Məhkəmə qərarları › İş №1(006)-140/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-140/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-140/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 27 aqvust 1979-ci il tarixdə Yevlax rayonu, Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Göygöl Rayon Məhkəməsinin 1(066)-75/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 iyul 2024-cü il tarixdə saat 20 radələrində ünvan 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, təmir olunan iaşə obyektinin açıq qapısından oraya qanunsuz daxil olub içəridən Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 210 manat dəyərində “Bosch" GBH 2-26 DRE markalı perforatoru, 01 ədəd 85 manat dəyərində “Bosch” markalı qaynaq ütüsünü, 01 ədəd 25 manat dəyərində "Bosch” GBM 10 RE markalı kiçik dreli, 1 ədəd 450 manat dəyərində "Bosch” GWS 21-230 markalı böyük laqondanı, 2 ədəd hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində “Bosch" GWS 225 markalı kiçik laqondaları, 01 ədəd 120 manat dəyərində “Makita” markalı lazer aparatını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs ümumilikdə 1190 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin iyul ayının 15-də Bakı şəhərinə müalicə almaq üçün Göygöl rayonundan gəlmiş və Bakı şəhərində müxtəlif ünvanlarda hostellərdə qalmışdır. xx.xx.2024-cü il tarixdə axşam radələrində 28 May metrostansiyasından çıxıb Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində olarkən orada yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yarım tikilinin qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra oradan 01 ədəd perforatoru, 01 ədəd qaynaq ütüsünü, 01 ədəd dreli, 3 ədəd laqondanı və 01 ədəd lazer aparatını oğurlamış, saat 23 radələrində həmin yerdən çıxıb bir qədər uzaqlaşdıqdan sonra taksiyə minib Bakı Beynəlxalq Avtovağzalına getmiş və gecə ilə birbaşa Göygöl şəhərinə yollanmışdır. Oğurladığı əşyaları satmaq istəsə də sata bilməmiş, Göygöl rayonunda yaşadığı evin yaxınlığında gizlətmişdir. İstintaqa cəlb olunduqdan sonra həmin əşyaları qaytarmışdır. O, oğurluq əməlini xəstəliyi ilə əlaqədar dərman almağa pulu olmadığı üçün maddi ehtiyac səbəbindən törətmişdir. Daha sonra oğurladığı əşyaları qaytardığını, törətdiyi əməldən peşman olmasını, xəstə olmasını və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən iaşə obyektində təxminən 2024-cü ilin iyul ayının əvvəllərindən təmir işləri görmüşdür. Həmin yerdə o, elektrik, malyar işi ilə məşğul olmuşdur. Həmin yerin 3 qapısı olmuş, həmin iaşə obyektinin açarları onda olmuş və o, sonuncu dəfə xx.xx.2024-cü il saat 17:30-da oranın qapısını bağlayıb yaşadığı ünvana getmişdir. Növbəti gün xx.xx.2024-cü il tarixdə 08:30-da işlədiyi yerə gəlmiş, gəldikdə qapını açıb içəri girmiş, lakin obyektin bir qapısının açıq olduğunu görmüşdür. Daha sonra o, içəri baxdıqda orada istifadə etdiyi ləvazimatların bəzilərinin olmadığını görmüşdür. Həmin yerdən 01 ədəd 210 manat dəyərində perforator, 01 ədəd 85 manat dəyərində qaynaq ütüsü, 1 ədəd 25 manat dəyərində drel, 1 ədəd 450 manat dəyərində böyük laqonda, 2 ədəd hər biri 150 manat dəyərində laqondalar, 01 ədəd 120 manat dəyərində lazer aparatı oğurlanmışdır. O, oğurluq hadisəsini gördükdən sonra bu barədə DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Bir müddət sonra hadisəni törədən şəxs tutulmuş və oğurlanan əşyalar ona qaytarılmışdır. Daha sonra ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.44); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.60-61); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmişdir (i.v.82-84); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.85-86); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutularkən Nəsimi RPİ-nin İstintaq Şöbəsinə gətirilməsi və Nəsimi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmış və Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.106-109); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Apoyev X1 RPİ-nin 22-ci PŞ-nə könüllü gəlmiş və 22-ci PŞ-nin əməkdaşları tərəfindən Nəsimi RPİ-nin MSY-nə təhvil verilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə icraat təzələnmiş və təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v.117); - “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir (i.v.125-126); - “Hadisə yerinə baxış keçirilməsi barədə” 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində təmir olunan iaşə obyektidir (i.v.6-8); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.75-79); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 02 ədəd “VİD-20241106-WA0023” və VİD- 20241106-WA0024” adlı videofayllar vardır. 1)"VİD-20241106-WA0023” adlı videofayl 16 saniyədən ibarətdir və həmin görüntüdə əynində açıq rəngli şalvar və qolu qısa köynəkdə olan, ortaboylu şəxsin səki ilə sağ əlində idman çantası, sol əlində isə mavi rəngli sellofan paketlə yeyin gəzərək getməsi, videofaylın xx.xx.2024-cü il 23:46 radələrində olması müşahidə olunur. 2)"VİD-20241106-WA0024” adlı videofayl 2 dəqiqə 53 saniyədən ibarətdir və həmin görüntüdə əynində açıq rəngli şalvar və qolu qısa köynəkdə olan, ortaboylu şəxsin səki ilə sağ əlində idman çantası, sol əlində isə mavi rəngli sellofan paketlə yeyin gəzərək getməsi, ətrafa baxması, əlindəki idman çantasını və mavi rəngli paketi videonun 12-ci saniyəsində səkinin kənarına divara söykəməsi, videonun 2 dəqiqə 22-ci saniyəsində həmin şəxsin idman çantası ilə mavi rəngli sellofan paketlə həmin yerdən uzaqlaşması, videofaylın xx.xx.2024-cü il 23:49 radələrində olması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə olan şəxsin onun özünün olduğunu, həmin vaxt ifadəsində qeyd etdiyi kimi oğurladığı əşyaları idman çantasına və sellofan paketə yığıb hadisə yerini tərk etdikdən sonra oradan uzaqlaşdığını bildirmişdir. (i.v.94); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8244 nömrəli ekspert rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə toplanan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 560.00 manat müəyyən olunur, o cümlədən: - 01 ədəd ““Bosch” GWS 21-230 markalı böyük laqonda - 110 manat, - 01 ədəd “Bosch” GBM 10 RE markalı kiçik drel - 20 manat, - 01 ədəd “Bosch” markalı qaynaq ütüsü - 60 manat, - 01 ədəd “Bosch” GBH 2-26 DRE markalı perforator - 170 manat, - 01 ədəd “Makita” markalı lazer apartı - 100 manat, - 01 ədəd “Bosch” GWS 225 markalı kiçik laqonda - 50 manat, - 01 ədəd “Bosch” GWS 225 markalı kiçik laqonda - 50 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.114-116); - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd böyük laqonda istifadə olunmuş, üzərində işlənmiş olmasını göstərən cızıqları olan, tutacaq hissəsi qara, gövdəsi yaşıl rəngli plastik materialdan olan “Bosch" GWS 21-230 markalıdır. 01 ədəd kiçik drel - tünd mavi rəngli, oturacaq hissəsində üzəri qırmızı rəngli olan enerji cihazı olan, üzərində işlənmiş olmasını göstərən cızıqları olan "Bosch" GBM 10 RE markalıdır. 01 ədəd qaynaq ütüsü - dəstəyi qara rəngli, üzərində temperaturu göstərən cihaz olmaqla alüminium materialdan olan, üzərində işlənmiş olmasını göstərən cızıqları olan "Bosch" markalıdır. 01 ədəd perforator - tutacaq hissəsi mavi rəngli, ön hissəsi açıq boz rəngli olmaqla, üzərində işlənmiş olmasını göstərən cızıqları olan "Bosch” GBH 2-26 DRE markalıdır. 01 ədəd lazer aparatı - az istifadə olunmuş, üzərində işlənmiş olmasını göstərən cızıqları olan, qara və göy rəngli ehtiyat hissələrindən ibarət “Makita" markalıdır. 01 ədəd kiçik laqonda - işə salma düyməsi qırmızı rəngli olan, üzərində işlənmiş olmasını göstərən cızıqları olan "Bosch" GWS 225 markalıdır. 01 ədəd kiçik laqonda - işə salma düyməsi qırmızı rəngli olan, üzərində işlənmiş olmasını göstərən cızıqları olan, başlıq hissəsi erroziyaya uğramış "Bosch" GWS 225 markalıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaları 27 iyul 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsində təmir gedən iaşə obyektindən oğurladığını, sonradan həmin əşyaları yaşadığı Göygöl rayonunda yerləşən evinin yaxınlığında gizlətdiyini bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaların ona məxsus olduğunu və 27 iyul 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsindəki təmir gedən tikilidən oğurlandığını bildirmişdir (i.v.130-131); - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı və Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Bosch” GWS 21- 230 markalı laqonda, 01 ədəd Bosch” GBM 10 RE markalı drel, 01 ədəd “Bosch” markalı qaynaq ütüsü, 01 ədəd “Bosch” GBH 2-26 DRE markalı perforator, 01 ədəd “Makita" markalı lazer apartı, 02 ədəd “Makita” markalı laqondalar maddi sübut kimi tanınmışdır (i.v.136); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmışdır (i.v.141-150); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Apoyev X2 Federasiyası Sankt-Peterburq şəhəri Kalinin Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161 M 1 H ilə təqsirli bilinərək 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (i.v.99-100); - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi 2022-ci il ərzində Bakı Apellyasiya Məhkəməsinin icraatında aşkar edilməmişdir; - Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-75/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; - Göygöl rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Apoyev X3 rayon İcra və probasiya şöbəsində xx.xx.2024cü il tarixdə qeydiyyata alınmış və cəza müddətinin əvvəli həmin tarixdən hesablanmışdır. Bugünkü tarixə Təqsirləndirilən şəxs cəzasının 02 ay 10 gününü çəkmiş və cəzasının çəkilməmiş hissəsi 01 il 09 ay 16 gün təşkil edir; - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskdə iki ədəd videofayl vardır. "VİD-20241106-WA0023” adlı videofayl 16 saniyədən ibarətdir və həmin görüntüdə xx.xx.2024-cü il 23:46 radələrində əynində açıq rəngli şalvar və qolu qısa köynəkdə olan, ortaboylu şəxsin səki ilə sağ əlində idman çantası, sol əlində isə mavi rəngli sellofan paketlə yeyin gəzərək getməsi müşahidə olunur. "VİD-20241106- WA0024” adlı videofayl 2 dəqiqə 53 saniyədən ibarətdir və həmin görüntüdə xx.xx.2024-cü il 23:49 radələrində əynində açıq rəngli şalvar və qolu qısa köynəkdə olan, ortaboylu şəxsin səki ilə sağ əlində idman çantası, sol əlində isə mavi rəngli sellofan paketlə yeyin gəzərək getməsi, ətrafa baxması, əlindəki idman çantasını və mavi rəngli paketi videonun 12-ci saniyəsində səkinin kənarına divara söykəməsi, videonun 2 dəqiqə 22-ci saniyəsində həmin şəxsin idman çantası ilə mavi rəngli sellofan paketlə həmin yerdən uzaqlaşması müşahidə olunur. Təqsirləndirilən şəxs videofaylları izləyib həmin videofayllarda əynində açıq rəngli şalvar və qolu qısa köynək olan və sağ əlində idman çantası, sol əlində isə mavi rəngli sellofan paket olan şəxsin özünün olduğunu, oğurladığı əşyaları idman çantasına və sellofan paketə yığıb hadisə yerini tərk etdikdən sonra oradan uzaqlaşdığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf edərək peşman olmasını, dəymiş zərəri ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Apoyev X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-75/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-75/2024 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq qaydasında qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-75/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesablanmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-75/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 03 ay 25 gün hissəsinin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmış 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 03 (üç) gün, cəmi 02 (iki) ay 03 (üç) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Bosch” GWS 21-230 markalı laqondanın, 01 ədəd Bosch” GBM 10 RE markalı direlin, 01 ədəd “Bosch” markalı qaynaq ütüsünün, 01 ədəd “Bosch” GBH 2-26 DRE markalı perforatorun, 01 ədəd “Makita" markalı lazer aparatının, 02 ədəd “Makita” markalı laqondaların zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-75/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-75/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 03 ay 25 gün hissəsinin CM-nin 68.1.1-1ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanmış 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət, cəmi 02 (iki) ay 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Bosch” GWS 21-230 markalı laqondanın, 01 ədəd “Bosch” GBM 10 RE markalı direlin, 01 ədəd “Bosch” markalı qaynaq ütüsünün, 01 ədəd “Bosch” GBH 2-26 DRE markalı perforatorun, 01 ədəd “Makita” markalı lazer aparatının, 02 ədəd “Makita” markalı laqondaların zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar