Məhkəmə qərarları › İş №1(006)-139/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-139/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-139/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkil X2 iştirakları ilə xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Abşeron RPİ-nin inzibati binasında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,571 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 26.11.2021-ci il tarixdə saat 20:45-də Nəsimi RPİ-nin NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının arxa cibindən həmin narkotik vasitə heroin 1 bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, istintaqdakı verdiyi ifadəsini təsdiq etdiyini və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, əvvəllər qanunsuz olaraq narkotik vasitə əldə etdiyi üçün Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 2011-ci il tarixdə 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2012-ci ildə cəzanın sonu ilə azadlığa çıxmışdır. O, 26.11.2021-ci il tarixdə saat 20:45-də Bakı şəhəri, Nəsimi rayon, 3-cü Alatava N.Məlikov küçəsi, dalan 4, ev 339-da yerləşən yaşadığı evin qarşısında olan zaman ona 2 nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşmışlar. Həmin vaxt polis əməkdaşları özlərini ona təqdim etmişlər və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlarda əməliyyat məlumatlarının olduqlarını və onun üzərində qanunsuz olaraq narkotik maddə olduğunu bildirmişlər. Polis əməkdaşları onu Nəsimi RPİ-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları onu Nəsimi RPİ-nə gətirmişlər. İdarənin xidməti otaqlarından birində onun üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Əynində olan qolsuz qış gödəkçəsinin sol yan cibindən 1 ədəd alışqan və açar aşkar edilmişdir. Daha sonra əynində olan qara rəngli idman şalvarının arxa cibindən 1 ədəd şəffaf sellofanda büküm aşkar edilmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində narkotik maddəyə bənzər kütlə olduğu məlum olmuş və həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu polis əməkdaşlarına bildirmişdir. Bu zaman ondan həmin narkotik vasitə heroini haradan əldə etməyi barədə soruşulduqda narkotik vasitə heroini 25.11.2021-ci il tarixdə Yasamal rayonu ərazisindən İran İslam Respublikası vətəndaşı “Əhməd Səid” kimi adını bildiyi tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını demişdir. Bundan sonra onun üzərindən aşkar edilib götürülən narkotik maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, üzərindən aşkar edilmiş 1 ədəd alışqan və açar onun özünə geri qaytarılmışdır. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitəni aldığı şəxsin İran İslam Respublikası vətəndaşı olduğu və adının “Əhməd Səid” olduğunu bilmişdir. Həmin şəxsin adını bilsə də, tanımadığını və anket məlumatları barədə onda heç bir məlumatın olmadığını bildirmişdir. O, əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün 2011-ci ildə məhkumluğu olduğunu, cəzanın sonu ilə azadlığa çıxdığını, hazırda isə bundan başqa heç bir cinayət əməlini törətmədiyini bildirmişdir. O, yalnız narkotik vasitələri qəbul etdiyini, öz istidfadəsi üçün aldığını və kiməsə satmaq niyyətinin olmadığını qeyd etmişdir. Onu polis idarəsinə gətirərkən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və şəxsi ədavəti yoxdur. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında narkotik vasitələri qanunsuz əldə etməsi və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 26.11.2021-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, və Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru polis baş serjantı Şahid2 daxil edilmişdir. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün axşam saatlarında ünvan 4 ünvanın qarşısında müəyyən edilmiş, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi ilə bağlı məlumata malik olduqlarını bildirib Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək, səmimi şəkildə onlarla birlikdə Nəsimi RPİ-nə gəlmişdir. Nəsimi RPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərək Təqsirləndirilən şəxs səmimi olaraq üzrəində olan narkotik vasitəni təqdim etmiş və bədənində olan ağrılar səbəbindən 2-3 gün fasilələrlə narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” qərardan və “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 noyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən imtina olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 24-25, 88-89, 90-91). İş materiallarında olan Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş və Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, NMB-nin kiçik inspektoru, polis serjantı Şahid2, mütəxəssis qismində dəvət edilmiş, X7 və barəsində istintaq hərəkətləri aparılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 26 noyabr 2021-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs öncə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında, habelə bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmiş və sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. İlk öncə onun geyindiyi qara rəngli qolsuz qış gödəkçəsinin sol və sağ ciblərinə baxılmışdır. Həmin vaxt onun əynindəki qolsuz qış gökəkçəsinin sol yan cibindən 1 ədəd alışqan və açar aşkar edilmişdir. Daha sonra onun əynindəki qara rəngli idman şalvarının sağ, sol və arxa yan ciblərinə baxılmışdır. Onun əynindəki qara rəngli idman şalvarının arxa cibindən bir ədəd şəffaf sellofan aşkar edilmişdir. Həmin bir büküm şəffaf sellofana baxış keçirilən zaman narkotik maddə olan heroinə bənzədiyi məlum olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin narkotik maddəyə bənzər kütləni nə zaman, neçəyə və haradan aldığını soruşduqda o, 25.11.2021-ci il tarixdə Yasamal rayonunda İran İslam Respublikası vətəndaşı olan “Əhməd Səid” adlı şəxsdən 10 AZN pula öz istifadəsi məqsədi ilə aldığını qeyd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ayağında olan başmaqları və corablarını çıxarılması xahiş edilmiş və heç bir qanunsuz maddə aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ayaqqabılarını və corablarını geyinməsi, habelə üst-başını səliqəyə salması tələb edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs götürülmüş içərisində bir büküm narkotik maddəyə bənzər kütlə olan bir ədəd şəffaf sellofan ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan sonra, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Nümayiş ilə bağlı iştirakçılardan şikayətin olubolmadığı soruşulduqda heç kimin şikayətinin olmadığı məlum olmuşdur. Daha sonra çəkliş yenidən başlanılmış və çəkilişin Nəsimi RPİ-nin inzibati binasında xidməti otaqların birində keçirildiyi bildirilmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs onu idarəyə gətirilən zaman hər-hansı bir zora və ya təhqirə məruz qalması soruşulduqda o, heç bir zora məruz qalmadığını, təhqir olunmadığını və bu barədə heç kimdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (i/v 47-49). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2021-ci il tarixli, 6/5270 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs götürülmüş....” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,571 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (i/v 54-58). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 17.12.2021-ci il tarixli, 5155 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 109-110). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.12.2021-ci il tarixli tələbnamədən və Sabunçu rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabunçu rayon məhkəməsinin 13.04.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 21.07.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 99-100, 102- 107). İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 19.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,571 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,521 qram hissəsinin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (i/v 118-122). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdən 28 noyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,571 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,521 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-139/2022 saylı, 04.02.2022-ci il tarixli qərara əsasən 07.02.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs məhkəməyədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,571 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,521 qram olan narkotik vasitə heroin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar