Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-146/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 44-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasının çəkib qurtarmış, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 01 il 04 ay 08 gün müddətini çəkməmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə, saat 13:00 radələrində "xxxx" QSC-nin “Koroğlu” stansiyasının çıxışında yerləşən “Əli və Nino” kitab mağazasında kassanın yanında olan masadan Zərərçəkmiş şəxs1 məxsus, üzərində 05 manat dəyərində olan telefon qabı və bu qabın içərisində 100 manat olan 1.000 manat dəyərində “Samsung Note 10 Lite” markalı mobil telefonu gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1.105 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 18 noyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində "xxxx" QSCnin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatarın “28 May” stansiyasında dayanmasından və vaqona minən sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən Zərərçəkmiş şəxs2 əynində olan gödəkcənin sağ yan cibindən 15 manat dəyərində 050 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan və üzərində 08 manat qiymətində telefon qabı, 10 manat qiymətində ekran qoruyucusu olan 900 manat dəyərində “Samsung A51” markalı, **********42420 və **********42428 İMEİ kodlu mobil telefonu gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 933 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə onun həmin əmələ aidiyyəti sübut edilməmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və bunun üçün əlverişli məkan kimi metronu seçmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17:50 radələrində o, metronun “28 May” stansiyasının platformasında dayanmış, orada olan sərnişinləri müşahidə etməyə başlamış, adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs2 əynində olan qış gödəkcəsinin sağ cibində olan telefonu görmüş və onu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, Zərərçəkmiş şəxs2 izləmiş, sonuncu qatara minən zaman ona arxadan yaxınlaşıb həmin telefonu götürərək stansiyanı tərk etmişdir. Telefonun üzərində olan qabı, ekran qoruyucusu və nömrəni çıxardıb zibilliyə atmış, sonra isə yenidən metronun “28 May” stansiyasına daxil olub “Neftçilər” stansiyasına getmişdir. Orada bu telefonu tanımadığı şəxsə yalandan özünə məxsus olduğunu bildirib 50 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 10 fevral 2022-ci il tarixdə, saat 13:00 radələrində "xxxx" QSC-nin “Koroğlu” stansiyasının çıxışında yerləşən “Əli və Nino” kitab mağazasından oğurluğu isə o, etməmişdir. Hadisə günü bu mağazada quraşdırılmış kameraya düşən görüntüdəki oğurluq edən şəxs o deyil. Sadəcə olaraq ibtidai araşdırma zamanı ona təsir olunaraq deyilmişdir ki, bu cinayəti də boynuna götür, onsuzda buna görə eyni cəza nəzərdə tutulub. O da məcbur olub həmin cinayəti öz boynuna almışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin “20 Yanvar” stansiyasına getməkdən ötrü metronun “28 May” stansiyasında platformada dayanıb metronun “Dərnəgül” istiqamətində hərəkət edən qatarı gözləmişdir. Həmin vaxt platformada çoxlu sayda sərnişin olmuş və platformada sıxlıq yaranmışdır. Onun üzərində 050 ***-**-** saylı GSM nömrəsi ilə istifadə olunan **********42420 və **********42428 İMEİ kodlu “Samsung A51” markalı mobil telefonu var idi və o, telefonu əynində olan qış gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Qatar platformada dayananda o, qatara minmək istəyərkən cibinə kiminsə toxunduğunu hiss etmiş, telefonunun orada olmadığını aşkar edib arxaya çevrilmiş və bu zaman Təqsirləndirilən şəxs görüb məsələni ondan soruşanda, sonuncu digər şəxsi göstərərək onun qatarın başqa qapısından mindiyini bildirmişdir. O da qatara minib stansiyadan uzaqlaşsa da, telefonunu götürən şəxsi müəyyən edə bilməmişdir. Daha sonra növbəti stansiyada enərək hadisə barədə orada olan polis əməkdaşına məlumat vermiş və kamera görüntüləri ona göstəriləndə məlum olmuşdur ki, telefonunu cibindən götürən şəxs elə Təbrizin özüdür. Telefonun dəyəri 900 manat, GSM nömrənin dəyəri 15 manat, telefonun üzərində olan qabın dəyəri 08 manat, ekran qoruyucu isə 10 manat təşkil edirdi. Ona dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, "xxxx" QSC-nin “Koroğlu” stansiyasının çıxışında yerləşən “Əli və Nino” mağazasında satıcı işləyir. 02 il bundan əvvəl Türkiyədən özünə “Samsung Note 10 Lite” markalı mobil telefon alsa da, onu Azərbaycanda qeydiyyatdan keçirtməmiş, telefonu yalnız internet üçün istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində mağazada işdə olan zaman həmin telefonu kassanın yanına, masanın üzərinə qoymuşdur. Saat 13 radələrində isə bu telefonun orada olmadığını müəyyən etmişdir. Həmin anda mağazada kassanın üzərində quraşdırılmış kameraya baxanda görmüşdür ki, başında qara papaq, üzündə ağ maska olan bir kişi həmin telefonu götürərək mağazadan uzaqlaşır. Dərhal bu barədə ərinə məlumat vermiş, sonuncu da “102” xidmətinə zəng vurmuşdur. Onun şikayəti polisdə araşdırılarkən ona mağazanın bayır tərəfində quraşdırılmış, "xxxx" QSC-yə aid kamerada olan görüntülərdə oğurluq edən şəxsin müəyyən edildiyi bildirilsə də, nədənsə həmin görüntülər məhkəməyə təqdim olunmamışdır. Mağazanın içərisində kassanın üzərində quraşdırılmış kamerada olan görüntünü isə ö özü polisə təqdim etmişdir. Bu səbəbdən də hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini deməkdə çətinlik çəkir. İş materiallarında olan: • “Görüntüyə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokol və video görüntüyə əsasən “Koroğlu” stansiyasının çıxışında yerləşən “Əli və Nino” kitab mağazasından Zərərçəkmiş şəxs1 Rasım qızına məxsus mobil telefonu xx.xx.2022-ci il tarixdə, saat 12:50-də mağazaya daxil olan, əynində qara gödəkcə, başında qara papaq, ayağında ağ rəngli idman ayaqqabı, üzündə ağ rəngli tibbi maska olan şəxs (kişi) masanın üzərindən götürərək oranı tərk edir. Görüntü 15 saniyə təşkil edir, oğurluq edən şəxsi sifəti görsənmir (İ cild, i.v.68 və disk); • “Azercell Telekom”, “Bakcell” və "xxxx" MMC-lərə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda **********63534 və **********63532 İMEİ kodlu “Samsung Note 10 Lite” markalı telefonun xx.xx.2022-ci il tarixədək hansısa nömrə ilə istifadə olunub-olunmamasına dair məlumatın verilməsi xahiş olunmuşdur (İ cild, i.v.85); • “Azercell Telekom”, “Bakcell” və "xxxx" MMC-lərdən daxil olmuş məlumatlarda **********63534 və **********63532 İMEİ kodlu “Samsung Note 10 Lite” markalı telefonun bu mobil operatorların şəbəkəsində istifadə olunmadığı göstərilmişdir (İ cild, i.v.86-88); • “DVD disk baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən "xxxx" QSC-nin müşahidə kameralarında qeydə alınmış videogörüntülərə dair bir ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində metronun “28 May” stansiyasının platformasında sərnişin Zərərçəkmiş şəxs2 yaxından təqib edərək qatarın giriş hissəsinə tərəf gedir və platformada sərnişinlərin çoxluğundan istifadə edərək qatara minən Zərərçəkmiş şəxs2 əynində olan qış gödəkcəsinin sağ yan cibinə əlini daxil edərək mobil telefonu oğurlayır. • Bundan başqa, "xxxx" QSC-nin “Koroğlu” stansiyasının çıxışında yerləşən “Əli və Nino” kitab mağazasının müşahidə kameralarında qeydə alınmış videogörüntülərə dair bir ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə, saat 13 radələrində mağazaya daxil olaraq həmin mağazada işləyən Zərərçəkmiş şəxs1 məxsus, masanın üzərində olan mobil telefonu oğurlayır. Təqsirləndirilən şəxs videogörüntüdə telefonu götürən şəxsin özü olduğunu bildirir (İ cild, i.v.107); • “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarla iş üzrə DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, i.v.129-134); • Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-1037/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (cild İ, i.v.114-118); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (İ cild, i.v.122-128); • Bakı Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli, 21-1/3-6776/4 saylı məktubuna görə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü və onun icrası barədə hakimin göstərişi xx.xx.2021-ci il tarixdə idarədə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 il 02 ay 02 gün hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə əsas cəza müddətinin sona çatması ilə əlaqadar cəzadan azad olunmuşdur (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2ci maddələrində nəzərdə tutulmuş “təkrartörədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır (26-cı bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı oğurluq cinayətinin törədilməsi sübuta yetirilsə də, 10 fevral 2022-ci il tarixdə, saat 13:00 radələrində "xxxx" QSC-nin “Koroğlu” stansiyasının çıxışında yerləşən “Əli və Nino” kitab mağazasında kassanın yanında olan masadan Zərərçəkmiş şəxs1 məxsus, üzərində 05 manat dəyərində olan telefon qabı və bu qabın içərisində 100 manat olan 1.000 manat dəyərində “Samsung Note 10 Lite” markalı mobil telefonun gizli talamasında onun aidiyyəti müəyyən edilə bilinmir. Belə ki, ittiham aktında bu oğurluq epizodu ilə bağlı əsas sübut növü kimi yalnız təqsirləndirilən şəxsin etirafedici ifadəsi və həmin mağazada quraşdırılmış kameradan olan video görüntü göstərilir. Halbuki, məhkəmədə Təqsirləndirilən şəxs bildirdi ki, “Əli və Nino” kitab mağazasından oğurluğu etməmiş, sadəcə olaraq ibtidai araşdırma zamanı ona təsir olunaraq bu cinayəti boynuna götürülməsi tələb olunduğu üçün o, buna əməl etmişdir. Həmçinin, məhkəmə istintaqında “Əli və Nino” kitab mağazasında quraşdırılmış kameranın görüntüsünə baxış keçirilərkən oğurluq törədən şəxsin məhz Təqsirləndirilən şəxs olması bilavasitə müəyyən edilmir. Hadisə törədən şəxsin yalnız başında qara rəngli papaq, üzündə ağ rəngli maska olması müşahidə olunur, bu şəxsin üzü isə görünmür. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 da məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, şikayəti araşdırılarkən polisdə ona mağazanın bayır tərəfində quraşdırılmış, "xxxx" QSC-yə aid kamerada olan görüntülərdə oğurluq edən şəxsin müəyyən edildiyi bildirilmiş, lakin bu görüntülər məhkəməyə təqdim olunmamışdır. Buna görə də hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini deməkdə çətinlik çəkir. Beləliklə, hazırki işin hallarından aydın olur ki, 10 fevral 2022-ci il tarixdə, saat 13:00 radələrində "xxxx" QSC-nin “Koroğlu” stansiyasının çıxışında yerləşən “Əli və Nino” kitab mağazasından Zərərçəkmiş şəxs1 məxsus mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasına dair onun ibtidai araşdırma dövründəki ifadəsindən başqa ittiham tərəfinin digər tutarlı dəlili mövcud deyil. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan əlavə həmin Məcəlləyə əsasən: • Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir (39.2ci maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3cü maddə); • Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (318.1-ci maddə). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir (38-ci bənd). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı oğurluq cinayəti üzrə irəli sürülmüş ittihamın birinci epizodu – 10 fevral 2022-ci il tarixdə, saat 13:00 radələrində "xxxx" QSC-nin “Koroğlu” stansiyasının çıxışında yerləşən “Əli və Nino” kitab mağazasında kassanın yanında olan masadan Zərərçəkmiş şəxs1 məxsus, üzərində 05 manat dəyərində olan telefon qabı və bu qabın içərisində 100 manat olan 1.000 manat dəyərində “Samsung Note 10 Lite” markalı mobil telefonu gizli olaraq talaması əməli üzrə onun aidiyyəti sübuta yetirilmədiyi üçün əsassız hesab olunmalı, bununla əlaqədar ümumi ittihamdan həmin epizod və Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilməlidir. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın digər hissəsinə dair cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, bu hissədə ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin olması müəyyən olunur, onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmədə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının onun hazırki iş üzrə həbs olunan anadək çəkilməmiş hissəsi (əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkməkdən xx.xx.2021-ci il tarixdə azad olunub, xx.xx.2022-ci il tarixdə isə həbs edilib) 01 il 04 ay 08 gün təşkil edir. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qeyd olunan Məcəllənin 66.4-cü maddəsinə görə cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qanunvericiliyin göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli, əlavə cəza müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli həbsdə alındığı andan - 01 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk (ittihamın ikinci epizodu üzrə) cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı törədilmiş oğurluq cinayətində Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən ona verilmiş ittihamın bu hissəsi əsassız hesab olunsun, ümumi ittihamdan həmin epizod və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilsin və onun üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə və 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları saxlanılsın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk (ittihamın ikinci epizodu üzrə) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı törədilmiş oğurluq əməli ilə bağlı aidiyyəti materiallar zəruri araşdırmanın aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-146/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-146/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver