Məhkəmə qərarları › İş №1(006)-141/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-141/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-141/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-937/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-356/2021 saylı qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilməklə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağdam şəhəri, Budaqov küçəsi, ev 8-də qeydiyyata olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,877 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 22 noyabr 2021-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci polis bölməsinin və Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:10-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 03 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,283 qram, 0,270 qram, 0,324 qram olmaqla, ümumi təmiz çəkisi 0,877 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 noyabr 2021-ci il tarixində tanışı Arzu adlı xanım ona zəng edərək həbsdən çıxandan bəri onu görmədiyini və onunla görüşmək istədiyini bildirmişdir. O da Arzuya Bakıda olduğunu və görüşə biləcəklərini bildirmişdir. Həmin gün axşam Arzu gec gəldiyindən evdəkilər yatmış, ona görə də Arzunu evə apara bilməmiş və oteldə qalmaq qərarına gəlmişlər. Onlar otelə gəlmiş, 22 noyabr 2021-ci il tarixdə axşam vaxtı 3 nəfər polis işçisi onların olduqları otağın qapısını kartla açıb içəri daxil olmuşlar. Həmin vaxt polis əməkdaşlarından biri telefonda bir qızla danışaraq həmin qızdan qolunda nə tatusu var deyə soruşmuşdur. Polislər gəlməmişdən yarım saat əvvəl isə otağa tanışı olan bir qız gəlmişdir. O, polis əməkdaşının həmin qızla danışdığından şübhələnmişdir. Ona elə gəlmişdir ki, onun yerini polislərə həmin qız demişdir. Polislər içəri girən kimi dolabın içərisinə “kokos” və “şüşə” qoymuşlar və həmin maddələrin guya onun olduğunu demişlər. Həmin vaxt Arzu hamamda olmuşdur. Sonra polis işçiləri 21-ci polis bölməsinə zəng etmiş və bir qədər sonra 21-ci polis bölməsinin əməkdaşları otağa daxil olmuşlar. Polis əməkdaşları ona CM-nin 234.4.3-cü maddəsi ilə onu ittiham edəcəklərini bildirmişlər. O, razı olmayanda isə üzünə bir şillə vurmuşlar. Sonra o, polislərə CM-in 234.1-ci maddəsi ilə ittiham olunmağına razı olduğunu və bunu yalnız Arzunu buraxdıqdan sonra edəcəyini bildirmişdir. Onları 21-ci polis bölməsinə aparmışlar. O, bölmədə Arzunu buraxmayana qədər heç bir sənədə qol çəkməyəcəyini demişdir. Daha sonra dostu Fəridə zəng edərək gəlib Arzunu aparmasını demişdir. Fərid gəlib Arzunu apardıqdan və Arzunun buraxıldığına əmin olduqdan sonra CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməyinə razılıq verərək sənədləri imzalamışdır. Daha sonra vəkil gəlmiş və ondan üzərindən aşkar olunan psixotrop maddənin ona məxsus olub- olmadığını soruşmuş, o da ona məxsus olduğunu bildirmiş, bundan sonra vəkil çıxıb getmişdir. O, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman da psixotrop maddənin onun olduğunu və həmin maddəni Sumqayıtdan Əli adlı tanımadığı şəxsdən aldığını bildirmişdir. Halbuki o, gecə oteldə olmuş, Sumqayıta heç getməmişdir. O, əvvəllər narkotik vasitədən istifadə etsə də, həbsdən çıxandan sonra istifadə etməmişdir. Polislər tərəfindən saxlanılan zaman da onun üzərində heç bir narkotik vasitə olmamış, 200 manat pul, 3 ədəd mobil telefon və bank kartı olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında o, 21-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 və Bakı şəhər BPİnin CAİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradaraq “Nicat” adlı şəxsin cinayət əməlini ifşa etmək üçün Nəsimi rayonu ərazisində keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 18:10-da Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saxlayaraq Nəsimi RPİ-nin 21-ci PB-sinə dəvət etmişlər. Anket məlumatları sonradan məlum olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirmək üçün Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı polis mayoru Şahin Fərhadov tərəfindən müdafiəçi təyin edilmiş və şəxsi axtarışın aparılmasını video qeydiyyata almaq üçün mütəxəssis dəvət edilmişdir. Onun, sahə inspektoru, polis baş leytenantı Şahid3 və Bakı şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2, təhqiqatçı mayoru Şahin Fərhadovun və video qeydiyyata almaq üçün çağırılmış mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs öncə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təkif edilmiş, vətəndaş Təqsirləndirilən şəxs əlində olan 01 ədəd “Samsung” markalı qara rəngli telefonu, 01 ədəd qara rəngli “KGTEL” və 01 ədəd ağ rəngli “İphone” markalı mobil telefonları masanın üzərinə qoymuş, daha sonra əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin sol iç cibindən “Umico” pul kartını, şəxsiyyət vəsiqəsini, daha sonra tünd göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd yaşıl-ağ rəngli və 01 ədəd ağ rəngli sellofana bükülmüş ümumilikdə 03 ədəd bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqdan onların içərisində şəffaf rəngli kristallik maddə aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs həmin maddələri Sumqayıt yolunda “Əli” adlı şəxsdən 40 manat pul müqabilində almasını və psixotrop maddə olan “şüşə” olmasını bildirmiş, Təqsirləndirilən şəxs üzərində hər-hansı başqa qanunla qadağan edilmiş maddə və əşyanın olub-olmaması soruşulduqda o, üzərinə hər hansı bir qanunla qadağan edilmiş maddə və ya əşyanın olmamasını bildirmişdir. Daha sonra vətəndaş Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş və əlavə hər hansı qeyri-qanuni əşya və maddə aşkar olunmamışdır. Vətəndaş Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi şəffaf sellefona bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, həmin zərf iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı Şahid3 və Bakı şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ortaq tanışları vasitəsilə tanımışdır. 21 noyabr 2021-ci il tarixində o, rayondan Bakıya qonaq gəlmişdir. 20 Yanvar metrostansiyası yaxınlığında Nicat onu qarşılamış və birlikdə “AF” otelə getmişlər. Bir qədər sonra Nicatın tanışı Türkan adlı qız da gəlmişdir. Gecəni oteldə qalmışlar. Növbəti gün səhər saat təxminən 10-11 radələrində Türkan adlı qız getmişdir. Axşam saat 5-6 arası Nicatın yanına hündürboy, rusdilli bir qız gəlmişdir. O, həmin qızı tanımamış, qız 15-20 dəqiqə oturub getmişdir. Daha sonra o, hamama girmişdir. 5-10 dəqiqə sonra otaqdan səslər eşitmiş, o, Nicatın telefonla danışdığını düşünmüşdür. Sonra bir nəfər hamamın qapısını açıb onu çölə çıxartmışdır. O, çıxanda Nicatın əlini qandallayıb çarpayıya uzatdıqlarını görmüşdür. Otaqda 3 nəfər mülki geyimdə şəxslər olmuş, sonradan həmin şəxslərin əməliyyatçı olduğunu bilmişdir. Onlar hardasa yarım saata yaxın otaqda qalmışlar. Sonra isə polis formasında şəxslər gəlib onları polis bölməsinə aparmışlar. Bölmədə Nicatı yuxarı qaldırmış, bir qədər sonra onu da çağırmış və ondan Nicatın yanına niyə gəldiyini soruşmuşlar. Sonra onu buraxmışlar. Gecə idi deyə dalınca gələcək olan Fərid Məmmədovu gözləmiş və həmin adam gələndən sonra getmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş şahid X2 ifadəsində göstərmişdir ki, o, Şahid4 tanımış, Təqsirləndirilən şəxs isə Arzunun dostu kimi tanımışdır. Nicat ona zəng edib gəlib Arzunu polis bölməsindən götürməsini demiş, o da gedib götürmüşdür. Arzu yolda gedərkən ona “AF” oteldə otaqda olarkən polislərin gəldiyini, şkafın içindən “şüşə” tapdıqlarını, sonra onları bölməyə apardıqlarını demişdir. Həmçinin, Arzu əvvəl otağa bir qız gəldiyini, o qız çıxıb gedəndən sonra polislərin gəldiyini demişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş şahid X3 ifadəsində göstərmişdir ki, o, “AF” oteldə menecer işləyir. Təqsirləndirilən şəxs otelə gəlibgedən qonaq kimi tanıyır. 22 noyabr 2021-ci il tarixində o, işdə olmamış, onun istirahət günü olmuşdur. Təqsirləndirilən şəxs tutulması ilə bağlı məlumatı olmamışdır. Lakin otelin sisteminə baxdıqda 21 noyabr 2021-ci il tarixində Təqsirləndirilən şəxs onların otelinin qonağı olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş şahid X4 ifadəsində göstərmişdir ki, o, əvvəllər “AF” oteldə menecer işləmişdir. Təqsirləndirilən şəxs həmin otelə gəlib-gedən qonaq kimi tanımışdır. O, 22 noyabr 2021-ci il tarixində işdə olmuşdur. İş saatı saat 18:00-dan səhər saat 06:00-a kimi olur. Lakin 22 noyabr tarixdə Təqsirləndirilən şəxs oteldə görməmişdir. Onların otelində polis tərəfindən Təqsirləndirilən şəxs aparılması baş verməmiş, onlar kamera görüntülərinə də baxmış, belə bir hadisə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23-24); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.102-105); - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 22 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilən zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 02 ədəd ağ yaşıl rəngli selofana və 01 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli kristalşəkilli kütlə, yəni psixotrop maddə metamfetaminə oxşar büküm aşkar edilərək götürülməsi faktı təsdiq edilir (i.v.46-52); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5172 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №180” dairəvi möhür əksi olan “Saxlanılan şəxs Təqsirləndirilən şəxsƏ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,283 qram, 0,270 qram, 0,324 qram olan ümumi çəkisi 0,877 qram olan ağrəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (i.v.62-66); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5338 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.121-122); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,877 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,727 qram psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i.v.142-146); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir (i.v.130-131); - Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-356/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzası xx.xx.2022-ci il tarixdə sona çatdığı üçün müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2011-ci il və xx.xx.2013-cü il təvəllüdlü iki azyaşlı övladı var; - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əvvəlcə əlində olan 01 ədəd qara rəngli “Samsung”, 01 ədəd qara rəngli “KGTEL” və 01 ədəd ağ rəngli “İphone” markalı mobil telefonları masanın üzərinə qoyur, sonra əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin iç sol cibindən öz adına olan “Umico” pul kartını və özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoyur, daha sonra isə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd yaşıl-ağ rəngli və 01 ədəd ağ rəngli sellofana bükülmüş, ümumilikdə 03 ədəd sellofana bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoyur. Bükümlər açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddələr aşkar edilir. Təqsirləndirilən şəxs bükümlərin içərisindəki maddənin “şüşə” adlanan psixotrop maddə olduğunu, onları xx.xx.2021-ci il tarixdə Sumqayıt yolunda özünü Əli kimi təqdim edən şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və üzərində psixotrop maddənin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, eyni zamanda onun barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə istintaqı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxsin 22 noyabr 2021-ci il tarixdə oteldə tutulmasını təsdiq edəcək dörd nəfər şahidin dindirilməsi barədə vəsatət vermiş, həmin şahidlərin üçü bu faktı təsdiq etməmişlər. Həmçinin, həmin şahidlərin heç birinin Təqsirləndirilən şəxs üzərində psixotrop maddənin olub-olmaması barədə məlumatları olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, iki azyaşlı uşağının olmasını, o cümlədən, təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-356/2021 saylı qərarı ilə sonuncunun barəsində təyin olunmuş cəzadan 08 ay 17 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-937/2019 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 ay 17 gün müddəti hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 22 noyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2021-ci il tarixli, 5338 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,727 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-356/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)- 937/2019 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 08 (səkkiz) ay 17 (on yeddi) gün müddət hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,727 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar