Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-147/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Zərər çəkmiş şəxsin Zərərçəkmiş şəxs QSC-nin əməkdaşı nümayəndəsi: Nümayəndə Müdafiəçi: “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Sabirabad rayonu, Türkədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Türkədi kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs QSC-nin ünvan 1 ünvanda yerləşən mağazasından aldığı tortun içərisindən guya milçək çıxması ilə bağlı QSC-nin nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Şahid1 ilə 02 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanda cəmiyyətə məxsus ofisdə görüşüb həqiqətə uyğun olmayan məlumatlar verməklə həmin məsələ ilə bağlı şirkət barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyi halda külli miqdarda cərimə tətbiq olunacağını bildirməklə yanaşı, sonuncuya özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək televiziya kanallarında işləyən tanışları vasitəsi ilə şirkətin nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağını bildirərək hədə-qorxu ilə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-dan 5.000 manat pul tələb etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 28 iyul 2021-ci il tarixdə arvadının ad günü olmuş və bu səbəbdən ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs QSC-yə məxsus mağazadan bir ədəd beş nəfərlik “Mars” tortu almışdır. Həmin tortu evə gətirib kəsərək yemək istəyən zaman onun içərisindən milçək çıxmışdır. Bu hadisədən iyrəndiyi üçün bədəninin müxtəlif nahiyyələrində səpki və qaşınma əmələ gəlmişdir. Bu səbəbdən o, həmin günü aptekdən dərmanlar almışdır. Həyat yoldaşı hamilə olduğu üçün baş verən hadisə onu daha da qəzəbləndirmişdir. 29 iyul 2021-ci il tarixdə həmin mağazaya getmiş və orada işləyən işçilərə öz iradını bildirmişdir. Mağazanın işçiləri ona tortun yerinə başqa tort götürməyi və ya pulunu qaytarmağı təklif etsələr də, o, razılaşmamış və çox əsəbi olduğu üçün rəhbərliklə görüşmək istədiyini demişdir. 02 avqust 2021-ci il tarixdə onunla əlaqə saxlanılaraq ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs QSC-nin ofisinə çağırmışlar. Həmin ünvana getdikdə orada bir nəfər qadın ona demişdir ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsin, tortu onlara versin və bir neçə gündən sonra onu çağıracaqlar. O da oradan çıxaraq getmişdir. Bundan bir neçə gün sonra onu Zərərçəkmiş şəxs QSC-nin baş ofisinə çağırmışlar. O, həmin ofisə getdikdən sonra orada ona bildirmişlər ki, şirkətin nüfuzuna zərər vurmasın, nə istəyirsə verəcəklər. O isə əsəbiləşərək oradan çıxıb getmişdir. Bundan sonra onunla “WhatsApp” mobil tətbiqi ilə əlaqə saxlanılmış, ondan nə istədiyini soruşduqda, o da əsəbi olduğu və həmin vaxt bədənində qaşıntılar olduğu üçün onlara 5.000 manat pul istədiyini yazmışdır. Sonradan onunla yenidən əlaqə saxlanılmış və ondan həmin məbləği nə qədər azalda biləcəyini soruşduqda, o, ona 4.000 manat verilməsini demişdir. 05 avqust 2021-ci il tarixdə onu Zərərçəkmiş şəxs QSC-nin baş ofisinə dəvət edərək bir nəfər şəxs masanın üzərinə pul qoyaraq onu götürməyi təklif etmiş, lakin o, onları qorxutmaq üçün bu cür hərəkət etdiyindən pulu götürməmiş və oranı tərk edib getmişdir. O, heç kimdən pul tələb etməmiş, əksinə olaraq ona pul təklif edilmişdir. Onun pul almaq niyyəti olmamış, sadəcə belə hadisələr təkrar baş verməsin və öz işlərinə ciddi yanaşsınlar deyə şirkəti qorxutmaq istəmişdir. Evlidir, bu yaxınlarda övladı dünyaya gələcək. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Süleyman oğlu 28 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs QSC-nin ünvan 1 ünvanda yerləşən mağazasından aldığı beş nəfərlik “Mars” tortunu evdə kəsərkən tortun içindən guya milçək çıxması ilə bağlı mağazaya şikayət etmişdir. Mağazanın işçiləri həmin tortu Təqsirləndirilən şəxs alıb cəmiyyətin keyfiyyətə nəzarət şöbəsinə göndərmişlər. Sonradan Təqsirləndirilən şəxs rəhbərliklə görüşmək istədiyi üçün 02 avqust 2021-ci il tarixdə cəmiyyətin nəzarət şöbəsinin rəisi Şahid1 və keyfiyyətə nəzarət şöbəsinin müdiri Şahid2 ünvan 2 ünvanda yerləşən şirkətin ofisində onunla görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmiş, onun göstərdiyi videogörüntüdə isə tortdan hər-hansı bir milçəyin çıxması müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs görüşdən sonra Şahid1 mobil telefonuna zəng vurmaqla və mesaj yazmaqla özündə şirkətin nüfuzuna xələl yetirən məlumatların olduğunu, həmin məlumatları hüquq-mühafizə orqanlarına göndərəcəyini bildirmiş və bu hərəkətlərin etməməsi qarşılığında 5.000 manat pul tələb etmişdir. 05 avqust 2021-ci il tarixdə yenidən ofisdə görüşdükdə Şahid1 Təqsirləndirilən şəxs 1.000 manat pul verməklə qalan pulu da axşam saatlarında gəlib götürməsini bildirəndə, sonuncu pulu tam götürəcəyini bildirib axşam qayıdacağını deməklə ofisi tərk etmişdir. Bundan sonra rəhbərliyin göstərişi ilə polisə şikayət etmişlər. Hazırda şirkətin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-nin ünvan 4 ünvanda yerləşən mağazasına müraciət edərək 28 iyul 2021-ci il tarixdə həmin mağazadan aldığı 5 nəfərlik “Mars” tortunu evdə kəsdiyi zaman içindən milçək çıxması barədə şikayət etmişdir. Mağazanın əməkdaşları Təqsirləndirilən şəxs şikayətinə əsasən həmin tortu alıb araşdırılması üçün şirkətin keyfiyyətə nəzarət şöbəsinə göndərmişlər. Daha sonra Təqsirləndirilən şəxs şirkət rəhbərliyi ilə görüşmək istədiyini bildirmiş, şirkətin dəvəti ilə o, 02 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən cəmiyyətin kadrlar şöbəsinin ofisində şirkətin keyfiyyətə nəzarət şöbəsinin rəisi Şahid2la birlikdə Təqsirləndirilən şəxslə görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs onlara 28 iyul 2021-ci il tarixdə aldığı tortu evdə kəsdiyi zaman içindən milçək çıxdığını bildirmiş, bir neçə saniyəlik video göstərmişdir. Həmin videoda guya bu şəxsin tortu kəsib kiçik bir hissəsini ağzına qoyduqdan sonra milçək çıxdığını deyib geri qaytardığı əks olunmuşdur. Lakin təqdim etdiyi videoda tortun içindən hər-hansı bir həşaratın çıxdığı görünməmişdir. Təqsirləndirilən şəxs videonu onlara göstərdikdən sonra qətiyyətlə Zərərçəkmiş şəxs QSC-dən şikayətçi olduğunu bildirmiş, Şahid2 da həmin tortun keyfiyyətə nəzarət şöbəsində yoxlanılması nəticəsində tortda heç bir keyfiyyətsizlik və əlavə əşya, o cümlədən canlı həşaratın aşkar edilmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs bildirmişlər ki, əgər şikayəti varsa aidiyyatı üzrə müvafiq qurumlara müraciət edə bilər. 02 avqust 2021-ci il tarixdə, saat 15:46-da Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə həmin videonu yollamış, məsələ ilə bağlı müvafiq prokurorluq orqanına şikayət etməyə hazırlaşdığını bildirmiş, eyni zamanda artıq X1 və Nəsimi rayon prokurorluğuna müraciət etdiyini, lakin şirkətin adını qeyd etmədiyini söyləyərək məsələnin hər iki tərəfin xeyrinə yekunlaşması üçün bir yol təklif etmiş, müəyyən məbləğdə pul müqabilində məsələni həll etməyə razı olduğunu vurğulamışdır. Təqsirləndirilən şəxs ona göndərdiyi səs yazılarında guya müxtəlif televiziya kanallarında tanışlarının olduğunu, əlinin hər yerə çatdığını bildirmiş, tələb etdiyi 5.000 manat pulun ona çatdırılması üçün 2 gün gözləyə biləcəyini demişdir. 04 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlamışdır. O, ondan həmin məbləğdən nə qədər güzəştə gedə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs nəticədə 4.000 manat pul istədiyii bildirmişdir. 05 avqust 2021-ci il tarixdə, saat 00:15-də Təqsirləndirilən şəxs ona mesaj yazaraq görüşüb pulu almaq üçün vaxtının olmadığını, həmin pulu göndərəcəyi kart hesabına ödəməli olduğunu demiş, həmçinin, ödəyən kimi məlumat verməsini istəmişdir ki, öz növbəsində yazdığı şikayət ərizələrini geri götürsün. O da məbləğ çox olduğundan yanlışlıqla başqa hesaba ödəyə biləcəyini bəhanə edib onunla görüşərək pulu əlbəəl verməyi təklif etmişdir. Buna uyğun olaraq onlar ünvan 2 ünvanda yerləşən ofisdə görüşmüşlər. O, Təqsirləndirilən şəxs həmin məbləği bir az da azaltmasını istədikdə, sonuncu 500 manat güzəştə gedə biləcəyini, bundan daha az məbləğ istəmədiyini demişdir. Bu zaman o, 1.000 manat pulu masanın üzərinə qoymuş və qalan məbləği də gün ərzində verəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs pulu tam şəkildə götürmək istədiyini deyərək çıxıb getmişdir. Bundan sonra cəmiyyətin rəhbərliyi Təqsirləndirilən şəxs onlardan hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı polisə şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan: • “Götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokola, ona əlavə edilmiş CD disk və yazışmalara əsasən “Şikayətçi” adı ilə qeyd edilmiş Təqsirləndirilən şəxs və “Эйваз” adı ilə qeyd edilmiş Şahid1 arasında gedən yazışmalarda əks olunub: - xx.xx.2021-ci il tarixli yazışmalarda: Şikayətçi: Salam Birdaha. Bugün prakaturaya gedə bilərəm 100 150 Min cərimə Ala bilərsiz Amma mən sizə daha asand yolu məsləhət görürəm. Эйваз: Cavad əlbəttə hansidi o yol qəl bu məsələni həll edək. Zəhmət olmasa. Şikayətçi: Mən Bir vətəndaş olarağ Cərimə kəsirəm Özünüz Yaxşı bilirsiz ki Qida Təhlükəsizliyi bu hala görə Nə qədər cərimə Yazar. Эйваз: Cavad biz belə bir problemlə heç vaxti uzləşməmisik, sən de bir yol göstər və ya cəriməsi nə olacaq sənə. Şikayətçi: Mən sizə sual edirəm Nə qədər Verə bilərsiz? Məbləğinizi yazın. Эйваз: Siz mənə deyin məbləği ki mən də rəhbərliyə məlumat verim. Şikayətçi: 5 min. Эйваз: Narahat olmayin, biraz səbirli olun. Şikayətçi: Prablem deyil. 2 gün gözlüyə bilərəm inciməyin sabah birsi gün zəhmət olmasa Siz əlaqə saxlıyarsız mənlə Эйваз: Oldu. - xx.xx.2021-ci il tarixli yazışmalarda: Şikayətçi: Salam Nə qərara X3 deyin 6 saat qalıb Эйваз: Salam Cavab bəy Rəhbərliknən əlaqə saxladım, cadəcə şəhərdə olmadığına görə tam vəziyəti başa sala bilmədim, sabah rəhbərlik şəhərdə olacaq. Sizdən xahişim olacaq heç olmasa bir iki qün möhlət verəsiz. Rəhbər özü də bu məsələnin maragindadi, ki bunu həl edək. Xahiş edirəm biraz səbir qöstərək. Şikayətçi: Səbr edməyinə edərəm amma. Эйваз: Çox sağolun. Şikayətçi: Azərbaycan Qida Təhlükəsizlik X10 şəh Nəsimi ray Prakrorluğuna 29 07 2021 Tarixində yazılı surətdə hər iki X8 şikayət Rəyimi bildirmişəm. Amma Marahat olmayın Çünki Şirkətin Adını hələ X4 mənə xəbər gəlir X5 Etmisiz Amma şikayətçi olduğunuz şirkətin adını verməmisiniz Ya gəlin ərizəni geri götürün yada şikayətçi olduğunuz şirkətin adını verin. Buyrun. Yenədə deyim X9 Olunsun Bu məsələ Mən dövlət qurumlarınıda Avara qoya bilmərəm. Эйваз: Oldu Cavad bəy. Cavad axşamıniz xeyir, təbii siznən qörüşəciyik, bərkən siz yazdığınız məbləğdən bizə bir balaca kecəsiz. Hardasa siz də bizi başa düşün. Çox xahiş edirəm. Şikayətçi: Prablem deyil. Çox şükür anlayışımız var o barədə. 4ancağ. Эйваз: Çox sağolun, danışdıq, sabah siznən əlaqə saxlayacam. Şikayətçi: Mən şəxsi hesabımı atacan sizə ödənişi elə edərsiz. - xx.xx.2021-ci il tarixli yazışmalarda: Şikayətçi: Bir daha X11 közürərkən mənə yazın kartın nömrəsini verim göüşməyə vaxtım olmayacağ məndə iş adamiyam bu vaxtı Narahat etdiyimə görə Bağışlayın. Эйваз: Salam Cavad bəy, demisdiz sizin şəxsi hesabı mənə atacaqsiz. Şikayətçi: X6. Unibank səyfəsindən kod 1021 9677 Kartın bitmə vaxtı 12 24. Эйваз: Oldu Cavad bəy. Şikayətçi: Birdə zəhmət olmasa pasyolkadaki dükanın işçilərinə məlumat verin aldığım tortun pulunuda geri versinlər. Bu gün işdən çıxıb gedib yol üstü dəyəcəm ora. Эйваз: Oldu. Şikayətçi: Köçdükdən sonra mənə deyərsiz gedim Ərzələri geri çəkim. Эйваз: Oldu. Şikayətçi: Birdə bunu deyim unibankda vöyen hesabında bu kodları yazdığdan sonra ad soyad xanım adı çıxacağ ibrahimli Telli. Эйваз: Oldu. Cavad bəy sizin öz şəxsi hesabınız yoxdur, bu xanım kimdir. Şikayətçi: Mənim şəxsi hesabımdır. Narahatlığa Heçbir əsas yoxdu. Эйваз: Bəs burda xanım adı qeyd olunub. Şikayətçi: Bildim Zatən öncədən izah eləmişdim xanım adı çıxacağını. Verdiyim karta edin ödənişi bu qədər. Эйваз: Bir söz deyim sizə, rəhbər mənə bildirdi ki köçürmə yolu ilə bizdə alınmayacaq, hardasa siz də bizi başa düşün. Məbləğ az deyil, və indi o qədər dələduzluq var. Yaxşı olardi ki sizin haçan imkanınız olsa bizim ofisdə mən sizə pulu verərdim. Şikayətçi: Siz o zaman göndəri həmin dükana ordan götürərəm. Эйваз: Siz məni düzgün başa düşün, pulu mən sizdən başqa heç kəsə verə bilmərəm. Şikayətçi: Anladım Saat 6da çıxacam işdən Sizin ofis ansı binadadır. Эйваз: Saat neçədə qoruşək? Konumu atacam sizə. Şikayətçi: çalışaram işdən tez çıxım Эйваз: Cavad bəy. Şikayətçi: Məndə internet olmiyacağ imkan varsa belə şifayı deyin? Эйваз: Xan Şuşinski 62 Təhsil idarəsinin yani. Şikayətçi: Çox düşündüz Tmam Oranı zatən tanıyıram. Эйваз: Biraz tez qorusmek olarmı. Şikayətçi: Sadecə binada olacağsız sa blokun kodunu ofisin nömrəsini qeyd edərdiz. Olar. Gəlirəm (İ cild, i.v.24-27); • “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən 01 ədəd CD diskdə olan 13 ədəd audiofayl və 01 ədəd videofayla baxış keçirilmişdir. Diskdəki 13 ədəd audio faylların 12 ədədində Şahid1la Təqsirləndirilən şəxs arasında olan səs yazıları nümayiş olunur, digər bir ədəd audio faylda isə Təqsirləndirilən şəxs tərəfindən “mən də sizə belə bir söz deyim o biri rəhbər ki var idi haa mən onu tanımadım yəni sizi ikinizi tanıdım o birisini tanımırdım mən onun belə danışmaqları böhtan atmaq kimi danışmaqları insana həqiqətən toxunur siz də oğlansız mən də oğlanam heç kim o sözü götürməz özünə yəni heç kimə ləzzət eləməz o söhbət ona görə mən qərara gəldim ki cəriməsin yazıram onun verə bilirsə gətirib versin vermirsə axşama kimi mən çatdırıram onu ora, mənim kanalda da tanışım var, belə pis çıxmasın əlim böyükdür” məzmunlu səs yazısı nümayiş olunur. Diskdə olan videofayldakı 22 saniyəlik videogörüntüdə Təqsirləndirilən şəxs bir ədəd tortun kiçik bir hissəsini kəsib ağzına apardıqdan sonra həmin hissəni yenidən geriyə tüpürür və videoçəkilişi aparan şəxsə çəkilişi dayandırmasını bildirir. Videofayla baxış zamanı tortun və ya Təqsirləndirilən şəxs kəsdiyi tortun kiçik hissəsində milçək olması müşahidə olunmur. Baxış zamanı Təqsirləndirilən şəxs CD diskdə əks olunmuş səs yazılarının ona məxsus olduğunu və danışıqlar zamanı mesajları istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs QSC-yə məxsus mağazadan aldığı tortun içərisindən milçək çıxması barədə videogörüntünü də eyni qaydada tanış olması üçün Şahid1 göndərmişdir (İ cild, i.v.127-128); • “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən baxış zamanı müəyyən edildi ki, “WhatsApp” mobil tətbiqindən çəkilmiş fotoşəkillərdə Təqsirləndirilən şəxs tərəfindən Şahid1 həmin mobil tətbiq vasitəsilə “bu gün prakaturaya gedə bilərəm 100 150 Min cərimə ala bilərsiz Amma mən sizə daha asand yolu məsləhət görürəm”, “Mən bir vətəndaş olarağ Cərimə kəsirəm Özünüz yaxşı bilirsiz ki Qida Təhlükəsizliyi bu hala görə Nə qədər cərimə yazar”, “Mən Sizə sual edirəm Nə qədər verə bilərsiz”, “5 min”, “2 gün gözləyə bilərəm inciməyin”, “Azərbaycan Qida Təhlükəsizlik Nazirliyi və Bakı şəh Nəsimi ray prakrorluğuna xx.xx.2021 tarixində yazılı surətdə hər iki X8 şikayət rəyimi bildirmişəm”, “amma narahat olmayın çünki şirkətin adını hələ X4 mənə xəbər gəlir X5 etmisiz amma şikayətçi olduğunuz şirkətin adını verməmisiniz ya gəlin ərizəni geri götürün yada şikayətçi olduğunuz şirkətin adını verin”, “Yenədə deyim X9 olunsun bu məsələ mən dövlət qurumlarımda avara qoya bilmərəm”, “mən şəxsi hesabımı atacam sizə ödənişi elə edərsiz”, “Bir daha X11 köçürərkən mənə yazm kartın nömrəsini verim görüşməyə vaxtım olmayacağ məndə iş adamıyam bu vaxtı narahat etdiyimə görə bağışlayın”, “birdə zəhmət olmasa pasyolkadakı dükanın işçilərinə məlumat verin aldığım tortun pulunuda geri versinlər” və sair məzmunlu mesajların yazılması müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yazışmaları 02 avqust 2021-ci il tarixdən 05 avqust 2021-ci il tarixə qədər istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “WhatsApp” mobil tətbiqi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərdiyini bildirmişdir (İ cild, i.v.129-130); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən istintaqa təqdim edilmiş 01 ədəd CD disk və 03 ədəd “A4” faylda olan yazışmalar iş üzrə maddi sübut kimi tanınmışdır (İ cild, i.v.131-141); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2022-ci il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.62). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələbetmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərər çəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərər çəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Rüsvayedici məlumatları yayma zərər çəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərər çəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərər çəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərər çəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərər çəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş hüquqi şəxslə barışıq əldə olunmasını, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 17 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk və 03 ədəd “A4” faylda olan yazışmalar cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk və 03 ədəd “A4” faylda olan yazışmalar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-147/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-147/2022
24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver