Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-146/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 iyul 2024-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanda yerləşən X10 həyətində saxlanılmış Zərərçəkmiş şəxs məxsus «Kia Sportage» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin açıq olmasından istifadə edib kənar şəxslərin görmədiyi şəraitdə arxa oturacağın üzərindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində ümumilikdə 100 manat dəyərində kosmetik ləvazimatlar, 20 manat dəyərində pul kisəsi, 1000 manat pul olan 50 manat dəyərində əl çantasını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 1170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 0,255 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 05 sentyabr 2024-cü il tarixdə saat 10:30-da ünvan 3 ünvanında yerləşən X9 həyətində saxlanılaraq ünvan 4 ünvanında yerləşən 20-ci Polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,255 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 11 iyul 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X9 həyətində olmamış və ağ rəngli avtomobildən hər hansı oğurluq etməmişdir. Həmin hadisədən bir ay qabaq kartlar tapmış və həmin kartlarda hər hansı pul vəsaiti olmamışdır. Onu həmin oğurluq hadisəsi ilə əlaqədar polis əməkdaşları saxlasa da, polis əməkdaşlarına oğurluq əməli törətmədiyini bildirmişdir. Lakin polis əməkdaşları onu döyərək cinayət əməlini törətməsi barədə izahat verməsini tələb etmişlər. Həmçinin tapdığı kartları sonradan xatırlamadığı ərazidə tullamışdır. Bundan başqa, həmin hadisədən sonra onu “Semaşko” yaxınlığında iki nəfər polis əməkdaşı saxlamış və polis şöbəsinə aparmışlar. Avtomobilə minməzdən əvvəl ona kağız göstərmişlər və ona kriminalistikada oğurluq hadisəsində əl izinin çıxdığını demişdirlər. O şöbəyə aparıldıqdan sonra İsmayıl adında əməkdaş ona bağlama vermiş və “sən sroka getməlisən” demişdir. O narkotik vasitədən istifadə etmir, hətta narkotik vasitə ilə bağlı işinə görə 2011-ci ildə Apellyasiya Məhkəməsində bəraət almışdır. Həmçinin ona üzərindən narkotik çıxdıqdan sonra başqa cinayət etməsi barədə sual verildiyi təqdirdə cavab olaraq Nəsimi rayonunda oğurluq etməsi barədə məlumat verməsini tələb etmişlər. Halbuki o, narkotik vasitələrdən istifadə etməmiş və narkoloji yoxlamadan keçməyə razılıq versə də, onun narkoloji yoxlamadan keçməsinə şərait yaradılmamışdır. Ona edilmiş təzyiqlər barədə nə məhkəməyə, nə də digər orqanlara məlumat verməmişdir. Belə ki, narkotikə görə saxlanıldığı vaxt döyülməmiş, lakin oğurluq hadisəsinə görə saxlanılarkən döyülsə də, sonradan onu buraxdıqlarına görə şikayət etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. o, 11 iyul 2024-cü il tarixdə saat 09 radələrində özünə məxsus **-FE-*** qeydiyyat nişanlı “Kia Sportage” markalı avtomobillə ünvan 5 ünvanında yerləşən X11 gəlmiş, məqsədi qızını tibbi müayinədən keçirmək olmuşdur. Belə ki, avtomobili KTM-in həyətində saxlamış, qızı avtomobildən düşərək KTMə getmiş, o isə həmin avtomobildə onu gözləmişdir. Təxminən saat 11 radələrində yorğun olduğu üçün kürəkəni istirahət etmək üçün ona avtomobildə yatmasını məsləhət görmüşdür. Bundan sonra, o, hava isti olduğundan avtomobilin pəncərəsini yarımçıq açmış, avtomobilin qapılarını isə bağlamışdır. O, avtomobilin arxa oturacağını açaraq uzanmışdır. Avtomobilin qabaq oturacaqlarının arasında isə əl çantasını qoymuşdur. Əl çantasının içərisində əmək haqqı kartı, şəxsiyyət vəsiqəsi, təqaüd kartı, kosmetik ləvazimatları, evin açarı, içərisində 1000 manat pul olan pul kisəsi olmuşdur. Oğurluq vaxtı o yuxuda olsa da, dartışdırma səsini eşitmişdir. Saat 12 radələrində yuxudan oyanmış, qabaq oturacaqdakı əl çantasının yerində olmadığını aşkar etmişdir. Əl çantasının oğurlandığını bilib dərhal DİN-in 102 zəng xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş, daha sonra ərizə ilə Nəsimi RPİ-nin 20-ci PŞ-nə müraciət etmişdir. Ona dəymiş maddi ziyan ümumilikdə 1170 manat olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyi üçün ona qarşı şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. “Rəşad” adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu və onun zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Bundan sonra xidmət yoldaşı Şahid1 ilə birlikdə 05 sentyabr 2024-cü il tarixdə saat 10:30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanındakı X9 həyətində olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək narkotik vasitə və psixotrop maddələrin isifadəsində şübhəli bilindiyinə görə onlarla birlikdə polis şöbəsinə getməyinin vacibliyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 20-ci polis şöbəsinə getmişlər. Şöbədə təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofandakı bükülünü, sol yan cibindən bir ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan kütlənin el içində “patı” deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə psixotrop maddədən istifadə etməsini, həmin bükülünü 05 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, «Kubinka» adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin YYÇ üzrə inspektoru vəzifəsində işləyən Şahid1 da Şahid2 verdiyi ifadəyə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin baş təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 və YYÇ işləri üzrə inspektoru Şahid1, mütəxəssis qismində dəvət edilmiş X6, tərcüməçi X4, müdafiəçi X7 və cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 05 sentyabr 2024-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə 05 sentyabr 2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülü formada olan kristal şəkilli formada maddənin olduğu kütlə aşkar edilərək götürülmüş, həmin istintaq hərəkəti dəvət edilmiş mütəxəssis tərəfindən video kameradan istifadə etməklə çəkiliş həyata keçirilmiş, həmin video görüntü bir ədəd DVD diskinə köçürülərək götürülmüş, bununla bağlı qərar və protokol tərtib edilmiş və materiala əlavə edilmişdir (i/v 48-50). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 05 sentyabr 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli, 6/4450 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 188” möhür əksi “Təqsirləndirilən şəxs üzərindən...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,255 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i/v 57-60). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən Nəsimi RPİ-nə daxil olmuş 26 iyul 2024-cü il tarixli, 3-13-11/2- 9023/2024 nömrəli məktubdan görünür ki, 11 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ünvan 5 ünvanında saxladığı «Kia Sportage» markalı avtomobilin salonundan baş vermiş oğurluq faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı götürülmüş əl-barmaq izlərinin xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əl-barmaq izləri ilə eynilik təşkil etdiyi göstərilmişdir. (i/v 95). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 6806 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 184-185). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,255 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,205 qram psixotrop maddə olan metamfetaminin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktını əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. Bundan əlavə, Azərbaycan Respublikası DİN kriminalistik Tədqiqatlar İdarəsindən 26 iyul 2024-cü il tarixli məktubla daxil olmuş zərfdəki bir ədəd daktiloxəritə, avtomobilin üzərindən götürülmüş əl-barmaq izləri və avtomobilin üzərindən aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin nümunələri olan daktilolentlər maddi sübut kimi tanınmışdır və Nəsimi RPİ-nin Növbətçi Hissəsinin saxlanc yerinə təhvil verilmişdir. (i/v 188-196). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Yasamal rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Abşeron rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə ev dustaqlığı ilə azad edilmişdir. (i/v 158-159). İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 sentyabr 2024-cü il tarixli, 4(006)-493/2024 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(006)-667/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 25 dekabr 2024-cü il tarixədək uzadılmışdır (i/v 37, 153-157). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni qanunsuz olaraq xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini özündə əks etdirən CD diskdəki görüntüdə Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni könüllü olaraq təhqiqatçıya təqdim etmiş, verdiyi ifadələri təsir və təzyiq altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olduğu avtomobildən pul oğurlamaması ilə bağlı da ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 110 (yüz on) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ilkin çəkisi 0,255 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,205 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktını əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN kriminalistik Tədqiqatlar İdarəsindən 26 iyul 2024-cü il tarixli məktubla daxil olmuş zərfdəki bir ədəd daktiloxəritə, avtomobilin üzərindən götürülmüş əlbarmaq izləri və avtomobilin üzərindən aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus əlbarmaq izlərinin nümunələri olan daktilolentlər olan zərfin Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-633/2024 saylı, 11 dekabr 2024cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 12 dekabr 2024 il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanaraq ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ilkin çəkisi 0,255 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,205 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktını əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən 26 iyul 2024-cü il tarixli məktubla daxil olmuş zərfdəki bir ədəd daktiloxəritə, avtomobilin üzərindən götürülmüş əl-barmaq izləri və avtomobilin üzərindən aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin nümunələri olan daktilolentlər olan zərfin Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-146/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-146/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver