Məhkəmə qərarları › İş №1(006)-14/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-14/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-14/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş hüquqi şəxs: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi, Abşeron rayon Vəkil bürosunun vəkili Zərərçəkmiş şəxs Müdafiəçilər: Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, evli, "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 180A-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 144-də yaşayan, məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlrilər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış (VÖEN: **********), hüquqi ünvanı ünvan 1ki olaraq ünvan 2 ünvanda fəaliyyət göstərən "xxxx" MMC-də xx.xx.2018-ci il tarixli əmrlə satış meneceri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, həmçinin cəmiyyətin direktoru Şahid6 məzuniyyətə çıxması səbəbindən sonuncunun xx.xx.2022-ci il tarixli, 2 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində direktorun vəzifələrini icra edərkən bu Cəmiyyətin 07 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti X2 Dövlət Qeydiyyat idarəsi tərəfindən təsdiq edilmiş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etməklə vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə cəmiyyəti təmsil etmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq və digər təşkilati-sərəncamverici səlahiyyətləri qeyd olunan dövrdə öz üzərinə götürməklə faktiki icra edən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "xxxx" Birliyinin 5.000 (beş min) qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman preparatının hərrac yolu ilə satışını təşkil etmə barədə 14 mart 2022-ci il tarixli, 2300-014/0xx-xx/00293 nömrəli məktubuna və "xxxx" Birliyinin Kommeriya şöbəsinin rəisi Şahid1 17 mart 2022-ci il tarixdə cəmiyyətin ünvan 2 ünvanda yerləşən ofisində Şahid4 məxsus şəxsiyyət vəsiqəsinin surətini özünə təqdim edib guya həmin şəxsin alıcı qismində hərracda iştirak edərək qalib olmasına dair qanunsuz müraciətinə razılıq verərək daxili bazarda 01 qutusunun qiyməti 06 manat təşkil edən 5.000 (beş min) qutu, ümumi dəyəri 30.000 manat olan “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman preparatını faktiki hərrac keçirilmədiyi halda, şəxsi niyyətlə 17 mart 2022-ci il tarixdə həmin sayda qeyd olunan məhsulu alıcı Şahid4 keçirilən hərracda qalib kimi göstərilərək 10.000 manata almasına dair məzmununa bilə-bilə yalan məlumatlar daxil edilərək bu tarixdə cəmiyyətin ofisində tərtib etdiyi, rəsmi sənəd hesab olunan 17 mart 2022-ci il tarixli, 11 nömrəli “Hərracın yekunları barədə protokol”u Şahid1 təqdim etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qanunla qorunan əmlak və digər hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 noyabr 2018-ci il tarixdən hazırki vaxtadək "xxxx" MMC-də satış meneceri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləmişdir. Cəmiyyətin direktoru Şahid6 məzuniyyətə çıxması səbəbindən onun xx.xx.2022-ci il tarixli, 2 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində direktorun vəzifələrinin icrası ona həvalə edilmişdir. 14 mart 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin "xxxx" Birliyinin direktoru Şahid2 imzası ilə cəmiyyətə məktub daxil olaraq bir ədədinin qiyməti 02 manat olmaqla 5.000 ədəd dərman preparatının satışının təşkil olunması xahiş olunmuşdur. 17 mart 2022-ci il tarixdə təyin olunmuş hərraca Birliyin Kommersiya şöbəsinin rəisi Şahid1 gələrək Şahid4 məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim edib həmin şəxs ilə danışıldığını, bir ədədinin qiyməti 02 manat olmaqla 5.000 ədəd dərman preparatını 10.000 manata alacağı barədə razılıq əldə etdiklərini və hərracın onun iştirakı olmadan keçirilərək protokol tərtib edib ona təqdim etməyi xahiş etmişdir. O da Xosrova heç bir etiraz etməmiş, alıcı Şahid4 iştirak etmədən hərracın qalibi olması formasında rəsmiləşdirmə aparmış və 5.000 ədəd dərman preparatını alıcı Şahid4 satışına dair 17 mart 2022-ci il tarixli, 11 nömrəli “Hərracın yekunları barədə” protokolu tərtib edib ona təqdim etmişdir. Bir neçə gün sonra satılmış əmlakın dəyərinin hazırda xatırlamadığı miqdarında hərrac mərkəzinin "xxxx" ASC-də olan bank hesabına xidmət haqqı olaraq Birlik tərəfindən rəsmi ödəniş olunmuşdur. Protokolda alıcının iştirakı göstərilsə də, faktiki olaraq o iştirak etməmiş, protokolu 03 nüsxədə tərtib edərək "xxxx" MMC-nin direktoru qrafasında özü imzalamaqla qalan 02 qrafada, yəni Birliyin direktoru və alıcı qrafasında imza etmək üçün Şahid1 təqdim etmiş, o da öz növbəsində sənədləri imzaladaraq qaytarmalı olsa da, qaytarmamışdır. Hərracın keçirilməsi barədə müraciət dövlət qurumu olan Dövlət Gömrük Komitəsinin "xxxx" Birliyindən daxil olduğu üçün onların vəzifəli şəxslərinin bu hərəkətlərində gələcəkdə hər hansı bir problem yaşanmayacağını düşünmüş, ona görə də razılaşaraq alıcı Şahid4 faktiki iştirakı olmadan və hərrac keçirilmədən 17 mart 2022-ci il tarixli, 11 nömrəli “Hərracın yekunları barədə” protokolu tərtib edərək dövlət qurumunun nümayəndəsinə təqdim etmişdir. Hazırda "xxxx" MMC-nin qovluğunda qeyd edilən hərrac baş tutmamış hərrac kimi qeyd edilmişdir. Alıcı ilə alqısatqı müqaviləsi olmadığından, hərraca çıxarılmış əşyaların dəyəri qanunvericiliyə uyğun olaraq hərracın bank hesabına ödənilmədiyindən, hərrac protokolunun hüquqi qüvvəsi olmamışdır. Buna görə də heç təşkilatın özünün də həmin əşyaların hərracdan kənar qaydada Şahid4 təhvil verilməsindən məlumatsız olmuşdur. Məhkəmədə zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin 15-18 mart 2022-ci il tarixdə direktorunun vəzifələrini icra edərkən Dövlət Gömrük Komitəsinin "xxxx" Birliyinin 5.000 qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman preparatının hərrac yolu ilə satışını təşkil etmə barədə 14 mart 2022-ci il tarixli məktubuna və "xxxx" Birliyinin Kommeriya şöbəsinin rəisi Şahid1 17 mart 2022-ci il tarixdə cəmiyyətin ünvan 2 ünvanda yerləşən ofisində Şahid4 məxsus şəxsiyyət vəsiqəsinin surətini özünə təqdim edib guya həmin şəxsin alıcı qismində hərracda iştirak edərək qalib olmasına dair qanunsuz müraciətinə razılıq verərək daxili bazarda 01 qutusunun qiyməti 06 manat təşkil edən 5.000 qutu, ümumi dəyəri 30.000 manat olan həmin məhsulu faktiki hərrac keçirilmədiyi halda 17 mart 2022-ci il tarixdə onları alıcı Şahid4 keçirilən hərracda qalib kimi göstərilərək 10.000 manata almasına dair məzmununa bilə-bilə yalan məlumatlar daxil edilərək 17 mart 2022-ci il tarixli, 11 nömrəli “Hərracın yekunları barədə protokol”u Şahid1 təqdim etmişdir. Bu hərəkətlər nəticəsində Dövlət Gömrük Komitəsinin qanunla qorunan əmlak və digər hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurulmuş, həmçinin hərracın keçirilməsi qaydaları pozulmuş, sənədlər saxtalaşdırılmış və dövlətin əmlakı mənimsənilmişdir. Hərrac qanunauyğun qaydada aparılmadığı üçün dövlət büdcəsinə 30.000 manat deyil, 10.000 manat pul vəsaiti köçürülmüşdür. Buna görə də nəticədə vurulmuş ziyan məbləği 20.000 manat təşkil edir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, 09 iyul 2018-ci il tarixdə gömrük orqanlarında xidmətə qəbul olunaraq Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin “Astara“ gömrük postunun inspektoru vəzifəsinə təyinat alıb hazırki vaxtadək həmin vəzifədə çalışır. Vəzifələrinə “Astara“ gömrük postuna daxil olan və gömrükdə bəyan olunan idxal yüklərinə gömrük nəzarətini həyata keçirmək, yüklərin bəyannamə ilə eyniləşdirilməsini həyata keçirərək uyğun olub-olmamasını yoxlamaq, uyğunluq olduğu halda yükün sərbəst dövriyyəyə buraxılmasını təmin etmək, uyğunsuzluq aşkar olunduğu halda isə müvafiq protokol tərtib etmək və rəhbərliyə məruzə edərək bəyan olunmamış, gömrük nəzarətindən gizlədilmiş yükləri protokol və onun əsasında tərtib edilmiş raport ilə birlikdə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə təhvil vermək olmuşdur. 30 dekabr 2021-ci il tarixdə **********0939 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilən malların yük nəqliyyat vasitəsindən boşaldılmasına gömrük nəzarətinin həyata keçirilməsi həmin gün ona həvalə edilmişdir. X3 məxsus İran İslam Respublikasından həmin ölkənin vətəndaşı X6 idarə etdiyi “Volvo” markalı, 24A965/866-10 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə olan yük hissənin plombunu açdıqdan sonra bəyannamə ilə uyğunluğu tərəfindən yoxlanılarkən 09 mal mövqeyi üzrə bəyan edilmiş malların 08 mövqe üzrə düzgün olması, 9-cu mal mövqeyi üzrə isə 23 qutu 180 kiloqram olaraq bəyan edilən yapışqan məhsulunun yük hissəsində olmadığı, həmin qutu və çəki üzrə qablaşdırılması dəyişdirilmiş formada, yapışqan adı altında paketlənmiş və kamuflyaj olunmuş formada gömrük nəzarətindən gizlədilmiş 5.000 ədəd “Lidocaine/Prilocaine” adlı dərman preparatı aşkar edilmişdir. Müəyyən olunan qanunazidd fakt ilə əlaqədar rəhbərliyə məruzə etmiş, raport tərtib edilərək müvafiq sənədlər, o cümlədən 5.000 ədəd “Lidocaine/Prilocaine” aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, o, 20 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə 182/396Ş nömrəli əmrlə "xxxx" Birliyinin Kommersiya şöbəsinin rəisi vəzifəsinə, Şahid2 isə 2018-ci ilin avqust ayından Birliyinin direktoru vəzifəsinə təyin edilmişdir. Şahid2 tapşırığına əsasən Cənub Ərazi Baş Gömrük idarəsi tərəfindən Birliyə təhvil verilmiş 5.000 qutu “Xyla-P” adlı dərman preparatının "xxxx" MMC vasitəsi ilə formal hərrac yolu ilə Şahid4 adlı şəxsə satılmış və əldə edilmiş 10.000 manat məbləğində pul vəsaiti birliyin bank hesabına köçürülmüşdür. Dərman vasitələrinin hansı qiymətə satılması, yəni qutusunun bir ədədini 02 manata satılması barədə ona Birliyin direktoru Şahid2 göstəriş vermiş, həmin dərman vasitələrinin faktiki bazar dəyərindən məlumatsız olmuşdur. Məhkəmə istintaqında Şahid5 Tabrizi ifadəsində göstərdi ki, o, arvadı Şahid4 ilə birlikdə fərdi sahibkarlıqla məşğul olur, Şahid4 vergi ödəyicisi kimi qeydiyyatdadır. Bakı Beynəlxalq Avtovağzalın ticarət mərkəzində mağaza sahəsi icarəyə götürməklə orada kosmetik preparatların satışı ilə məşğuldur. 2022-ci ilin mart ayında mağazanın müştərisi olmuş, hazırda vəfat etmiş Həmzə adlı şəxs “Lidocaine” dərman preparatının bir ədədini hansı qiymətə satdığını soruşmuş, o da onu 06 manata satdığını demişdir. Həmzə ona həmin dərman preparatını gömrük orqanı tərəfindən tender elan edilməklə bir ədədinin 02 manata satıldığını və satışda cəmi 5.000 ədəd olduğunu, hər ədədində 01 manat ona qazanc vermək şərtilə ona satılmasını təşkil edə biləcəyini, satışın qanuni əsaslarla dövlət qurumu tərəfindən aparıldığını, heç bir problem olmayacağını bildirmişdir. O bu təkliflə razılaşaraq 5.000 qutu “Xyla-P” adlı “Lidocaine-Prilocaine” tərkibli dərman preparatı üçün Həmzəyə 10.000 manat pul vermişdir. Bu zaman ödəniş bank vasitəsilə həyata keçirilmiş, həraca görə isə 500 manat pulu ödəniş terminalı ilə ödəmişdir. Bir müddət sonra Həmzə pulun Dövlət Gömrük Komitəsinin hesabına köçürülməsi barədə bank ödəniş qəbzinin surətini, habelə tanış olmadığı sənədləri təqdim edərək vergi ödəyicisi kimi yoldaşı tərəfindən imzalanmalı olduğunu bildirmişdir. Həmin dərman vasitələrinin satışı ilə əlaqədar hər hansı bir hərracda, o cümlədən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə keçiridiyi hərracda iştirak etməmişdir. Arvadı ağır xəstə olduğundan o, bəzi sənədləri ona evdə imzaladıb onları Həmzəyə qaytarmışdır. Beləliklə, o və arvadı bu məsələ ilə əlaqədar heç yerə getməmiş, Həmzə özü həmin 5.000 ədəd “Lidocaine-Prilocaine” tərkibli dərman preparatını yük maşını ilə mağazasına gətirib təhvil vermişdir. Bunun müqabilində isə ondan həmin dərmanlardan 1.000 ədədini ona verməyini xahiş etmiş və onları satıb müalicəsinə sərf edəcəyini demişdir. O da buna etiraz etməmişdir. Məhkəməyə dəfələrlə çağırılmasına baxmayaraq, Şahid2 teleqramlar ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini vurğulamışdır. Tərəflərin razılığı ilə məhkəmədə onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, Şahid2 Azərbaycan Respublikası Dövlət Təhklükəsizliyi Xidmətinin İstintaq baş idarəsində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 18 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 100/1215Ş nömrəli əmri ilə "xxxx" Birliyinin direktoru vəzifəsinə təyin edilməklə 22 iyun 2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə Birliyin Kommeriya şöbəsinin rəisi vəzifəsində Şahid1 çalışmışdır. 5.000 (beş min) qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitələrinin Birliyə daxil olması, hərrac vasitəsi ilə satışı, həmçinin dərman vasitələrinin faktiki dəyərindən ucuz qiymətə satılması və digər proseslərdən məlumatı yoxdur, hazırda həmin prosesləri xatırlamır, bu proseslə əlaqədar bütün sənədləşdirmə işləri ilə Birliyin Kommersiya şöbəsinin rəisi Şahid1 məşğul olmuş, bununla əlaqədar tərəfindən ona hər hansı bir göstəriş verilməmişdir (İİ cild, i.v.117-121). Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin direktorudur. MMC bir sıra özəl və dövlət təşkilatlarının sifarişi əsasında çox sayda açıq hərrac proseslərini təşkil edir. 2022-ci ilin mart ayında ilk dəfə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında "xxxx" Birliyi tərəfindən MMC-yə müsadirə olunmuş hər birinin dəyəri 02 manat olmaqla 5.000 ədəd kremin açıq hərraca çıxarılması ilə bağlı müraciət olunmuşdur. Azərbaycan Respublikasında fəaliyyət göstərən hərrac təşkilatlarının sayı 10-a yaxındır. Adətən hərrac təşkilatları rəqabət mühiti səbəbi ilə və əməkdaşlığın uzun ömürlü olması üçün hərracın keçirilmə qaydası və şərtlərini sifarişçi ilə razılaşdırır. Sifarişçi "xxxx" birliyi qeyd olunan əmlakların açıq hərrac prosesinin ən qısa vaxta təyin olunmasını tələb etmişdir. Açıq hərracın elan və bildiriş verildiyi gündən 30 gün sonra keçirilməli olduğunu, belə olmadığı halda gələcəkdə hərrac nəticələrinin ləğv edilə biləcəyini sifarişçiyə bildirilsə də, sifarişçi bununla razılaşmamış və qeyd olunan kremlərin xeyli vaxtdır müsadirə olunmasını və son istifadə tarixinin bitəcəyini əsas göstərərək hərracı “Novruz Bayramı” tətilindən, yəni 19 mart 2022-ci il tarixindən öncə keçirilməsini tələb etmişdir. Sifarişçinin tələbinə əsasən xx.xx.2022-ci il tarixində qeyd olunan əmlakların açıq hərraca çıxarılması ilə bağlı “525-ci” qəzetə elan göndərilmiş və həmin elan xx.xx.2022-ci il tarixində dərc edilmişdir. xx.xx.2022-ci il tarixinədək hərraca qeyd olunan əmlaklarla bağlı heç bir alıcı müraciət etməmişdir. Hərrac günü, yəni xx.xx.2022-ci il tarixində “Azərterminalkompleks“ birliyinin nümayəndəsi MMC-yə bir şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş və həmin şəxsin hərracda iştirak üçün yaxınlaşacağını bildirmişdir. Hərrac nəticəsinin rəsmiləşdirilməsi sifarişçinin, hərrac təşkilatçısının və alıcının imzası (möhür) ilə təsdiqlənən protokol və alıcı ilə təşkilatçı arasında imzalanan müqavilə əsasında aparılır. xx.xx.2022-ci il tarixində günorta saatlarında “Azərterminalkompleks“ birliyinin nümayəndəsi alıcı gələnə qədər həmin protokolu öz idarələrində imzaladıb geri qaytarmaq üçün götürmüş və sonradan hərrac mərkəzinə geri qayıtmamışdır. MMC alıcının hərraca gəlməməsi, protokolu və müqaviləni imzalamaması səbəbi ilə hərracı keçirilmiş hesab etməmiş və həmin protokolla əmlakların rəsmiləşdirilib alıcıya satılmasından məlumatsız olmuşdur. Daha sonra “Azərterminalkompleks“ birliyinin nümayəndəsi ilə əlaqə saxlamaq mümkün olmamışdır. "xxxx" MMC qeyd olunan kremlərin qiymətini müəyyən etməmiş, təhvil almamış və təhvil verməmiş, eyni zamanda onların rəsmiləşdirilməyən və müqaviləsi tərtib olunmayan protokolla alıcıya təhvil verilməsindən xəbərsiz olmuşdur. Hərracın qısa müddətə təyin olunmasının gələcəkdə nəticənin ləğvinə yol aça biləcəyini sifarişçiyə öncədən bildirmiş və sonda hərracı keçirilmiş hesab etməmişdir. Hərrac hər hansı maddi və ya şəxsi maraqla yox, məhz sifarişçinin istəyi əsasında qısa müddətə təyin olunmuşdur. Eyni zamanda həmin kremlərin alınması üçün hərrac mərkəzinə heç bir digər müraciət daxil olmamışdır. Hərrac təşkilatı “Azərterminalkompleks“ birliyinin nümayəndəsindən imzalamaq və qaytarmaq üçün götürülən protokolu geri ala bilmədiyi üçün həmin protokolun ləğvi barədə akt tərtib etmişdir. Eyni zamanda təyin etdiyi hərrac üzrə xidmət haqqını sifarişçidən tələb etmiş və almışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Capitals Auction“ MMC-nin 17 mart 2022-ci il tarixli, 11 nömrəli “Hərracın yekunları barədə“ protokolundan görünür ki, “Azərterminalkompleks“ Birliyinin xx.xx.2022-ci il tarixli, 2300-014/0xx-xx/00293 nömrəli sifariş məktubu ilə xx.xx.2022-ci il tarixdə MMC tərəfindən ünvan 2 ünvanda yerləşən ofisdə keçirilən hərracda 5.000 qutu “Lidocaine” preparatı (krem) 10.000 manat məbləğində pul vəsaitinə hərracın qalibi Şahid4 satılmışdır. Protokolu MMC-nin adından direktor vəzifələrini müvəqqəti icra edən Təqsirləndirilən şəxs imzalamışdır (İ cild, i.v.173); • “Xyla-P” dərman preparatının orta bazar qiymətinin müəyyən edilməsinə dair 27 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən “Xyla-P” dərman preparatının 01 ədədinin orta bazar dəyəri 06 manat təşkil edir (İİ cild, i.v.94); • “Direktorun səlahiyyətlərinin həvalə olunması haqqında” xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmrə görə "xxxx" MMC-nin direktorunun nizamnamə ilə nəzərdə tutulan bütün səlahiyyətləri işdə olmadığı müddətdə (15 mart 2022-ci ildən 18 mart 2022-ci ilə kimi 04 (dörd) təqvim günü) cəmiyyətin satış meneceri Təqsirləndirilən şəxs həvalə olunmuşdur (İİ cild, i.v.124); • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən əldə olunmuş çıxarışa əsasən "xxxx" MMC xx.xx.2016 cı il tarixdə (VÖEN: **********) qeydiyyata alınmış, qurumun əvvəlki adı “X4” MMC olmuşdur. Şirkətin Nizamnaməsinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik onun icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır və digər səlahiyyətləri həyata keçirir (İİ cild, i.v.127-131); • “Sübutların qiymətləndirilməsi haqqında” 25 may 2023-cü il tarixli qərara əsasən iş üzrə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 11 nömrəli “Hərracın yekunları barədə” protokol və xx.xx.2022-ci il tarixli, XXĞ 058889 nömrəli “Malların fiziki şəxslərə təhvil-qəbul qəbz”i maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (İİ cild, i.v.177-188); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (İİ cild, i.v.136); • Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022ci il təvəllüdlü bir övladı var (İİ cild, i.v.170). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaya, 313-cü maddəsi isə vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədilməyə görə cinayət məsuliyyətini müəyyən edir. Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə görə bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15-18 mart 2022-ci il tarixləri arasında "xxxx" MMC-nin direktorunun vəzifələrini müvəqqəti icra edərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "xxxx" Birliyinin 5.000 qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman preparatının hərrac yolu ilə satışını təşkil etmə barədə 14 mart 2022-ci il tarixli, 2300-014/0xx-xx/00293 nömrəli məktubuna və "xxxx" Birliyinin Kommeriya şöbəsinin rəisi Şahid1 17 mart 2022-ci il tarixdə cəmiyyətin ünvan 2 ünvanda yerləşən ofisində Şahid4 məxsus şəxsiyyət vəsiqəsinin surətini özünə təqdim edib guya həmin şəxsin alıcı qismində hərracda iştirak edərək qalib olmasına dair qanunsuz müraciətinə razılıq verərək daxili bazarda 01 qutusunun qiyməti 06 manat təşkil edən 5.000 qutu, ümumi dəyəri 30.000 manat olan “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman preparatını faktiki hərrac keçirilmədiyi halda, 17 mart 2022-ci il tarixdə həmin sayda qeyd olunan məhsulu alıcı Şahid4 keçirilən hərracda qalib kimi göstərərək 10.000 manata almasına dair məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək bu tarixdə cəmiyyətin ofisində tərtib etdiyi, rəsmi sənəd hesab olunan 17 mart 2022-ci il tarixli, 11 nömrəli “Hərracın yekunları barədə protokol”u Şahid1 təqdim etmişdir. Bununla da onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi müəyyən edilir. Bu cinayətlərin törədilməsi məhkəmə istintaqında təqsirləndirilən şəxs tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan mötəbər və təkzibedilməz sübutlarla bu əməllərin onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayətləri törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Capitals Auction“ MMC-nin xx.xx.2022-ci il tarixli, 11 nömrəli “Hərracın yekunları barədə” protokol və xx.xx.2022-ci il tarixli, XXĞ 058889 nömrəli “Malların fiziki şəxslərə təhvil-qəbul qəbz”i cinayət işinin materiallarında saxlanılmalı. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində, həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 11 nömrəli “Hərracın yekunları barədə” protokol və xx.xx.2022-ci il tarixli, XXĞ 058889 nömrəli “Malların fiziki şəxslərə təhvil-qəbul qəbz”i cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar