Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-14/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 0,724 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 27 may 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:50-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram və 0,321 qram olmaqla ümumi təmiz çəkisi 0,724 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və həmin şalvarın sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuşdur və səhhətində olan problemlərə görə narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 22:50 radələrində yaşadığı, ünvan 3 ünvanın qarşısında olan zaman ona 2-3 nəfər mülki geyimli şəxslər yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra, onun narkotik vasitələrin əldə edilməsi, istifadə edilməsi, saxlanılması və satışı ilə məşğul olunmasına dair şübhəli olduğunu bildirərək, onu həmin tarixdə Nəsimi RPİ-nə dəvət etmişdirlər. Həmin vaxt üzərində narkotik vasitə olan heroin olsa da, elektron tərəzini polis əməkdaşı “Orxan” adlı şəxs iş masasının üzərindən götürmüşdür. O, həmin elektron tərəzini iş məqsədilə istifadə etmişdir. Belə ki, zərgərlik fəaliyyəti ilə məşğul olduğu üçün tərəzi də işlədiyi otaqda stolun üstündə olmuşdur. Polis idarəsinə gəldikdən sonra xidməti otaqda olarkən o, əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümlərində olan içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddələri çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda idman şalvarının sağ yan cibindən polis əməkdaşı “Orxan” adlı şəxsin onun iş masasının üzərindən göürdüyü 01 ədəd qara üzlüklü üzərinə “Leobank” sözləri yazılmış işlək vəziyyətdə olan elektron tərəzini və həmin cibindən 01 ədəd işlək vəziyyətdə olan “Samsung G4+” markalı mobil telefonu da masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir aşya aşkar edilməmişdir. O, üzərindən aşkar edilən 02 ədəd şəffaf sellofan bükümlərində olan içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddələrin el içində "kakos" deyilən narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Eyni zamanda həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı "Siruz" kimi adını bildiyi şəxslə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb həmin şəxsin kart hesablarına onlayn pul köçürməklə narkotikin çatdırıldığı müxtəlif ünvanlardan götürərək əldə edib saxladığını bildirmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “Siruz” adlı İran vətəndaşı ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq narkotik sifariş etdiyini, həmin şəxsin kart hesabına onlayn olaraq 55-60 manat pul ödədiyini və axşam saatlarında sifarişin çatdırıldığı Bakı şəhəri, Xətai rayonu, “Xətai” metrosu yaxınlığında işarələnmiş yerdən götürərək öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Eyni zamanda üzərindən aşkar edilən 01 ədəd elektron tərəzinin ona məxsus olduğunu və həmin elektron tərəzi vasitəsi ilə qızılzinət əşyalarının qramını müəyyən etmək və həmçinin narkotiki əldə etdikdə çəkisini dəqiqləşdirmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Bundan başqa üzərindən aşkar edilən 01 ədəd “Samsung” markalı mobil telefonun da ona məxsus olduğunu bildirmişdir. İfadəsinin sonunda narkotik vasitənin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək, məhkəmədən onun əməlinin Cinayət Məcəlləsinin 234-cü maddəsinin birinci hissəsinə tövsif edilməsini və həmin maddə ilə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022ci il tarixdə “Üzeyir” adlı şəxsi Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Nəsimi RPİ-nin X2 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında ünvan 4 ünvanda xarici görünüşünə görə təxmin edərək “Üzeyir” adlı şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişlər. Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs 02 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükülünü və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli maddənin narkotik vasitə “heroin" olmasını bildirmiş, həmin şəxsdən bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə soruşduqda Təqsirləndirilən şəxs müvafiq cavabları versə də, hadisədən uzun müddət keçdiyinə görə onun dediklərini xatırlamır. Daha sonra aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022ci il tarixdə “Üzeyir” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə Nəsimi RPİ-nin X2 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid1 ilə ünvan 5 ünvanda təxminən 15-20 dəqiqə gözlədikdən sonra “Üzeyir” adlı şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişlər. Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs 02 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükülünü və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyev tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış və ilk öncə onun geyindiyi tünd göy rəngli idman şalvarının, sağ və sol yan ciblərinə, arxa cibinə baxılmış, lakin hər hansı əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını və corablarını çıxarması tələb olunmuş və o ayaqqabısını və corablarını çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmiş və ona üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim edilməsi təklif olunmuşdur. O, üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümlərdə olan içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddələrin el içində “kakos” deyilən narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Eyni zamanda ondan həmin narkotik vasitələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs narkotik maddələri İran İslam Respublikasının vətəndaşı “Siruz” kimi adını bildiyi şəxslə əlaqə saxlayıb onun kart hesablarına onlayn pul köçürməklə narkotikin çatdırıldığı müxtəlif ünvanlardan götürərək əldə edib saxladığını bildirmişdir. Sonuncu dəfə 26 may 2022-ci il tarixdə “Siruz” adlı şəxslə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq narkotik sifariş etdiyini və onun kart hesabına onlayn olaraq 55-60 manat pul ödədiyini və axşam saatlarında sifarişin çatdırıldığı Bakı şəhəri, Xətai rayonu, “Xətai” metrostansiyası yaxınlığında işarələnmiş yerdən götürərək üzərində gəzdirməklə saxladığını, öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla gəzdirdiyini, eyni zamanda tanıdığı bəzi narkotik aludəçisi olan şəxslərlə birlikdə istifadə etdiyini bildirmişdir. Eyni zamanda üzərindən aşkar edilən bir ədəd elektron tərəzinin ona məxsus olduğunu və həmin elektron tərəzi vasitəsilə narkotik əldə etdikdə çəkisini müəyyən etmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Bundan başqa, üzərindən aşkar edilən bir ədəd “Samsung” markalı mobil telefonun ona məxsus olduğunu və mütəmadi olaraq istifadə etdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin 2 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddələrin və elektron tərəzinin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 2 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddələr və bir ədəd elektron tərəzi zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Bundan başqa 1 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 49-55). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2022-ci il tarixli, 6/3011 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan - iki ədəd bükümdəki maddə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram və 0,321 qram olmaqla ümumi təmiz çəkisi 0,724 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır (i/v 62-65). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 29 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 106-107). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 29 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 108-109). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 0,624 qram olan narkotik vasitə heroin və 01 ədəd tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i/v 216-226). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 17 avqust 2022-ci il tarixli, 4551 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİODLƏRİN və psixostimuluyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 180-181). İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi +**********68 mobil nömrəsinin telefon danışıqlarını və mətnlərini əks etdirən 01 ədəd diskə baxış keçirilmişdir. Həmin məlumatları özündə əks etdirən bir ədəd diskə baxış keçirildikdə -həmin diskdə 04 ədəd faylın olduğu aşkar edilmişdir. Həmin fayllar SMS_Tarixçəsi_**********0037_553248868;SMS_Tarixçəsi_**********0041_553248868;Zə nglərin_Detallaşması_**********1829_553248868_1;Zənglərin_Məxsusluq_Tarixçələri_**** ******1818__553248868_BKC_1; adlı pdf. Formatlı fayllardır. Həmin fayllardan SMS_Tarixçəsi__**********0037_553248868 adlı fayla daxil olduqda orada Təqsirləndirilən şəxs istifadəsində olan +**********68 mobil nömrəsinə digər mobil nömrələrdən daxil olan sms mətnləri aşkar edilmişdir. Həmin sms mətnlərində +**********68 mobil nömrəsinə +**********10 mobil nömrəsindən “Xaloqlu metini neyliyey? Pulu mendedi xeber ele qedey qotureyde” sms aşkar edilmişdir. Həmin mesaj Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını sübuta yetirmişdir. Bundan başqa qeyd olunan çıxarışda +**********68 mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “L 150 ucun yigirdim narahat etdimse bagiwla. Men eliwden bir qardaw ucun saat 1 de goturecem dedim sende deyerdin nece dest isteyirsen zakaz vererdim” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilir. Bundan başqa qeyd olunan çıxarışda +**********17 mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “menem vova necesen brat zeng elemeye utaniram 7 manatim var. deyirdim ki sen hayhuy eliyende menede xeber ele gelim sizdebet eliyim gedim, imkan varsa gelim?” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilir. Bundan başqa qeyd olunan çıxarışda +**********00 mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “qaqas belə eləmədə pul düzəldmisəm mənə obşi qram ver. malsiz qalmisam yeke oqlansan ala borc alib tema götürrem əskiy verirsen hələ and aman kəlmə didin, daverya qalar? ayibde üzeir mənə qarşi elemeli deyilsen müsəlmansan çəkidə düz ol qaqas Heç Zöhrab elemir belə sənə nə gəlib zöhrab qədər yoxsan? Vallah ayibdi ala kimə kimə Ceyhuna kişisən düzün dinən yaxşi hərəkıtdi ? qalmisam lomkada eh” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilir. Bundan başqa qeyd olunan çıxarışda +**********36 mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “Salam qaqam mene tandin 05 kola lazdi 20mqnat” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilir. Bundan başqa qeyd olunan çıxarışda + ********** mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “Qardawim sabahin xeyir. Uzim 5 lik pt tewkil elemey olar?” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul oİduğu bir daha sübuta yetirilir. Bundan başqa qeyd olunan çıxarışda + **********08 mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “imkan var gardawuvida veziyetden cixardasan menim temam saba olacax?” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilir. Bundan başqa qeyd olunan çıxarışda + **********70 mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “xalaoğlu sozun acigi men heleki elememiwem, sabaha saxlamiwam ama dostum deyir ki, zeyifdi. yaxwi olsaydi 2-3 qr goturesiydi.neyse bratqa yenede sagol” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilir. Bundan başqa qeyd olunan çıxarışda + **********00 mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “qaqasim mən yatiram abratni mesaj yazma ekrana çixir mənə 5 qr ən azi 5 qr şkalat götür saxla 1 QR da kola 4 dən tez gələ bilməyəcəm ama dəqiqdi 5 qr şkalat birdə 1 qr kola” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilir. Bundan başqa qeyd olunan çıxarışda + **********82 mobil nömrəsindən daxil olmuş digər bir sms mətnində “Gaga patini gelim goturum” sözlərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilir. Həmin diskdə olan fayllardan SMS_Tarixçəsi__**********0041_553248868 adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs digər nömrələrə yazmış olduğu sms mətnləri öz əksini tapmışdır. Həmin fayldakı +**********19 mobil nömrəsinə göndərilmiş “Yoxam evde heyetde 15 diy qoymuwam.hec olmasa 12 man at karta yerin deyim gorur xecaletlik deyil qaqawa gore qoymuwdum onda qalib axwama ona gore senededim.Ozum yoxam yoxsa vererdim.” smslərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilir. Bundan başqa +**********19 mobil nömrəsinə göndərilmiş “5 e nece verim ay brat camahat pulun verim.ona ne verim ozumde olsa verib sonra senden alrdim.” smslərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu bir daha sübuta yetirilmişdir (i/v 143-144). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli tələbnamədən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünün və Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən 04 ay 15 gün vaxtından əvvəl şərti azad edilmişdir (i/v 114-116, 126-129, 133-134). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 23-24). İş materiallarında olan 22 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan “Samsung J4+” markalı mobil telefonu müstəntiq Kənan Kərimlidən təhvil almışdır (i/v 131). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirlməsinə dair ********* saylı cinayət işi üzrə barəsində 05 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyi, diskə baxış keçirilməsi barədə protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmalı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,624 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-429/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,624 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-14/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-14/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver