Məhkəmə qərarları › İş №1(006)-139/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-139/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-139/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Tərcüməçi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, “40 evlər”adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan, məhkumluğu ödənilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs onun yaşadığı ünvan 1 binanın 25 saylı mənzilini təmir edəcəyinə və ucuz qiymətə mənzilə lazım olan məişət avdanlıqları alacağına dair yalan vədlər verərək vahid niyyətlə əhatə olunan qəsdlə təmir üçün lazım olan materialların alınması adı ilə sonuncudan 2022-ci ilin avqust ayının sonlarından həmin ilin noyabr ayınadək hissə-hissə olmaqla bu ünvanda 12.131 manat, 2022-ci ilin sentyabr ayının əvvəllərində anası Şahid4 guya əməliyyat olunacağını bildirməklə borc adı ilə 1.800 manat, mənzilə kondisioner alınması bəhanəsi ilə xx.xx.2022-ci il tarixdə 800 manat, mənzilə paltaryuyan maşın alınması bəhanəsi ilə xx.xx.2022-ci il tarixdə 570 manat, 2022-ci ilin oktyabr ayında mənzilin qonaq otağının eyvanının pəncərəsinin alınması bəhanəsi ilə 300 manat, mətbəxin qapısı və hamam otağının nəfəsliyinin alınması bəhanəsi ilə 235 manat, xx.xx.2022-ci il tarixdə mənzilə yataq mebel dəsti alınması bəhanəsi ilə 2.350 manat və 2022-ci ilin noyabr ayında mənzilə mətbəx mebeli alınması bəhanəsi ilə 1.720 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 19.906 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, mənzillərdə təmir işləri ilə məşğul olmuş, lakin 2021-ci ilin sonlarında qumara qurşandığından xeyli borcu yaranmışdır. Borclarını ödəmək üçün məcburiyyət qarşısında qalaraq X1 aldadaraq onun pulunu ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayında Aydın adlı tanışının vasitəsi ilə tanımış və söhbət zamanı sonuncu bildirmişdir ki, yaşadığı ünvan 1 ünvanda yerləşən 25 nömrəli mənzilini təmir etdirmək istəyir. O, mənzilə baxış keçirəndən sonra təmirin təxminən 18.000 manata başa gələcəyini, bunun 13.500 manatın material pulunun, 4.500 manatın isə zəhmət haqqı olacağını demişdir. Zərərçəkmiş şəxs də bununla razılaşandan sonra o və usta kimi dəvət etdiyi Polad adlı şəxs 2022-ci ilin avqust ayının ortalarından bu mənzildə təmir işlərinə başlamışlar. Zərərçəkmiş şəxs etibarını qazanmaq üçün mənzildə ilkin olaraq divarların suvağı və sair bu kimi xırda işlər daxil olmaqla ümumilikdə 1.200 manat civarında işlər görmüş və Polada Zərərçəkmiş şəxs aldığı pullardan zəhmət haqqı kimi 1.200 manat ödəniş etmişdir. 2022-ci ilin sentyabr ayının əvvvəllərində o, Zərərçəkmiş şəxs ilə söhbət edən zaman sonuncuya yalandan anasının əməliyyatına 1.800 manat pul lazım olduğunu, bu pulu ona borc verməsini xahiş etmiş, lakin həmin pulu anasının əməliyyatına xərcləmək niyyətində deyilmiş, sadəcə olaraq Zərərçəkmiş şəxs rəhimli insan olduğunu bildiyindən ona yalandan bu kimi bəhanə gətirməklə pulu ona verməsinə nail olmuşdur. Beləliklə, o, ilk dəfə Zərərçəkmiş şəxs 1.800 manat pulu ünvan 2 ünvanda əlbəəl alaraq öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2022-ci ilin sentyabr ayında Raziya mənzil üçün kondisionerin lazım olduğunu bildirərək bu işdə köməklik göstərməsini xahiş etmiş, o da belə vəziyyətdə pul qazanmağın fürsət olduğunu düşünərək ona bildirmişdir ki, ucuz qiymətə kondisioner təşkil edə bilər. Bu məqsədlə ondan xx.xx.2022-ci il tarixdə həmin mənzildə 800 manat pul almış, lakin Zərərçəkmiş şəxs ondan ödəniş qəbzini istəyəndə, o, Poladın istifadəsində olan bank kartına “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 800 manat pul göndərərək terminalda çap olunmuş qəbzi Zərərçəkmiş şəxs təqdim edərək guya kondisioner üçün ödəniş olunduğunu və mənzildə təmir işi başa çatdıqdan sonra kondisioneri mənzilə gətirəcəyini bildirmişdir. Bundan təxminən 1-2 gün sonra Poladdan bank kartını alaraq xatırlamadığı ünvanda yerləşən bankomatdan həmin vəsaiti nağdlaşdırmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs ilə söhbət zamanı sonuncu bildirmişdir ki, mənzilə paltaryuyan maşın lazım olacaq, o, yenidən ələ düşən fürsəti dəyərləndirmək istədiyindən Zərərçəkmiş şəxs bu işdə də köməklik edəcəyini və paltaryuyan maşını münasib qiymətə təşkil edəcəyəni bildirmiş və ondan paltaryuyan maşın almaq adı ilə xx.xx.2022-ci il tarixdə həmin mənzildə 570 manat pul almışdır. Zərərçəkmiş şəxs yenidən ondan ödəniş qəbzini tələb etdiyi üçün bu dəfə də o həmin pulu özü üçün sərf etmək niyyətində olduğundan pulu həmin ərəfədə qeyri-rəsmi münasibətdə olduğu Şahid3 bank kartına göndərək əldə edilmiş qəbzi Zərərçəkmiş şəxs təqdim etmiş və bildirmişdir ki, təmir işləri bitdikdən sonra paltaryuyan maşın mənzilə gətiriləcəkdir. Eyni zamanda, Şahid3 ilə əlaqə saxlayaraq həmin pul vəsaitini daha sonra nağdlaşdıracağını bildirmiş və bir gün sonra Cəmilə ilə metronun “28 May” stansiyasının yaxınlığında görüşərək bu pulu onun kartından çıxarmışdır. Bundan başqa, 2022-ci ilin okyabr ayında Zərərçəkmiş şəxs guya onun üçün mətbəx mebeli alacağına yalandan vəd edərək 1.720 manat pul alaraq yenidən Poladın istifadəsində olan bank kartına göndərmiş və bir gün sonra həmin pulu yaşadığı Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən bankomatdan nağdlaşdırmışdır. Zərərçəkmiş şəxs isə eyni üsulla qəbzi təqdim edərək mənzildə təmir işləri başa çatdıqdan sonra mətbəx mebelinin gətiriləcəyini yalandan vəd etmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə söhbət zamanı sonuncu bildirmişdir ki, ona mənzil üçün yataq dəsti lazımdır. O, yenidən eyni qaydada ona bu işdə köməklik göstərəcəyini və yataq dəstini ucuz qiymətə təşkil edə biləcəyini bildirmiş və bu məqsədlə ondan həmin mənzildə 2.350 manat pul almışdır. Daha sonra Şahid3 ilə əlaqə saxlayaraq onun bank kartına “MilliÖn” ödəmə teminalı vasitəsi ilə pul göndərdiyini və həmin pulları daha sonra nağdlaşdıracağı barədə məlumat vermiş, Zərərçəkmiş şəxs isə qəbzi təqdim edərək təmirdən sonra yataq dəstini gətirəcəyini bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci il tarixdə o, bacısı ilə yaşadığı ünvan 3 ünvanda yerləşən binanın 25 nömrəli mənzili təmir etdirmək qərarına gəlmişdir. Bu məsələ ilə bağlı Aydın adlı tanışı ilə məsləhətləşmiş, sonuncu da tanıdığı Təqsirləndirilən şəxs yaxşı usta olduğunu bildirərək onu məsləhət görmüşdür. 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs yaşadığı mənzilə yanında Polad adlı usta ilə birlikdə gələrək mənzilə baxış keçirmiş, mənzilin təmiri üçün müxtəlif materiallara ehtiyac olmasını və bu işi öz öhdəliyinə götürəcəyinə dair söz vermişdir. Bu minvalla təmir işləri 2022-ci ilin avqust ayının sonundan etibarən Təqsirləndirilən şəxs və Polad adlı usta tərəfindən aparılmağa başlanılmışdır. 2022-ci ilin avqust ayının sonlarından həmin ilin noyabr ayınadək hissə-hissə olmaqla o, Seymura yaşadığı mənzildə təmirlə bağlı 12.131 manat pul vermişdir. Eyni zamanda, sentyabr ayının əvvəlində Seymur ona bildirmişdir ki, anası yıxılıb və qolu sınıb, onun əməliyyatına 1.800 manat pul lazımdır. O da ona inanaraq bu pulu ona öz mənzilində vermişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxsla söhbət aparan zaman bildirmişdir ki, mənzilə kondisioner, paltaryuyan maşın, yataq və mətbəx mebeli lazım olacaqdır. Seymur isə bu əşyaları dəyərindən ucuz qiymətə təşkil edə biləcəyini dediyi üçün ona inanmış və xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə kondisionerə görə 800 manat, xx.xx.2022-ci il tarixdə paltaryuyan maşına görə 570 manat, xx.xx.2022-ci il tarixdə yataq mebel dəsti alınması üçün 2.350 manat və 2022-ci ilin noyabr ayında mətbəx mebelinin alınmasına görə 1.720 manat pul vermiş, hər bir ödənişə görə ondan qəblər istəmiş, o da belə qəbzləri ona təqdim etmişdir. Lakin, sonradan bilmişdir ki, ona təqdim olunan qəbzlər başqa şəxslərin bank kartına onun verdikləri pulun göndərilməsinə dair olan sənədlərdi. Bundan əlavə, o Seymura 2022-ci ilin oktyabr ayında mənzilin qonaq otağının eyvanının pəncərəsinin alınması üçün 300 manat, mətbəxin qapısı və hamam otağının nəfəsliyinin alınmasına görə isə 235 manat pul vermişdir. Ancaq Təqsirləndirilən şəxs ondan aldığı pulları ələ keçirmiş, heç bir əşyanı ona təqdim etməmiş, təmiri də etməyərək yarımçıq qoymuşdur. Təqsirləndirilən şəxs vurmuş olduğu ziyanın bir qismini, yəni 5.500 manatını ibtidai istintaq zamanı, 8.500 manatını isə məhkəmədə ödəmişdir. Vurulmuş zərər tam ödənilmədiyi üçün ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 zərər şəkmiş şəxsin ifadəsinə oxşar məzmunda izahat verdi. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, 2022-ci ilin yay aylarında tanışı Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, Bakı şəhərində bir mənzildə təmir işləri aparır və onu təmirə köməklik göstərmək üçün dəvət etmək istəyir. O da bu təklifə razılıq verərək 2022-ci ilin avqust ayında Gəncə şəhərindən Bakıya gələrək Zərərçəkmiş şəxs mənzilində təmir işlərinə başlamışdır. O, görəcəyi işlə bağlı Təqsirləndirilən şəxs hər 1 kv.m. görə 04 manat pul istəmişdir. Təmir zamanı ehtiyac yaranan materialların alınmasını Seymura bildirmiş, sonuncu da bu barədə mənzil sahibi ilə özü danışmışdır. Seymurun mənzil sahibindən hansı məbləğdə pul vəsaitinin almasına dair heç bir məlumatı olmamamışdır. Mənzildə təmir işləri aparan zaman günlərin birində Seymur ondan xahiş etmişdir ki, istifadəsində olan, lakin qardaşı Ruslan Mehdiyevin adına olan "xxxx" ASC-yə aid bank kartını ona versin və bunu belə izah etmişdir ki, ona başqa şəxslər tərəfindən pul göndəriləcək, onun özünün isə bank kartı yoxdur. O da Seymura etiraz etməyib kartı ona vermişdir. Bundan 01 gün sonra mənzildə təmir işləri apardığı zaman eşitmidir ki, Zərərçəkmiş şəxs Seymura 1.720 manat pul verib. Sonra Seymurun həmin pulu onun kartına köçürməsindən xəbər tutmuş və bunun səbəbini ondan soruşanda, sonuncu həmin kartdan istifadə edərək təmir üçün zəruri ləvazimatların alacağını bildirmişdir. Eyni zamanda, Seymurun onun kartına 800 manat pulun köçürməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə ona 1.200 manat zəhmət haqqı vermişdir. Məhkəmədə Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla yaxın münasibətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə Seymur zəng edərək ona məxsus "xxxx" ASC-yə aid bank kartına 570 manat pul göndərəcəyini, daha sonra həmin pulu nağdlaşdıracağını bildirmişdir. O, bu məsələdə problem olmadığını düşünərək Seymura razılıq vermiş və Seymur karta həmin vəsaiti köçürmüşdür. Daha sonra həmin günü axşam saatlarında o, Seymurla Nəsimi rayonu ərazisində görüşərək restoranların birində əyləşmiş və həmin restoranda Seymura 570 manat pulu təqdim etmişdir. Bundan başqa Seymur xx.xx.2022ci il tarixdə zəng edərək yenidən bank kartına pul göndərəcəyini və daha sonra həmin pulu nağdlaşdıracağını bildirmiş və bir neçə dəqiqədən sonra onun kartına 2.350 manat pul köçürülmüşdür. O, bir gün sonra onunla görüşmüş və Nizami küçəsində olan zaman bankomatların birindən həmin pulu nağdlaşdıraraq Seymura vermişdir. O, Seymurun usta kimi işləməsi, mütəmadi olaraq pul qazanması barədə məlumatlı olmuş, ona görə də bu pulların qanunsuz yollarla əldə olunduğu barədə heç bir ehtimalı olmamışdır. Məhkəmə istintaqında Şahid4 ifadəsində bildirdi ki, övladı Seymur bundan öncə də Gəncə şəhərində bu kimi məsələlərlə bağlı problemlər yaşamışdır. Seymur uzun müddətdir usta kimi fəaliyyət göstərsə də, evə ümumiyyətlə hər hansı maddi dəstək göstərmir. Təqsirləndirilən şəxs övladı olsa da, o yalan danışa bilməz. Həqiqətən də, 2022-ci ilin may ayında onun qolu sınmış, lakin o bu məsələ ilə bağlı hər hansı əməliyyat keçirməmişdir. Seymur onun qolunun müalicəsi üçün heç bir maddi köməklik göstərməmiş, qolunun müalicəsinin bütün xərclərini qızı qarşılamışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.77-78, 106-110); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, ********** əməliyyat nömrəsi ilə çap edilərək X3 800 manat pulun göndərilməsini təsdiq edən, xx.xx.2022-cü il tarixli, ********** əməliyyat nömrəsi ilə çap edilərək Şahid3 570 manat pulun göndərilməsini təsdiq edən, xx.xx.2022-ci il tarixli, 58068598 əməliyyat nömrəsi ilə çap edilərək Şahid3 2.350 manat pulun göndərilməsini təsdiq edən və ********** əməliyyat nömrəsi ilə X3 1.720 manat pulun göndərilməsini təsdiq edən 04 ədəd qəbzin surətləri iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.14, 147-156); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı və hökmə əsasən Təqsirləndirilən şəxs əvvəllər iki dəfə dələduzluğa görə məhkum olunmuş, sonuncu dəfə Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 480 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanı tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v.120-130); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü bir övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının, habelə zərər çəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. ”Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, “40 evlər” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evi hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Abşeron rayonu və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar