Məhkəmə qərarları › İş №1(006)-144/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-144/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-144/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: X3 Müdafiəçilər: «Ekol» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., bina 60-da (inzibati bina) qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Abbasov küçəsi, ev 01-də yaşayan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə və xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., bina 60-da (inzibati bina) qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 336-da yaşayan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 23 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində ünvan 1 ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən, həmin ünvanın qarşısında “Range Rover” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşən Zərərçəkmiş şəxs üzərindəki əl çantası ilə avtomobilə əyləşdiyini görüb özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş və aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 cinayət törətdikdən dərhal sonra hadisə yerini birlikdə tərk etmək məqsədilə idarə etdiyi avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşaraq ona guya gedəcəyi ünvanla bağlı suallar verərkən avtomobilin ön pəncərəsinin açıq vəziyyətdə olmasından istifadə edib sonuncunun avtomobilin sağ ön oturacağının üzərinə qoyduğu, içərisində bir ədəd 05 manat dəyərində “Boershi” yazısı olan pul kisəsi, hər biri 05 manat olmaqla ümumilikdə 20 manat dəyərində dörd ədəd bank kartları, 28 manat nağd pul və 04 manat dəyərində 051 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 850 manat dəyərində “iPhone 12” markalı mobil telefon olan 10 manat dəyərində əl çantasını götürərək qaçmış və Zərərçəkmiş şəxs əmlakının geri qaytarması barədə çağırışlarına məhəl qoymadan “Toyota Prius” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməklə hadisə yerindən uzaqlaşaraq ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 917 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişlər. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,331 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, törətdiyi soyğunçuluq cinayəti ilə bağlı polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 24 noyabr 2022-ci il tarixdə, saat 18:30-da ünvan 2 ünvanda yerləşən binanın zirzəmisindəki avtomobil dayanacağında idarə etdiyi “Toyota Prius” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və polis şöbəsinin həyətində bu avtomobilə baxış keçirilən zaman avtomobildən 05 bükümdə, ayrı-arılıqda təmiz çəkiləri 0,074 qr, 0,072 qr, 0,082 qr, 0,054 qr və 0,049 qr həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 təxminən 15 il olarki, tanıyır. Onunla əvvəllər bir məhəllədə yaşamışdır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Namiqlə 3-cü mikrorayon dairəsi yaxınlığında görüşmüş və sonuncuya məxsus “Toyota Prius” markalı avtomobilə əyləşib şəhərin müxtəlif yerlərinə getmişlər. Həmin günü təxminən saat 16 radələrində Nəsimi rayonu, 9 nömrəli məktəbin yaxınlığında olan marketdən siqaret almaq üçün avtomobildən düşmüş, siqaretin ödənişi üçün xırda pulu olmadığından mağazadan çıxmış, bu zaman bir qadının qara rəngli “Range Rover” markalı avtomobilə əyləşdiyini görmüşdür. O, həmin avtomobilə yaxınlaşaraq sürücüdən “Əcəmi” adlanan əraziyə necə getmək olar” deyə soruşmuş, sonuncu isə pəncərəni açıb cavab verdikdə o, əlini atıb həmin qadına məxsus çantanı götürüb cəld Namiqin idarə etdiyi avtomobildə arxa oturacaqda əyləşmişdir. Namiq də avtomobili sürməyə başlamış, o isə çantanın içərisində pul kisəsinə baxmışdır. Onlar “Heydər” məscidinin yanına kimi birlikdə getmişlər. Orada maşından düşdükdən sonra ayrı-ayrılıqda qayıtmışlar. Daha sonra çantada olan telefona zəng gəlmiş, oda zəngə cavab verəndə bir nəfər çantanın geri qaytarılmasını tələb etmişdir. O, isə həmin şəxsə çantan “Heydər” məscidinin yanında yerləşən “Göygöl” restoranın qarşısındakı zibil qabına qoyacağını bildirib çantanı oraya qoymuşdur. Çantanın içərisində konkret olaraq hansı sənədlərin olduğu dəqiq yadında deyil. Amma təxmini bilir ki, əşyaların sahibi olan xanıma aid şəxsiyyət vəsiqəsi, bank kartları, “iPhone 12” markalı mobil telefon, 28 manat nağd pul və digər sənədlər olsa da, o, yalnız telefon və pulu götürmüşdür. Daha sonra borclarını ödəmək üçün telefonu satmaq istəsələr də, sata bilməmişlər. Namiqin onun soyğunçuluq edəcəyindən xəbəri olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, keçirdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 04 il yataq xəstəsi olmuş, İ dərəcəli əlil, eyni zamanda hepatit xəstəsidir. Qəbul etdiyi dərmanlar ağrılarına kömək etmədiyi üçün nakrotik istifadə etməyə məcbur qalmışdır. İdarə etdiyi “Toyota Prius” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobildə 24 noyabr 2022-ci il tarixdə beş bükümdə heroin ona məxsusdur. Onları “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün almışdır. Bununla belə, soyğunçuluqla bağlı ona verilmiş ittihamla əlaqədar qeyd edir ki, o, bu cinayəti Təqsirləndirilən şəxs1la birlikdə törətməmişdir. Sadəcə olaraq saxlanılarkən onu polis bölməsində elə bir halda döymüşlər ki, o da məcbur olub sənədlərə imza atmışdır. O, icarə əsasında götürdüyü “Toyota Prius” markalı avtmobillə taksi fəaliyyəti ilə məşğul olur. Anarı da təxminən 15 il olar ki, tanıyır. Onunla əvvəllər bir məhəllədə yaşamış və orada tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Anar onu yaşadığı məhəlləyə dəvət etmiş və onunla birlikdə yaxın qohumalarının yaşadığı ünvanlara borc pul götürmək məqsədi ilə getmiş, lakin heç kim ona borc verməmişdir. O, Anarı müştəri qismində aparmışdır. Həmin günü təxminən saat 16 radələrində Nəsimi rayonunda yerləşən 9 nömrəli məktəbin yanında olarkən bir qadının qara rəngli “Range Rover” markalı avtomobilə əyləşdiyini gördükdə Anar onun dayanmağını tələb etmişdir. Anar avtomobildən düşüb həmin maşına yaxınlaşmış, bir müddət sonra geri gəlib çanta ilə oturmuşdur. O, həmin çantanın kimə məxsus olduğunu soruşanda, Anar ona tez maşını sürməyi bildirmişdir. Bundan sonra Anar çantanı açıb içinə baxanda, o, onun oğurluq etdiyini anlamışdır. Onlar yolda olan zaman təxminən 15-20 dəqiqə sonra çantada olan telefona zəng gəlmiş, Anar telefonu açdıqda bir nəfər şəxs çantanı qaytarmağı təklif etmişdir. Onlar da çantanı “Heydər” məscidinin yanındaki “Göygöl” restoranın qarşısında olan zibil qabına qoymuşlar. Onun çantanın içində nə olduğundan məlumatı olmamışdır. Sonradan Anarın telefonu geri qaytarmadığını bilmişdir. Anar da ona telefonu satmağı təklif etmiş, o da növbəti günü onu taksi kimi “28 May” adlanan əraziyə aparmış, telefonu satmaq istəsələr də, şəxsiyyət vəsiqəsi lazım olduğundan buna edə bilməmişlər. Sonra Anar telefonu onun maşınına qoymuş və onlar birlikdə ünvan 2 ünvanda yerləşən binanın zirzəmisindəki avtomobil dayanacağına gəlmişlər. Bir müddət sonra polis əməkdaşları orada onları saxlayıb Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirmişlər və onun maşınına baxış keçirilmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A saylı ünvanda yerləşən “Vanilya” şirniyyat mağazasını işlədir. xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Range Rover” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə mağazaya gəlmiş, avtomobili də yaxınlıqda saxlamışdır. Daha sonra təxminən saat 16 radələrində avtomobilinə əyləşib sifarişlərini nəzərdən keçirmiş, bu zaman tünd boz rəngli “Toyota Prius” markalı avtomobilin onun maşının arxasında saxladığını görmüşdür. Sonra həmin avtomobildən bir nəgər şəxs düşərək onun maşınına yaxınlaşmış, sağ tərəf qabaq qapını əli ilə açmaq istəsə də, bağlı olduğundan qapı açılmamışdır. Bundan sonra o, sağ tərəfin yan şüşəsini aşağı salmış, həmin şəxs də ondan 4-cü mikrorayon dairəsinə necə gedə biləcəyini soruşmuşdur. O da ona yolu izah etmək istəyərkən sonuncu içərisində mobil telefon olan onun əl çantasını avtomobilin içərisindən götürüb qaçaraq arxadakı maşına əyləşmiş, o isə dərhal onun arxasınca getsə də, “Toyota Prius” markalı avtomobil oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, mağazasına getmiş və “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 05 dəqiqə sonra qohumu Şahid5 həmin yerə gəlmiş və onun ələ keçirilən telefonuna zəng etmişdir. Zəngə cavab verən bir nəfər şəxs hal-hazırda “Heydər” məscidi yaxınlığında olduğunu və çantanı zibilliyə qoyacağını bildirmişdir. O da Urfanla birlikdə dərhal ora getmiş və zibil qabının içərisində çantasını aşkar etmişdir. Çantasının içərisində pul qabı, şəxsiyyət vəsiqəsi, hər birinin dəyəri 5 manat olmaqla 04 ədəd "xxxx" ASC-yə məxsus debet kartı, 01 ədəd “Range Rover” markalı və “Nissan Juke” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnamələri, 01 ədəd sürücülük vəsiqəsi olsa da, ona məxsus ağ rəngli “iPhone 12” markalı, 128 GB modelli mobil telefon və 28 manat pul götürülmüşdür. Telefonu 051 ***-**-** saylı GSM nömrə ilə istifadə olunurdu. Ona vurulmuş zərər ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid5 ifadəsində bildirdi ki, 23 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində qohumu Zərərçəkmiş şəxs işlədiyi “Vanilya” şirniyyat mağazına gələrkən sonuncunun çox narahat olduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda, sonuncu ona qarşı soyğunçuluq edildiyini bildirmişdir. O, dərhal onun oğurlandığı mobil telefonuna zəng vurmuş, telefona cavab verən şəxsə əl çantasın içərisində olan sənədləri və mobil telefonu qaytarmasını və bunun müqabilində ona müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. Həmin şəxs ona əl çantasını içərisində olan əşyalarla birlikdə tapdığını bildirsə də, onunla görüşmək istəməmiş, çantanı içində olan əşyalarla birlikdə “Heydər” məscidinin yaxınlığında zibil qabına qoyacağını bildirərək telefonu söndürmüşdür. Onlar da b ünvana getmiş və zibil qabından əl çantasını götürmüşlər. Çantanın içərisində sənədlər olsa da, “iPhone 12” markalı mobil telefon və 28 manat pulun olmadığını aşkar etmişlər. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 şahid qismində ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Range Rover” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobildən ona məxsus əl çantasının naməlum şəxs tərəfindən götürülüb qaçması barədə daxil olmuş məlumatla əlaqədar keçirilmiş tədbirlər nəticəsində bu əməlin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi müəyyən olunmuşdur. 24 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanda yerləşən binanın avtodayanacağında olması barədə məlumat daxil olmuş, bu səbəbdən də o və iş yoldaşları Şahid3, Şahid4, Şahid2lə birlikdə bu ünvana gəlmişlər. Saat 18:30 radələrində avtodayanacaqda “Toyota Prius” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək qaçmağa başlamışlar. Onlar da onların arxası ilə qaçmış, bu şəxslər qaçarkən yerə yıxıldıqları üçün saxlanılmış və “Toyota Prius” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə əyləşdirilərək şöbəyə gətirilmişlər. Şöbədə olarkən Təqsirləndirilən şəxs2 narkotikin təsiri altında olmasında şübhə yaranmış, onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd “iPhone 12” markalı mobil telefon aşkar olunmuşdur. Namiq bu telefonu Anar tərəfindən oğurlandığını söyləmişdir. Namiqin üzərində başqa əşya olmasa da, o, idarə etdiyi “Toyota Prius” markalı avtomobildə istifadəsi üçün narkotik saxladığını bildirmişdir. Bu səbəbdən də onun razılığı ilə həmin avtomobilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilin qabaq sürücü tərəf qapısından bir ədəd sarı rəngli dəmir qabı təqdim etmiş, həmin qabın içərisindən beş bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Bundan əlavə qeyd edir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir zor tətbiq edilməmiş, Təqsirləndirilən şəxs2 soyğunçuluğu boynuna alması üçün təsir göstərilməmişdir. Məhkəmədə şahidlər – Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 və kiçik inspektor Şahid2 Şahid1 ifadəsinə uyğun izahat verdilər. İş materiallarında olan: • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs2 ifadəsində göstərir ki, o, icarə əsasında götürdüyü “Toyota Prius” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtmobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 15 il olar ki, tanıyır. Onunla əvvəllər bir məhəllədə yaşamış və orada tanış olmuşdur. Onlar günün bütün saatlarında bir yerdə vaxt keçirirlər. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Anar onu yaşadığı ünvanın məhəlləsinə dəvət etmiş və onunla birlikdə yaxın qohumlarının yaşadığı ünvanlara borc pul götürmək məqsədi ilə getmiş, lakin heç kim ona borc pul verməmişdir. Həmin tarixdə, təxminən saat 16 radələrində Nəsimi rayonu, 9 nömrəli məktəbin yanında olarkən bir qadının qara rəngli “Range Rover” markalı avtomobilə əyləşdiyini gördükdə Anar onun dayanmağını tələb etmişdir. Anar ona qadının əl çantasını oğurlayacağını demiş, o da razılaşaraq Anara əl çantasını tez oğurlayıb gəlib avtomobilə oturub getməklərini demişdir. Anar da avtomobildən enmiş və bir neçə dəqiqədən sonra qaçaraq avtomobilə əyləşmişdir. Avtomobildə olarkən Anarın əlində çantanın olduğunu görmüş və onlar dərhal oradan uzaqlaşmışlar. Anar avtomobildə çantanın içərisində olan əşyalara bir-bir baxmağa başlamışdır. Çantada “iPhone 12” markalı mobil telefon, müxtəlif bank kartları, sənədlər və 28 manat nağd pul olmuşdur. Nəsimi rayonu, Ə.Cavad küçəsində yerləşən “Heydər” məscidinin yaxınlığında olarkən qadına məxsus mobil telefona zəng gəlmiş, zəng edən şəxs çantanı geri qaytarmağı tələb etmiş, lakin Anar bu təklifi rədd etmiş və həmin şəxsə çantanı yaxınlıqda olan zibil qutusuna qoyacağını bildirərək dəstəyi asmışdır. Mobil telefonu çanta ilə birlikdə zibil qutusuna qoymadığından daha sonra xəbər tutmuşdur. Onlar xx.xx.2022-ci il tarixdə mobil telefonu satmaq məqsədi ilə metronun “28 May” stansiyasının yaxınlığında yerləşən mobil telefon mağazalarının birinə getmiş, lakin şəxsiyyəti təsdiq edən sənəd tələb edildiyindən mobil telefonu sata bilməmişlər. Həmin günü təxminən saat 18:30 radələrində Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 113 saylı ünvanın zirzəmisində olarkən polis əməkdaşlarının onlara yaxınlaşdığını görüb qaçmış, lakin qaçan zaman ayağı büdrəmiş və yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. O, polis əməkdaşları tərəfindən saxlanılaraq 19-cu polis şöbəsinə gətirilmişdir. 28 manat nağd pulu Anarla birlikdə şəxsi istifadələri üçün xərcləmiş, lakin “iPhone 12” markalı mobil telefonu polis əməkdaşına təhvil vermişlər (İ cild, i.v.129-132, İİ cild, i.v.100-102); • “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs1 ifadəsində göstərir ki, o, Təqsirləndirilən şəxs2 təxminən 15 il olarki, tanıyır. Onunla əvvəllər bir məhəllədə yaşamışdır. O, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Namiqlə 3cü mikrorayon dairəsi yaxınlığında görüşmüş və sonuncuya məxsus “Toyota Prius” markalı avtomobilə əyləşmiş, şəhərin müxtəlif yerlərinə getmişlər. Həmin günü təxminən saat 16 radələrində Nəsimi rayonu, 9 nömrəli məktəbin yanında avtomobili saxlayaraq yaxınlıqda olan marketdən tütün məmulatları alaraq yenidən geri qayıtmış, bu zaman bir qadının qara rəngli “Range Rover” markalı avtomobilə əyləşdiyini görmüşdür. Avtomobildə olarkən həmin qadının çantasını və yaxud pul kisəsini oğurlamaq fikrinə gəlmişdir. O, Namiqə həmin qadına qarşı oğurluq edəcəyini demiş, sonuncu da onunla razılaşmış və onu avtomobildə gözləmişdir. O, avtomobildən enərək həmin qadının idarə etdiyi avtomobilə yaxınlaşıb sağ yan qapını açmaq istəmiş, lakin qapı bağlı olmuşdur. Bu zaman qadının pəncərəni endirdiyini görüb qadından 4-cü mikrorayon dairəsinə necə gedə biləcəyini soruşub onun fikrini yayındırmış və oturacağın üzərinə qoyulmuş qara rəngli çantanı götürmüş, həmin qadın uca səslə qışqıraraq onun arxasınca gəlmiş, lakin o, sürətli qaçdığından ona çata bilməmiş, dərhal Namiqin maşınına oturub oradan uzaqlaşmışlar. Çantanı içərisində “iPhone 12” markalı mobil telefon, içərisində 28 manat nağd pul, müxtəlif bank kartları və həmin qadına məxsus sənədlər olan pul kisəsi olmuşdur. Nəsimi rayonu, Ə.Cavad küçəsində yerləşən “Heydər” məscidin qarşısında olarkən qadına məxsus mobil telefona zəng gəlmiş, zəng edən şəxs ona görüşməyi və götürmüş olduğu çantanı geri qaytarmağı təklif etmiş, lakin o, bu təklifi rədd etmiş və həmin şəxsə çantanı yaxınlıqda olan zibil qutusuna qoyacağını bildirərək dəstəyi asmışdır. O, mobil telefonu və 28 manat nağd pulu götürərək çantanı içərisindəki sənədlərlə birlikdə yaxınlıqda olan zibil qutusuna qoyaraq oradan uzaqlaşmışdır. 28 manat nağd pulu Namiqlə birlikdə şəxsi istifadələri üçün xərcləmiş, “iPhone 12” markalı mobil telefon isə Namiqdə qalmışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:30 radələrində Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 113 saylı ünvanın zirzəmisində olarkən polis əməkdaşlarının onlara yaxınlaşdığını görüb qaçmış, lakin qaçan zaman ayağı büdrəmiş və yıxılmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılaraq 19-cu polis şöbəsinə gətirilmişdir (İ cild, i.v.153-156, 168-170, İİ cild, i.v.89- 91); • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd “iPhone 12” markalı telefonu çıxarıb masanın üzərinə qoymuş, bu telefonu xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən sonuncunun oğurladığını demişdir (İ cild, i.v.102-107); • “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə axşam vaxtı süni işıqlandırma şəraitində baxış keçirilmiş və avtomobilin qabaq sürücü tərəf qapısından bir ədəd sarı rəngli dəmir qabın içərisində olan 05 ədəd qızılı rəngli bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür (İ cild, i.v.109-111, disk); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • 25.11.2022-ci il tarixli, 6/6736 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №187” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd sarı rəngli dəmir qabda 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qram, 0,072 qram, 0,082 qram, 0,054 qram, 0,049 qram, ümumi təmiz çəkisi 0,331 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,181 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (İ cild, i.v.119-122); • 15.12.2022-ci il tarixli, 9/8647 saylı rəyinə görə ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 01 ədəd ağ rəngdə “iPhone 12” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və digər xüsusatları nəzərə alınmaqla 850,00 manat, 01 ədəd qara rəngli, üzəri xırda qara qaşlarla bəzədilmiş əl çantası - 10,00 manat, 01 ədəd 4x5 sm ölçüdə, üzərində “Boershi” yazısı olan, qara rəngli, maqnitlə açılıb bağlanan pul kisəsi - 5,00 manat. Tədqiqata təqdim edilməyən 01 ədəd 051 ***-**- ** saylı GSM nömrə - 4,00 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.45-47); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 197 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 İ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicəyə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.42-43); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 207 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hal-hazırda üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs2 hazırda ifadəli şəxsiyyət dəyişikləri, ağıl zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən olunmadığı üçün o, ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əmələ görə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs2 şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, əhval-ruhiyyəsində dəyişkənlik aşkar olunur, inadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı, nəzərə alınmaqla, o, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək, həmçinin əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (İİ cild, i.v.49-52); • “Sübutların qiymətləndirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli qərara və 16 fevral 2023-cü il tarixli qəbzə əsasən Zərərçəkmiş şəxs məxsus 01 ədəd “iPhone 12” markalı mobil telefon, 01 ədəd qadın əl çantası, 01 ədəd pul qabı, 04 ədəd bank kartı, şəxsiyyət və sürücülük vəsiqələri, 02 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,181 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş, telefon, digər əşya və sənədlər isə zərər çəkmiş şəxsə qaytarılmışdır (İİ cild, i.v.63-78, 109); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-613/2022 və 4(006)-614/2022 saylı qərarları ilə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək ayağında olan problemlə əlaqədar İ qrup əlil olduğunu, müstəntiqin çağırışlarına vaxtında gələcəyini bildirmişdir (l cild, i.v.207-210); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışlarına əsasən Təqsirləndirilən şəxs1 əvvəllər Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə iki dəfə, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.1 və 221.3-cü maddələri ilə iki dəfə məhkum olunsalar da, hadisə baş verən vaxta onların ödənilməmiş məhkumluqları yoxdur (İİ cild, i.v.10-12, 13-15); • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əlillik haqqında arayışa əsasən Təqsirləndirilən şəxs2 ümumi xəstəlik səbəbindən birinci dərəcəli əlildir. Müddətsiz əmək qabiliyyətsiz hesab olunur (İİ cild, i.v.34-35). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (10-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 hərəkətlərində isə həmin Məcəllənin 180.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi üzrə verilmiş ittihamda özünü təqsirli bilməməsinə tənqidi yanaşmaqla hesab edir ki, ibtidai araşdırma dövründən fərqli olaraq hazırda belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq məqsədi güdür. Buna görə də məhkəmə tərəfindən bu hal onun özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Bu cinayətin törədilməsi məhkəmə istintaqında onun özü tərəfindən inkar olunsa da, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, Təqsirləndirilən şəxs1 ifadələri, şəxsi axtarış və götürmə protokolu və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsində iştirakı tam sübuta yetirilir. Eyni zamanda Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Göstərilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs2 əlil olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onların cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini və cəzanın yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 180.2.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddlərinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onların həbsə alındığı andan – 24 noyabr 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “iPhone 12” markalı mobil telefon, 01 ədəd qadın əl çantası, 01 ədəd pul qabı, 04 ədəd bank kartı, şəxsiyyət və sürücülük vəsiqələri, 02 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi zərər çəkmiş şəxsin istifadəsində saxlanılmalı, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,181 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 65 manat pul Təqsirləndirilən şəxs2, 50 manat pul isə müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş «Ekol» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs2, 50 (əlli) manat pul isə müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “iPhone 12” markalı mobil telefon, 01 ədəd qadın əl çantası, 01 ədəd pul qabı, 04 ədəd bank kartı, şəxsiyyət və sürücülük vəsiqələri, 02 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi zərər çəkmiş şəxsin istifadəsində saxlanılsın, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,181 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş «Ekol» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar