Məhkəmə qərarları › İş №1(006)-142/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-142/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-142/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili nümayəndəsi: Nümayəndə Müdafiəçi: “ niversal“Vəkil Bürosunun vəkili U Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Masallı rayonu, Bədəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, mənzil 07-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi, ev 29, mənzil 30-da yaşayan, məhkumluğu ödənilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:13-də ünvan 1 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının birinci mərtəbəsinin blokunda, digər şəxslərin olmasına əhəmiyyət vermədən qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan nalayiq ifadələrlə təhqir edib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən qollarından tutaraq itələyib divara çırpmaqla, o cümlədən qəsdən sonuncunun başına və bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr vurmaqla ona qapalı kəllə beyin travmasi, baş beyin silkələnməsi, başın ənsə nahiyəsinin dərialtı hematoması və sol dirsək oynağı nahiyyəsinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsində yerləşən “Qorqud Residence” yaşayış kompleksində 50 nömrəli hündürmərtəbəli binanın 13-cü mərtəbəsində yaşayır. Həmin binanın 8-ci mətəbəsində onun 03 otaqlı mənzili var, mənzil anası Kübra Fətdayevanın adınadır. Lakin özü Plotnikov küçəsi, 29 nömrəli binada valideyinlərinin evində yaşayır. İlk dəfə Nigarı taksi fəaliyyəti ilə məşğul olduğu “Kia Rio” markalı, **-CO-*** dövlət qeydiyyat nişanı avtomobillə müştəri kimi gedəcəyi ünvana və işə aparan zaman tanımış, həmin vaxt Nigar ondan mobil nömrəsini alaraq dəfələrlə ona zəng edərək taksi kimi çağırmışdır. Beləliklə aralarında münasibət yaranmış və Nigarla Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi, ev 50, mənzil 47-də birlikdə 9 ay yaşamışlar. Həmin müddət ərzində dəfələrlə birlikdə ölkənin müxtəlif rayonlarına tədbirlərə getmiş və birlikdə vaxt keçirib istirahət etmişlər. Birlikdə yaşadıqları müddət ərzində Nigarın Türkiyədə təhsil alan qızı Fidan tətilə gəlib anası ilə birlikdə yaşamağa başladığı vaxtlar o, öz evində yaşamış, qızı getdikdən sonra yenə onunla birlikdə qalmışdır. Bir müddət əvvəl Nigar ona xəyanət etmiş, bu mövzuda aralarında sözlə mübahisələri yaranmışdır. O, 2024-cü ilin may ayının əvvəlində Nigarın bu hərəkətləri barədə onun atası Adil Bayramova bildirəcəyini demiş və xx.xx.2024-cü il tarixdə Nigarın mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Nigar da onun təklifini qəbul etmiş, bundan sonra onlar Badamdar qəsəbəsində yerləşən restoranda görüşmüşlər. Nigarla restoranda bir qədər söhbət edib onunla barışmaq istədiyini bildirmiş, Nigar isə onun qısqanc olduğunu, onunla yaşamaq istəmədiyini demişdir. Təxminən saat 19:05 radələrində onlar restorandan çıxmış və Nigarın atası Adil avtomobil ilə onun arxasınca gəlmişdir. Nigar onu bir daha narahat etməməsini bildirərək atasının avtomobilinə əyləşib getmişdir. Özü də “Kia Rio” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ənvər Qasımzdə küçəsində yerləşən “Qorqud Residence” yaşayış kompleksinin qarşısına gəlmişdir. Təxminən saat 20 radələrində Nigar ona mesaj yazmış, o da yenə də barışmaq istədiyini qeyd edərək ondan şikayət etməsi üçün Nigarı kimin öyrətdiyini soruşmuşdur. Bundan sonra Nigar ona özünü öldürəcəyini yazmış və nömrəsini “qara siyahı”ya salmışdır. Saat 22 radələrində Nigar yaşadığı məhəlləyə gəlmiş, bloka daxil olub liftə minmək istəyəndə o, ona mane olub Nigarın atası Adilin mobil nömrəsinə zəng edib qızının özünü öldürmək istədiyini deyib binanın qarşısına gəlməyini istəmişdir. Həmin vaxt onun atası Ramiz və anası Kübra da liftin qarşısına gəlmişlər. Nigarın liftə minməsinə mane olmağa çalışaraq onun atası Adilin gəlib çatmasını gözləmiş, Nigar liftə minmək istəyəndə isə ona mane olmaq məqsədi ilə əllərindən tutub geriyə itələməyə çalışmışdır. Daha sonra Nigar, özü və anası liftə minmiş, 13-cü mərtəbədə liftdən enmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşı, Nigarın atası və anası, öz atası da oraya qalxmışlar. Sonra polis əməkdaşı onu 20-ci polis şöbəsinə dəvət etmiş, barəsində protokol tərtib edilərək o, məhkəməyə gətirilib inzibati qaydada həbs olunmuşdur. O, Nigarı vurmamış, ona xəsarətlər yetirməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2023cü ilin əvvəllərindən 2024-cü ilin may ayınadək Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi, bina 50, mənzil 47-də yaşamışdır. Onunla eyni binada yaşayan Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayından taksi sürücüsü kimi tanımış və onun avtomobili ilə taksi kimi işə gedib-gəlmişdir. Daha sonra aralarında münasibət yaranmış və onlar birlikdə yaşamış, bu müddət ərzində Mirsadıq ona qarşı həddindən artıq qısqanclıq etməyə başlamışdır. Sonradan artıq Mirsadıqın etdiyi hərəkətlərə dözə bilmədiyi üçün ondan ayrılmaq qərarına gələrək bu fikrini ona bildirmiş, lakin Mirsadıq ondan ayrılmayacağını və əgər ayrılsa ona qarşı rüsvayedici hərəkətlər edəcəyini bildirmişdir. Ancaq o, buna fikir verməyib ondan ayrılmışdır. Ayrıldıqdan sonra Mirsadıq onun ünvanına nalayiq ifadələr işlətməyə və onu tez-tez narahat etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Mirsadıq ona zəng edərək 10 dəqiqə vaxt verməyini istəmiş və bundan sonra ayrılacağını, onu narahat etməyəcəyini bildirmişdir. Həmin vaxt özü Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində olan “Pullman” oteldə tədbirdə olmuş və buna görə onu həmin otelin yaxınlığında olan restorana dəvət etmişdir. Mirsadıq ondan bağışlamasını istəmiş, lakin o, fikrinin qəti olduğunu deyib bayıra çıxmışdır. Mirsadıq onun arxasınca gələrək onu narahat etməyə və ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o da avtomobilinə əyləşərək yaşadığı mənzilinin yerləşdiyi ünvan 1 ünvana gəlmişdir. Mirsadıq da onu izləyərək arxasınca həmin yerə gəlmiş, o da Mirsadiqin ona nəsə edə biləcəyindən çəkinərək binanın həyətində olan mühafizəçi Nurlan adlı şəxsə yaxınlaşaraq ona mənzilinə qalxmaqda köməklik etməsini xahiş etmişdir. Nurlan da buna etiraz etməyib onunla binanın girişinə doğru getmiş, bu zaman Mirsadıq ona yaxınlaşıb barışmağını istəmişdir. O da bunu bir daha rədd edərək onu narahat etməməyi bildirib binaya daxil olub öz mənzilinə getmək istəyərkən Mirsadıq ona binaya daxil olmağa icazə verməmiş və onun ünvanına nalayiq ifadələr işlədərək onun baş və üz nahiyəsinə əli ilə bir neçə dəfə zərbə endirmişdir. Daha sonra o binaya daxil olmuş və Mirsadıq da onun arxasınca binanın birinci mərtəbəsinə gələrək liftin qarşısına gedib qabağını kəsmiş, mənzilə qalxmasına mane olmuşdur. Həmin vaxt Mirsadıqın atası və anası, eyni zamanda mühafizəçi Nurlan da bu yerdə olmuş və Mirsadıq liftin qarşısında yüksək səslə nalayiq ifadələr işlətdiyi zaman onlar onu sakitləşdirməyə çalışsalar da, sonuncu heç kimə əhəmiyyət verməmiş, onları kənara itələmiş və dəfələrlə liftə yaxınlaşaraq mənzilinə qalxmaq istəyən zaman ona qarşı fiziki zor tətbiq edərək onu qolundan tutub kənara itələmişdir. Həmin vaxtı 7-8 nəfər digər tanımadığı sakinlər də toplaşaraq onlardan bir neçəsi Mirsadıqın hərəkətlərinə müdaxilə edib binada ailələrin yaşadığını, nalayiq ifadələr işlətməməsini, ictimai qaydanı pozmamasını, bu hərəkətlərinə son qoymasını tələb etmişlər. Lakin Mirsadıq onlara da tabe olmayaraq ona liftə minməyə imkan verməmişdir. Çətinliklə də olsa Mirsadıqın anası onu qolundan tutub liftə salmış, özü də liftə daxil olmuş, onların arxasınca Mirsadıq da liftə minmişdir. 13-cü mərtəbəyə qalxanda Mirsadıq yenə də sakitləşməmiş və ona qarşı zor tətbiq etməyə davam etmişdir. Onların dalınca Mirsadıqın atası, bir neçə dəqiqə sonra isə polis əməkdaşları gəlmiş və bundan sonra Mirsadıq sakitləşmiş, polis əməkdaşları hadisə barədə tam məlumat aldıqdan sonra onları polis şöbəsinə dəvət etmişlər. Bu hadisədən sonra Mirsadıqın ona qarşı yenidən belə qanunsuz hərəkətlər edərək ona xəsarət yetirə biləcəyindən və dayanmadan narahat edəcəyindən çəkindiyi üçün məcbur qalaraq onunla eyni binada yaşadığı mənzili satıb atasıgilin yaşadığı ünvana köçmüşdür. Buna baxmayaraq Mirsadıq yenə də onu və ailə üzvlərini narahat etməyə, zəng etməyə, iş yerinə gələrək ona narahatçılıq yaratmağa davam edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ondan onu narahat etməməsini və ona yaxınlaşmamasını istəyir, bununla bağlı tədbirlərin görülməsini xahiş edir. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, Mirsadıq onun oğludur. İlk öncə “Kia Rio” markalı avtomobillə özü taksi fəaliyyəti ilə məşğul olsa da, yaşı ilə əlaqədar olaraq bunu daha etməmiş və Mirsadıq bu işlə məşğul olmuşdur. Zərərçəkmiş şəxs dəfələrlə taksi kimi iş yerinə və sifariş verdiyi başqa ünvanlara aparmış, özündən sonra isə oğlu bunu etmişdir. X1 arasındakı münasibətlərin sevgi münasibətlərinə çevrildiyini öyrənmiş və o, oğluna onlar arasında olan yaş fərqinə, dünyagörüşlərinə və digər hallara görə münasibətlərinin alınmayacağını bildirib aralanmasını istəmiş, lakin onun sözünə məhəl qoyulmamışdır. Nigarla oğlu Mirsadıq arasında sevgili kimi münasibət yarandıqdan sonra bir-birlərinə evlənəcəkləri barədə sözlər vermiş və oğlu təqribən 8-9 ay Nigarın Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi, ev 50/52, 47 saylı mənzilində onunla birlikdə yaşamışdır. Sonradan onların arasında soyuqluq olduğunu və ayrıldıqlarını eşitmişdir. xx.xx.2024-cü il tarixdə həmin ünvanın yaxınlığında yerləşən parkda arvadı Kübra ilə birlikdə piyada gəzən onlara bir nəfər tanımadığı şəxs Mirsadıqın binanın girişində bir xanımla mübahisə edərək səs-küy saldığını bildirmişdir. Onlar da cəld həmin yerə yaxınlaşanda Mirsadıqın Nigar ilə liftin qarşısında mübahisə etdiklərini və Nigarı liftə minməyə qoymadığını görmüşlər. Eşitdiklərinə görə Nigar yaşadığı mənzilinə qalxaraq özünə qəsd edəcəyini bildirmiş, bunun üçün Mirsadıq liftin qarşısında onun qabağını kəsərək yaşadığı mənzilə qalxmasına qoymamışdır. Həmin vaxt özü və arvadı Mirsadıqı kənara çəkib sakitləşdirməyə və Nigarın getməsinə mane olmamağa çalışmış, lakin buna baxmayaraq Mirsadıq əsəsbi halda olduğundan onları kənara itələyib dediklərinə qulaq asmamışdır. Bu zaman bəzi qonşular da həmin səs-küyə gəlib köməklik etməyə çalışmış və sonra anası ilə birlikdə Mirsadıqı çətinliklə sakitləşdirib Nigarın liftə minməsinə şərait yaratmışlar. Nigarla birlikdə Mirsadıq və arvadı Kübra da liftə minib 13-cü mərtəbəyə qalxmış, sonra o, özü də onların arxasınca getmişdir. Həmin vaxtı Mirsadıq sakitləşmiş və Nigara qarşı hər hansı bir güc tətbiq etməmişdir. Bir az sonra isə polis əməkdaşları gəlmiş və Mirsadıqla Nigarı polis şöbəsinə dəvət etmişlər. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, o, 2022-ci ildən ğtən ilin sonunadək ünvan 1 ünvanda yerləşən binanın mühafizəçisi işləmişdir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində işdə olan zaman binanın sakini Zərərçəkmiş şəxs ona yaxınlaşaraq mənzilinə qalxmasında köməklik etməsini xahiş etmişdir. O da Nigarla binanın girişinə doğru gedən zaman Təqsirləndirilən şəxs onların qarşısına çıxdığı üçün o öz yerinə qayıtmışdır. İlk öncə Mirsadıqla Nigar sakit şəkildə binanın həyətində söhbət etmiş, daha sonra aralarında münaqişə yaranmış və onlar dalaşaraq binaya daxil olmuşlar. Bir müddət sonra binanın birinci mərtəbəsindən səs-küy gəldiyini eşidib ora getmiş, Mirsadıqın yüksək səslə nalayiq ifadələr işlədərək atası və anasının yanında Nigarla münaqişə etdiyini, Nigarın qarşısını kəsib qolundan tutaraq kənara atdığını və liftə minib mənzilinə qalxmasına icazə vermədiyini görmüşdür. O da Mirsadıqın valideynləri ilə birlikdə hadisəyə müdaxilə edərək Mirsadıqı sakitləşdirməyə və Nigarın mənzilinə qalxması üçün liftə minməsinə şərait yaratmağa çalışmışlar. Lakin Mirsadıq tabe olmayaraq onları və Nigarı var gücü ilə kənara itələyib yenidən yüksək səslə binanın daxilində nalayiq ifadələr işlədərək Nigarın liftə minməsinə mane olmağa davam etmişdir. Daha sonra Mirsadıqın saldığı səs-küyə görə digər sakinlər də gəlib Mirsadıqı sakitləşdirib hadisənin qarşısını almağa çalışmışlar. Lakin Mirsadıq tabe olmayaraq eyni əməllərini davam etdirmişdir. Sonra isə Mirsadıqın anası Nigarla Mirsadıqı qolundan tutub özü ilə birlikdə liftə mindirmişdir. Bu zaman polis əməkdaşları da hadisə yerinə gəlmiş və Nigarın yaşadığı mənzilin yerləşdiyi mərtəbəyə qalxmışlar. Hadisədən sonra özü binanın həyətindəki otağına qayıtmışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Görüntüyə baxış keçirilməsi haqqında” 14 may 2024-cü il tarixli protokola əsasən ünvan 2 ünvanda yerləşən yaşayış binasında quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərə keçirilmiş baxış zamanı xx.xx.2024-cü il tarixdə, saat 21:16 radələrində binanın girişində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisənin əks olunduğu müəyyən edilir (İ cild, i.v.20-21, disk); • “Baxış keçirilməsi barədə” 07 noyabr 2024-cü il tarixli protokola görə ünvan 3 ünvanda yerləşən videomüşahidə kameralarından götürülərək 00:32:32 dəqiqədən ibarət faylın köçürüldüyü 01 ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 21:13-də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində liftin qarşısında mübahisə edir, Zərərçəkmiş şəxs dəfələrlə liftə minməyə çalışsa da, Təqsirləndirilən şəxs ətrafdakı şəxsləri və bina sakinlərini narahat edərək Zərərçəkmiş şəxs üzərində fiziki zor tətbiq etməklə onu dəfələrlə qolundan tutub kənara itələyib liftə minməsinə mane olur, ətrafdakı şəxslərin dəfələrlə onun hərəkətlərinin qarşısını almağa çalışmasına baxmayaraq onlara tabe olmadan hərəkətlərini eyni qaydada saat 21:40-adək, yəni 27 dəqiqə ərzində davam etdirir (İ cild, i.v.171-172, disk); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Nəsimi rayon şöbəsinin 24 may 2024-cü il tarixli, 600 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın ənşə nahiyəsinin dərialtı hematoması və sol dirsək oynağı nahiyəsinin sıyrığı xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ cild, i.v.29-32); • “Axtarışda olan şəxsin tutulması barədə” 22 oktyabr 2024-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü saat 14:00 radələrində saxlanılmış, müstəntiq tərəfindən qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli qərarla o, müvəqqəti saxlama yerindən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.96, 153-156); • “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 18 noyabr 2024-cü il tarixli qərara əsasən hadisəni özündə əks etdirən videogörüntülər olan bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v. 190-202); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmün surətinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v. 92-93, 174-186). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, habelə zərər çəkmiş şəxslə gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq məqsədi ilə onun üzərinə əlavə olaraq həmin şəxsin olduğu yerə getməmək və ümumiyyətlə ona yaxınlaşmamaq vəzifələri qoyulmalı, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi, ev 29, mənzil 30-u hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eyni zamanda zərər çəkmiş şəxsin olduğu yerə getməmək və ümumiyyətlə ona yaxınlaşmamaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar