Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-148/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, Salyan şəhəri, 28 May küçəsi, ev 31-də qeydiyyatda olan, azadlıqdan məhrum etmə cəzasını çəkən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14.10.2020-ci il tarixdə, Salyan şəhərində “Vaqif” adlı istintaqa məlum olmayan şəxsdən 20 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5,258 qram çəkidə bitki mənşəli, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşımış, 16.10.2020-ci il tarixdə, saat 23:35-də Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə C.Məmədquluzadə küçəsinin kəsişməsində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki göy rəngli qolsuz gödəkcəsinin iç sol cibindən üzərində “ЧЕРЕПОВЕЦ ФЕСКО СПИЧКИ” sözləri yazılmış bir ədəd kibrit qutusunun içərisindən həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddətdir ki, siqaretə doldurub çəkməklə narkotik vasitə olan marixuana qəbul edir. 14 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində Salyan şəhərində avtovağzalın qarşısında olarkən əvvəllər tannımadığı “Vaqif” adlı şəxs ona yaxınlaşıb marixuana istəyib-istəmədiyini soruşmuş, o da bu şəxsdən 20 manata bir ədəd kibrit qutusunda onu almış və bir qədər istifadə etdikdən sonra qalanını əynindəki göy rəngli qolsuz gödəkcəsinin sol iç cibinə qoymuşdur. 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşının yanına getmək üçün 16.10.2020-ci il tarixdə, saat 13 radələrində tanışı taksi sürücüsü Şahid2 yaxınlaşıb qardaşına yorğan-döşək aparmaq üçün Bakı şəhərinə getməyi razılaşmış, Fəqan onu götürmək üçün yaşadığı Salyan şəhəri, 28 May küçəsinin qarşısına gələndə dostu Şahid1 ona zəng vurub onu da Bakıya aparmağı xahiş etmişdir. Həmin günü saat 19:30 radələrində onlar Bakı şəhəri, Nəsimi rayonunda metronun “28 may” stansiyası yaxınlığına çatmış, Şahin orada avtomobildən düşmüş, eyni zamanda Rauf adlı tanışına zəng edib onları qarşılamağı və qalmağa yer tapmasını xahiş edəndə, zəngə başqa bir nəfər cavab verib demişdir ki, Rauf Nardaran qəsəbəsindədir, o, özü onları Azərbaycan Dillər Universitetinin qarşılayacaq. Saat 20 radələrində o, Fəqanla universitetin yanına gəldikdə Şahin ona zəng edib qalmağa evin tapıb-tapmadığını soruşmuş, o da Şahinə təklif etmişdir ki, həmin yerə gəlib onunla birlikdə qalsın. Şahin taksi ilə onların yanına gəldikdən bir müddət sonra 35-40 yaşlarında hündürboylu bir kişi onlara yaxınlaşıb maşına əyləşmiş və onları gecə qalmağa evlə təmin edəcəyini vəd etmişdir. Bu vaxtlarda saat artıq 21-i keçmişdi və ölkədə mövcud olan hərbi vəziyyət rejimi ilə bağlı komendant saatı tətbiq olunurdu. Həmin kişi maşını dalan yollarla sürdürmüş, lakin hələlik ev tapa bilmədiyini demişdir. Bakıxanov küçəsi ilə C.Məmədquluzadə küçəsinin kəsişməsində olarkən avtomobil işıqforda dayandıqda polis əməkdaşları onları saxlayıb komendant saatında küçəyə çıxmaq üçün müvafiq icazələrinin olub-olmadığını soruşmuşdur. Fəqan polislərə heç bir icazələrinin olmadığını, Salyandan Bakıya qonaq gəldiklərini və bir neçə saat gəzib geri qayıdacaqlarını söyləmişdir. Bu vaxt yanlarında olan kişi polislərə əlillik vəsiqəsini göstərib onların onun qonaqları olduğunu demiş və daha sonra qaçıb getmişdir. Polis əməkdaşları onu, Fəqanı və Şahini 21-ci polis bölməsinə dəvət etmişlər. Orada olarkən üzərində videoçəkilişlə axtarış aparılacağı bildirilmiş, əvvəlcə onda ola biləcək qeyri-qanuni əşyaları könüllü təqdim edilməsi təklif olunmuşdur. O da əynindəki göy rəngli qolsuz gödəkçənin sol iç cibindən “ЧЕРЕПОВЕЦ ФЕСКО СПИЧКИ” sözləri yazılmış bir ədəd kibrit qutusunu, ona məxsus müxtəlif pul əsginazlarını, şəxsiyyət və sürücülük vəsiqələrini, həmçinin dörd ədəd müxtəlif markalı mobil telefon aparatlarını çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid6 şahid qismində ifadəsində göstərdi ki, 16 oktyabr 2020-ci il tarixdə saat 23:45 radələrində xidmətdə olarkən X7 Alayının 9-cu patrul bölüyünün əməkdaşları Şahid5, Olmusa Mikayılov və Şahid3 tərəfindən respublika ərazisində tətbiq edilən komendant saatı zamanı həmin günü saat 23:35-də Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində saxlanılan, müvafiq icazələri olmadan “VAZ 21015” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs 21-ci polis bölməsinə gətirilmişlər. Bölmədə Təqsirləndirilən şəxs qeyri-dəqiq danışıq və davranışı, özünü sərxoş kimi aparması, polislərdə onun narkotik vasitənin təsiri altında olması şübhəsi yaratmışdır. Bu səbəbdən onun üzərində videoçəkilişlə axtarış aparılmış, Təqsirləndirilən şəxs əvvəlcə üzərində ola biləcək qanunsuz aşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. O da əynindəki göy rəngli qolsuz gödəkcəsinin sol iç cibindən “ЧЕРЕПОВЕЦ ФЕСКО СПИЧКИ” sözləri yazılmış bir ədəd kibrit qutusunu, müxtəlif pul əsginazlarını, şəxsiyyət və sürücülük vəsiqələrini, həmçinin dörd ədəd müxtəlif markalı mobil telefon aparatlarını çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusundakı maddənin “nəşə” olduğunu, onu 14 oktyabr 2020-ci il tarixdə Salyan şəhərində tanımadığı “Vaqif” adlı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17 oktyabr 2020-ci il tarixli, 7/727 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş:..” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,258 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın ümumi qalıq çəkisi 5,228 qram, aparılmış tədqiqatın dəyəri isə 89 manat təşkil edir (İ cild, i.v.56-58); “Şübhəli şəxsin tutulması haqqında” 17.10.2020-ci il tarixli prokoldan aydın olur ki, Təqsirləndirilən şəxs həmin gün tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən 18.10.2020-ci il tarixdə imtina edilmişdir (İ cild, i.v.17-18, 112-113); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli, 4(006)- 655/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09.11.2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.206-208); Madi sübut kimi tanınmaq haqqında” 18 oktyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertizadan sonra qalıq qalan 5,228 qram narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (İ cild, i.v.106); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında 10.12.2020-ci il tarixli, 3433 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İİ cild, i.v.05-06); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22.10.2020-ci il tarixli arayışı və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Salyan Rayon Məhkəməsinin 22.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 30.04.2019-cu ildə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək qəti olaraq 08 ay 01 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq onun üzərində qəti olaraq 06 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İ cild, i.v.166-168, 240-251, İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 05 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, kriminal meyilliyini, habelə hazırda azadlıqdan məhrumetmə cəzasını çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə görə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusunaböyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və onun hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin onun cəza çəkmə müddətinin əvvəli hazırki iş üzrə həbsə alındığı andan – 09 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 5,228 qram narkotik vasitə olan marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 89 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 06 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 noyabr 2020-ci il tarixdən hesablansın, onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, qalıq qalan 5,228 qram narkotik vasitə marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-148/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-148/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver