Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-14/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Əlyaz qızının Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, Şabran şəhəri, B.Sərdarov küçəsi, ev 8-də qeydiyyatda olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq cəza çəkən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2019cu il tarixdə, saat 21:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 180 saylı binanın qarşısında saxlanılmış, X2 məxsus “Renault” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının açıq olmasından istifadə edib salona daxil olaraq oturacaqda olan, Zərərçəkmiş şəxs1 Əlyaz qızına məxsus, içərisində 150 manat dəyərində Wi-fi aparatı, 450 manat dəyərində “Samsung” markalı “J4 plus” modelli, üzərində 15 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 30 manat dəyərində “Samsung” markalı “360” modelli mobil telefon aparatları, 250 manat dəyərində ətir, 200 manat dəyərində “Paris Hilton” markalı qol saatı, 30 manat dəyərində kosmetik vasitələr, habelə şəxsiyyət vəsiqəsi, bank kartları, sığorta kartları və 600 manat məbləğində pul olan 40 manat dəyərində əl çantasını oğurlayaraq zərər çəkmiş şəxsə ümumilikdə 1.765 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 20:30-da Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 23 saylı ünvanda yerləşən “Möhtəşəm məkan” restoranının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 idarə etdiyi “BMW” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq qalmasından istifadə edib salona daxil olaraq əşya qutusundan 1.200 manat dəyərində “iPhone 7” markalı, “A1660” modelli və üzərində 50 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 700 manat dəyərində “Samsung Galaxy A3” markalı, “SM-A310DF” modelli mobil telefon aparatlarını götürüb avtomobildən uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə, saat 21:45 radələrində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı binanın qarşısında “Renault” markalı avtomobili görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Avtomobilin qapılarını yoxladıqda arxa sağ qapının açıq olduğunu görüb salona daxil olmuş və oturacağın üzərindəki əl çantasını götürüb dərhal oradan uzaqlaşmışdır. Sakit bir yerə gəlib çantanı açmış və bu zaman onun içərisində wi-fi aparatı, “Samsung” markalı mobil telefon aparatları, ətir, qol saatı, kosmetik vasitələr, şəxsiyyət vəsiqəsi, bank kartları və 600 manat məbləğində pul görmüşdür. Wi-fi aparatını, mobil telefonları və pulu götürmüş, qalan əşyaları isə ağacların arasında qoyub getmişdir. Pulu öz ehtiyaclarına xərcləmiş, wi-fi aparatını 10 manata, tefonlardan birini 100 manata tanımadığı şəxslərə satmış, digəri telefon isə özündə saxlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr-n ərazisində yerləşən Möhtəşəm məkan” adlı restoranın qarşısında saxlanılmış “BMW” markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək salondan əşya qutusunda olan “iPhone 7” və “Samsung A6” markalı mobil telefon aparatlarını oğrulayıb oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq 19-cu polis şöbəsinə gətirilmiş və orada oğurladığı iki ədəd telefon ondan alınmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Əlyaz qızı ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 180 saylı ünvanda yerləşən ofisdə dizayner vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə, saat 21:30 radələrində əl çantasını ofisin qarşısında saxlanılmış, iş yoldaşı X2 məxsus “Renault” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağına qoymuşdur. İşçilər tez-tez bu avtomobildən iş üçün istifadə etdiklərindən onu göz önündə qapısı açıq şəkildə saxlayırlar. O, bir neçə dəqiqə sonra ofisin yanındakı sexdən çıxıb avtomobilə əyləşdikdə çantasının qoyduğu yerdə olmadığını görmüşdür. Çantanın içərisində 150 manat dəyərində wi-fi aparatı, 450 manat dəyərində “Samsung” markalı “J4 plus modelli, üzərində 15 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 30 manat dəyərində “Samsung” markalı “360” modelli mobil telefon aparatları, 250 manat dəyərində ətir, 200 manat dəyərində “Paris Hilton” markalı qol saatı, 30 manat dəyərində kosmetik vasitələr, habelə şəxsiyyət vəsiqəsi, bank kartları, sığorta kartları və 600 manat məbləğində pul var idi. Çantanın dəyəri 40 manatdır. Hazırda ona dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə çağırılmasına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəni elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, Zərərçəkmiş şəxs2 xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində özünə məxsus “BMW” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilini qapıları açıq vəziyyətdə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 23 saylı ünvanda yerləşən restoranın qarşısında saxlamışdır. Saat 20:45 radələrində restoranda olarkən iki nəfər polis əməkdaşı yaxınlaşıb avtomobilindən oğurluq edildiyi barədə ona məlumat vermişlər. Bundan sonra o, avtomobilinə yaxınlaşmış və əşya qutusunda 1.200 manat dəyərində “iPhone 7” markalı və üzərində 50 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 700 manat dəyərində “Samsung A3” markalı mobil telefon aparatlarının olmadığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1.950 manat məbləğində maddi ziyan dəymişdir (İ cild, i.v.108-109, 179-180). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə, saat 20:45 radələrində iş yoldaşı Şahid2lə birlikdə xidmət apararkən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., Rəşid Məmmədov küçəsi, 23 saylı ünvanda yerləşən Möhtəşəm məkan” restoranının qarşısında hərəkətləri şübhə doğuran bir nəfər şəxsi avtomobillərin yanında saxlamışlar. Bu şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək “BMW” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobildən telefonlar oğurladığını bildirmişdir. Onlar həmin avtomobilin sahibini restoranda taparaq məsələ barədə ona məlumat vermiş və Müdafiəçila birlikdə şöbəyə getmişlər. İş materiallarında olan: - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokollara əsasən Zərərçəkmiş şəxs1 Əlyaz qızı Müdafiəçi götürülmüş “Samsung 360” markalı mobil telefon aparatının ona məxsus olduğunu bildirmiş, eyni zamanda Zərərçəkmiş şəxs2 da “iPhone 7” və “Samsung Galaxy A3” markalı telefonlarını tanımışdır. Həmin mobil telefon aparatları xx.xx.2020-ci il tarixli qəbzlərə əsasən sahiblərinə qaytarılmışdır (İ cild, i.v.110-112, 221-222); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 1118 saylı rəyinə əsasən təqdim edilmiş bir ədəd həssas təzyiqlə (sensorlu) çalışan “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A3” markalı “SM-A310F” modelli və “Samsung” markalı “360” modelli telefonlar hal-hazırda işlək vəziyyətdə, bir ədəd həssas təzyiqlə (sensorlu) çalışan “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “iPhone” markalı telefon isə işlək vəziyyətdə deyil. Aparılmış tədqiqatın dəyəri 59,94 manatdır (İ cild, i.v.173-175); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 “Samsung Galaxy A3” markalı, “SM-A3210DF” modelli mobil telefon aparatının oğurlandığı nəzərə alınmış, Zərərçəkmiş şəxs1 Əlyaz qızına məxsus “Samsung 360” markalı mobil telefonun qiyməti 30 manat, Zərərçəkmiş şəxs2 məxsus “iPhone 7” markalı telefonun qiyməti 1.200 manat, “Samsung A3” markalı mobil telefonun qiymətinin isə 700 manat olması əsas götürülmüş, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 835 saylı rəyi isə sübut növü kimi qiymətləndirilməmişdir (İ cild, i.v.186-193); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayış və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bu cəza şərti hesab olunaraq ona 01 il sınaq müddəti təyin edilmişdir. Daha sonra Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə o, yetkinlik yaşına çatmayan dövrdə törətdiyi oğurluğa görə Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş sınaq müddəti ləğv edilərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq onun üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli qərarı ilə qeyd olunan hökmdən Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xaric edilmiş, xx.xx.2019-cu il tarixdə isə o, cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(002)-121/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli də xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır (İ cild, i.v.143-147, 155-158, İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmədə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Əlyaz qızına məxsus əşyaları gizli yolla talayaraq oğurluq cinayətini başa çatdırsa da, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus əşyaları gizli yolla talayıb hadisə yerindən uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəbə görə bu əməlini başa çatdıra bilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır (18-ci bənd); Buna görə də məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki əməllərində cinayətin “təkrarlığı” əlaməti mövcuddur və bununla da onun əməli Cinayət Məcəlləsinin 29, 177.2.2-ci maddəsi ilə əhatə olunduğu üçün ona elan edilmiş ittihamdan həmin Məcəllənin 177.1-ci maddəsi xaric edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Əlyaz qızına vurulmuş zərərin ödənilməsini və onunla barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Çünki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkumluğu ödənilmədən hazırkı cinayət əməllərini törətsə də, əvvəlki əməli törədərkən yetkinlik yaşına çatmadığı üçün bu hal Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əvvəllər də oğurluğa görə məhkum edilməsini, bununla da kriminal meyilli şəxs olaraq qalmasını, habelə hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusunaböyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla qəti cəza təyin olunmalı və onun hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin, onun cəzasının əvvəli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd olunan hökmündə müəyyən edilmiş vaxtdan xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda iş üzrə maddi sübut olan “Samsung 360” markalı mobil telefon aparatı sahibi Zərərçəkmiş şəxs1 Əlyaz qızının, “iPhone 7” və “Samsung Galaxy A3” markalı mobil telefon aparatları isə sahibi Zərərçəkmiş şəxs2 istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 59,94 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 59 (əlli doqquz) manat 94 (doxsan dörd) qəpik pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan “Samsung 360” markalı mobil telefon aparatı sahibi Zərərçəkmiş şəxs1 Əlyaz qızının, “iPhone 7” və “Samsung Galaxy A3” markalı mobil telefon aparatları isə sahibi Zərərçəkmiş şəxs2 istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-14/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-14/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver