Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-141/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, mənzil 122-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanda yerləşən “AF Mall” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, proqramlaşdırma kursu olaraq fəaliyyət göstərən kabinetin dəhlizində olan dolabın üzərindən sonuncuya məxsus 800 manat dəyərində bir ədəd Tayvanda istehsal edilmiş “Canon” markalı, EOS-800D modelli, 18-55 mm-lik linzalı fotoaparatı oğurlayaraq zərər çəkmiş şəxsə maddi ziyan vurmuşdur. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 25 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində “AF Mall” ticarət mərkəzinin 2-ci mərtəbəsinə qalxıb orada yerləşən sanitar qovşağına getmişdir. Oradan çıxıb dəhlizlə pilləkənlərə doğru gələndə görmüşdür ki, dolabın üzərində bir ədəd “Canon” markalı fotoaparat var. Əvvəlcə həmin aparatın maket olduğunu düşünmüş, lakin sonradan ona yaxınlaşıb diqqətlə baxanda onun həqiqi aparat olduğunu görmüşdür. Ətrafına nəzər yetirib heç kimin olmadığını müəyyən edib bu aparatı götürüb əlindəki torbaya qoyub cəld oradan uzaqlaşmışdır. Yolda piyada avtobus dayanacağına gedəndə tanışı Şahid2lə qarşılaşmış, onunla söhbət edərkən sonuncu onun əlindəki torbanın içərisində olan fotoaparatı görüb onunla maraqlanmışdır. O da Zülfüqara yalandan demişdir ki, guya fotoaparat özünündür. Zülfüqar ondan həmin fotoaparatı satıbsatmadığını soruşmuş, o isə onu satmadığını, lakin ona 150 manat borca pul veriləcəyi təqdirdə, aparatı girov qoya biləcəyini demişdir. Zülfüqar da onunla razılaşmış və ona 150 manat borca pul verib həmin fotoaparatı girov kimi götürmüşdür. Aldığı pulu xərcləmiş, fotoaparat da Zülfüqarda qalmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən “AF Mall” ticarət mərkəzinin 2-ci mərtəbəsində olan, dörd otaqlı kabinetdən ibarət sahəni icarəyə götürüb orada proqramlaşdırma kursu təşkil etmişdir. 25.09.2020-ci il tarixdə, saat 19 radələrində təcili işi olduğu üçün obyektin açarlarını tələbəsi olan Şahid1 verib getmişdir. Həmin günü, saat 20:05 radələrində Səbinə ona zəng edib bildirmişdir ki, dəhlizlə dolabın üzərində olan və ona məxsus Tayvan istehsalı “Canon” markalı, EOS-800D modelli, 18-55 mm-lik linzalı fotoaparat naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə ilə bağlı o, dərhal “102” xidmətinə zəng vurub məlumat vermişdir. Onun fotoaparatı polis tərəfindən qaytarılsa da, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: Götürmə aparılması haqqında” 04.11.2020-ci il tarixli protokola əsasən Şahid2 təqdim etdiyi 1 ədəd “Canon” markalı fotoaparat götürülmüşdür (İ cild, i.v.73-74); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 27.11.2020-ci il tarixli, 9/5021 saylı rəyinə görə ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd Tayvan istehsalı “Canon” markalı, EOS-800D modelli, üzərində 18-55 mm-lik linza olan fotoaparatın istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına orta bazar qiyməti təxminən 800,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.110-112); “Maddi sübut kimi tanınmaq haqqında” 28.11.2020-ci il tarixli qərarla bir ədəd istifadədə olmuş Tayvan istehsalı “Canon” markalı, EOS-800D modelli, üzərində 18-55 mm-lik linza olan fotoaparat iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (İ cild, i.v.115); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.11.2020-ci il tarixli arayışı, məhkəmə aktları və Bakı şəhər Probasiya idarəsinin 08.04.2021-ci il tarixli, 21-1/4AM-15/20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04.07.2017-ci il tarixli qərarı ilə bu hökm dəyişdirilərək ona 3.000 manat cərimə cəzası təyin edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.1 və 234.1-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3 və 67.1-ci maddələri tətbiq edilməklə 01 il 06 müddətinə azadlıqdan məhrum etmə və 3.300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 12.01.2018-ci il tarixli qərarı ilə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu tətbiq edilməklə qeyd olunan hökmdən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi xaric edilərək onun üzərində 01 il 06 müddətinə azadlıqdan məhrum etmə və 3.000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli, 7(011)-22/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 04.07.2017-ci il tarixli qərarı ilə təyin olunmuş və ödənilməmiş 3.000 manat cərimə cəzası 06 müddətinə azadlığın mməhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və onun 05 ay 14 gün çəkilməmiş bu cəzası qalmışdır (İ cild, i.v.79-81, İİ cild); Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, 10.03.2021-ci il tarixdə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əvvəllər də talama və s. cinayətlərə görə məhkum edilib azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra cinayətkar fəaliyyətinin davam etdirməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 04.07.2017-ci il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzasının əvəz edildiyi və hazırda çəkilmədiyi 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq 02 ay 22 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Canon” markalı, EOS- 800D modelli, üzərində 18-55 mm-lik linza olan fotoaparat sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 04.07.2017-ci il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzasının əvəz edildiyi və hazırda çəkilməmiş 05 (beş) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 02 (iki) ay 22 (iyirmi iki) gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin, onun üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Canon” markalı, EOS-800D modelli, üzərində 18- 55 mm-lik linza olan fotoaparat sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-141/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-141/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver