Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-140/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şuşa şəhəri, T.Əliyev küçəsi, ev 7-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 12, mənzil 126-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxub havadamcı yolu ilə keçən yoluxucu xəstəliyin daşıyıcısı olmasına baxmayaraq Azərbaycan Respublikasının ərazisində tətbiq olunan karantin rejimi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən tələbləri pozmaqla xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi “Mercedes-Benz” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində hərəkətdə olarkən quraşdırılmış stasionar postda polis əməkdaşları tərəfindən saxlanılıb yoxlanılarkən onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratması halı müəyyən edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə özünü yaxşı hiss etmədiyindən Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ağ ciyərlərindən müayinə olunmuş və ona “yüngül dərəcəli pnevmoniya” diaqnozu qoyulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında N.Tusi adına Klinikada boğaz və burundan yaxma analizi vermiş, həmin günü onda koronavirus (Covid-19) infeksiyası aşkar olunduğu bildirilmiş, xəstəliyi yüngül keçirdiyi üçün ev şəraitində müalicə olunmaq tövsiyə edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində ani olaraq boğulmağa başladığı üçün “103” təcili tibbi xidmətə zəng etsə də, ona yardım götərilməmiş, o da artıq halı pisləşdiyi və yanında ona kömək edə biləcək kimsə olmadığından dərman almaq üçün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 12, mənzil 126-dan çıxıb “Mercedes- Benz” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin vaxtı açıq olan, Türkiyə Respublikasının Səfirliyinin yaxınlığında yerləşən “İzmir” adlı aptekə getmək qərarına gəlmişdir. Lakin C.Məmmdəquluzadə küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində hərəkətdə olarkən ölkədə tətbiq edilmiş komendant saatı ilə əlaqədar stasionar postda saxlanılmışdır. Polis əməkdaşları ondan hansı səbəbdən komendant saatında küçəyə çıxdığını soruşanda o, koronavirus infeksiyasına yoluxduğunu və dərman almaq üçün evdən çıxdığını söyləmişdir. Bundan sonra posta dəvət edilmiş təcili tibbi yardım xidmətinin həkimləri onu müayinə edib koronavirus xəstəsi olduğunu bildirmiş, lakin yüngül dərəcəli keçirdiyindən evdə müalicə almağı tövsiyə etmişlər. O da oradan uzaqlaşıb yenidən evinə qayıtmışdır. Törətdiyi əməldən peşmandır. Taksi fəaliyyəti ilə məşğul olur, ailəsinin yeganə qazanc gətirənidir. Ona cəza təyin edilərkən maddi vəziyyətinin çətin olmasının, himayəsində bir azyaşlı övladının, İİ qrup əlil olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin rəisi Şahid2 ifadəsində göstərdi ki, o, 2020-ci ilin oktyabr ayından həmin vaxt ölkə ərazisində tətbiq olunan komendant saatı ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən stasionar postda saat 21-dən səhər 06-dək xidmətdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində postda olarkən yol-patrul xidmətinin əməkdaşı Şahid1 Bakıxanov küçəsi ilə hərəkət edən “Mercedes-Benz” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb sürücü Təqsirləndirilən şəxs sənədlərini yoxlamış və ondan hansı səbəbdən komendant saatında küçəyə çıxdığını soruşmuşdur. Təqsirləndirilən şəxs də koronavirus infeksiyasına yoluxduğunu, səhhəti pisləşdiyindən aptekə dərman almaq üçün evdən çıxdığını bildirmişdir. Bununla bağlı Şahid1 ona məruzə etmiş, o da öz növbəsində Təqsirləndirilən şəxs yoxlanılması üçün həmin yerə təcili tibbi yardım dəvət etmişdir. Oraya gələn təcili tibbi yardım xidmətinin həkimləri onu müayinə edib yüngül dərəcəli koronavirus xəstəsi olduğunu və evdə müalicənin davam etdirməli olduğunu bildirmişlər. Bundan sonra o, dərhal Təqsirləndirilən şəxs evinə göndərmiş, həmçinin məsələ barədə raportla idarə rəisinə məruzə etmişdir. İş materiallarında olan: N.Tusi adına Klinika tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 84 saylı məktub və analiz nəticəsindən aydın olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində klinikada “Covid-19” Ag ekspress testindən keçmiş, müayinənin nəticəsi (pozitiv) barədə o, həmin günü saat 15:33-də məlumatlandırılmışdır (İ cild, i.v.17-18); Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015ci il təvəllüdlü azyaşlı övladı var (İ cild, i.v.44); Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 460499 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlilliyə görə müavinət alır (İ cild, i.v.45); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.50); Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının xəstəliklərin yayılmasına səbəb olduğuna və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarına əsasən: Bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir (1.3-cü bənd); karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir (2.1.4-cü bənd); karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir (2.1.5-ci bənd); Yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər (3.1-ci bənd); Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir (4.5-ci bənd); Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır (4.6-cı bənd); Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər (4-1.1-ci bənd); Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir (4-1.2-ci bənd); yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd); karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır (7.2-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs koronavirus (Covid- 19) infeksiyasına xx xxxxxx 2020-ci il tarixdə yoluxduğunu bilib ona həkim rəyinə əsasən yaşadığı yerdə təcrid olunaraq müalicə olunması barədə xəbərdar edilməsinə baxmayaraq, karantin nəzarətinə götürülmüş şəxs kimi karantin nəzarəti müddəti ərzində xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 12, mənzil 126-nı tərk edib saat 23 radələrində idarə etdiyi “Mercedes-Benz” markalı, **- LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində hərəkətdə olarkən quraşdırılmış stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmış, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və İİ qrup əlilliyini Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların mövcud olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 12, mənzil 126-nı hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-140/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-140/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver