu tam geri qaytardığı üçün şikayəti olmaması barədə ərizə yazmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən şikayət və tələbi yoxdur. İş materiallarında olan 22 avqust 2024-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (i/v 1). İş materiallarında olan 24 avqust 2024-cü il tarixli “əməlin tövsüf olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başlanılmış ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (i/v 68-69). İş materiallarına əlavə olunmuş 19 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən “Xəzər” marketin qarşısıdır (i/v 17-18). İş materiallarına əlavə olunmuş 15 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır (i/v 7-10). İş materiallarına əlavə olunmuş 09 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 8 ünvanının qarşısıdır (i/v 111-113). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 40-41). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)- 459/2024 saylı, 24 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i/v 91-93). İş materiallarında olan 25 avqust 2024-cü il tarixli “görüntünün götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində müştəri kimi olduğu Zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus 1000 manat nağd pulu və “Leo” banka məxsus kartını gizli olaraq talamaqla oğurluq etməsi və həmin gün “Xəzər” marketdə oğurladığı “Leo” banka aid kartından elektron məlumat daşıyıcısından istifadə etməklə həmin kartda olan pulla alış-veriş etməsi ilə əlaqədar “Xəzər” marketdə olan kompyuterdən olan görüntü götürülmüşdür (i/v 100). İş materiallarında olan 25 avqust 2024-cü il tarixli “görüntünün götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində müştəri kimi olduğu Zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus 1000 manat nağd pulu və “Leo” banka məxsus kartını gizli olaraq talamaqla oğurluq etməsi və həmin gün “Xəzər” marketdə oğurladığı “Leo” banka aid kartından elektron məlumat daşıyıcısından istifadə etməklə həmin kartda olan pulla alış-veriş etməsi ilə əlaqədar diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs kassada cibindən 100 manatlıq əskinazları büküm halda çıxarması müəyyən edilmişdir (i/v 102). İş materiallarında olan 10 fevral 2024-cü il tarixli “pulun götürülməsi haqqında” protokoldan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə saat 09:20-də ünvan 9 ünvanın qarşısında Zərərçəkmiş şəxs1 məxsus avtomobildən 200 ABŞ dolları oğurlaması ilə əlaqədar 280 manat pulu təqdim etmiş və həmin pul Zərərçəkmiş şəxs1 tərəfindən təhvil alınmışdır (i/v 124, 125). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 may 2024-cü il tarixli tələbnamədən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli hökmündən və Salyan Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azrəbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2023cü il tarixdə Səlyan rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Nəsimi rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli hökmü ilə Azrəbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 09 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (i/v 133-135, 137-147). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i/v 150-156). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul kisəsini geri almasını istəyərkən onların birbirinə müqavimət göstərməsi, həmin vaxt Zərərçəkmiş şəxs1 geri çəkilərkən yerə yıxılması faktı diskə köçürüldüyü üçün həmin disk və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qaytardığı 280 manat pul maddi sübut kimi tanınmış, həmin pulun zərərçəkmiş şəxsə qaytarılması və diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i/v 150- 156). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus “İphone 13” markalı mobil telefonu oğurlayan Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur (i/v 148). İş materiallarında olan Bakı İstintaq Təcridxanasından ünvanlanmış 07 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bu müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlandığı müddət ərzində nümunəvi davranışına görə ona rəhbərlik tərəfindən iki dəfə “Təşəkkür” elan olunmuşdur. Məhkəməyə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus 1010 manat pulu oğurlayan Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənilməsinin məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərəçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf edərək, səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbin olmamasını, həmçinin Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 1(006)-354/2024 hökmü ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 1(006)-354/2024 hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 04 (dörd) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 22 avqust 2024-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul kisəsini geri almasını istəyərkən onların bir-birinə müqavimət göstərməsi, həmin vaxt Zərərçəkmiş şəxs1 geri çəkilərkən yerə yıxılması faktının köçürüldüyü diskin cinayət işinin materiallarına əlavə edilməsi və iş üzrə maddi sübut kimi tanınmış 280 manat pulun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-621/2024 saylı, 05 dekabr 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və 06 dekabr 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun hesabına 267 (iki yüz altmış yeddi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 1(006)-354/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 22 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul kisəsini geri almasını istəyərkən onların bir-birinə müqavimət göstərməsi, həmin vaxt Zərərçəkmiş şəxs1 geri çəkilərkən yerə yıxılması faktının köçürüldüyü diskin cinayət işinin materiallarına əlavə edilməsi və maddi sübut kimi tanınmış 280 manat pulun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 267 (iki yüz altmış yeddi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar